Qori
seminariyasının Azərbaycan şöbəsinin
yaradıcısı
Firidun bəyin təkcə
bir müəllim kimi deyil, həm də öz xalqının ədəbiyyatını
sevən alovlu vətəndaş kimi Azərbaycan ədəbiyyatını
təbliğ etməsi mənim qəlbimdə nəcib hisslər
oyadırdı. Firidun bəy haqqında hamı belə fikirdə
idi ki, o son dərəcə böyük adamdır.
Böyüklüyü də ondadır ki, doğulduğu
torpağa, mənsub olduğu xalqa - onun ədəbiyyatına
ideal dərəcədə sadiqdir.
Əli Səbri Qasımov
(1892-1983),
keçmiş
seminarist, yazıçı-jurnalist
I. Gürcü seminaristi
ilə görüş
1978-ci il
oktyabrın 6-da hay-küylü Tbilisidən birbaşa Qoriyə
gəldim. Gürcüstan Xalq Maarif Muzeyinin
arxivindəki on günlük əzablı
axtarışlarım məni bərk yormuşdu. Arxası qalın meşələrlə əhatə
olunmuş Qori dağına və iki min yaşı olan
Qori-Tsixe qalasına söykənmiş füsunkar mənzərəli
şəhərdə adamın ruhu dincəlir. Yaşıl bağlar arasında evlərin damı
zorla görünürdü. Səksən
iki kilometrlik yolu gəlməkdə məqsədim
seminariyanın Azərbaycan şöbəsi haqqında material
toplamaq idi.
Düzü, gözəl təbiətini,
abı-havasını görüb şəhərlə
yaxından
... Şəhərin aşağı hissəsindən
üzüyuxarı uzanıb gedən Stalin adına
küçə boyu piyada gedirdim. Adamlar az
və astadan danışırdılar. Axı, gürcülər
biri-birilə çox bərkdən, az qala
qışqıra-qışqıra danışırlar. Nə yaxşı ki, burda Tbilisidəki səs-küydən
əsər-əlamət yox idi. Sanki,
Peterburqun Neva prospekti ilə addımlayırsan.
Bakıdan gedəndə qocaman
yazıçı, 1913-cü ildə seminariyanın məzunu
olmuş Əli Səbri ilə görüşüb söhbət
etdim. Firidun bəy Köçərliyə ata qədər
istəyi olan, zəngin hafizəli Əli müəllim Qoriyə
gedib seminariya binasını görmək istədiyimi biləndə,
kövrəlib, sanki, o günlərə qayıtdı, ağ kağıza bir plan cızıb verdi ki,
Firidun bəyin evini və seminariya binasını asanlıqla
tapım.
O yeri ki, Əli müəllim nişan
vermişdi, indi baxdım ki, burada ikimərtəbəli,
onaltıotaqlı köhnə bina yoxdu. Mən
özümlə seminariya binasının çoxdan çəkilmiş
solğun fotoşəklini də götürmüşdüm.
Ancaq bu ərazidə şəkildəkinə oxşar bina
yoxdu ki, yoxdu... Əvəzində üçmərtəbəli,
müasir tipli yeni məktəb binası var. Qarşısına
vurulmuş lövhədə: "Yakob Qoqoşvili adına 9 saylı orta məktəb"
yazılmışdı. Sakit küçədə
nə gələn var, nə də ötüb keçən.
Təlaşla o tərəf, bu tərəfə
boylandım. Məktəbin həyətindən
çıxan ortaboylu, əli dəftər-kitablı cavan kimi
axtardığımı soruşdu.
- Bu küçədə
keçmiş Azərbaycan şöbəsinin binası olub,
onu axtarıram - dedim.
- Həmin bina çoxdan yoxdu. 1968-ci ildə
sökdülər, yerində bu məktəb binası tikildi,
- deyir. - Bakıdansınız?
Əl verir, görüşürük:
- Maarifçi babalarınızın izinə
düşmüsünüz? Çox yaxşı eləmisiniz,
Sonra saatına baxır:
- Kənd avtobusunun getməsinə hələ iki saatdan
çox var. Bu küçənin o tayında qocaman bir
seminarist yaşayır. İstəsəniz sizi
onunla görüşdürə bilərəm. Çox zəngin hafizəli qocadır. Sizinkiləri yaman sevir. Həmişə onlardan
danışır...
Gürcülərin klassik şairi Akaki
Seretelinin məşhur "Qori" şeiri mahnıya
dönüb. Mahnı körpə
uşağın da dilində əzbər olub. Birinci Şah Abbas dövründə (1587-1627)
Kartlinin mərkəzi olan Qori şəhərini şair onun
ürəyi adlandırır.
Səksən doqquz yaşlı
keçmiş seminarist Mixail Kevlişvili mahnıya
dönmüş həmin şeirin bir bəndini rus dilində
kələ-kötür şəkildə iftixarla söylədi.
Mixail Stepanoviç Azərbaycan seminaristləri
haqqında əsər yazmaq məqsədilə Qoriyə gəlməyimi
biləndə, vaxtilə
- Üzeyir bəy Hacıbəyov, Firidun bəy
Köçərli və Nəriman Nərimanov... Mənim qardaşlarım Dmitri, İsidor və Vasili
də seminariyanı qurtarmışdılar. Qonaq, bir xeyli gec gəlmisən, əgər
qardaşım İsidorla görüşsəydin o sənə,
sizin qiymətli oğullarınız haqqında çox
şey danışardı. İsidor Firidun
bəylə bir sinifdə oxumuşdu. Əvvəllər
bizim şəhərdə Nəriman Nərimanov adına küçə vardı. 1932-ci ildə o küçənin adını dəyişib
"Kutaisi" qoydular. Hamı məəttəl
qaldı ki, bu nə dəyişiklikdir. Axı,
Nərimanov bizim həmyerlimizdir. O, Tiflisdə anadan olub,
Qoridə də oxuyub. Qardaşlarım ölənə
qədər oraya Nərimanov küçəsi dedilər.
- Siz uzun illər Azərbaycan şöbəsində
müəllim olmuş Firidun bəy Köçərlini
yaxından tanıyırdınızmı?
- Əlbəttə tanıyırdım.
Axı, bayaq dedim ki, o, böyük
qardaşım İsidorla bir sinifdə oxumuşdu. Bu yolun o tayında yaşayırdı. Tez-tez bizə qonaq gələrdi. Müsəlman bayramlarında bizi evinə dəvət
edərdi, ailəlikcə gedərdik. Anam,
Səba xanımın (Badisəba xanım) bişirdiyi ləzzətli
plovu, dolma və xəngəli çox xoşlardı.
Mən 1907-ci ildə seminariyanın
aşağı ehtiyat sinfinə qəbul olunub, oranı 1912-ci
ildə bitirdim. İki ayda bir dəfə
Firidun bəy Köçərli bizim xristian şöbəsinə
gələr, Azərbaycan və Şərq ədəbiyyatından
mühazirə oxuyardı. Alim-pedaqoq kimi elm aləmində
tanınan Firidun bəyi həm də Tiflisdəki ali məktəblərə və gimnaziyalara
mühazirə oxumağa dəvət edərdilər.
Firidun bəy Köçərli
gürcü dilində sərbəst danışa bilirdi.
O, qardaşlarımla, gürcü dili müəllimi,
yazıçı Niko Lomauri, Luka, Baçana və Tedo
Razikaşvili qardaşları ilə gürcücə
danışardı. İstər Qori camaatı və istərsə
də seminariyada təhsil alan gürcü
uşaqları Firidun bəyə böyük hörmət bəslər,
ona ehtiram göstərərdilər...
Dayanıb nəfəs dərən Mixail
Stepanoviç susdu. Çaydan bir-iki qurtum
alıb, öskürəyini dəf elədi. Qoca bərk
həyəcanlanmışdı:
- Qonaq, sənə bir şeir də oxumaq istəyirəm,
olarmı?
- Əlbəttə, Mixail Stepanoviç, məmnuniyyətlə
sizə qulaq asıram. Siz şeir də
yazırsınız?
Qoca gürcücə nəvəsinə nəsə dedi.
Oğlan o biri otağa keçib "Nikolaydan
qalma" bir qovluğu gətirib babasına verir.
Qoca əlləri əsə-əsə iplə
çalın-çarpaz bağlanmış qovluğu
açır. Mürəkkəbli qələmlə,
gözəl xətlə yazılmış sarı vərəqi
tapıb işığa tərəf tutdu.
- Hə, budur. Qardaşım İsidorun xəttidir,
gözəldir, elə deyilmi?
- Ağsaqqal təbəssüm ilə
gülümsünüb, buz kimi əlilə biləyimdən
tutdu:
- Bax, bu xətt, bu vərəq məndən də
qocadır, yüz yaşı çoxdan ötüb. Mən şeir yazmıram. Bu
şeiri qardaşım İsidor köçürüb
saxlayıb. Şeir Firidun bəy
Köçərli ilə bir sinifdə oxuyan
"Baçana" təxəllüslü şairindir.
Əsl adı, soyadı Niko Pavloviç
Razikaşvilidir. Onlar üç qardaş
imişlər - üçü də seminariyada oxumuşdu.
Şeirin müəllifi görkəmli
gürcü şairi Vaja Pşavelinin kiçik qardaşı
idi. O vaxt seminariyada uşaqlara şeir yazmağı
müdriyyət qadağan eləmişdi. Səbəbi
də ondan ibarət idi ki, əgər seminarist şeir yazarsa,
fikri dərsdən yayınar, romantik xəyallara dalar, pis
oxuyar. Vaxtilə burada oxuyan İosif Stalin də
"Soso" təxəllüsü ilə şeirlər
yazmışdır. Seminariyanın
axırıncı kursunda oxuyanda Baçana
"Qardaşım Köçərliyə" adlı
şeirini dərs vaxtı yazıb Firidun bəyə
ötürür. Üstündə belə bir dərkənar
da qoyur: "Bu şeir bizim dostluğumuzun rəmzi kimi həmişəlik
səndə yadigar qalsın". Şeirdə
Qafqazın ruslar tərəfindən işğal olunması təsvir
olunduğuna görə yalnız seminariyada deyil, şəhərdə
də əl-əl gəzirdi. Hətta,
Qoridəki Anastasyevski Qızlar Progimnaziyasının
müdavimləri də əzbər bilirdilər.
Budur həmin şeir:
Quzğun uçub gəldi dağın dalından,
Vadilər ruhuna yatdı bu yerdə,
Gördü ki, leş-leşə veribdi hər yan,
Axır arzusuna çatdı bu yerdə.
Bilirəm, köksündə çırpınan ürək,
Nəcibdi, təmizdi - sən mənə sirdaş,
Bu kiçik şeirimi ümid rəmzitək,
Qardaşlıq rəmzitək qəbul et,
qardaş.
- Mixail Stepanoviç, kurs
yoldaşlarınızdan və ya müəllimlərinizdən
ən çox yadınızda qalan kimlərdir?
- Təxminən 1937-ci ilə kimi bəziləri ilə əlaqələrimiz
vardı. Məktublaşırdıq. Hətta sizin şöbənin aşpazı
Hüseynağa dayını da yaxşı
tanıyırdım. Valideynlər
uşağını yoxlamağa gələndə Firidun bəy
onu qabağa verər, onlarla həmsöhbət olmasını
çox istərdi. Hüseynağa dayı
da gələn ata-anaya başa salardı ki, həqiqətən
bizim seminariyada müsəlman uşağına donuz əti
yedizdirilmir. Evimiz Azərbaycan şöbəsinə
yaxın olduğuna görə bunları görüb
eşidirdim. Bir də axı, xatırladığım
kimi, Firidun bəyin ailəsi ilə bizim ailə çox
yaxın dost idi. Axşamlar, xüsusilə
qış axşamları, onlar bizə gələr, gecədən
xeyli keçənə qədər qardaşlarımla söhbətləşərdilər.
Mən qoca o illəri indi kədər və
ağrı ilə yada salanda qəlbimdə işıqla
qaranlıq bir-birinə qovuşur. Bu
işıq vaxtilə durub-oturduğum Firidun bəy
Köçərli, Niko Lomouri, Rəşid bəy Əfəndiyev,
İsa bəy Abakarov və qardaşlarım kimi şəxsiyyətlərin
nurlu varlığından qalıb. Qaranlıq isə
qocalığım və itirdiyim dostların kədəridir...
Firidun bəyi Qori camaatı yaxşı
tanıyır və çox istəyirdi. Bəzən
sizin şöbəyə "Firidun bəyin
seminariyası" deyirdilər. Qardaşım
İsidor fəxrlə deyirdi ki, Firidun bəy öz xalqına
ideal dərəcədə sadiq şəxsiyyətdir. Başqa birisi bu qədər qürbətdə
yaşayıb, yüzlərcə Azərbaycan
balalarının təhsil almasına, onların
ehtiyaclarının ödənilməsinə
çalışmazdı.
O, əsl maarif fədaisi idi. Əsl xalq
adamı olan Firidun bəy Azərbaycan balalarının təhsil
alması uğrunda şam kimi yanırdı. Qardaşım onun 1903-cü ildə nəşr
olunmuş "Azərbaycan tatarlarının ədəbiyyatı"
kitabını tez-tez mütaliə edərdi. O kitabı
Firidun bəy avtoqrafla qardaşıma
bağışlamışdı. Qardaşım
onun rusca olan məqalələrini, xüsusilə İslam
tarixi haqqında olan yazılarını yığıb
saxlamışdı. Müəllimlər
arasında Firidun bəyin ən yaxın dostu Nikolay Lomouri idi.
Onlar sirdaş idilər. Niko
da (hamı ona hörmətlə belə müraciət edərdi)
məşhur yazıçı və pedaqoq idi.
- Mixail Stepanoviç, Niko Lomouri 1915-ci ildə
vəfat edib?
- Bəli, sən onu hardan bilirsən, cavan oğlan?
- Tbilisidəki Maarif Muzeyinin arxivində,
Firidun bəyə məxsus sənədlərin arasında bir
teleqram saxlanılır. Teleqram Firidun bəyin
və arvadı Badisəba xanımın imzası ilə
Bakıdan Qoriyə, mərhum Lomourinin ailəsinə göndərilib.
Cib dəftərimi vərəqləyib üzünü
köçürdüyüm teleqramın mətnini Mixail
Stepanoviç üçün oxuyuram: "Qayət hörmətli
Sofiya Aleksandrovna, əziz və unudulmaz Nikolay İosifoviçin
vaxtsız vəfatı xəbəri məni və həyat
yoldaşımı həddən ziyadə kədərləndirdi.
Sizə və ailənizə dərin hüznlə
başsağlığımızı
çatdırırıq".
Mənim dostum, qiymətli mütəfəkkir,
yoldaşım və müəllimimizin vəfatı çox
böyük itkidir. Hörmətli Nikolay
İosifoviçin cənazəsi qarşısında baş əyirik.
Sizin kədərinizə şərik olan
ürək dostunuz Firidun və Badisəba Köçərlilər".
Firidun bəy dostu Lomourinin ailəsinə
başsağlığı teleqram vurmaqla kifayətlənməmisdir.
Onun həmin ili "Kaspi" qəzetinin 22 aprel tarixli nomrəsində
"Dost və muəllim N.İ.Lomourinin xatirəsi"
adlı məqaləsi də dərc olunmuşdur. Firidun bəy
dostu haqqında yazırdı:
"Nikolay İosifoviç bir tərbiyəçi və
ustad kimi usaq qəlbini gözəl bilən təcrübəli
bir müəllim idi,şagirdlərə
ata məhəbbəti bəsləyirdi. Onun gənclərin
tərbiyəsinə olan münasibətinin əsasını
şüurlu tələbkarlıq və ciddiliklə dolu insanpərvərlik
təskil edirdi.Razikasvili qardaşları Vaja Psaveli, Bacana və
basqaları kimi gözəl xalq maarifpərvərləri və
istedadlı yazıçı və şairlər N.Lomourinin tələbələridir.
O, seminariya şagirdlərinin hamısına eyni münasibət
bəsləyir və gürcülərlə gürcü
olmayanlar arasında fərq qoymurdu. Belə bir munasibətə
görə, seminariyanın Azərbaycan şöbəsinin
şagirdləri onu xristian pansionun şagirdlərindən az sevmirdilər. Bir yoldaş kimi
Nikolay İosifoviç səmimi insan idi. Seminariya
müəllimləri arasında ümumi hörmət və məhəbbət
qazanmışdı. Heç kəs gənc
nəslə Nikolay İosioviç kimi təsəlli verməyi,
yaxşı məsləhətlər etməyi
bacarmırdı."
Bu məlumatlarımdan qoca kövrəldi.
Yazıq bir görkəmlə üzümə
baxa-baxa əlimi sıxıb təşəkkür etdi. Uzaq illərdə yaşamış
qayğıkeş və xeyirxah insanların sönməyən
məhəbbəti onun qəlbində yenidən
alovlanmışdı.
- İlahi, onların qəbrini nurla doldur -
deyə, dönə-dönə dua etdi.
- Mixail Stepanoviç, heyif ki, vaxtilə bizim görkəmli
oğulların oxuduğu seminariya binasını
uçurublar. Bəlkə, üstünə lövhə
vuracaqdıq ki, burada Üzeyir bəy Hacıbəyov, Rəşid
bəy Əfəndiyev, Firidun bəy Köçərli, Cəlil
Məmmədquluzadə və başqaları oxuyub...
- Bilirsən oğul, bizim şəhərin rəhbər
işçiləri binanı uçurmaqda ədalətsiz
iş gördülər.Yalnız Firidun bəy Köçərliyə
görə o binanı saxlayıb üstünə xatirə
lövhəsi vurmaq olardı. Axı, nə az,
nə də çox, Firidun bəy burada iyirmi dörd il dərs
deyib, altı il də təhsil alıb, 1917-ci ildə isə
Azərbaycan şöbəsinin müdiri olmuşdur. O,
seminariyanın ilk məzunlarından biri idi. İnamla
demək olar ki, Firidun bəy seminariyanın
qapılarını öz əli ilə açmış və
1918-ci ilin iyun ayında da bağlayıb Qazaxa köçürmüşdür.
- Heç bilirsən sizin seminariyanın binası kimin
olub?
- Yox, bilmirəm.
- Bizim şəhərin Konstantin və Qriqori Zubalov
qardaşlarının kərpicdən tikilmiş ikimərtəbəli
mülki idi.
Əvvəlcə dövlət
mülkü Azərbaycan şöbəsi üçün
üç illiyə icarəyə götürüb. Axı, Qafqaz canişini böyük knyaz Mixail
Nikolayeviç Romanov Azərbaycan şöbəsinin
açılması üçün icazə verəndə
"təcrübə məqsədi ilə üç il
müddətinə açılsın. Təcrübə
yaxşı nəticə verərsə, üç ildən
sonra şöbə azərbaycanlılar üçün
müstəqil seminariyaya çevrilib, Qoridən Azərbaycanın
mərkəzinə köçürülsün" dərkənarını
yazmışdı.
Romanov Qafqaz canişini vəzifəsindən gedəndən
sonra müstəqil seminariya məsələsi
alınmadı...
Firidun bəyin və bütün Azərbaycan
ziyalılarının şöbənin Azərbaycana
köçürülmək arzusu yalnız imperiyanın
süqutundan sonra oldu. Həmin gün (1918-ci il, iyun ayı) Firidun bəy Qori şəhər
əhalisi qarşısında çıxış edərək
demişdir:
"Azərbaycanlı seminaristlər Qoridə
özlərinin gənclik illərini keçirmişlər.
Onlar Gürcüstan və gürcülər
haqqında ən yaxşı təəssüratla gedirlər.
Gürcüstan Azərbaycanın bir çox mədəniyyət
xadimlərinin mənəvi vətəni olmuşdur. Belə vətəni unutmaq olarmı? Mən Gürcüstan və Qori şəhərinin
sakinlərinə səmimi münasibətlər
üçün dərin minnətdarlığımı
bildirirəm".
Səksən doqquz yaşlı ağsaqqal
Mixail Kevlişvili yana-yana, kövrələ-kövrələ
bizim xalqın maarifçi oğulları haqqında
danışırırdı. Otuz il əvvəl
baş tutmuş görüşümüzü xatırlayanda
ağsaqqal bütün səmimiyyəti ilə
gözümün qabağında canlanır. Hətta
əsəbiliklə dönə-dönə deyirdi ki, Azərbaycan
şöbəsinin yaxınlığında Firidun bəy
Köçərlinin evi vardı, insafsızlar onu da
uçurdular. Sonra dönüb mənimlə gələn
Roland Sidamonidzeyə gürcücə nəsə dedi və ərklə
onun üstünə qışqırırdı. Roland
saatına baxdı, başını silkələyib nəyəsə
razılıq verdi. Gülümsəyib mənə
dedi:
- Ağsaqqal istəyir ki, mən sizi məktəbin həyətinə
aparıb vaxtilə sizin eloğlunun yaşadığı evin
yerini göstərim. Getmək istəyirsinizmi?
Mən dərhal razılığımı bildirirdim...
Əvvəlcə məktəbə baş
çəkdik. Burada seminariyanın Azərbaycan
şöbəsindən əsər-əlamət yox idi. Coğrafiya müəllimi Natalya Yelizarovna Dekonosidze pərt
olduğumuzu görüb bizi məktəbin birotaqlı muzeyinə
apardı. Özü qabağa düşüb iki pəncərə
arasındakı "Bizim seminaristlər" lövhəsində
Üzeyir bəy Hacıbəyovun fotoşəklini fəxrlə
göstərdi:
- Bu böyük bəstəkarın fotoşəklini mən
tapıb gətirib bura vurdurmuşam. Mənə
məlum idi ki, Üzeyir bəy də bu seminariyanı bitirib.
Muzey təşkil olunanda jurnalların birindən
cırıb gətirdim.
Həyətə çıxırıq.
Roland məktəb baxçasının üst
yanını göstərib deyir ki, qocanın söylədiyinə
görə müəllim Firidun bəyin evi orda olub.Sonra yadigar
şəkil çəkdirdik.
İndi o vaxtdan 32 il keçib. Hər dəfə xeyirxah müəllim Roland
Sidamonidze ilə çəkilmiş yadigar şəklimizə
baxanda Qoridə keçirdiyim o xoş anları yada salıram.
İstər-istəməz ona ürəkdən
təşəkkür edirəm ki, məni keçmiş
seminarist Mixail Stepanoviç Kevlişvili ilə
görüşdürdü.
(ardı var)
Şəmistan NƏZİRLİ,
tədqiqatçı-jurnalist
Xalq qəzeti.- 2010.- 20 iyun.- S. 8.