Dövlət
qulluqçusu etik davranışı və peşəkar fəaliyyəti
ilə çalışdığı orqanlara inamı
artırır və onun nüfuzunu möhkəmləndirir
Prezident başda olmaqla bütün məmurlar xalqın xidmətçiləridir. Bizim vəzifəmiz ondan ibarətdir ki, xalqa xidmət edək, xalqla birlikdə olaq, xalqın qayğıları ilə yaşayaq. Mən buna çalışmışam, bundan sonra da çalışacağam. Heç kim və heç nə məni bu yoldan döndərə bilməz.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Azərbaycan müstəqillik
qazandıqdan sonra qarşıya qoyulan əsas vəzifələrdən
biri müstəqilliyi möhkəmləndirmək, dövlət
quruculuğu prosesini sürətləndirmək və beynəlxalq
aləmə nüfuz etmək olmuşdur. Təəssüf ki,
müstəqilliyimizin ilk illərində hakimiyyətə rəhbərlik
edənlərin idarəetmədəki təcrübəsizliyi
qarşıya qoyulan vəzifələrin həyata
keçirilməsinə imkan vermirdi. Əksinə, hər sahədə
gerilik müşahidə olunurdu. Bunun əsas səbəbi
Azərbaycanda mövcud olmuş hakimiyyət qurumlarının
keçmiş sovet strukturlarını kor-koranə təkrarlaması
idi. İcra orqanlarında tam nizamsızlıq hökm
sürürdü. Dövlət hakimiyyətinin bölünməsi
prinsipi sözdə elan edilsə də, əslində onun
qanuni-hüquqi əsası təsbit olunmamışdı.
Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlişindən sonra bütün sahələrdə olduğu kimi, müstəqil dövlət quruculuğu sahəsində də əsaslı dönüş yarandı. Ulu öndər prezident seçildikdən sonra qarşıda duran vəzifələri ümumiləşdirərək demişdir: "Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəni müharibə şəraitindən çıxarmaq, vətəndaşların rifah halını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq - bu vəzifələr mənim Prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır".
Dövlət quruculuğu ulu öndərin daim diqqət mərkəzində saxladığı həlli vacib məsələlərdən olmuşdur. Bundan ötrü ilk növbədə müstəqil Azərbaycanın Konstitusiyası qəbul olunmalı idi. Məhz müdrik şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın dünya standartlarına uyğun ilk Konstitusiyası hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuşdur. Beynəlxalq təşkilatlar, nüfuzlu hüquq ekspertləri Azərbaycan Konstitusiyasının qəbul olunması ilə ölkəmizdə mülki dövlət və açıq cəmiyyət quruculuğu üçün möhkəm zəmin yarandığını təsdiq etmişlər. Bundan sonra qəbul olunan qanunların beynəlxalq standartlara uyğunlaşdırılması da dövlət quruculuğu prosesinin sürətləndirilməsinə öz müsbət təsirini göstərmişdi.
Dövlət idarəçiliyində zəngin təcrübəsi olan ulu öndər Heydər Əliyev deyirdi: "İdarəçilik təcrübəsi olmayan adam dövlətə rəhbərlik edə bilməz. Dövlət idarəçiliyində beynəlxalq təcrübə ilə yanaşı, yerli xüsusiyyətlər də nəzərə alınmalıdır". Ümummilli liderimiz Heydər Əliyevin 1999-cu il yanvarın 3-də imzaladığı fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaradılmasında da əsas məqsəd dövlət strukturlarını dövrün, zamanın tələbi səviyyəsində idarə edə biləcək gənc mütəxəssis kadrlar hazırlamaqdan və həmin kadrların dövlət məmurlarının ixtisasının artırılmasından ibarət olmuşdur. Onu da qeyd edim ki, ulu öndərin uzaqgörənliyi bu gün özünü bir daha göstərir. Çünki akademiyanın yaranmasından keçən müddət ərzində dövlət idarəçilik sahəsi üçün mütəxəssislər hazırlanması işinin müasir tələblərə uyğun qurulması, onların peşəkarlıq səviyyələrinin artırılması, dövlət idarəçilik sahəsində elmi tədqiqatların aparılmasının təşkili və həmin sahənin analitik-informasiya təminatının möhkəmləndirilməsi çox yüksək səviyyədə həyata keçirilmişdir. Ulu öndər Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin möhkəmləndirilməsi üçün nəinki yüksək peşəkarlıq və zəka, həmçinin yüksək əxlaqi və mənəvi keyfiyyətləri, özünün vətənpərvərlik, vətənə hədsiz sədaqəti ilə seçilən kadr hazırlanmasını ciddi bir vəzifə kimi qarşıya qoymuşdu. Müdrik şəxsiyyət bildirirdi ki, müstəqil Azərbaycan üçün müasir idarəçi, yeni tərzdə düşünən, yeni təfəkkürlü kadrlar lazımdır. Azərbaycan Prezidenti Heydər Əliyevin 2000-ci il 21 iyul tarixli fərmanı ilə təsdiq olunan "Dövlət qulluğu haqqında" Qanun da kadr siyasətinin əsas prinsiplərini, dövlət qulluqçularının cəmiyyətdəki yerini, onların hüquq və vəzifələrini müəyyənləşdirdi. Ölkəmizdə dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətlər və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı bütün məsələlər məhz bu qanunla tənzimlənir. Bu qanun dövlət qulluğunun mahiyyəti, fəlsəfəsi və prinsipləri, dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələlələri tənzimləyir, həyata keçirilən kadr siyasətinin əsas prinsiplərini, dövlət qulluqçularının cəmiyyətdəki yerini, onların hüquq və vəzifələrini müəyyənləşdirir, dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar dövlət qulluqçusu korpusunun formalaşdırılması və inkişafını stimullaşdırır. Eyni zamanda, "Dövlət qulluğu haqqında" Qanun səlahiyyətlərindən asılı olaraq, dövlət orqanlarının yeddi kateqoriyasını müəyyən edir. Bu orqanlarda vəzifələrin isə funksiyasının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq, inzibati və yardımçı vəzifələrə bölür. İnzibati vəzifələrin doqquz, yardımçı vəzifələrin isə altı təsnifatını müəyyənləşdirir. İnzibati vəzifələr 1-ci - 7-ci kateqoriya dövlət orqanları aparat və bölmə rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin vəzifələridir. Yardımçı vəzifələr isə 1-ci - 7-ci kateqoriya dövlət orqanlarında texniki işləri həyata keçirən mütəxəssisləri əhatə edir.
Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.
Dövlət orqanlarında işə qəbul olunmaq, orada hər hansı bir vəzifə tutmaq həm böyük şərəf, həm də məsuliyyətdir. Dövlət qulluqçusunun əsas vəzifəsi dövlətin və xalqın xidmətində olmaq, vətəndaşların problemlərinin həllinə kömək göstərmək, ölkənin inkişafı, tərəqqisi, beynəlxalq aləmdə böyük nüfuz qazanması üçün bilik və bacarığını səfərbər etməkdən ibarətdir. Dövlət qulluğunun vəzifəsi isə fərdin, cəmiyyətin və dövlətin maraqlarını vahid milli maraqda birləşdirmək və onun həlli istiqamətində çalışmaq deməkdir. Bu baxımdan qüdrətli şəxsiyyət Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu hər bir azərbaycanlı dövlət qulluqçusu, ümumiyyətlə bütövlükdə türk dünyası üçün örnək olmalıdır. İstər sərt sovet rejimi dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etmiş ümummilli lider Heydər Əliyev dövlət orqanlarında çalışan şəxslərin qarşısında daim dövlətin və millətin mənafeyi üçün çalışmağı, qanunların aliliyinə dönmədən əməl etməyi əsas tələb kimi, mühüm vəzifə kimi qoymuş, süründürməçiliyə və rüşvətxorluğa qarşı mübarizədə öz prinsipial mövqeyindən heç vaxt geri çəkilməmişdi. "Dövlət qulluğu haqqında" Qanunu imzalayanda da əsas məqsəd müasir həyatla ayaqlaşa bilən kadrların seçilib yerləşdirilməsi olmuşdur. Ümumiyyətlə, dövlət qulluğu hər bir dövlətin mövcud olmasının əsas dayaqlarından biridir.
Dövlət qulluqçusu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan struktur vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətlərindən asılı olaraq müəyyən edilir. Dövlət qulluğu vəzifələri həmin vəzifələrin məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq siyasi, inzibati və yardımçı vəzifələrə bölünürlər. Dövlət qulluqçusu maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Siyasi və inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri olan dövlət qulluqçusu, dövlətin vəzifəli şəxsləridir. Deputatlar və hakimlər dövlət qulluqçuları sayılmırlar.
Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, milliyyətindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan vətəndaşlarının dövlət qulluğuna girmək hüququ vardır.
Ümummilli lider Heydər Əliyevin dövlət qulluğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasətin əsas qayəsini ölkəmizdə məsuliyyətli və demokratik idarəçiliyin yaradılması, dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsi, vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsi, habelə dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar dövlət qulluqçusu korpusunun formalaşdırılması təşkil edir. "Dövlət qulluğu haqqında" Qanun və digər normativ sənədlərin qəbulu, bu sahəyə ayrılan xüsusi diqqət və qayğı bu gün də davam etdirilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin 31 may 2007-ci il tarixli fərmanı ilə təsdiqlənmiş "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Bu qanun dövlət qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə borcludur.
Bu gün ölkəmizdə həyata keçirilən islahatların səmərəliliyini daha da artırmaq məqsədi ilə dövlət qulluğu və kadr siyasətinin təkmilləşdirilməsi sahəsində ardıcıl tədbirlər görülür. Möhtərəm Prezidentimiz İlham Əliyevin hər bir vəzifəli şəxs və dövlət qulluqçusu qarşısında qoyduğu əsas tələb xalq və dövlətçiliyə sədaqətlə xidmət etmək, milli maraqları hər şeydən uca tutmaq, vətəndaşların müraciətlərinə diqqətli yanaşmaq, şərəfli dövlət qulluqçusu adına yaraşmayan işlərdən uzaq olmaq, təşəbbüskarlıq, problemlərin həlli üçün mövcud imkanlardan istifadə etməkdən ibarətdir.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 7 mart 2003-cü il tarixli qətnaməsi ilə iyunun 23-nü Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan etmişdir. Dövlət qulluğuna və dövlət qulluqçusuna böyük önəm verən möhtərəm Prezidentimiz İlham Əliyev də respublikamızda demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində dövlət qulluğunun rolunu və Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin tövsiyəsini nəzərə alaraq 2006-cı il 25 may tarixində "Dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsi haqqında" sərəncam imzalamışdır. Bu sərəncama əsasən hər il iyun ayının 23-ü dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur, təcrübəli dövlət qulluqçuları müxtəlif mükafatlarla təltif olunurlar.
Bu gün müasir dövlət qulluğu sisteminin yaradılmasında qüdrətli şəxsiyyət Heydər Əliyev ideyaları uğurla gerçəkləşdirilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda istər dövlət quruculuğu, istərsə də sosial-iqtisadi sahədə böyük uğurlar qazanılır. Ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynayır.
Əyyub
KƏRİMOV,
Azərbaycan
Respublikasının Prezidenti
yanında
Dövlət İdarəçilik Akademiyasının
rəhbər
kadrların ixtisasının artırılması
fakültəsinin
əməkdaşı
Xalq qəzeti.- 2010.-
17 iyun.- S. 4.