Xatırlama
O, səhnədə bəzən "mərmər abidə"
kimi donub
qalırdı
Hökümə xanım Qurbanova
haqqında çox yazılıb. Onun sənəti, şəxsiyyəti barədə
həmişə xoş sözlər deyilib. Məsələn, yazırlar ki, Hökumə xanım səhnədə özünü oynayırdı. Hansı səpkili
rollar desən, ona
yaraşırdı. Səhnəyə çıxanda bütün tamaşa
zalını özünə tabe etmək
qabiliyyəti var idi. Güclü, emosional
xarakterə malik idi.
Mən onun "Onu
bağışlamaq olarmı?" filmindəki həkim
Laçın roluna heyran olmuşam. Nə qədər səmimi,
nə qədər təbii bir ifadır. Bütün
rollarına bu cür əlamətlər xasdır. Bu keyfiyyətlər
ona özgə bir cazibə bəxş edirdi.
Əslində Hökümə
xanımın bütün nailiyyətləri hədsiz zəhmətkeşliyi
ilə güclü istedadının vəhdətində idi.
Bu vəhdət onu sevdirmiş, onu xalqın artisti etmişdi. Azərbaycanda
XX əsrin ortalarından başlanan güclü teatr
intibahını formalaşdıranlar arasında onun adı
xüsusilə qeyd olunmalıdır. O, teatr aktrisası idi.
Kinoya da çəkilirdi. Əfsus ki, onun geniş aktyor
ampluasından milli kinomuz kifayət qədər bəhrələnə
bilməmişdir.Hökümə xanımın sənətində
klassik aktiyor sənətinin ənənələri
güclü şəkildə özünü biruzə
verirdi. O, milli səhnəmizin misilsiz faciə aktrisası olub.
Tükənməz ehtiraslı, səngiməz temperamentli,
coşğun emosiyalı, lirik-dramatik səsli sənətkar
idi. Romantik aktyor məktəbinin görkəmli nümayəndəsi
olmaqla bərabər, realist üslubda da möhtəşəm
sənət nailiyyətləri qazanıb.
Hökümə Abbasəli
qızı Qurbanova 1913-cü il iyun ayının 22-də
Bakıda ziyalı ailəsində doğulub. Teatrda ilk illər
aktyor Ələsgər Ələkbərovun arvadı
olduğu üçün "Ələkbərova"
soyadıyla çıxış edib. Hökümə
xanım Bakı Pedaqoji Texnikumunu bitirib (1931). Elə həmin
il Azərbaycan Dövlət Konservatoriyasına daxil olaraq iki il
fortepiano sinfində təhsil alıb. Güclü musiqi
yaddaşı vardı. Konservatoriyada təhsil alarkən
dramaturq və teatr xadimi Cəfər Cabbarlının təşəbbüsü
ilə "Almaz" filmində Yaxşı roluna çəkilib.
Ancaq film ekranlara ədibin ölümündən sonra,
1936-cı ildə buraxılıb.
Milli Dram Teatrının
tamaşalarında əvvəllər ara-sıra
çıxış edən Hökümə Qurbanova 1938-ci
ildən ömrünün sonunadək bu kollektivin əvəzolunmaz
aktrisası kimi şöhrətlənib.
Hökümə xanımın
xırda-para epizod rollarını nəzərə almasaq, o,
1940-cı ildən əsas rolların ifaçısına
çevrilib. Teatr tariximizdə Hökümə Qurbanova kimi
gözəl və məlahətli səs variasiyaları ilə
oynaya bilən ikinci qadın sənətkar olmayıb.
Tamaşaçı salonunun arxa sıralarında əyləşən
sənətsevərlər də onun məşəl kimi yanan,
alovlu və ağıllı gözlərindəki mənaları
aydınca görür, duyur və dərk edirdilər. Aktrisa
lazım gələndə səhnədə dəqiqələrlə
mərmər abidə kimi "donub" qala bilirdi (məsələn,
Şekspirin "Qış nağılı"nda Hermiona
rolunda). Pauzaları baxış və hərəkətləri
ilə ustalıqla "doldururdu".
Hökümə Qurbanova romantik
aktyor məktəbinin poetika göstəricilərini
lirik-psixoloji aktyor məktəbinin ifadə vasitələri ilə
qovuşduran, onları harmonik ayrılmazlıqda təqdim edən
aktrisadır.
Ehtirası, fikirləri, məhəbbəti, həyat kredosu müxtəlif müstəvi kəsiklərində çarpazlaşan Kleopatra səpkili mürəkkəb faciə obrazlarının ən dramatik səhnələrində də aktrisa səslə daxili ehtirasını paralel işlətməkdə, onları obrazın mürəkkəb, psixoloji, ziddiyyətli mənəvi aləminin açılmasma istiqamətləndirməkdə mahir ustad idi. Psixoloji rollarda obrazın ovqatını tamamlamaq üçün səsləndirilən musiqinin ritm və ahəngini, təranə düzümünü Hökümə xanım səsinin cingiltili, titrəyişli musiqisi ilə eyni kökdə, not dəqiqliyi ilə qururdu. Komediya rollarında (Bənövşə, Xanıma...) səhnəyə çıxan Hökümə Qurbanovanın məlahətli yumoru, sərrast və dürüst istiqamətli satirası, sanki, səhnəyə sığmırdı, vəziyyətin ovqatı bütün salona sirayət edirdi. Onun yumorlu ifası əsərin məhvərinə çevrilir, tamaşadakı bütün personajları öz gülüşünün oxu ətrafında fırlanmaq cazibəsinə salırdı.
Mənalı, zərif və cazibəli plastikası vardı. Hərəkətlərini personajın ictimai-sosial mənsubiyyətinə, mənəvi-əxlaqi xüsusiyyətlərinə, hadisələrin psixoloji dramatizmə ahəngdar həssaslıqla bağlayıb əlaqələndirirdi. Hökümə Qurbanovanın çöhrəsində Cakondanın sirli təbəssümü vardı. Aktrisa o təbəssümün sehrindən və hüsnündən dramatik rollarda məharətlə istifadə edirdi. O dramatik rollarda ki, onların həyat amalları insanpərvərliklə, xeyirxah əməllərlə yoğrulub.
Janr-üslub və oyun-forma baxımından Hökümə Qurbanovanın yaradıcılığı rəngarəngdir. Hökümə xanımın romantik faciə rollarından Hüseyn Cavidin "Şeyx Sənan" (Xumar), "Səyavuş" (Südabə), Vilyam Şekspirin "Antoni və Kleopatra" (Kleopatra), "Qış nağılı" (Hermiona), Fridrix Şillerin "Orlean qızı" (Janna d'Ark), Səməd Vurğunun "Fərhad və Şirin" (Şirin və Məryəm), Cəfər Cabbarlının "Od gəlini" (Solmaz) faciələrində oynadığı mürəkkəb obrazlar xüsusilə diqqətəlayiqdir. Realist faciə rollarıından Süleyman Sani Axundovun "Eşq və intiqam"ında Zöhrə, Səməd Vurğunun "İnsan"ında Səhər, Qeybulla Rəsulovun "Qarabağ əfsanəsi"ndə Günəş, Anatoli Boryanovun "O tayda"sında Valentina Nikolayevnanı qeyd etmək olar.
Onun romantik-dramatik rollarına Gülbahar ("Müsibəti-Fəxrəddin",
Nəcəf bəy Vəzirov), Xuraman
("Vaqif", Səməd Vurğun), Afaq ("Nizami", Mehdi Hüseyn), Oliviya ("On ikinci gecə", Vilyam Şekspir), Cenevrə
("Dərin köklər", Ceyms Qou və Arno D'Nyusso), Nataşa
("Şərqin səhəri", Ənvər Məmmədxanlı),
Reyhan ("Cavanşir", Mehdi Hüseyn) və s. misal göstərmək
olar. Bundan başqa, realist-dramatik, psixoloji-dramatik rolları da çox olub.
Aktrisa "Azərbaycanfilm"in
istehsal etdiyi "Bir ailə"də Leyla, "Onu bağışlamaq olarmı?",
"Mən rəqs edəcəyəm"də Laçın,
Mahmudun anası, "İnsan məskən salır"da Ana rollarına
çəkilib.
Onun kino rollarında
qəribə bir səmimiyyət var idi.
Qızı Vəfa Fətullayeva
Akademik Dram Teatrın tanınmış aktrisalarından
olub və 42 yaşında dünyasını
dəyişib. Hökümə Qurbanova iki çağırış
Azərbaycan SSR Ali Sovetinin
deputatı olub.
17 iyun 1943- cü ildə Respublikanın əməkdar artisti, 24 may
1960-cı ildə Azərbaycan
xalq artisti, 2 mart
1965-ci ildə SSRİ xalq
artisti fəxri adlarına layiq görülüb. 1988-ci il noyabr ayının 2-də Bakıda
vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.-
20 iyun.- S. 6.