Azərbaycan Tibb
Universiteti - 80
Zəngin ənənələri
olan ali təhsil ocağı
Respublikamızın
qocaman ali təhsil müəssisələrindən
biri olan Azərbaycan Tibb Universitetinin təşkilindən 80 il
keçir. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev "Azərbaycan Tibb Universitetinin 80 illik
yubileyinin keçirilməsi haqqında" 28 aprel 2010-cu il tarixli sərəncamı ilə bu əlamətdar
hadisənin dövlət səviyyəsində qeyd edilməsini
rəsmiləşdirmişdir. Bu isə Azərbaycan
dövlətinin, şəxsən Prezident İlham Əliyevin
tibb sahəsinə, o cümlədən əhalinin
sağlamlığının qorunmasına olan
qayğısının bariz nümunəsidir. Sərəncamda
qeyd edildiyi kimi, bu təhsil ocağı zəngin ənənələrə
malikdir və Azərbaycanın təbabət və səhiyyəsi
tarixində özünəməxsus şərəfli bir yer
tutur. ATU dövlət səhiyyə sistemimizin beşiyi
başında durmuş, onun bütün
ağırlığını öz çiyinlərində
daşıyaraq onunla paralel inkişaf etmişdir. Azərbaycan
Tibb Universitetinin mövcud olduğu 80 il ərzində
səhiyyəmiz üçün dəyərli kadrlar
yetişmişdir. Onlardan M.Topçubaşov, U.Musabəyova,
C.Abdullayev, Z.Əliyeva, A.Namazova, B.Ağayev, C.Əliyev, Ə.Əmiraslanov,
M.Cavadzadə və başqaları kimi dünya şöhrətli
akademikləri və şəxsiyyətləri göstərmək
olar.
Ümummilli lider Heydər Əliyev dəqiq şəkildə
bunu belə ifadə etmişdir: "Tibb Universiteti Azərbaycan
Respublikası, xalqı qaşısında böyük xidmətlər
göstərmişdir". Ulu öndərin bu kəlamları
reallığı əks etdirən həqiqətdir. Məhz
ümummilli lider Heydər Əliyev keçən əsrin 70-ci
illərindən etibarən Azərbaycan Respublikasının rəhbəri
kimi səhiyyə sahəsinə, o cümlədən tibbi
kadrlar hazırlayan yeganə ali tibb təhsili
müəssisəsinə xüsusi qayğı ilə
yanaşmışdır. Hazırda isə ulu
öndərin başladığı böyük yolu cənab
İlham Əliyev uğurla davam etdirir, Tibb Universitetinin
uğurları üçün əlindən gələni
edir. Bunu son dövrlərdə Tibb
Universiteti üçün terapiya korpusunun inşa edilməsi
(demək olar ki, korpus hazırdır və yubiley münasibətilə
istifadəyə veriləcəkdir), cərrahiyyə korpusunun
da tikilməsi haqqında Prezidentin fərmanı sübut edir.
Çünki həyatda insanların
cansağlığından yüksək bir nemət yoxdur, onu
qorumaq isə həkimlərin işidir.
XX əsrin 90-ci illərində respublika ali
təhsil sistemində bir boşluq, nəzarətsizlik hökm
sürürdü. İnsanlar öz peşəsinə,
sənətinə biganə yanaşır, elə bil ki, insan həyat
enercisini boş-boşuna xərcləyirdi. Təhsilin bütün subyektləri, o cümlədən
ATU da eyni durumla üzləşmişdi. Belə
bir vaxtda tanınmış alim, SSRİ Dövlət
Mükafatı laureatı, tibb elmləri doktoru, professor Əhliman
Əmiraslanov Tibb Universitetinə rektor təyin olundu. Əhliman
müəllim bu xaosda insanların ürəyinə yol
tapdı, onların peşəsinə, işinə təkan verdi, sənətində uğurlar əldə
etməsinə ilham verdi. Onun rəhbərliyi sayəsində
universitetdə tədrisin səviyyəsi yüksəldi,
uçub-dağılan sistem yeni tərzdə yeni məcraya
keçdi. Nəticədə universitetimiz
respublikamıza tibb sahəsində uğurlar
qazandırmağa başladı.
Universitetin digər kafedraları kimi fəlsəfə
kafedrası da öz üzərinə düşən məsuliyyəti
dərk etdi, yeni formalarla tədrisi təkmilləşdirməyə
səylər etməyə başladı.
Bu illərdə tibb kadrlarının yetişdirildməsində
tibbi - bioloji elmlərin xüsusi rolunu qeyd etməklə
yanaşı, onların vətəndaş kimi, elmi-fəlsəfi
dünyagörüşünə yiyələnərək cəmiyyətdəki
hadisələrə düzgün qiymət vermək, tələbə-həkimlər
tərəfindən öz işlərinin məqsədyönlülüyünü
daha düzgün və aydın dərk etmək
üçün ictimai və humanitar elmlərin, onların təmsilçiləri
olan müvafiq kafedraların rolunu qeyd etməmək olmaz. Bu mənada fəlsəfə kafedrasının, onun əməkdaşlarının
üzərinə mühüm vəzifələr
düşür və bu vəzifəni onlar ötən illər
ərzində layiqincə yerinə yetirmişlər.
Azərbaycan Tibb Universitetinin
yarandığı ilk illərdə müxtəlif adlar
altında fəaliyyət göstərən sosial-iqtisadi elmlər
kafedrasında fəlsəfə ictimai elmlər
sırasında tədris olunmuşdur. 1938-ci ildə
"ÜİK(b) P tarixi" qısa
kursunun buraxılması ilə əlaqədar "Partiya təbliğatının
qoyuluşu haqqında" qərara əsasən
keçmiş SSRİ-nin bütün ali məktəblərində
"Marksizm-leninizmin əsasları" adlı vahid tədris
kursuna keçilmişdir. Bu kursun tərkibində
fəlsəfi biliklər də tədris olunmuşdur. Daha sonralar, 1963-cü ildən fəlsəfə
müstəqil kafedra kimi fəaliyyətə
başlamışdır.
Kafedranın yaradıcısı və ilk müdiri əməkdar
elm xadimi, fəlsəfə elmləri doktoru, professor
Adil Məşədi Yusif oğlu Nəcəfov (1925-1989)
olmuşdur. Kafedra işə başlayarkən
onun tərkibi pofessor A.Nəcəfov, müəllimlərdən
H.Məhərrəmov, S.Hüseynov, N.İbrahimov, E.Hidayətov,
İ.Klimova, Q.Bayramov, T.Əkbərov, S.İlyasova və
başqalarından ibarət idi. Professor A.Nəcəfovun
kafedraya rəhbərlik etdiyi dövrdə 3 doktorluq və
onlarca namizədlik dissertasiyası müdafiə edilmişdir.
Professor A.Nəcəfovun elmi tədqiqatları əsasən
milli mədəniyyət problemlərinə həsr
edilmişdir. Onun 35-dən artıq monoqrafiya və məqaləsi
çap edilmişdir: "Ölkəmizdə mədəniyyətlərin
inkişafı və yaxınlaşmasında keçmiş
irsin rolu" (Bakı, 1964); "Sosialist millətlərinin mədəniyyətlərinin
yaxınlaşması" (Bakı, 1970); "İnkişaf
etmış sosializm və mədəniyyət" (Bakı,
1978); "Ədəbiyyat və incəsənət mənəvi
tərbiyənin qüdrətli vasitəsidir" (Bakı,
1978).
Professor A.Nəcəfov təbabətin fəlsəfi,
etik və estetik problemləri ilə də məşğul
olmuş, respublikanın tibb ictimaiyyətinin mənafeyi naminə
yorulmadan çalışmışdır. O,
"İncəsənət və səhhət" (Bakı
1979) və "Həkimlik sənətinin mənəvi əsasları"
(Bakı, 1986) adlı kitablarında insan
sağlamlığı, onun mühafizəsi problemləri və
bu sahədə səhiyyə işçiləri
qarşısında duran vəzifələri
araşdırmışdır.
Professor A.Nəcəfovun xidmətləri
dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.
O, "Azərbaycan Respublikasının əməkdar elm
xadimi", "Səhiyyə əlaçısı" kimi
fəxri adlara layiq görülmüş,
"Qırmızı Əmək Bayrağı" ordeni ilə
təltif edilmişdir.
Professor A.Nəcəfovun vəfatından (1989-cu il) sonra kafedraya fəlsəfə elmləri
doktoru, professor Qurban Bayramov (1935-1996) rəhbərlik
etmişdir. Ömrünün sonuna (1996-cı il)
kimi kafedraya rəhbərlik edən professor Q.Bayramovun elmi
axtarışları arasında millətlərlərarası
münasibətlər həmişə önəmli
olmuşdur. O, kafedraya rəhbərlik etdiyi illərdə tələbələrin
elmi dünyagörüşünün formalaşmasına
böyük əmək sərf etmiş, çoxsaylı
monoqrafiya və dərs vəsaitlərinin müəllifi
olmuşdur. "Milli məsələdə iki meyil"
(Bakı, 1972); "Mədəniyyətdə millilik və beynəlmiləlçilik"
(Bakı, 1974), "Sosialist millətinin mənəvi
siması" (Bakı, 1975); "Mənəvi həyatda
millilik və beynəlmiləlçilik" (Bakı, 1979);
"Milli və sinfi münasibətlərin
qarşılıqlı əlaqəsi" (Bakı, 1981);
"SSRİ-də milli münasibətlərin
inkişafı" (Bakı, 1984); "İnsan və
zaman" (Bakı, 1992); "İnsan, qəribədir həyatın
sənin" (1996) ; "Fəlsəfənin əsasları"
və başqa kitabları onun qələminin məhsuludur.
Uzun müddət kafedrada işləmiş
fəlsəfə elmləri doktoru R.Əliyev xalq müdrikliyinə
ilk dəfə elmi nöqteyi-nəzərdən yanaşaraq,
onun təhlilini verən alim - filosof olmuşdur. Onun "Azərbaycan şifahi xalq
yaradıcılığında ateizm motivləri"
(Bakı, 1973); "Xalq müdrikliyi insan
sağlamlığı haqqında" (Bakı, 1981);
"Xalq müdrikliyi" (Bakı, 1986);
"Uzunömürlülüyün sirləri" (Bakı,
1993); "Zərdüştliyin sosial kökləri"
(Bakı, 1993); "Fəlsəfə fənni tədrisinin bəzi
məsələləri haqqında" (Bakı, 1994);
"Dinşünaslıq fənninin tədrisinin bəzi məsələləri
haqqında" (Bakı, 1996) kitabları öz aktuallıq və
dəyərlərini bu gün də itirməyib.
1996-cı ildən kafedraya bu məqalənin
müəlliflərindən biri, fəlsəfə elmləri
doktoru, professor Qoşqar Əliyev rəhbərlik edir. O,
110-dan artıq elmi əsərin, o cümlədən
çoxsaylı monoqrafiya, dərslik, dərs vəsaitinin
müəllifidir. "Politologiya" (Bakı, 1994);
"Demokratiya anlayışı" (Bakı, 1995);
"Demokratiya və müasirlik" (Bakı, 1996);
"Çağdaş demokratik proseslərin bəzi fəlsəfi
problemləri" (Bakı, 1997); "Kulturologiya" (Bakı,
1997); "Platon və Aristotel" (Bakı, 1997);
"Konfliktologiyaya giriş" (Bakı, 1998); "Heydər Əliyev
və milli ləyaqət fəlsəfəsi" (Bakı,
1998); "Metafəlsəfə predmeti və vəzifələri"
(Bakı, 1999); "Mədəniyyətşünaslıq"
(Bakı, 1999, 202 s.); "Təbabət fəlsəfəsi"
(Bakı, 2000); "Müdrikliyin təntənəsi"
(Bakı, 2002); "H.Əliyev və milli mentalitet fəlsəfəsi"
(Bakı, 2003); "Təbabət etikası" (Bakı, 2004)
və başqa kitabları buna misal göstərmək olar.
Müəllifin son illərdə
yazdığı dərs vəsaitləri tələbələrin
elmi dünyagörüşünün yeni
oriyentasiyasının və mənəvi keyfiyyətlərinin
formalaşmasında, milli ləyaqət və vətənpərvərlik
hisslərinin inkişafında mühüm rol oynayan əsərlərdir.
"Heydər Əliyev və milli ləyaqət
fəlsəfəsi" adlı əsərində milli ləyaqətin
qorunub saxlanılmasının strategiya və metodologiyası
problemləri sahəsində görülən tədbirlərin
təhlili verilmiş və bu sahədəki xidmətlər
araşdırılmışdır. Əsərdə
müəllif bu problemlərdən irəli gələn vəzifələrin
həllində ulu öndərimiz Heydər Əliyevin yeritdiyi
müdrik daxili və xarici siyasətin xüsusi əhəmiyyətini
qeyd edir.
"Heydər Əliyev və milli mentalitet fəlsəfəsi"
əsərində isə ümummilli liderin sosial fəlsəfəsinin
və xalqın mentalitetinin formalaşmasının elmi -
metodoloji prinsipləri açıqlanır, bu mentalitetin
qaynaqları, tarixi yaddaş, Vətən amalı, azərbaycançılıq
ideyası, milli həmrəylik və siyasi mentalitet kimi az tədqiq olunan problemlər şərh olunur.
Professor Q.Əliyevin bilavasitə rəhbərliyi
ilə 6 nəfər əməkdaş namizədlik
dissertasiyasını müvəffəqiyyətlə
müdafıə etmişdir.
Onun rəhbərliyi və redaktorluğu
altında kafedra əməkdaşlarının elmi - tədqiqat
işləri və elmi məcmuələr çap
olunmuşdur.
Son illərdə kafedranın tədris
proqramı xeyli zənginləşdirilmişdir. Burada qoyulmuş problemlər tələbələrin
bilavasitə dünyagörüşünün
formalaşmasına xidmət edir. Təbabət
etikasının müasir problemləri də geniş tədris
olunur. Kafedra əməkdaşları tədris
prosesində məsuliyyətlərini dərindən anlayaraq,
özlərinin elmi axtarışlarını da bilavasitə
"Keçid dövrünün sosial-fəlsəfi problemləri"nə
həsr edirlər. Burada təbabətin fəlsəfi
və sosial problemlərinin tədqiqinə daha geniş yer
verilir.
Hazırda kafedrada 17 nəfər işləyir.
Onlardan 1 nəfəri professor, 6 nəfəri
dosent, 5 nəfəri isə baş müəllimdir.
Bu gün elmdə artıq belə bir
mövqe formalaşmışdır ki, təbabətdə
sosiologiyalaşdırma, humanistləşmə və texnolojiləşmə
aparıcı meyillər kimi çıxış edirlər.
Həmin meyillər obyektiv olaraq təbabətin
yeni fəlsəfəsinin və ideologiyasının
formalaşması prosesini labud edir. Həkimin
klinik təfəkkürünün formalaşmasının
yeni metodologiyası ona insanla ətraf mühitin
qarşılıqlı əlaqəsinin sistemli - kompleks
xarakterini dərindən dərk etməsinə, sistemli - sosial
- ekoloji aspektlərdə sağlamlığın və xəstələyin
determinasiyası proseslərinin xüsusiyyətlərini
başa düşməsinə kömək etməlidir. Tibbi fəaliyyətin texnikalaşması (sənayeləşmə,
kibernetikləşmə, informasiya və s.) obyektiv olaraq
humanitar komponentlərə diqqətin
artırılmasını tələb edir. Real fakt budur ki, tibbi sahənin mərkəzi fiquru
praktik fəaliyyətdə olan həkimdir. Müasir həkim tibbi biliklərlə yanaşı,
geniş bilik dairəsinə, öz təyinatını dərk
etmək qabiliyyətinə, inkişaf etmiş yaradıcı
təfəkkürə, öz humanist fəaliyyətinin mənasını
aydın başa düşmək bacarığına, bir
sözlə - yüksək intellektə sahib olmalıdır.
Bu gün elmi konfranslarda, simpoziumlarda, həkimlərlə
filosofların dialoqunda belə bir ideya qətiyyətlə səslənməyə
başlamışdır ki, müasir tibbi təhsil labüd
olaraq həkimin fəlsəfi - metodoloji
hazırlığını nəzərdə
tutmalıdır. Ona görə ki, tibbi fəaliyyətin
hər bir sahəsi diaqnostika proseslərilə, insana humanist
yanaşma ilə bərabər, həmçinin həyatın
mənası, insan azadlığı problemlərilə
bağlı olan məntiqi, qnoseoloji, aksioloji, etik, fəlsəfi
problemlərin də daim həllini tələb edir.
XXI əsrin əvvəlində səhiyyə
qarşısında məsul vəzifələr durur. Müasir Azərbaycan səhiyyəsi, tibb elmi və
təhsili mürəkkəb bir şəraitdə inkişaf
edir. Milli təhlükəsizlik mənafeləri
xalqın sağlamlığı ilə bilavasitə
bağlı olduğundan bu, dövlətimizin fəaliyyətində
prioritet istiqamət təşkil edir. Müasir
səhiyyə sistemi artıq ənənəvi olaraq sosial
sferanın bir hissəsi kimi deyil, keyfiyyətcə yeni statusa
malik olduğundan - həyatın təminatı sistemi və
milli təhlükəsizliyi ən mühüm amilə
çevrilir.
Təbii ki, vətəndaşlarımızın
sağlamlığının möhkəmləndirilməsinə
yönəlmiş bu mühüm sahənin mərkəzində
xəstəliyin müasir profilaktik, diaqnostik və müalicə
metodları ilə silahlanmış canlı həkim
dayanır. Respublikada səhiyyənin
inkişaf konsepsiyasının reallaşdırılması, məcburi
tibbi sığortanın təkmilləşdirilməsi, həkimlərin
peşə fəaliyyətinin hüquqi əsaslarının
yeniləşdirilməsi, tibb işçilərinin sosial
hüquqlarının və təminatlarının
artırılması həkimlərin müvafiq olaraq mənəvi
aləminin də inkişafını tələb edir.
Bəşəriyyətin bir sıra
görkəmli mütəfəkkirləri təbabətin
inkişafında fəlsəfi biliyin əhəmiyyəti barədə
maraqlı mülahizələr söyləmiş, insan fəlsəfəsilə
təbabət fəlsəfəsini məhz vəhdətdə
götürmüşlər. Belə ki, antik fəlsəfənin
görkəmli nümayəndəsi Aristotel demişdir: "Mən
çox gözəl elmlərdən xəbərdaram, amma fəlsəfədən
yaxşı elm yoxdur". Məşhur yunan
filosofu Epikür belə bir ideyadan çıxış edirdi
ki, təbabət bədəni, fəlsəfə isə nəfsi
müalicə etməsəydi, o zaman hər ikisi faydasız bir
şey olardı. Rus filosofu N.Berdyayev israr
edirdi ki, fəlsəfə ruh haqqında elmdir. Lakin ruh haqqında elm, hər şeydən əvvəl,
insanın mövcudluğu haqqında elmdir. İngilis
filosofu Bertran Rassel hesab edirdi ki, fəlsəfənin
gördüyü iş, yaxud görməli işi intellektual təxəyyülün
hüdudlarını genişləndirməkdir. Yeni
dövrün görkəmli filosofu Frensis Bekon yazırdı
ki, fəlsəfəyə əsaslanmayan təbabət
etibarlı ola bilməz.
Təbabətin nəzəri zənginləşməsi
prosesində fəlsəfənin konstruktiv iştirakı tibb
elminin və onun fəaliyyətinin diferensasiyasının və
inteqrasiyasının metodoloji təminatında təzahür
edir. Həkim - filosoflar bilik və səylərini
əsasən tibbi nəzəriyyəni qurmağın metodunun
aydınlaşdırılması, tibb elminin predmeti, idrak
texnologiyalarının və məntiqi təhlilin üzərində
cəmləşdirirlər. Müasir şəraitdə
bioetikanın bütöv bir problemlər blokunun
dünyagörüşü ölçüləri üzrə
səyləri xüsusi dəyər kəsb edir. Tədqiqatın bu sadalanan istiqamətləri, tibbi -
bioloci materiala əsaslansa da, mahiyyətcə fəlsəfi -
metodoloji istiqamətlərdir. Belə bir fəaliyyət
növü üçün labüd olaraq özündə
elmin məntiqi aparatlarına professional yanaşma vərdişlərini,
elmi metodoloji bilikləri və zəruri tibbi - bioloji bilikləri,
bacarıq və vərdişlərə yiyələnməyi
öyrədən xüsusi fəlsəfi bilik zəruridir.
Necə deyərlər müqəddəs yer
boş qalmır. Dünyagörüşü
sahəsində də belədir. Burada
mövcud boşluq labüd olaraq şüurda səthi təsəvvürlərlə
yanlış, bəzən də, ziyanlı həyat oriyentirlərilə
dolur. Ona görə də, bu gün
düzgün oriyentasiya funksiyasını yerinə yetirməli
olan bütöv fəlsəfi, elmi dəyər biliyi
konsepsiyasına dərin ehtiyac vardır. Bu
ehtiyacı təkcə gələcək həkimlər, yaxud
gənclərin ayrı - ayrı birlikləri deyil, həmçinin
nəinki həkimlərin hazırlanması ilə bilavasitə
məşğul olan, eyni zamanda Azərbaycan xalqının mənəvi
inkişafında maraqlı olan yaşlı nəsil də
duyur. Bu gün əldə edilmiş mənəvi
- elmi təcrübəni sonrakı nəsillərə
ötürməyi və sosial varlığın yeni, daha təkmil
formalarına keçidi təmin edən yeni tipli
dünyagörüşü oriyentasiyalarına təlabat
artmaqdadır. Biz hesab edirik ki, müasir təbabət
fəlsəfəsi insan həyatının mənəvi dəyərlərindən
meyar kimi istifadə etməli, yeni həkimlər nəslinə
Həqiqəti, Xeyiri, Gözəlliyi təbabətin ideal dəyərləri
kimi aşılamalıdır.
Bu gün fəlsəfənin mühüm
rolu ondan ibarətdir ki, o, təbabətin nəinki tibbi - fəlsəfi
problematika sahəsində, həmçinin bütövlükdə
insan həyatı üçün dəyər kəsb edən
ümumi ideyalarını müəyyənləşdirməsində
özünü göstərmişdir.
Fəlsəfi idrak predmeti olan dəyərlər
sistemi tibbi - bioloji elmə və praktik səhiyyədə fəlsəfi
təsir amili kimi çıxış edir. O, müalicə
proseduralarının akseoloji bazası və xəstənin
sağalacağına inamının əsasıdır. Fəlsəfə belə halda müalicəvi təsirin
mənəvi elementi olur.
Bəlkə buna görədir ki,
Hippokratın fəlsəfə ilə təbabətin sıx
qarşılıqlı təsirinin zəruriliyi haqqında
fikri öz aktuallığını bu gün də
saxlamaqdadır. "Fəlsəfə təbabətə
və təbabət fəlsəfəyə tətbiq edilməlidir,
çünki fəlsəfənin bütün xüsusiyyətləri
təbabətdə də öz əhəmiyyətini
saxlayır". Elmi təbabətin əsasını
qoyan bu həkim filosofun, mütəfəkkirin irsinə,
öyüdlərinə əməl etmək gələcək
və hazırda praktik fəaliyyət göstərən həkimlərin
mənəvi borcudur.
Bu gün tibbi təhsil prosesində rasional
informasiya daşıyan biliklər - fəlsəfi
dünyagörüşü tərbiyəsini əsas tutan
predmetlər tədris olunmalıdır.
Hazırda gələcək həkimin, heç olmasa, fəlsəfənin
əsaslarını bilməyi həmişəkindən daha
çox vacibdir, ona görə ki, təbabət və ona xidmət
edənlər üçün fəlsəfənin əsaslarına
yiyələnmək insan ruhunun formalaşdırılması
prosesi olmaqla yanaşı, əsasında humanizm, yüksək
mənəviyyat, düzgünlük, vicdan və mərhəmət
duran ümumbəşəri tərbiyə məsələsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin tapşırığı ilə Prezident
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rəhbərliyi
altında 2009-cu ildə noyabr ayının 21-də
keçirilən müşavirədə ictimai və humanitar
elmlərin bugünkü vəziyyəti hərtərəfli təhlil
edilmişdi. Akademik R.Mehdiyev dərin məzmunlu
məruzəsində ictimai elmlərin bugünkü vəziyyəti
barədə danışdı. O vurğuladı ki,
ictimai elmlərin indiki vəziyyəti cənab Prezidenti olduqca
narahat edir, onlar respublikanın hərtərəfli
inkişafı ilə ayaqlaşmır və dövlət
müstəqilliyimizin bərpasından keçən müddət
ərzində xalqımızın və dövlətimizin əldə
etdiyi uğurları lazımi səviyyədə əks etdirə
bilmir. Burada Hegelin məşhur bir müddəası
yada düşür ki, fəlsəfə öz
dövrünün kvintessensiasıdır. O, öz
dövrünü ifadə etmirsə boş abstraksiyadan
başqa bir şey deyildir. Humanitar və ictimai
elmlər sahəsi elə bir sahədir ki, təbiətşünaslıqdan
fərqli olaraq, onlardan hər an ixtira, kəşf gözləmək
mümkün deyildir, o cümlədən də fəlsəfədən.
Fəlsəfə dünya haqqında konkret
deyil, ümumi bilik verir. Fəlsəfədə
ən mühüm cəhət sözsüz ki, təbiət
elmlərinin nailiyyətlərinə söykənərək
öz nəzəri müddəalarını mövcud cəmiyyətin
real gerçəkliyi ilə
uyğunlaşdırılmalı, təcrübə ilə əlaqələndirilməlidir.
Məhz yuxarıda qeyd etdiyimiz müşavirədə
də biz filosoflardan elmi tədqiqatların və tədrisin
keyfiyyətinin daha da yaxşılaşdırılması tələb
olunur. Bu gün biz də işimizi bu
istiqamətdə qurmağa səy göstəririk.
Qoşqar ƏLİYEV,
Azərbaycan Tİbb
Universitetinin fəlsəfə
kafedrasının
müdiri, fəlsəfə elmləri doktoru,
professor
Məhəmməd
PAŞAYEV,
fəlsəfə
kafedrasının dosenti
Xalq qəzeti.- 2010.- 18
iyun.- S. 5.