Dövlət demokratik jurnalistikanı himayə edir, söz və mətbuat azadlığına böyük qayğı göstərir

 

    Azərbaycan milli jurnalistikası öz tarixinin əlamətdar hadisəsini - ilk anadilli mətbu nəşr "Əkinçi"nin işıq üzü görməyə başlamasının 135-ci ildönümünü təntənə ilə qeyd etməyə hazırlaşır. 1875-ci ilin 22 iyul günü, haqlı olaraq, həmin dövrdən milli mətbuatımızın doğum tarixi sayılır.

 

    Dövlət müstəqilliyi ərəfəsində demokratik yazarların milli jurnalistika günü elan etdiyi bu tarix suverenlik illərində rəsmi status qazanmış və hər il ölkəmizdə demokratik mətbuatın cəmiyyət qarşısında hesabatına və söz azadlığının uğurlarının nümayişinə çevrilmişdir. 1995-ci ildən etibarən milli jurnalistikamızın 120, 125, 130 illik yubileyləri dövlət başçısının sərəncamı ilə respublikamızda ümumxalq bayramı kimi geniş qeyd olunmuşdur.

    Azərbaycan Prezidenti İlham Əliyevin ötən həftə imzalanmış "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" 10 iyun 2010-cu il tarixli sərəncamı bu demokratik ənənənin davamı kimi ölkə jurnalistlərinin və azad mətbuatın dostlarını ürəkdən sevindirmişdir.

    Sənəddə 135 il əvvəl ilk milli qəzetimizin nəşrə başlaması mədəniyyət tariximizin ciddi bir hadisəsi kimi dəyərləndirilir, "Əkinçi" qəzetinin "həqiqət carçısı olması", "xalqımızın maarifləndirilməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynaması" vurğulanır. Sərəncamda, bütövlükdə, milli jurnalistikamızın 135 illik tarixinə yüksək qiymət verilərək bildirilir ki, "Mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımız həmişə xalqımızın şanlı tarixinin güzgüsü olmuşdur".

    Sərəncamda respublikamız dövlət müstəqilliyi qazandıqdan sonra demokratik cəmiyyətdə yeni tipli jurnalistikanın bərqərar olması ilə bağlı həyata keçirilmiş mühüm dövlət tədbirləri, qısa müddətdə qazanılmış uğurlar da əksini tapmışdır: "Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyi nəticəsində plüralizmi, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır". Ulu öndərin KİV-in maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi, sərbəst fəaliyyət üçün əlverişli şərait yaradılması ilə bağlı həyata keçirdiyi ardıcıl, məqsədyönlü tədbirlər də sərəncamda milli mətbuatımızın son 20 illik tarixinin mühüm faktları kimi xatırlanır.

    Doğrudan da, 1993-cü ildən bəri demokratik KİV-in inkişafında əldə olunmuş nailiyyətlər ümummilli liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində artıb çoxalmışdır. "Jurnalistlərin dostu" adını qazanmış ulu öndər Heydər Əliyev ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1996-cı ilin avqustundan sonra bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Dövlət başçısının qəzet-jurnalların maliyyə-təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaradılması, onların borclarının ləğv edilməsi, müxtəlif səbəblərdən həbs olunmuş jurnalistlərin azadlığa buraxılması ilə bağlı verdiyi qərarlar KİV-in inkişafına təkan vermiş, onun düzgün yola çıxmasına möhkəm əsaslar yaratmışdır.

    Böyük siyasətçi və qüdrətli dövlət xadimi olaraq Heydər Əliyev Azərbaycan şəraitində medianın yeni tarixi rolunu və vəzifələrini dürüstləşdirərək, onun inkişaf meyllərini dövlət himayəsi ilə əhatə etmişdir. Ulu öndər azad sözü cəmiyyətdə aşkarlığın başlıca vasitəsi, milli və demokratik dövlət quruculuğunun mənəvi, ideya- siyasi təkanvericisi kimi dəyərləndirirdi. O, eyni zamanda, belə hesab edirdi ki, cəmiyyətin sosial-iqtisadi yüksəlişi demokratik mətbuatın ahəngdar inkişafı üçün yeni stimullar yaradır.

    Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında Prezident sərəncamında da bu mühüm məqama diqqət yetirilir, ölkənin demokratik inkişafının yeni mərhələsində mətbuatın qarşısında duran yeni vəzifələr açıqlanır: "Ölkəmizin sürətlə inkişaf etdiyi demokratikləşmə prosesinin dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın qarşısında yeni vəzifələr durur. Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir".

    Ümummilli lider Heydər Əliyevin KİV-in inkişafına dövlət himayəsi və jurnalistlərə dost münasibətini davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son 7 ildə jurnalistikamızın problemləri ardıcıl olaraq aradan qaldırılır, KİV demokratik cəmiyyətdə öz rolunu maneəsiz olaraq icra edir. Bu gün söz azadlığı, plüralizm ölkəmizin tarixi nailiyyəti kimi insan hüquqlarının, inkişafının xidmətindədir.

    Beş il əvvəl milli mətbuatımızın 130 illik yubileyi Prezident İlham Əliyevin sərəncamı ilə böyük təntənə ilə qeyd olunmuş, milli jurnalistikamıza xidmətləri ilə fərqlənənlərin böyük bir dəstəsi dövlət tərəfindən mükafatlandırılmışdı. Prezidentin tarixi qərarı ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyası təsdiq olunmuşdur. Ötən il bu sənədin müddəalarını reallaşdırmaq üçün Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmış və uğurla fəaliyyət göstərir.

    Azad jurnalistikanın inkişafı nailiyyətlərlə yanaşı, təəssüf ki, keçici olan çətinliklərlə, nöqsan və çatışmazlıqlarla da müşayiət olunur. Demokratik şəraitdən öz maraqları üçün istifadə etməyə can atan bəzi pozucu ünsürlər söz azadlığının yaratdığı imkanlardan sui-istifadə edərək üzdəniraq nəşrlər buraxırlar. Belələrinin əxlaqa, hüquqa zidd hərəkətləri bəzən onların məhkəmələr tərəfindən cəzalandırılması ilə nəticələnir. Ulu öndər Heydər Əliyevin cəza almış jurnalistləri əfv etmək, düzgün yola qaytarmaq ənənəsini davam etdirən Prezident İlham Əliyev də ötən dövrdə dəfələrlə həbsdə olan yazarları azad həyata qaytarmışdır.

    Ümummilli lider daim jurnalistlərlə sıx əlaqədə olur, onların suallarını yerindəcə cavablandırır, qaldırdıqları məsələlərə operativ reaksiyanı təmin edirdi. Prezident İlham Əliyev də eyni nümunəni göstərərək jurnalistlərin dərin rəğbətini qazanmışdır. Bu qarşılıqlı əlaqə dövlət-media münasibətlərində ciddi bir qaydaya çevrilərək cəmiyyətdə mətbuatın mövqeyini də yüksəldir. Ötən həftə İstanbulda Azərbaycan jurnalistlərinə müsahibə verən Prezident İlham Əliyev onların müxtəlif mövzulu, aktual suallarını cavablandırdıqdan sonra media təmsilçilərinin işini də dəyərləndirdi: "Mən sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm. Qeyd edim ki, sizin dünənki sualınız da Aralıq dənizindəki hadisələrə Azərbaycanın münasibətini açıqlamaq üçün bir imkan yaratdı. Azərbaycan haqqında həqiqətləri çatdırmaq bizim ümumi işimizdir". Bu qiymətlə dövlət başçısı medianın həyatımızdakı misilsiz rolunu, onun ölkə rəhbərliyi ilə eyni amala xidmət etdiyini bir daha vurğulamışdır.

    Söz azadlığı çağdaş Azərbaycanda gerçəklik, tarixi nailiyyətdir. İnsan hüquqlarının reallaşmasında və qorunmasında media dövlətin və vətəndaşların ən etibarlı, vicdanlı köməkçisidir. Dövlət KİV-in inkişafına hər cür qayğı göstərir və onun sərbəst, qəyyumsuz fəaliyyətini təmin edir. Bu gün Azərbaycan mətbu nəşrlərin dövlət icazəsi olmadan fəaliyyət göstərdiyi az sayda ölkələr sırasındadır. Hər bir vətəndaş öz sözünü cəmiyyətə maneəsiz çatdırmaq və ətraf aləm barədə operativ, obyektiv məlumat almaq hüququndan tam istifadə edir. Milli jurnalistikamız 135 illik yubileyinə tarixi uğurlar və sabaha böyük ümidlərlə gedir. Ötən onilliklərin təcrübəsi və nailiyyətləri jurnalistikamızı yeni yüksəlişə aparır.

 

 

    Tahir AYDINOĞLU

 

    Xalq qəzeti.- 2010.- 17 iyun.- S. 3.