Azərbaycanı
gerçək müstəqilliyə qovuşduran lider
Tarixdə millətin və dövlətin dünya səhnəsindən
yox olmaq həddinə çatmasına dair çox misallar
mövcuddur. Xalqın iradəsini və niyyətlərini,
dövlətin diplomatiya və strategiyasını, cəmiyyətin
həmrəyliyini və konsensusunu təmin etməyə qadir
şəxsiyyətin zəkası sayəsində bu dövlətlər
tab gətirərək öz varlığını davam
etdirmiş, dirçəlmişdir. 1991-ci ilin 18 oktyabrından
1993-cü ilin iyununadək Azərbaycanda cərəyan
etmiş xaotik və gərgin proseslər təsdiqlədi ki,
yalnız dəmir iradəyə, fitri idarəçilik keyfiyyətlərinə,
geniş siyasi dünyagörüşünə malik xarizmatik
lider Azərbaycanın dövlət müstəqilliyini qorumaq
və yaşatmaq kimi ağır missiyanın öhdəsindən
gələ bilər.
İndi siyasi
baxışlarından asılı olmayaraq mütləq əksəriyyət
etiraf edir ki, respublikamızın o zaman üzləşdiyi bir
çox problemlərin həlli məhz ulu öndər Heydər
Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra mümkün olmuşdur. Ümummilli
lider 1993-cü ildə Azərbaycanın idarəçilik
sükanı arxasına keçmiş, maneələrə,
dövlət çevrilişi cəhdlərinə mətinliklə
sinə gərərək xalqımızı vətəndaş
müharibəsi, milli müstəqilliyin itirilməsi təhlükəsindən
qurtarmışdır.
Ulu öndərin xalqın tələbi
ilə hakimiyyətə qayıdışından sonra irəli
sürdüyü dövlətçilik konsepsiyası mahiyyət
etibarilə Azərbaycanın tarixi ənənələrini və
müasir Avropa dəyərlərini birləşdirən yeni
inkişaf modeli kimi özünü doğrultmuşdur.
Ümummilli lider özünəməxsus müdrikliklə bəyan
etmişdir ki, siyasi sabitliyə nail olmadan yeni idarəetmə
sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı
və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail
olmaq mümkün deyildir. Eyni zamanda güclü iqtisadiyyata,
müstəqil xarici siyasətə, demokratik imicə, mənəvi-intellektual
yüksəlişə malik olmayan xalq güclü dövlət
qura bilməz.
Ümummilli lider Heydər Əliyevin
bu siyasəti Azərbaycana böyük uğurlar gətirmiş,
ölkəmiz bütün sahələrdə dinamik inkişaf
etmişdir. Beynəlxalq aləmdə Azərbaycanın
nüfuzu güclənmiş, ölkəmiz dünya
miqyasında daha möhkəm mövqelərə sahib
olmuşdur. Qonşularla münasibətlər uğurla
inkişaf etmiş, regionda bütün beynəlxalq,
irimiqyaslı layihələrdə ölkəmizin
iştirakı təmin olunmuşdur. Dövlət siyasəti
xalqımızın milli maraqlarının nəzərə
alınması ilə həyata keçirilmişdir.
Ulu öndər Heydər Əliyevin
təməlini qoyduğu uğurlu neft strategiyası təkcə
dövlətin iqtisadi maraqlarının realizə olunmasına
deyil, paralel olaraq dövlət müstəqilliyinin qorunub
saxlanmasına yönəlik siyasi xəttin yürüdülməsinə,
buna uyğun əlverişli situasiyanın
formalaşdırılmasına da xidmət edir. Məhz bu
strategiya nəticəsində Azərbaycan dünyanın siyasi
xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirə
bilmiş, zaman-zaman qlobal məkanda gedən proseslərin
istiqamətverici subyektinə çevrilməyə nail olmuşdur.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi isə
tarixi hadisə olmaqla, Azərbaycana daha böyük iqtisadi
dividendlər qazandırır.
Heydər Əliyev dövlətçilik
irsinin əsas istiqamətlərindən biri də milli təhlükəsizliyin
və ərazi bütövlüyünün təmin
olunması sahəsində kompleks tədbirlərin
görülməsidir. Ölkənin hərbi qüvvələrinin
yaradılması dövlətçiliyin qarantı hesab olunsa
da, təəssüf ki, SSRİ dağıldıqdan sonra Azərbaycanda
hakimiyyəti ələ keçirməyə müvəffəq
olmuş qüvvələrin səbatsız siyasəti nəticəsində
bu amil Azərbaycanın dövlətçiliyi
üçün təhlükəyə çevrilmişdi.
Ordu quruculuğunda və milli təhlükəsizlik sisteminin
formalaşdırılmasında yol verilən kobud səhvlər
son nəticədə ölkədə qanunsuz hərbi birləşmələrin
timsalında vətəndaş müharibəsinin subyektlərinin
meydana çıxmasına səbəb olmuşdu. Ordunun
siyasiləşməsi, dövlətçilik prinsiplərinə
əsasən deyil, şəxsi siyasi maraqlara nəzərən
formalaşdırılması sonda Azərbaycanın müstəqilliyi
üçün ciddi təhlükə mənbəyi idi.
Yalnız ulu öndər Heydər
Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə
gəldikdən sonra bu tendensiyaya qarşı ciddi mübarizə
aparmış, dövlətin milli təhlükəsizliyinin və
ərazi bütövlüyünün təminatçısı
funksiyasını yerinə yetirən sabit və güclü
silahlı qüvvələrin yaradılmasına nail
olmuşdur. Bu günlərdə yaranmasının 92 illiyi qeyd
olunacaq Azərbaycan Ordusunun müstəqillik illərində
formalaşaraq möhkəmlənməsi də məhz ulu
öndərin xidmətləri ilə bağlıdır.
Ümummilli lider hüquqi dövlət
və vətəndaş cəmiyyəti quruculuğu məsələsini
daim diqqət mərkəzində saxlayaraq bu istiqamətdə
mühüm islahatların həyata keçirilməsini də
təmin etmişdir. Heydər Əliyev böyük siyasət
ustadı olaraq hər bir fərdin maraq və mənafelərini
təmin etmədən, ədalət meyarını qorumadan
güclü dövlət yaratmağın mümkünsüzlüyünü
çıxışlarında hər zaman
vurğulamış, vətəndaşlara göstərilən
hüquqi yardımın səviyyəsinin müntəzəm
surətdə artırılmasının əsas təşəbbüskarı
kimi çıxış etmişdir.
Ulu öndərin rəhbərliyi
altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi
yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan
Respublikasının Konstitusiyası dövlətimizin tarixində
hakimiyyət bölgüsü prinsipini, demokratik hüquqi və
dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını,
insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin
olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan
demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə
olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət
bölgüsünü özünün gələcək
inkişaf yolu kimi seçmişdir. Demokratik tələblərə
tamamilə cavab verən bu ali sənəd müstəqil Azərbaycanın
ilk Konstitusiyası kimi tarixilik qazanmışdır. 1995-ci ildə
müstəqil Azərbaycanın parlamentinə keçirilən
ilk seçkilər isə dövlət müstəqilliyinin
möhkəmləndirilməsi prosesinin hüquqi
bazasının yaradılmasına daha geniş imkanlar
açmışdır. Bu hadisə dövlət müstəqilliyinin
prioritet istiqamətlərini müəyyənləşdirmək
və həyata keçirmək yolunda əsas istinad mənbəyi
rolunu oynamışdır. Bununla da Azərbaycanın dünya
dövlətləri sırasında özünəlayiq yer
tutması, beynəlxalq münasibətlərin subyektinə
çevrilməsi istiqamətində ardıcıl fəaliyyətin
əsası qoyulmuşdur.
Ümumiyyətlə, Heydər Əliyev
siyasi kursu bütün istiqamətlərdə Azərbaycanın
dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi
və inkişaf etdirilməsi prinsiplərinə söykənir.
Hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və
sosial inkişafı, Azərbaycanda mülki cəmiyyətin
qurulması, milli təhlükəsizlik və xarici siyasət
problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində
görülən işlər bütünlüklə müstəqillik
amilinin praktiki baxımdan bərqərar olmasına yönəlmişdir.
Ümummilli lider Heydər Əliyev
ötən əsrin 70-80-ci illərində respublikada
formalaşdırmış zəngin elmi-intellektual potensiala
istinad edərək özünün təkmil təhsil
konsepsiyasını irəli sürmüş, milli tərəqqi
baxımından strateji əhəmiyyət daşıyan bu sahənin
problemlərini xüsusi diqqət mərkəzində
saxlamışdır. Bu böyük şəxsiyyətin Azərbaycan
xalqı və dövləti qarşısındakı misilsiz
xidmətləri, eyni zamanda, ciddi təmələ əsaslanmaqla
həyata keçirdiyi fəal maarifçilik siyasətində
parlaq surətdə təcəssümünü tapır.
Ulu öndər Heydər Əliyev
Azərbaycan təhsilinin milli əsaslar üzərində
çağdaş dünya təhsil sisteminə
inteqrasiyasını başlıca vəzifə kimi
aktuallaşdırmış, elm-təhsil sahəsində
mütərəqqi islahatları ardıcıllıqla həyata
keçirmişdir. Böyük strateq milli təhsil sistemində
islahatların təkamül yolu ilə aparılması tərəfdarı
kimi çıxış etmiş, bu mövzuda ictimai
müzakirələrin açılmasına nail olmuşdur. "Təhsil sistemi elə
bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. Ümumiyyətlə,
bizim həyatımızın bütün sahələrində
dəyişikliklər təkamül xarakteri, tədrici dəyişikliklər
xarakteri daşıyır...Təhsil qanunu elə bir qanundur ki,
təhsil islahatları elə islahatlardır ki, iqtisadiyyatdan,
maliyyədən, başqa sahələrdən fərqli olaraq,
bunda bütün cəmiyyətin iştirakı
lazımdır" - deyən ulu öndər Heydər Əliyev
bu məsələyə də böyük həssaslıqla
yanaşdığını nümayiş etdirmişdir.
Ümummilli liderin müəyyən etdiyi
inkişaf strategiyasını son illərdə uğurla həyata
keçirən Azərbaycan Prezidenti İlham Əliyevin
ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə
nəzərdən keçirdikdə, onun xalqına, dövlətinə
necə bağlı lider olduğu bir daha təsdiqini tapır.
Dövlət başçısı zaman etibarilə
qısa, mahiyyətcə böyük 7 illik dövr ərzində
yeni əsrin lideri kimi sübuta yetirdi ki, xalq öz taleyini ona
etibar etməkdə qətiyyən yanılmamışdır.
Dövlət başçısının idarəçilik
keyfiyyətlərindən ən mühümü, şübhəsiz,
uzun illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş
milli dövlətçilik ənənələrinə
sadiqlikdir. Prezident İlham Əliyevin həyata
keçirdiyi məqsədyönlü siyasət nəticəsində
son illər əldə etdiyimiz uğurlar da elə bu amilə əsaslanır.
Azərbaycanda ictimai-siyasi sabitliyin, vətəndaş
sülhü və həmrəyliyinin qorunub saxlanılması
naminə ilk gündən nümayiş etdirdiyi yüksək
prinsipiallıq, qətiyyət və əzmkarlıq da dövlət
başçısının istənilən ekstremal situasiyada
çevik və optimal qərar qəbul edən qətiyyətli
lider olduğunu göstərmişdir. 2003-cü
ilin postseçki mərhələsi nihilist, radikal və
ziddiyyətli siyasiləşmə ilə müşayiət
olunsa da, Prezident İlham Əliyev siyasi iradə göstərərək
bu neqativ meyillərin qarşısını əzmkarlıqla
almış, ölkənin yenidən xaos və anarxiya
mühitinə yuvarlanmasına yol verməmişdir. Seçki ərəfəsində və sonra
respublikada ictimai-siyasi sabitlik, dövlətçilik əleyhinə
yönəlmiş xarici və daxili təzahürlərin qətiyyətlə
aradan qaldırılması dövlət
başçısının xalqın dəstəyinə
arxalanan, dövlətçiliyin müdafiəsi
üçün zəruri keyfiyyətlərə malik lider
olduğunu sübuta yetirmişdir.
Dövlət başçısı
İlham Əliyev daxildə möhkəm ictimai-siyasi sabitliyə,
qanunçuluğa, effektiv sosial-iqtisadi islahatlara nail olmadan,
hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğu yolunda kompleks addımlar atmadan xarici siyasət sahəsində
uğurlu nəticələr əldə etməyin
qeyri-mümkünlüyünü aksiom kimi önə çəkir.
Azərbaycan Prezidentinin yeritdiyi uğurlu
diplomatiya sayəsində dünya siyasətinə təsir
imkanları getdikcə artan Azərbaycanın
bütövlükdə Avratlantika coğrafi arealında
sülh, tərəqqi və əməkdaşlıq
paytaxtına, beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin
lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir.
Azərbaycan sülh və əməkdaşlıq
paytaxtı kimi tanınmağa başlayır və belə bir
müsbət imicin formalaşmasında İlham Əliyevin təşəbbüsü
ilə respublikamızda keçirilən beynəlxalq
toplantıların əhəmiyyətini xüsusi vurğulamaq
lazımdır.
Azərbaycan Prezidenti İlham Əliyev
dövlətçilik konsepsiyasını məhz ulu öndər
Heydər Əliyevin müəllifi olduğu strateji kurs üzərində
formalaşdırır və onu yeni dövrün tələblərinə
uyğun zənginləşdirməyə
çalışır. Milləti Heydər
Əliyev ideyaları ətrafında toplayır,
özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən
qürur duyan hər kəsi ulu öndərin
yarımçıq qalmış arzularının,
ideyalarının həyata keçirilməsi istiqamətində
səfərbər edir.
Dövlət başçısı İlham Əliyev
son 7 ildə ölkə həyatının bir çox strateji
əhəmiyyətli sahələri kimi, təhsilə, elmə
də xüsusi qayğı ilə yanaşmış, bu sahələrdə
yeni dövrün tələbləri ilə səsləşən
islahatların həyata keçirilməsini təmin
etmişdir. Azərbaycan Prezidentinin 4 may 2009-cu il
tarixli "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə
elmin inkişafı üzrə Milli Strategiya"nın və
"Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin
inkişafı üzrə Milli Strategiyanın həyata
keçirilməsi ilə bağlı Dövlət
Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamı
da Azərbaycan elminin inkişafı və problemlərinin həlli
baxımından fundamental əhəmiyyətli sənəddir.
Dövlət başçısı elmlə
yanaşı, ali təhsil sistemində
islahatların aparılmasını, ali təhsil sisteminin
Bolonya prosesinə uyğunlaşdırılmasını,
ümumiyyətlə bu sahədə qarşıda duran problemlərin
həlli baxımından son illərdə bir sıra
mühüm fərman və sərəncamlar
imzalamışdır. Azərbaycan Prezidentinin
"2009-2013-cü illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində
islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq
edilməsi barədə" sərəncamı da ali təhsil
sistemində islahatların keyfiyyətcə yeni mərhələdə
uğurla davam etdirilməsini təmin edir.
Ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan,
dövlətçiliyin itirilməsi təhlükəsindən
xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan
hazırda onun layiqli davamçısı, Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi altında
dünyanın ən sürətlə inkişaf edən, yeniləşən,
müasirləşən, demokratikləşən dövlətinə
çevrilmişdir. Respublikamız
hazırkı qlobal böhran şəraitində belə
sürətli sosial-iqtisadi inkişafını qoruyub
saxlayır, böyük infrastruktur layihələri, regional
proqramlar həyata keçirir, Avropanın enerji təhlükəsizliyində
sözünü deyir. Cəmiyyətin
bütün sahələrində özünü göstərən
dirçəliş, intibah meyilləri insan
hüquqlarının təmini sisteminin təkmilləşdirilməsində
də öz sözünü deyir. Ən
başlıcası, bu gün Azərbaycan cəmiyyətinin
bütövlüyü və monolitliyi təmin olunmuş,
insanlarda uğurlu gələcəyə nikbin baxış
formalaşmışdır.
Sevinc BUDAQOVA,
46 saylı məktəbin
direktoru,
tarix
elmləri üzrə fəlsəfə doktoru,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü
Xalq qəzeti.- 2010.- 20
iyun.- S. 4.