Qəhrəmanlıq
səlnaməsi
Naxçıvan Böyük Vətən
müharibəsi illərində
Cəbhədə göstərilən şücaətə
görə naxçıvanlılardan 3 nəfəri - Abbas Quliyev, Qəzənfər
Əkbərov, Nəcəfqulu Rəfiyev Sovet
İttifaqı Qəhrəmanı kimi
yüksək ada, Rəhim Rəhimov
"Şöhrət" ordeninin bütün dərəcələrinə, 80 nəfəri
Lenin ordeninə, 105 nəfəri I və
II dərəcəli "Vətən Müharibəsi"
ordenlərinə, 315 nəfəri "Qırmızı Ulduz" ordeninə, 42 nəfər
"Qırmızı Bayraq" ordeninə
layiq görülmüşdür.
22 iyul 1941-ci il məlumatına
görə, Naxçıvan MSSR-dən 6491 nəfər
könüllü hərbi komissarlığa gedərək
oradan cəbhəyə yollanmışdır.
Zəhmətkeşlərin təşəbbüsü
ilə muxtar respublika üzrə Müdafiə Fonduna 1.208.600
manat nağd pul, 1.727.000 manatlıq istiqraz vərəqəsi,
12 kiloqram qızıl və gümüş toplanaraq təhvil
verilmişdir. Tədarük məntəqələrinə
66,11 ton taxıl, 64.3 ton ət, 2155 kiloqram yun, 897 kiloqram
yağ, 106 ton tərəvəz, 3634 cüt yun əlcək,
müxtəlif geyimlər və başqa əşyalar
toplanıb cəbhəyə göndərilmişdir.
Muxtar respublikanın zəhmətkeşləri
"Azərbaycan kolxozçusu", "Azərbaycan gənc
pioneri" adına tank dəstəklərinə müvafiq
olaraq 748.796 və 410.447 manat və "Azərbaycan gənc
pioneri" adına hərbi təyyarənin hazırlanması
üçün isə 120.114 manat pul toplanmışdır.
Pul vəsaitlərinin toplanmasında Şərur rayonunun
Düdəngə kənd sakini Həsən Şirəliyev, Sərxanlı
kənd sakini Qaraş Mədətov fəal iştirak
etmişlər. Müdafiə Fonduna qadınlardan Səkinə
Məmmədova 3 qızıl üzük, Leyla Rzayeva 9 qram
qızıl, Surə Bəktaşi 3 qızıl üzük,
Rübabə Talıbova 9 qram, Səkinə Rzalı 6
qızıl üzük və digər qiymətli əşyalar
vermişlər. Naxçıvan Muxtar Respublikasından
müharibədə 29.024 nəfər iştirak etmiş,
onlardan 15.325-i geri qayıtmamışdır.
Böyük Vətən
müharibəsinin ağır illəri həm ön cəbhəyə,
həm də arxa cəbhəyə öz təsirini göstərərək
SSRİ-nin digər xalqları kimi, Azərbaycan xalqına da
ölüm, itki, məhrumiyyətlər gətirdi. Buna
baxmayaraq, güclü vətənpərvərlik
ideologiyası ilə silahlanan oğul və
qızlarımız öz inadkarlıqları, dönməzliyi,
Vətənə sədaqətləri ilə fərqlənərək,
müharibə boyu böyük hünər və sonsuz
şücaətlər göstərirdilər.
Böyük Vətən
müharibəsinin ağır illərində Naxçıvan
MR zəhmətkeşləri, minlərlə
naxçıvanlı könüllü olaraq döyüşən
ordu sıralarına getdi. Hərbi komissarlıqlara
könüllülərdən 5 mindən çox ərizə
daxil oldu. 10 min nəfərdən çox vətənpərvər
xalq ordusu qoşunları sıralarına, dəstələrə
yazıldı.
Müharibənin ilk günlərindən
sərhədboyu rayonlardan başlamış Leninqrad, Moskva,
Sevastopol, Odessa, Stalinqrad, Kiyev və digər şəhərlər
uğrunda, Qafqaz uğrunda gedən şiddətli
döyüşlərdə, Dnepr çayını
döyüşə-döyüşə keçməkdə,
Sovet ordusunun sonrakı hücum döyüşlərində,
partizan əməliyyatlarında, Berlin uğrunda vuruşmaarda
naxçıvanlı oğul və qızlar misilsiz igidliklər
göstərmişlər.
Sovet İttifaqı qəhrəmanları
Qəzənfər Əkbərov, Abbas Quliyev, Nəcəfqulu Rəfiyev
ölüm-dirim mübarizəsində əbədi
şöhrət qazanmışlar. Hərbi feldşer Allahverdi
Kərimov Rostov döyüşlərində şücaətinə
görə "Qırmızı Bayraq" və
"Qırmızı Ulduz" ordenləri ilə təltif
edilmişdir.
1942-ci ildə Bəxtiyar Kərimov
Krımda təkbaşına 11 faşistlə döyüşə
girmiş, əlbəyaxa döyüşdə 10 nəfəri
öldürmüş, bir nəfərin hülqumunu dişləri
ilə qoparıb məhv etmişdir.
1942-ci ildə Qafqaz uğrunda
döyüşlərdə Akim Abbasovun rəhbərlik etdiyi hərbi
hissə düşmənin 40-a yaxın tankını məhv
etməyə nail olmuşdur.
Naxçıvanlı müəllim
Əli Babayevin komandirliyi altında Çapayev adına beynəlmiləl
partizan batalyonu İtaliya və Yuqoslaviya partizanları ilə
çiyin-çiyinə bir ildən artıq faşistlərlə
vuruşmuş, bu igidliyinə görə İtaliya Respublikasının
"Gümüş medal"ı ilə təltif
edilmişdir.
Buhenvald əfsanəsi Əkbər
Ağayevin mətinliyi, ağır düşərgə şəraitində
göstərdiyi mənəvi ölməzlik nəsillərə
nümunədir. Əkbər Ağayev Buhenvald həbs
düşərgəsində əsirlər arasında siyasi
iş aparır, onları mübarizəyə
ruhlandırdı.
Böyük Vətən
müharibəsi illərində muxtar respublikanın yüzlərlə
vətənpərvər qızı silaha sarılaraq Vətənin
müdafiəsinə getmişdi. Onlar canlarını əsirgəmədən
cəbhələrdə və partizan dəstələrində
vuruşmuş, minlərlə yaralı əsgəri
döyüş meydanından çıxararaq
ölümün pəncəsindən xilas etmişlər. Zərifə
Camalbəyova, Dilbər Təhməzbəyova, Surə
Allahverdiyeva, Səkinə Səfiyeva, Səfiyyə Sultanova,
Lora Abdullayeva və yüzlərlə başqaları
böyük xidmətlərinə görə Vətənin
yüksək orden və medalları ilə
mükafatlandırmışlar. Ön cəbhələrdə
şiddətli döyüşlərin davam etdiyi bir vaxtda arxa
cəbhədə də naxçıvanlılar "Hər
şey cəbhə üçün, hər şey Qələbə
üçün" şuarı ilə işləyirdilər.
Naxçıvan Dövlət Tarix
Muzeyinin fondlarında müharibə dövrünə aid sənəd
və materialların araşdırılmasından məlum
olur ki, müharibə başlanandan az sonra Azərbaycanın
adı ilə müxtəlif fondlar təşkil edilmiş və
naxçıvanlılar da bu fondların hesabına öz
töhfələrini vermişlər. Sənədlərdən
birində qeyd olunur: "Naxçıvan MSSR-də
1942-ci il dekabrın 22-dək tank dəstəsi
yaratmaq fondu təşkil edilmiş və
naxçıvanlılar da bu fonda öz töhfələrini
vermişlər. Belə ki, sənədlərdən birində
qeyd olunur: Naxçıvan MSSR-də "Azərbaycan
kolxozçusu" tank dəstəsi yaratmaq fondu"na vəsait
toplanışı müvəffəqiyyətlə davam
etdirilir. 1942-ci il dekabrın 22-dək respublikada "Tank dəstəsi
yaratmaq fondu"na 3.346.000 manat vəsait toplanmışdır
ki, bunun 2.822.000 manatı dövlət bankındakı cari
hesaba verilmişdir.
Bu sahədə ən qabaqcıl
olan Noraşen (indiki Şərur) rayonunda 172.000 manat vəsait
toplanmışdır. Naxçıvan rayonunun
kolxozçuları bu fonda 900.000 manat vəsait vermişlər.
Kolxozçu kəndlilərimiz
öz şəxsi ehtiyatlarından Qızıl Ordu
üçün fonda taxıl verməyi də böyük ruh
yüksəkliyi ilə davam etdirirdilər. Noraşenlilər
bu sahədə də irəlidə gedərək dekabrın
22-dək həmin fonda 5.000 pud taxıl vermişlər.
Naxçıvan rayonunun kolxozçuları Qızıl Ordu
üçün fonda 800 pud taxıl vermişlər.
30 dekabr 1942-ci il tarixli sənəddən
bəlli olur ki, artıq Tank dəstəsi yaratmaq fondu"na
5.400.000 manat vəsait toplanmışdır ki, bunun da 4.776.000
manatı dövlət bankındakı cari hesaba verilmişdir.
Noraşen rayonu üzrə
2.238.425 manat, Əbrəqunus üzrə 252.250 manat və Culfa
şəhəri üzrə 252.250 manat və Culfa rayonu 122.000
manat dövlət bankına daxil olmuşdur. Naxçıvan
MSSR-in kolxozçu kəndliləri öz şəxsi taxıl
ehtiyatlarından Qızıl Ordu üçün fonda
dekabrın 30-dək 8.463 pud taxıl vermişdilər.
1942-ci ilin dekabrında Azərbaycan
K(b)P MK-nın birinci katibi Mir Cəfər Bağırov Stalinə
məktub göndərərək bildirir: "Sizin tarixi məruzənizdən
ruhlanmış, ürəkləri nemes-faşist
işğalçılarına qarşı müqəddəs
kinlə alovlanan və var - qüvvələrini, sovet
torpağını vəhşi faşistlərdən təmizləmək
uğrunda qəhrəmancasına mübarizə aparan
Qızıl Ordunun da möhkəmləndirilməsinə verən
Azərbaycan SSR kolxozçuları və kolxozçu
qadınları "Azərbaycan kolxozçusu" tank dəstəsi
yaradılması üçün 81 milyon 20 min manat
toplamışdır. Taxıl fonduna könüllü olaraq
140.092 pud taxıl vermişlər. Respublikanın kolxozçuları
ət, yağ, pendir, yun təhvili sahəsində dövlət
təəhhüdlərini vaxtından əvvəl yerinə
yetirmiş və gələn ilin tədarükü
hesabına avans olaraq 484,197 pud ət, 14.397 pud yağ, 20.106 pud
pendir, 34.200 yun vermişlər. Vəsait toplanması davam
edir".
Cavab olaraq Stalin Mir Cəfər
Bağırova məktub göndərir və bildirir: "Azərbaycan
kolxozçusu" tank dəstəsi yaradılması
üçün 81 milyon 29 min manat toplamış və
dövlət təəhhüdlərini yerinə yetirdikdən
sonra Qızıl Ordu fonduna 140.000 puddan artıq taxil vermiş
olan Azərbaycan SSR-in kolxozçularına və kolxozçu
qadınlarına mənim qardaşlıq salamımı və
Qızıl Ordunun təşəkkürünü
yetirin".
1942-ci ilin sonunadək
Naxçıvan zəhmətkeşləri, ayrı-ayrı ailələr,
məktəblilər bu aksiyada fəal iştirak etmələri
sənədlərdən aydın görünür. Noraşen
rayonun Yengicə kəndindəki "Sosializm" kolxozunun sədri
Naxçıvan MSSR Baş Sovetinin deputatı, ordenli Hüseyn
Əliyev tank dəstəsi yaradılması fonduna 100.000 manat,
Arınc kəndindəki Telman adına kolxoz 105.000 manat, Cəhri
kəndindəki M.C.Bağırov adına kolxozun sədri Yusif
İsmayılov 100.000 manat, Çərçiboğan kəndindəki
"Sovet" kolxozunun sədri Bəhmən Cəfərov və
Maxta kənd Stalin adına kolxozun sədri Məmmədsalah
Allahverdiyev hərəsi 60.000 manat pul vermişlər. Məktəblilər
də bu fonda öz səxavətlərini əsirgəmirdilər.
Siyaqut kənd məktəbinin 5-ci sinif şagirdi Əmir
Hüseynəliyev 40.000 manat, 2-ci sinif şagirdi Xavər
Mustafayeva 25.000 manat, Baş noraşenli pioner Cəlil Məmmədov
20.000 manat, Düdəngə kənd pioneri Musa Məmmədov
15.000 manat vermişlər. Ümumiyyətlə, 1942-ci ilin
dekabr ayının sonunda təkcə Noraşen rayonundan
komsomolçular 726.000 manat pul, 764 pud taxıl vermişlər.
Naxçıvan rayonunun Şəkərabad
kənd kolxozundan 13.000 manat pul tank dəstəsi yaratmaq fonduna
toplanmış, həmçinin kolxozun sədri Hürzat
Hüseynova 1.000 manat, ferma müdiri Əli İbrahimov 800
manat, briqadir Bilal Nağıyev 700 manat, Staxanovçu
çoban Heydərəli Əliyev 600 manat, həmçinin
1943-cü ilin hesabına dövlətə bir ton ət
vermiş, döyüşən Qızıl Orduya 10 bağlama
göndərmişlər.
Qaraçuğlular da tank dəstəyi
fonduna böyük yardım göstərmişlər. Kəndin
kolxoz sədri İsmayıl Həsənov 2.000 manat, ferma
müdiri Qulam Səfərov, ambardar Qılınc Zeynalov,
partiya komitəsinin katibi Məmmədtağı Əkbərov
hər biri 1000 manat, Məşədi Heydər Qurbanov 500 manat,
Dünyamalı Səfərov 300 manat verməklə cəmi
23.500 manat həcmində fonda kömək etmişlər.
Ordubad rayonunun zəhmətkeşləri
Qızıl Ordunun döyüşçülərinə 850
bağlama göndərmişlər. Parağa kəndindən
50 bağlama, Bist kəndindən 45 bağlama, Azakənddən
32, Biləv kəndindən 40 bağlama cəbhəyə yola
salınmışdır.
1943-cü ilin əvvəllərindən
Naxçıvan rayonunun Aşağı Leninabad kənd
kolxozçuları azad edilmiş rayonların əhalisi
üçün 6.200 manat pul toplamışlar. O cümlədən,
Əmir Nəcəfov 500 manat, Məmmədəli
Bağırov 450 manat pul vermiş, Zeynalabdin Məmmədov,
Muxtar İbrahimov, Hüseyn Əhmədov hər biri bir qoyun və
20 kiloqram taxıl vermişlər.
Özünün dostluğa aid ənənələrinə
sadiq qalan muxtar respublikanın əməkçiləri
müharibədən zərərçəkən respublikalara
yardım göstərərək, 1943-cü ildə Stavropol
kolxozçularına 483 min manat pul, 8.343 pud buğda, 4.168 pud
arpa, 429 pud düyü, 700 pud noxud, 30 pud qarğıdalı,
15 pud paxla, 899 ədəd dəri, 901 pud meyvə qurusu, 450
baş qaramal, 2.260 baş davar, çoxlu paltar və başqa əşyalar
göndərmişdilər.
Bütövlükdə,
Böyük Vətən müharibəsi dövründə əhalisinin
çətin vəziyyətə düşməsinə
baxmayaraq, əsl qəhrəmanlıq hünəri göstərmiş
Naxçıvan Muxtar Respublikası bir zamanlar
"dostcasına, qardaşcasına yaşamış SSRİ
xalqlarına" deyil, həmçinin, sülhsevər
dünya xalqlarına olan borcunu da yerinə yetirdi. Körpə,
dilsiz-ağızsız uşaqların, beli bükülü
qocaların, xəstələrin ağzından kəsib
müharibəyə göndərdiyi nemətlərdən təkcə
azərbaycanlı əsgərləri yox, eyni zamanda yəhudi,
rus, gürcü, ukraynalı, erməni və yüzlərlə
digər millətlərdən olan əsgərlər də
qidalanmış, canlarına təpər tapmışlar.
Naxçıvan yenə həmin sədaqətli, səxavətli,
dostluğa, yoldaşlığa etibarlı olan
Naxçıvandır. Arzu edərdik ki, bu gün müstəqil
Azərbaycanın can tikəsi, ürək parçası olan
Naxçıvanın da taleyinə, tarixinə çətin,
dar günlərinə adlarını
sadaladığımız və sadalaya bilmədiyimiz millətlər
etibarlı, sədaqətli olsun.
Məqalədə istifadə
olunan faktlar və rəqəmlər Naxçıvan Dövlət
Tarix Muzeynin fond materiallarından
götürülmüşdür.
Böyük Vətən
müharibəsinin 65 illiyi ilə əlaqədar
Naxçıvan Muxtar Respublikası Dövlət Tarix Muzeyinin
ekspozisiyasında naxçıvanlı
döyüşçülərin müharibədə
göstərdikləri şücaətə aid 300-dək sənəd
və materialların, fotoşəkillərin, numizmatik əşyaların,
orden, medal, elmi ədəbiyyatların və s. nümayiş
etdirildiyi yeni sərgi təşkil olunmuşdur. Sərgidə
100-dək döyüşçü haqqında tam məlumat
verilir.
Nəzakət ƏSƏDOVA,
Naxçıvan
Dövlət Tarix Muzeyinin
baş fondunun
müdiri
Xalq qəzeti.- 2010.- 20
iyun.- S. 5.