Heydər Əliyev siyasəti Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarmışdır

 

    SSRİ-nin süqutundan sonra müstəqillik qazanmış Azərbaycanın qarşısında son dərəcə ağır və mürəkkəb tarixi vəzifələr dururdu. Azərbaycan xalqı müstəqilliyini qoruyub saxlamalı, demokratiyaya geniş yol açmalı, dağılmış iqtisadiyyatını bərpa etməli idi. Tarixi torpaqlarımıza edilən düşmən təcavüzünün qarşısını almaq üçün məqam yaranmışdı. Bununla yanaşı, qarşıda daha bir mühüm vəzifə dururdu: ərazi bütövlüyümüzü qoruyub saxlamaq lazım idi. Təəssüf ki, belə bir fürsətin yarandığı bir vaxtda ağır və mürəkkəb vəzifələrin həlli üçün xalqı səfərbər edə bilən lider yox idi. Hakimiyyətə səriştəsiz, təcrübəsiz, təsadüfi, bəzən də xəyanətkar siyasət yeridən şəxslərin rəhbərlik etməsi vəziyyəti getdikcə ağırlaşdırırdı.

 

    Ölkədə sözün əsl mənasında bir xaos, hərc-mərclik hökm sürürdü. Belə bir şəraitdə ərazilərimiz düşmən tərəfindən asanlıqla işğal olunurdu. Öz şəxsi mənafelərini ümummilli mənafedən üstün tutan, adlarını milli azadlıq hərəkatının liderləri qoyanların hakimiyyət ambisiyaları müstəqilliyimizi uçruma yaxınlaşdırırdı. Ölkə daxilində hakimiyyət uğrunda mübarizənin, siyasi didişmənin son həddə çatması, qeyri-qanuni silahlı qruplaşmaların qardaşı qardaşla üz-üzə qoyması, respublikanı vətəndaş müharibəsi həddinə gətirib çıxarması Azərbaycanı məhv olmaq təhlükəsinə çatdırmışdı. Ayaz Mütəllibovun hakimiyyətini qeyri-konstitusion yolla devirən AXC-Müsavat qruplaşması ölkəyə rəhbərliyi zorla ələ keçirdikdən sonra anarxiya, başıpozuqluq və özbaşınalıq daha geniş vüsət aldı. Azərbaycanın xarici düşmənləri daxili bədxahların idarəetmədəki naşılığından istifadə edərək respublikanı parçalamağa cəhd göstərir, Azərbaycanı dünya xəritəsindən birdəfəlik silməyə çalışırdılar.

    Ölkəyə rəhbərlik edən AXC-Müsavat birliyinin naşılığı hər addımbaşı özünü göstərirdi. Azərbaycanın beynəlxalq əlaqələri demək olar ki, yox dərəcəsində idi. Qanunsuz silahlı dəstələr əhalini qorxu altında saxlayırdı. Cinayətkarlıq kəskin surətdə artmışdı. Azərbaycanın o vaxtkı rəhbərliyinin qətiyyətsizliyi üzündən daxili didişmə daha da güclənmişdi. AXC-Müsavat hakimiyyətinin milli qəhrəman zirvəsinə qaldırdığı Surət Hüseynovun başçılıq etdiyi silahlı birləşmə Gəncədən Bakıya doğru irəliləyir, rayonları bir-birinin ardınca "zəbt" edirdi. Vəziyyət son dərəcə ağır idi. Belə bir vəziyyətdə xalqı arxasınca apara biləcək, liderə, dövlət idarəçiliyində zəngin təcrübəsi olan, yaranmış situasiyadan ölkəni xilas edə biləcək müdrik bir şəxsiyyətə böyük ehtiyac yaranmışdı.

    Həm xalqın, həm də o vaxtkı hakimiyyətin ümid yeri yalnız böyük tarixi şəxsiyyət Heydər Əliyev idi. Həmin dövrdə Azərbaycanın hər yerindən cəmiyyətin aparıcı qüvvələri, müxtəlif ictimai-siyasi qrup və təşkilatların nümayəndələri, tanınmış ziyalılar, elm və mədəniyyət xadimləri Naxçıvanda yaşayan və Naxçıvan Ali Məclisinin sədri vəzifəsində yenidən ictimai-siyasi fəaliyyətə başlayan müdrik şəxsiyyət Heydər Əliyevlə görüşə gedir, məktublar, teleqramlar göndərərək ölkənin nicatı, müstəqilliyimizi qorumaq naminə onu Azərbaycanın siyasi həyatında daha fəal iştirak etmək üçün Bakıya dəvət edirdilər. Xalq çox yaxşı bilirdi ki, müstəqilliyi qoruyub saxlamaq, əbədiyyətə çevirmək onu qazanmaqdan qat-qat çətindir. Qəlblərə belə bir aydın həqiqət hakim kəsilmişdi: yeni həyat, yeni zaman üçün təcrübəli şəxsiyyət lazımdır. Bu şəxsiyyət Heydər Əliyevdən başqa kimsə ola bilməzdi. Azərbaycan xalqını o ağır, dar günlərdə məhz bu inam yaşatdı. Bu inam və ümidlə ziyalılar müdrik şəxsiyyət Heydər Əliyevə məktubla müraciət edib Azərbaycana rəhbərliyə, ölkəni, xalqı məhv olmaqdan xilasa çağırdılar. 1992-ci ilin noyabr ayında Heydər Əliyevə ünvanlanmış məktubda deyilirdi:" ... Yeni qüvvələrin öncülü, aparıcısı Sizin kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar. Siz bu gün siyasi, iqtisadi, hərbi və mənəvi blokadada olan Naxçıvan Muxtar Respublikasını da məhz öz şəxsi nüfuzunuz, uzaqgörən diplomatik səriştənizlə qoruyub saxlayır və idarə edirsiniz. Bütün çətinliklərə baxmayaraq hələ Baltikyanı respublikalarda belə qalan rus ordusunun Naxçıvandakı hissələrini Siz çox bacarıqla, qayda-qanunla yola saldınız. Qardaş Türkiyə və İranın köməyi ilə Naxçıvan əhalisini dözülməz vəziyyətdən çıxarırsınız. İstərdik ki, bu işləri bütün Azərbaycan üçün görəsiniz".

    Ziyalılar yazırdılar ki, bu müraciətə minlərlə Azərbaycan vətəndaşı məmnuniyyətlə qoşulmağa hazırdır. Hələlik isə ilk addım olaraq bunu bir qrup ziyalı adından edirik. Məktubun sonunda isə xalqın iradəsi və istəyi əks olunurdu: Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir.

    Müdrik şəxsiyyət xalqı çox intizarda qoymadı. Azərbaycan ziyalılarının müraciətinə cavab verdi. Bildirdi ki, Azərbaycanın dövlət müstəqilliyi bütün Azərbaycan xalqının milli sərvətidir və heç cür yol vermək olmaz ki, bu, ayrı-ayrı siyasi partiyaların, qurumların, şəxslərin müstəsna səlahiyyətinə, monopoliyasına çevrilsin. Heydər Əliyev böyük məna kəsb edən məktubunda yazırdı ki, yeni müstəqil dövlətin quruculuğu prosesinə vətəndaşların hamısı, əhalinin bütün təbəqələri cəlb olunmalıdır. Yeni müstəqil Azərbaycan bütün Azərbaycan xalqınındır. Hamı onun tərəqqisinə çalışmalıdır. Bu işdə heç kəsə məhdudiyyət qoyulmamalıdır. Beləliklə də ulu öndər ömrünün qalan hissəsini Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasına, ölkənin tərəqqisinə, inkişafına, beynəlxalq aləmdə daha geniş miqyasda tanınmasına həsr etməyə razılıq verdi. Xalqımızın böyük oğlu 1993-cü il iyunun 9-da onun dalınca göndərilmiş xüsusi təyyarə ilə Bakıya gəldi. İyunun 15-də isə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin vaxtdan ölkədə inkişaf və yüksəliş dövrü başlandı.

    ... Müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başlayarkən andiçmə mərasimində Heydər Əliyev demişdir: "İşğal, qaçqınların vəziyyəti respublikanın ictimai-siyasi, mənəvi vəziyyətini gərginləşdirmişdir. Bizim əsas vəzifəmiz respublikanı müharibə vəziyyətindən çıxarmaq, işğal olunmuş torpaqların hamısını geri qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü, müstəqil respublikanın sərhədlərinin təhlükəsizliyini təmin etmək, yurd-yuvasından didərgin düşmüş soydaşlarımızı öz doğma yerlərinə qaytarmaqdır. Əmin ola bilərsiniz ki, mən bütün səylərimi səfərbər edib, Azərbaycan xalqının istədiyinə nail olacağam".

    Göründüyü kimi, qarşıda çox çətin və mürəkkəb vəzifələr dururdu. Digər tərəfdən Azərbaycanın beynəlxalq əlaqələri qurulmalı, milli ordu formalaşmalı, ölkənin iqtisadi qüdrəti artırılmalı, dövlət quruculuğu işi sürətləndirilməli idi. Ümummilli lider Heydər Əliyev prezidentlik fəaliyyətinə başlayan kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində çoxşaxəli və çoxtərəfli danışıqlara başladı. O zaman ölkədəki ictimai-siyasi vəziyyət, xalqın mənəvi durumu elə bir həddə çatmışdı ki, fəal döyüş əməliyyatları yolu ilə müvəffəqiyyət qazanmaq imkanı tükənmişdi. Ona görə də danışıqlar prosesinin gücləndirilməsi zərurəti yaranmışdı. Ulu öndər bunu belə ifadə etmişdir: "Danışıqlar və sülh yolu ilə, BMT, ATƏM, BMT Təhlükəsizlik Şurası, digər böyük dövlət və beynəlxalq təşkilatların imkanlarından səmərəli istifadə edərək, bu vəzifələri yerinə yetirəcəyik. Ancaq Azərbaycan Respublikası özünü müdafiə etməyə qadir olan orduya malik olmalıdır".

    1994-cü il mayın 12-də Ermənistanla atəşkəs razılığı imzalanması ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Bununla ulu öndər ölkədə əsaslı yenidənqurmaya, inkişaf etmiş ölkələrlə əlaqələr qurmağa, iqtisadiyyatın güclənməsinə şərait yaratdı. Bundan bir qədər sonra 1994-cü il sentyabrın 20-də Azərbaycanın siyasi, iqtisadi və informasiya blokadası şəraitində olduğu bir vaxtda dünyanın inkişaf etmiş qüdrətli dövlətlərini təmsil edən 11 neft şirkəti ilə "Əsrin müqaviləsi"ni imzalamağa nail oldu. Bununla da müstəqil Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu artdı, əlaqələri möhkəmləndi. Məhz bunun nəticəsi olaraq Azərbaycan Heydər Əliyevin prezidentliyi dövründə 150-dən artıq ölkə ilə əlaqələr qurdu. Azərbaycanın müstəqil dövlət kimi, 29 xarici ölkədə səfirlik, baş konsulluq və daimi nümayəndəlikləri fəaliyyətə başladı.

    Böyük tarixi şəxsiyyətin xalq qarşısında ən böyük xidmətlərindən biri də 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsinə nail olmasıdır. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasını təsbit etmişdir. Əsas Qanunda əksini tapmış bir sıra mühüm müddəalar məhkəmə hakimiyyətinin müstəqilliyinə ciddi hüquqi təminat yaratmağa, dövrün tələblərinə uyğun islahatların həyata keçirilməsinə, ədalət mühakiməsinin keyfiyyətcə yüksəldilməsinə təkan vermişdir.

    Ümumiyyətlə, Azərbaycanın çoxəsrlik tarixinin 34 ili, quruculuq, inkişaf illəri ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə bağlıdır. Bu siyasətin nəticəsində Azərbaycan yeni əsrə, yeni minilliyə müstəqil, güclü dövlət kimi qədəm qoydu və bu gün də bu yolda inamla irəliləyir. Doğma yurdumuzun minillik tarixini vərəqlədikcə, açıq-aydın görürük ki, ümummilli lider Heydər Əliyev qədər Azərbaycan dövləti və xalqı üçün böyük işlər görmüş ikinci bir şəxsiyyət olmayıb. Ulu öndər 2003-cü il oktyabrın 2-də Azərbaycan xalqına tarixi müraciətində bunu bir daha vurğulamış və yarımçıq qalmış işlərinin onun siyasi məktəbinin ən layiqli yetirməsi, praqmatik düşüncəli, geniş siyasi dünyagörüşə malik İlham Əliyev tərəfindən davam etdirilə biləcəyini diqqətə çatdırmışdır. Bu baxımdan müraciətdə deyilirdi: "Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var...

    ... Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

    Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilən daxili və xarici siyasət bu gün Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxarmışdır. Müstəqil dövlətimiz iqtisadiyyatın inkişaf tempinə görə təkcə regionda deyil, dünyada lider dövlətdir. Hazırda Azərbaycan dünyada sayılıb-seçilən dövlətlərdəndir. Elə layihələr var ki, onların reallaşdırılması zamanı Azərbaycanla məsləhətləşmələr aparılır. Bütün bunlar bir daha təsdiqləyir ki, ulu öndərin siyasi kursu və möhtərəm Prezidentimizin düşünülmüş daxili və xarici siyasəti Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu getdikcə daha da artıracaq.

 

 

    Mirkazım KAZIMOV,

    Milli Məclisin deputatı

 

   Xalq qəzeti.- 2010.- 17 iyun.- S. 3.