65 yaşlı elmi-tədqiqat ocağı

 

    AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu 1945-ci ildə-SSRİ Elmər Akademiyası Azərbaycan filialının tərkibində fəaliyyət göstərən "Torpaqşünaslıq" bölməsinin bazasında təşkil olunmuşdur. İnstitut respublikamızda torpaqşünaslıq və aqrokimya elmi sahələri üzrə nəzəri və təcrübi problemlərin həllinə yönəldilmiş əsas elmi-tədqiqat mərkəzidir. Burada aparılan elmi tədqiqat işləri əsasən torpaqşünaslıq, aqrokimya, ekologiya, biomüxtəliflik və kənd təsərrüfatı problemlərinin həllinə yönəldilmişdir.

 

    Bu mövzular torpaq münbitliyinin bərpası, mühafizəsi və onun keyfiyyətinin yüksəldilməsi; torpaqların aqroekoloji qiymətləndirilməsi və torpaq kadastrının elmi əsaslarının işlənib hazırlanması; torpaq örtüyünün təbii və antropogen deqradasiyası və ona qarşı mübarizə tədbirlərinin görülməsi; torpaqların meliorasiyası, rekultivasiyası, ağır metallarla çirklənməsinin qarşısının alınması və müvafiq sağlamlaşdırma tədbirlərinin, eləcə də, torpaqların dayanıqlı istifadəsi və bitki məhsuldarlığının yüksəldilməsi üçün səmərəli gübrələmə sisteminin işlənib hazırlanması, sənaye, məişət və kənd təsərrüfatı tullantılarının üzviyerli gübrə kimi istifadəsi, torpaqların aqrokimyəvi fiziki, fiziki-kimyəvi, biolojimineraloji xassələrinin öyrənilməsinə həsr edilmişdir.

    İnstitut son 5 ildə AMEA-nın biologiya elmləri bölməsinə daxil olan bir elmi istiqamətə (Azərbaycanın flora, fauna, mikroorqanizmlər və torpaq örtüyü biomüxtəlifliyinin öyrənilməsi, genofondun qorunması və səmərəli istifadəsi ) daxil olan problem üzrə tədqiqatlarını uğurla davam etdirmişdir. Bir sözlə, 2005-2009-cu illərdə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu öz işini daha yaxşı qurmuşbir sıra mühüm elmi yeniliklər əldə etmişdir.

    Torpaqların biomüxtəlifliyi, genezisi, ekoloji qiymətləndirlməsi, münbitliyinin bərpası, mühafizəsi və ondan daha səmərəli istifadə edilməsi problemi üzrə aşağıdakı elmi nailiyyətləri xüsusi qeyd etmək olar. Ən əsası Azərbaycan Respublikasında torpaqların beynəlxalq standartlara uyğun təsnifatı və nomenklaturası hazırlanmışdır. Relyefin plastikası və kompyuter texnologiyası əsasında Abşeron yarımadasının torpaq örtüyü strukturlarının (TÖS) ekoloji qiymətləndirmə xəritəsi (M 1:100 000) hazırlanmış, ərazidə TÖS-nın 7 tipi müəyyən edilmişdir. Azərbaycan torpaqlarının münbitlik xassələri, təbii tarixi-iqtisadisosial cəhətdən ümumiləşdirilmiş münbitlik amillərinin qiymətləndirilməsi və təkrar bərpası problemləri təhlil olunmuşdur. Respublikanın subtropik zonası olan Lənkəran torpaqlarının ekoloji qiymətləndirilməsi və monitorinqinin yeni konsepsiyası təklif edilmişdir. Bütövlükdə isə Azərbaycan torpaqlarının təsnifatı, təbii və antropogen təsirlər nəticəsində dəyişilmiş sahələrin morfogenetik diaqnostikası hazırlanmışdır. Azərbaycanın torpaq atlasının hazırlanıb və çap edilməsi də böyük uğurlarımızdan sayıla bilər. Xatırladaq ki, atlas 4 əsas bölməni (torpaqlar, torpaqların aqrokimyası, torpaqların meliorasiyası və torpaqların ekologiyasına aid 127 tematik xəritəni) əhatə edir. Alimlərimiz respublikamızın qeyri-ənənəvi tərəvəzçilik regionlarında tərəvəzçiliyin inkişafı və ekoloji baxımdan daha təmiz məhsul almaq məqsədilə səmərəli becərmə texnologiyalarını da hazırlamışlar.

    Torpaq ehtiyatlarının səmərəli istifadəsində yeni təsərrüfat formalarının yaradılması, torpaq üzərində mülkiyyət növlərinin təsiri, torpaq ehtiyatlarından istifadəyə nəzarətin gücləndirilməsi, ictimai təsərrüfatçılıq dövründə münbitliyini itirmiş ərazilərin münbitliyinin bərpası, mühafizəsi kimi mühüm problemlərə də xüsusi diqqət yetirilmişdir.

    Ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə və respublikamız müstəqillik qazandıqdan sonra ölkəmizə rəhbərlik etdiyi dövrlərdə kənd təsərrüfatının dinamik inkişafına nail olunmuş, torpaq islahatı uğurla həyata keçirilmişdir. Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində aqrar sektorun daha da inkişaf etdirilməsi sahəsində böyük nailiyyətlər əldə edilmişdir.

    Azərbaycanın quru subtropik zonası üzrə suvarılan torpaqların bioloji fəallığının artırılması və münbitliyinin bərpası məqsədilə yem bitkilərinin, qarışıq səpinlərin səmərəli sxemi də təklif olunmuşdur. Mütəxəssisləri düşündürən ən mühüm sahə torpaq mühitində dönərliyi təmin edən əks proseslərin vəhdətinin əsasları da unudulmamışdır. On bir bölmədən ibarət olan və 110 tematik xəritəni əhatə edən "Azərbaycan Respublikasının Ekoloji atlası"nın hazırlanıb çap edilməsi də son nailiyyətlərimizdəndir.

    AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun fəaliyyətinin digər mühüm istiqamətlərindən biritorpaq münbitliyinin yüksəldilməsi, bitkilərin qida maddələri balansının və rejiminin idarə olunmasının ekoloji əsasları, regional gübrələmə sistemlərinin təkmilləşdirilməsi və torpaqların ağır metallarla çirklənmə səviyyəsinin tənzimlənməsi ilə bağlıdır. Bu sahədə də mühüm elmi nəticələr əldə olunmuşdur. Ötən dövrdə şəkər çuğunduru bitkisinin qidalanma rejimi, torpaq-ekoloji xüsusiyyətlərinə uyğun becərmə texnologiyası öyrənilmiş, Mil-Muğan bölgəsində əkin sahələrinin genişləndirilməsi üçün yeni ehtiyat torpaq sahələri müəyyənləşdirilmişdir. Bundan əlavə torpaqda rütubət hərəkətinin şişmə qabiliyyətinə görə təyin olunmasının nəzəri əsasları işlənmiş və ona uyğun riyazi model təklif edilmişdir. Çəmən - qəhvəyi və suvarılan çəmən-meşə torpaqlarında meyvə və tərəvəz bitkiləri altında qida elementlərinin balansı müəyyənləşdirilmiş və planlaşdırılmış məhsul alınması üzrə düstur təklif edilmişdir. Kənd təsərrüfatı bitkilərinin qidalanmasında karbon qazının əhəmiyyəti və onun miqdarının yüksəldilməsində yeni üzvi gübrələrin səmərəliliyi müəyyənləşdirilmişdir. İnstitutun əməkdaşları tərəfindən aparılmış uğurlu elmi tədqiqat işləri nəticəsində əldə edilən nailiyyətlər monoqrafiya, kitablar və hazırlanmış xəritələrdə öz əksini tapmışdır. Bunlardan əlavə ilk dəfə olaraq ərazinin relyef şəraiti əsas götürülərək Azərbaycan Respublikasının 1:600000 miqyasında torpaq xəritəsi hazırlanmışdır.

    "Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi" monoqrafiyası və 1:600000 miqyasında Azərbaycan torpaqlarının ekoloji qiymətləndirmə xəritəsi çap olunmuş və mütəxəssislər tərəfindən bəyənilmişdir. Torpaq xəritəsi əsasında tərtib olunan torpaqların ekoloji qiymətləndirmə xəritəsində zəngin torpaq iqlim göstəriciləri və elecə də əsas kənd təsərrüfatı bitkiləri üçün torpaq-iqlim göstəriciləri nəzərə alınmaqla gübrə normaları haqqında zəngin məlumatlara rast gəlmək mümkündür . Azərbaycan torpaqlarının ekoloji qiymətləndirmə xəritəsi elmi-tədqiqat, layihə və proqnozlaşdırma işlərində geniş tətbiq edilir.

    Onu da xüsusi qeyd etməyə dəyər ki, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda aparılan tədqiqatlarda respublikamızda aparılmış uğurlu torpaq islahatının nəticələrinin elmi təhlili istiqamətində də çox mühüm işlər görülmüşdür. Belə ki, respublika torpaqlarının münbitliyinə təsir göstərən amillər, onların regional xüsusiyyətləri, coğrafi yayılma qanunauyğunluqları araşdırılmış, torpaqların ekoloji qiymətləndirilməsinin nəzəri və metodiki problemlərinin həlli yolları işlənib hazırlanmışdır. Torpaqların müasir üsulla bonitirovkası və münbitliyin ekoloji modelləri təhlil edilmişdir.

    Müvəffəqiyyətlə həyata keçirilən torpaq islahatı və torpaq kadastr tədbirləri ilə əlaqədar olaraq institutda torpaqların coğrafi-regional tədqiqatları da xeyli genişləndirilmişdir. Torpaq-aqrokimyəvi və yerquruluşu tədbirlərinin, o cümlədən təsərrüfatlarda əkin sahələrinin səmərəli yerləşdirilməsi sxemləri işlənib hazırlanmış, aqromeliorativ tədbirlərin həyata keçirilməsi təkmilləşdirilmiş, ortairi miqyaslı torpaq ekoloji xəritələri hazırlanmışdır.

    Respublikamız müstəqillik əldə etdikdən sonra torpaqların bonitirovkası və torpaq münbitliyinin ekoloji modellərinin hazırlanması ilə yanaşı, daha iki istiqamətdə-Azərbaycanda dövlət torpaq kadastrı xidmətinin aparılmasının elmi nəzəri və praktiki əsaslarının işlənməsi sahəsində də mühüm elmi-tədqiqat işləri yerinə yetirilmişdir. İnstitutmuzun əməkdaşlarının çoxillik tədqiqatlarının nəticəsi olaraq ilk dəfə Azərbaycanda torpaq örtüyünün tamamlanmış sistematikası hazırlanmışdır. Təqdim olunan sistematika respublikamızın Dövlət Torpaq Xəritəsinin (M 1:100000) tam işlənmiş variantının məhsuludur.

    Bundan başqa, institutumuzun əməkdaşları tərəfindən respublikamızda antropogen torpaqların beynəlxalq standartlara uyğun təməl təsnifatı və biomorfogenetik diaqnostikası verilmiş, antropogen torpaqların 1:500 000 miqyasında xəritəsi çapa hazırlanmışdır. Çoxillik stasionar tədqiqat materiallarına əsasən suvarma şəraitində müxtəlif kənd təsərrüfatı bitkiləri altında meliorasiya olunmuş torpaqların aqrofiziki xassələrin bitki örtüyündən və əkin dövriyyəsindən asılı dəyişmə qanunauyğunluqları müəyyən edilmişdir.

    Torpaq münbitliyi nəzərə alınmaqla makromikro gübrələrin optimallaşdırılmış normalarının müəyyən edilməsi, onların tətbiqinin ekoloji əsasları, üzvi tullantılardan alınmış gübrələrin tətbiqinin səmərəliliyi, torpaqların ağır metallarla çirklənməsi və s. məsələlər öyrənilmiş, torpaqların keyfiyyətcə bərpası üçün çox faydalı tədbirlər sistemi təklif olunmuşdur. Abşeronun neftlə çirklənmiş torpaqlarının çirklənmə dərəcələri və rekultivasiya üsulları öyrənilmiş, şorlanmış torpaqlarda səmərəli aqromeliorativ tədbirlər işlənib hazırlanmış və torpaqların biolojimikrobioloji fəallıqları, onların fiziki-kimyəvi və mineraloji xüsusiyyətləri tədqiq edilmişdir.

    XXI əsrin qlobal problemlərindən biri də qızıl fond sayılan torpaq ehtiyatlarının daha səmərəli istifadəsi, qorunması və münbitliyinin bərpasıdır. Bu məqsədlə institutumuzun əməkdaşları tərəfindən ilk dəfə olaraq torpaq ehtiyatlarının deqradasiya dərəcəsinin qiymətləndirilməsi və məhdudlaşdırıcı amillərin aradan qaldırılması üsulları haqqında məlumatları özündə birləşdirən metodik tövsiyələr hazırlamışlar.

    İnstitutumuz bir sıra təşkilatlarla, o cümlədən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və onun strukturuna daxil olan ayrı-ayrı müəssisələrlə, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzi, AMEA-nın müvafiq institutları, həmçinin Türkiyənin "Konya", "Cukuroba" və "19 Mayıs" unversitetləri, Rusiya Elmlər Akademiyasının "Torpaqşünaslığın Fiziki-Kimyəvi və Bioloji Problemləri" İnstitutu və digər xarici ölkələrin elmi-tədqiqat institutları ilə əlaqələr yaratmış və bu sahədə əməkdaşlıq ilbəil genişləndirilmişdir.

    İnstitutumuzun əməkdaşları ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş dövlət proqramlarının icra edilməsində yaxından iştirak edirlər. Belə ki, Azərbaycanın Prezidentinin 2006-cı il 24 mart tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı", 25 avqust 2008-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları etibarlı təminatına dair Dövlət Proqramı", eləcə də ölkə rəhbərinin 2008-cı il 15 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycanda yoxsulluğun azaldılması ilə davamlı inkişaf Dövlət Proqramı və s. bəndlər ölkənin hərtərəfli inkişafında müstəsna rol oynamışdır.

    İnstitutumuz qrant layihəli işlərdə də yaxından iştirak edir. Belə ki, bp-nin maliyyə dəstəyi ilə "Neft kəmərləri keçən ərazilərdə torpaqların dayanıqlığı" mövzusunda təşkil edilmiş qrant layihəli işdə institut əməkdaşları fərdi qaydada fəal iştirak edirlər. Bundan başqa, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları yerli qrant layihəsi çərçivəsində bölgələrdə fermertorpaq mülkiyyətçiləri üçün ekoloji kənd təsərrüfatı haqqında və bu sahədə qəbul edilmiş qanunnormativ hüquqi sənədlərin izahı ilə bağlı seminar məşğələlər keçirmiş, mühazirələr oxumuş, faydalı təkliflər vermişlər.

    Torpaqşünaslıq və Aqrokimya İnstitutu yüksək ixtisaslı kadr hazırlığı sahəsində də çox böyük uğurlara malikdir. Hazırda bu elmi-tədqiqat ocağının nəzdində fəaliyyət göstərən ixtisaslaşdırılmış şurada torpaqşünaslıq, aqrokimya, ekologiyameliorasiya, rekultivasiya və torpaqların mühafizəsi ixtisasları üzrə namizədlik və doktorluq dissertasiyalarının biologiya və Kənd təsərrüfatı elmləri üzrə müdafiələri müvəffəqiyyətlə həyata keçirilir.

    Əməkdaşlarımızın elmi əsərləri bir sıra xarici nüfuzlu jurnallarda, həmçinin Türkiyənin, İranın, Gürcüstanın və Belarusun elmi nəşrlərində çap edilmişdir. Alimlərimiz və mütəxəssilərimiz son illərdə beynəlxalq konfrans, seminarsimpoziumlarda Azərbaycanı təmsil etmişelmi məqalələrlə çıxış etmişlər. Sevindiricidir ki, institutumuzun bir əməkdaşı hazırda ABŞ-ın İndiana Unversitetində, bir nəfər isə Türkiyənin Adana şəhərindəki Cukuroba Universitetində uzunmüddətli staj keçməkdədir.

    İnstitutumuzun direktoru, AMEA-nın müxbir üzvü Məhərrəm Babayevin yaxından köməyi və rəhbərliyi ilə kollektivimiz "Torpaqşünaslıq və aqrokimya elmi əsərlər toplusu"nu və "Azərbaycan Torpaqşünaslıq Cəmiyyətinin elmi əsərləri toplusu"nu nəşr edir. Bunlar isə institumuzun 65 illik fəaliyyətini əks etdirən ən yaxşı töhfələr sayıla bilər.

 

 

    Qoşqar MƏMMƏDOV,

   AMEA Torpaqşünaslıq Aqrokimya

   İnstitutunun elmi işlər üzrə direktor müavini,

   kənd təsərrüfatı elmləri namizədi, dosent

 

   Xalq qəzeti.- 2010.- 20 iyun.- S. 5.