Bakıda Dünya Qaçqınlar Günü qeyd edilmişdir

 

    İyunun 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Avrasiya Mətbuat Fondu "Hyatt Regency" hotelində Dünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirmişlər.

 

    "Onlar mənim evimi əlimdən aldılar, amma gələcəyimi ala bilməzlər" devizi altında keçirilən tədbirdə Milli Məclisin deputatları, nazirlik, dövlət komitələri və agentliklərinin, beynəlxalq maliyyə qurumlarının nümayəndələri, işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları, Səudiyyə Ərəbistanı, Küveyt, Türkiyə, Yaponiya, ABŞ, Norveç, İtaliya, Rusiya, Fransa, Yunanıstan, İran, Misir və İsveçrənin ölkəmizdəki səfirliklərinin, milli qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak etmişlər.

    Əvvəlcə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri Antonio Quterreşinin "İmkan yaratmalıyıq ki, onlar gələcəyini itirməsinlər", xoşməramlı səfir Anjelina Colinin "Gəlin onlara kömək edək ki, evlərinə qayıtsınlar" fikirlərinin vurğulandığı videomüraciətlər, "Vətən həsrəti və sönməyən ümidlər" adlı 13 dəqiqəlik film nümayiş etdirilmişdir.

    Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov demişdir ki, artıq onuncu ildir 20 iyun qaçqınları anma günü kimi qeyd edilir. Məqsəd problemin mövcudluğunu dünya ictimaiyyətinə xatırlatmaqdır. Hazırda Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün vardır. Onlardan 250 mini 1988-1992-ci illərdə Ermənistandan qovulmuş azərbaycanlılar, 50 mini 1992-ci ildə Özbəkistandan Fərqanə hadisələri zamanı qovulmuş Axısqa türkləri, 600 minə qədəri Azərbaycanın işğal olunmuş rayonlarından zorla çıxarılmış məcburi köçkünlərdir. Bundan başqa, respublikamızın Ermənistanla həmsərhəd olan Naxçıvan Muxtar Respublikasının, Ağstafa, Qazax, Tovuz, Ağcabədi, Gədəbəy və Tərtər rayonlarının sərhədyanı yaşayış məntəqələrindən 100 min nəfərədək soydaşımız həyatlarına təhlükə olduğu üçün öz daimi yaşayış yerini tərk etmək məcburiyyətində qalmışdır. Məcburən köçkünlər respublikanın 62 şəhər və rayonunda, 1600-dən çox obyektdə müvəqqəti məskunlaşdırılmışdır.

    Ə.Həsənov Azərbaycana üçüncü ölkələrdən gəlmiş qaçqınlardan danışarkən bildirmişdir ki, on il əvvəl onların sayı təxminən 10 min nəfər təşkil edirdisə, indi bu rəqəm 2 600-ə enib. Bunlar əsasən Çeçenistan, Əfqanıstan, İraqPakistandan olan qaçqınlardır. Azərbaycanda çeçen qaçqınlarla bağlı yeganə problem onların şəxsiyyətinin dəqiqləşdirilməsi ilə bağlıdır. Çünki onlar Azərbaycana qeyri-leqal yolla gəliblər. Biz dəfələrlə Rusiyaya müraciət edərək bu qaçqınların şəxsiyyətinin müəyyənləşdirilməsində onlardan kömək istəmişik.

    Baş nazirin müavini qeyd etmişdir ki, qaçqın və məcburi köçkün problemi ortaya çıxandan bəri BMT-nin Ali Komissarlığı, BMT agentlikləri, ABŞ-ın, Avropanın, Türkiyənin, İranın, ərəb ölkələrinin humanitar təşkilatları Azərbaycanda 800 milyon dollar məbləğində yardım proqramları həyata keçirmişlər. Bizim üçün ən çətin bir dövrdə - ötən əsrin 90-cı illərinin əvvəllərində bu yardımlar olmasaydı, ölkəmizdə humanitar fəlakət baş verərdi. Bir sıra humanitar təşkilatlar bu gün də ölkəmizdə qalıb fəaliyyət göstərir. "Yeri gəlmişkən, humanitar təşkilatlar işğalçı ölkəyə də yardım göstərirlər", - deyə natiq təəccübünü gizlətməmişdir.

    Ali Komissarlığa, humanitar təşkilatlara Azərbaycan hökuməti adından minnətdarlığını bildirən Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə ekskurs etmiş, M.Qorbaçov Sovetlər İttifaqının rəhbəri seçildikdən sonra onun rəğbətindən istifadə edən ermənilərin "Böyük Ermənistan" yaratmaq iddialarının daha da fəallaşdığını, 1988-1992-ci illərdə Ermənistan ərazisindən azərbaycanlılara qarşı son etnik təmizləmə siyasətinin misilsiz bir qəddarlıq və vəhşiliklə həyata keçirildiyini, 250 min soydaşımızın oradakı ata-baba yurdlarından qovularaq qaçqına çevrildiyini xatırlatmışdır. Məlumat vermişdir ki, 1988-1992-ci illərdə Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunmuş, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə münaqişənin sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 822, 853, 874, 884 saylı qətnamələr qəbul etmişdir. Lakin Ermənistan bu qərarların heç birinə əməl etmir.

    "Dövlətqaçqınkom"un sədri daha bir məsələyə toxunmuşdur.

    O demişdir: "1999-cu ildə Azərbaycan BMT-nin "Qaçqınların statusu" haqqında konvensiyaya riayət edərək qaçqınlara vətəndaşlıq verəndən sonra, çox təəssüf ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı onların adlarını öz siyahılarından çıxarmışdır".

    Ə.Həsənovun sözlərinə görə, Ali Komissarlıq bu qaçqınların artıq vətəndaşlıq aldıqlarını, yerləşdirildiklərini və Azərbaycan hökuməti tərəfindən təmin edildiklərini əsas gətirir: "Halbuki 2001-ci ildə Dövlət Neft Fondu yaradılarkən ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanın ilk bəndində də Ermənistandan qovulmuş qaçqınların siyasi statuslarının doğma torpaqlarına qayıdanadək sabit saxlandığı qeyd olunur. Azərbaycan hökuməti bunu dəfələrlə deyib. Ermənistandan qovulmuş insanlarımız qaçqın statusuna malikdir. Düzdür, onların imtiyazları ləğv olunub, çünki onlar məskunlaşıblar. Lakin bu o demək deyil ki, onlar öz statuslarını itiriblər. Ermənistandan qovulmuş insanlar öz doğma yurdlarına qayıdana qədər onların qaçın statusu saxlanılır", - deyə vurğulamış və Ali Komissarlığa suallar ünvanlamışdır: "Nə üçün Azərbaycandan Ermənistana gedən qaçqınlar siyahıdan çıxarılmır? Əgər Ermənistan onlara vətəndaşlıq vermirqoşulduğu konvensiyaya hörmətsiz yanaşırsa, siz niyə ona hörmət edirsiniz? Bu ədalətsizlik nə vaxta qədər davam edəcəkdir?"

    Əli Həsənov Azərbaycan dövlətinin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün hər şeyi etdiyini, hüquqlarının qorunduğunu qeyd etmiş və təəssüflə vurğulamışdır ki, beynəlxalq aləmdə məcburi köçkünlərin hüquqlarını tənzimləyəcək hüquqi baza yoxdur, halbuki dünyada 43 milyon yurdsuz-yuvasızın 27 milyonu məcburi köçkündür. Yalnız Antonio Quterreş ali komissar təyin edildikdən sonra bu orqanda məcburi köçkün problemi ilə maraqlanmağa başlayıblar.

    Baş nazirin müavini Azərbaycanın iqtisadi vəziyyətinin yaxşılaşdığını bəhanə edib ölkəmizdə fəaliyyətini dayandıran donor ölkələri də qınamışdır: "Bu, dünyada hökm sürən ikili standartların nəticəsidir. Fikrimcə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi həll edilməyincə donor ölkələr fəaliyyətlərini dayandırmamalıdırlar. Biz demirik ki, gəlin ərzaq proqramı icra edinya yardım göstərin. Proqramın mahiyyətini dəyişmək olar. Məcburi köçkünləri vaxtilə məruz qaldıqları stressdən çıxarmaq üçün səhiyyə proqramına, yerlərinin açılmasını təmin edən müxtəlif inkişaf proqramlarına, reabilitasiya proqramlarına ehtiyac vardır".

    BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Arun Sala-Nqarm beynəlxalq birliyin qaçqın və məcburi köçkünlərə yardım etməsinin əhəmiyyətini vurğulamışdır. O, BMT-nin Azərbaycanda və digər ölkələrdə qaçqın və məcburi köçkün övladları arasında sorğu keçirdiyinidemişdir: "Uşaqlar adətən belə cavab verirdilər: evi olmayan adamlar xəstələnir və ölürlər. 8 yaşlı bir qız isə evinolduğunu belə izah edib: "Ev mən və anamın olduğu yerdir". Qaçqın və məcburi köçkünlər çox ağır şəraitdə yaşayırlar, amma bu, onların gələcəkdən məhrum olması demək deyildir".

    Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev çıxışını bu sözlərlə bitirmişdir: "Bu gün Dünya Qaçqınlar Gününü qeyd etməklə biz qaçqın və məcburi köçkünlərlə həmrəyliyimizi nümayiş etdirir, bu problemə biganə qalmadığımızı bildiririk. Ancaq haradasa müvəqqəti sığınacaq tapan insanların ən böyük arzusu yerinə yetirilməli, onlar öz doğma torpaqlarına qaytarılmalıdır və problemin həllinin ən doğru yolu da budur. Qaçqınlar yalnız öz evlərində xoşbəxt ola bilərlər! Səylər buna, bu istiqamətdə qəbul edilən beynəlxalq sənədlərin icrasına yönəlməlidir. Ermənistan işğal etdiyi 20 faiz Azərbaycan ərazilərindən öz qoşunlarını qeyd-şərtsiz çıxarmalı, məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qaytarılması barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə yerinə yetirilməlidir".

 

 

   Xalq qəzeti.- 2010.- 19 iyun.- S. 2.