Bəstəkar, musiqişünas və pedaqoq
Azərbaycan bəstəkarlıq məktəbinin
tanınmış nümayəndəsi, bəstəkar, müsiqişünas və pedaqoq
Nərgiz Şəfiyeva 70 yaşı haqlamışdır.
Nərgiz xanımın adı ölkəmizin musiqi ictimaiyyətinə yaxşı tanışdır. O, 50 ilə yaxındır ki, Azərbaycan musiqi maarifi və mədəniyyəti sahəsində çalışır, həvəslə uşaq və yeniyetmələrə musiqinin sirlərini öyrədir.
Nərgiz Şəfiyeva 1940-cı ildə Bakıda dünyaya göz açmışdır. Atası, əslən şuşalı olan Mahmud Şəfiyev İkinci dünya müharibəsində şəhid olmuşdur. Amansız müharibə Nərgizi atalı həyatın sevincindən məhrum etmişdir. Anası Təibə xanım həyatın əzab-əziyyətlərinə qatlaşaraq Nərgizi Vətənə, xalqa layiqli vətəndaş kimi yetişdirmişdir. Hətta qızına musiqi təhsili verməyə də müyəssər olmuş, istedadının pərvazlanması üçün şərait yaratmışdır.
Nərgiz Şəfiyeva 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində onillik musiqi məktəbini bitirmiş, elə həmin ildə konservatoriyanın musiqi nəzəriyyəsi fakültəsinə daxil olmuşdur. Bir ildən sonra burada oxumaqla yanaşı, bəstəkarlıq şöbəsinə də qəbul edilmiş və 1958-1964-cü illərdə böyük bəstəkar, xalq artisti Qara Qarayevin sinfində təhsil almışdır.Eyni vaxtda iki fakültədə oxuyan N.Şəfiyeva musiqişünaslığın, bəstəkarlığın sirlərini dərindən mənimsəmişdir.
Hələ tələbə ikən-1959-cu ildə Nərgiz xanım Azərbaycan bətəkarlarının plenumunun və 1962-ci ildə keçirilən 3-cü qurultayının iştirakçısı olmuşdur. Elə həmin ildə Moskvada gənc bəstəkarların ümumittifaq müsabiqəsində qalib gələrək birinci dərəcəli diploma layiq görülmüşdür.
Nərgiz xanım 1965-ci ildə pedaqoji fəaliyyətə başlamış, Bakıdakı 2 saylı yeddillik uşaq musiqi məktəbində nəzəriyyədən dərs demişdir. 1971-ci ildə isə bu məktəbdə musiqi nəzəriyyəsi şöbəsinin müdiri təyin edilmişdir. N.Şəfiyeva 2 saylı musiqi məktəbində çalışmaqla yanaşı, mədəniyyət Nazirliyinin metodiki kabinetində musiqi nəzəriyyəsi bölməsinin metodisti olmuş, "musiqi məktəbləri üçün "Azərbaycan ladları" dərs vəsaitləri və tövsiyələr hazırlayıb çap etdirmişdir.
1995-ci ildən Nərgiz xanım Bülbül adına Orta İxtisas Musiqi Məktəbində musiqi nəzəriyyəsi və bəstəkarlıq fənlərindən dərs deyir.
Qara Qarayevin sinfini bitirən Nərgiz xanım bəstəkarlıq sahəsində maraqlı əsərlər yaratmışdır. 1995-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilmişdir.
Nərgiz xanım fortepiano üçün prelüdlər, silsilə pyeslər, sonatina, sonata, fortepiano üçün "Skertso", vialino və piano üçün "Poema", Böyük Simfonik Orkestr üçün "Musiqi", Nazim Hikmətin "Oystraxa məktubum" şeiri əsasında yazılmış vokal "Dialoq", gənc ifaçılar üçün "Gün gələr, həftə keçər" silsiləsi (Azərbaycan xalq muğamları əsasında), violençel, fleyta və arfa üçün "Damlalar", "Pastoral" triosu, "Mahnı dağlarda qaldı" instrumental kompozisiya və s. əsərlərin müəllifidir.
2007-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının 8-ci qurultayında təşkil edilmiş kamera-instrumental konsertdə Nərgiz Şəfiyevanın bariton, vetsl-soprano və piano üçün Nazim Hikmətin sözlərinə yazdığı "David Oystraxa məktubum" vokal "Dialoq"u ifa olunmuş və hərarətlə qarşılanmışdır.
Azərbaycan Bəstəkarlar İttifaqının yaranmasının 75-ci illiyinə həsr edilmiş (12-17 noyabr 2009) Beynəlxalq Musiqi Festivalında isə Nərgiz xanımın 12 alət üçün bəstələdiyi, Qarabağa ithaf olunmuş "Mahnı dağlarda qaldı" kompozisiyası səsləndirilmişdir. Bu instrumental əsər "Şur" muğamı üzərində həssas duyğularla yazılmışdır. Kompozisiya düşünülmüş tərzdə ekran təsviri ilə müşayiət edilir. Burada gözü yollarda qalan Qarabağımızın torpağı, qəlbləri ovsunlayan təbiəti, böyük şəxsiyyətləri bir daha sənət təzahürünü tapır.
Bəstəkarın "Mahnı dağlarda qaldı" əsəri özünün orijinallığı ilə həm Azərbaycan musiqisevərlərini, həm də xarici qonaqları çox maraqlandırmışdır. Moldova Bəstəkarlar və Musiqişünaslar İttifaqının sədri, bəstəkar Gennadi Çovani, Ukrayna Bəstəkarlar İttifaqının katibi, bəstəkar İqor Şerbakov, eləcə də Türkiyədən, Orta Asiyadan, Gürcüstandan və digər ölkələrdən gələn musiqi xiridarları bu kompozisiyanı heyranlıqla dinləmiş və yüksək qiymətləndirmişlər.
Bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Nərgiz xanım Bülbül adına Orta İxtisas Musiqi məktəbinin 70 illiyinə həsr edilmiş kitabçanı (Nigar Cərullaqızı ilə birlikdə) və "Qara Qarayev tələbələrinin xatirəsində" toplusunu hazırlayıb nəşr etdirmişdir.
Bu gün də böyük həvəslə çalışan Nərgiz Şəfiyeva Azərbaycan Bəstəkarlar İttifaqında fəaliyyət göstərən musiqişünaslıq seksiyasının üzvüdür. Əmək veteranıdır. O, musiqi sahəsindəki xidmətlərinə görə Azərbaycan və SSRİ Mədəniyyət Nazirliklərinin fəxri fərmanlarına, diplomlarına layiq görülmüş, təşəkkürnamələr almışdır.
Nərgiz xanımı 70 illik yubileyi münasibəti ilə təbrik edirik. Ona cansağlığı, uzun ömür, yaradıcılıq fəaliyyətində uğurlar diləyirik.
Səadət
QARABAĞLI,
üzeyirşünas
Xalq qəzeti.- 2010.- 20
iyun.- S. 7.