Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının rolu və vəzifələri

 

    Mütəxəssislərin gəldiyi qənaətə əsasən, vətəndaş cəmiyyəti "dövlət strukturlarından kənarda yaranaraq ictimai həmrəyliyi idarə edirkönüllü, təmənnasız fəaliyyət göstərir" anlamını verir. Başqa sözlə, bu cəmiyyət həm öz üzvlərinin, həm də digərlərinin, bir qədər də dəqiq desək, heç bir siyasi qurumla bağlı olmayan insanların hüquq və azadlıqlarının müdafiəsində dayanır. Bununla yanaşı, vətəndaşların maddi-mənəvi tələbatlarının daha dolğun şəkildə ödənilməsinə yardım göstərən ictimai təsisatların məcmusu kimi çıxış edir. Ən başlıcası isə vətəndaş cəmiyyətinin əsasında, özəyində sosial ədalət, hüququn aliliyi kimi son dərəcə zəruri amillər dayanır.

 

    Vətəndaş cəmiyyəti ideyasının yaranması, mahiyyəti, inkişaf yolu keçməsi ilə əlaqədar indiyə qədər müxtəlif fikirlər səsləndirilib, kitablar yazılıb. Mövzu ilə bağlı geniş tədqiqat işi aparmış siyasi elmlər üzrə fəlsəfə doktoru Elmira Dadaşovanın bəzi mülahizələrini oxucuların diqqətinə çatdırmaq istərdik: -"Vətəndaş cəmiyyəti" anlayışı hələ antik dövrdə Aristotel tərəfindən yaradılmış, sonralar bu anlayış orta əsr Avropa alimlərinin də diqqətini cəlb etmişdir. Aristotelin fikrincə, dövlət vətəndaşların, vətəndaş cəmiyyətinin məcmusundan başqa bir şey deyil.

    Şərqin böyük abidələri kimi tanınan "Qabusnamə", Nizamülmülkün "Siyasətnamə", Nizaminin "İsgəndərnamə", Tusinin "Əxlaqi-Nasiri" əsərlərində, eləcə də Qərb mütəfəkkirlərinin kitablarında ideal cəmiyyət, dövlət yaradılması ilə bağlı irəli sürülən təsəvvürlər, bəşər cəmiyyətinin daim həsrətində olduğu ideal həyat səviyyəsi, ədalətli cəmiyyət anlayışları bu gün arzuladığımız, qurduğumuz vətəndaş cəmiyyətinin cücərtiləri idi. Təsadüfi deyil ki, Tusi məşhur "Əxlaqi-Nasiri" əsərində dövlətin ədalətli idarə olunması məsələlərinə xüsusi diqqət yetirir: "Dövlət yalnız ədalət əsasında uzun müddət yaşaya bilər. Burada birinci şərt odur ki, xalqın müxtəlif təbəqələri arasında uyğunluq yaradılsın. İnsanın sağlamlığı dörd ünsürün tənasüblüyündən asılı olduğu kimi, cəmiyyət daxilində uyğunluq da dörd sinfin qarşılıqlı müvafiqliyindədir."

    E.Dadaşova digər görkəmli mütəfəkkirlərin "dövlət" və "vətəndaş cəmiyyəti" ilə bağlı mülahizələrinə də toxunaraq dedi: "Uzun müddət siyasi elmdə "dövlət" və "vətəndaş cəmiyyəti" anlayışlarını bir-birindən fərqləndirməmişlər, onları elmdə sinonim anlayışlar kimi işlətmişlər. Lakin XVII əsrin ortalarından başlayaraq, çox vaxt "dövlət" və "Vətəndaş cəmiyyəti"ni bir-birinə qarşı qoymuşlar. Sonrakı dövrlərdə də "Vətəndaş cəmiyyəti" ilə "dövlət" arasında münasibətin araşdırılması diqqət mərkəzində saxlanılsa da, indiki vaxtda olduğu kimi, heç bir zaman vətəndaş cəmiyyətinə maraq belə artmamışdır".

    Vətəndaş cəmiyyəti ilə dövlət arasındakı münasibəti araşdıran E.Dadaşovanın qənaəti belədir: Əvvəla "Vətəndaş cəmiyyəti" və "dövlət" anlayışları bir-birini tamamlayan, daxili əlaqəsi olan vahid ictimai orqanizmdir. Bununla bərabər, sözügedən hər iki anlayış arasında müəyyən hədd var ki, bu da qanunauyğun prosesdir. Hər iki anlayış həm sosial-iqtisadi sahələrin inkişafında, həm də siyasi həyatın canlanmasında mühüm rol oynayır.

    Bəzi mütəxəssislər belə düşünürlər ki, Azərbaycanda vətəndaş cəmiyyətinin tarixi çox da uzaq dövrə gedib çıxmır: vətəndaş cəmiyyəti anlayışı respublikamız müstəqillik qazandıqdan sonra ölkəmizə Qərbdən inteqrasiya edilib. Digərləri də bu qənaətdədirlər ki, vətəndaş cəmiyyətinin əsası XIX əsrin ortalarından XX əsrin əvvəllərinə qədər davam edən xeyriyyəçilik və maarifçilik hərəkatı ilə qoyulub. Bu düşüncənin tərəfdarlarının fikrincə, o dövrdə xeyriyyə cəmiyyətləri yaşadığımız indiki zamanın QHT-ləri ilə mahiyyət etibarı ilə fərqlənməyən məqsədlərə, strukturlara, fəaliyyət formalarına malik olmuşlar. Bu da təbiidir. Çünki vətəndaş cəmiyyəti əsasən liberal dəyərlərin mövcud olduğu cəmiyyətdə sürətlə inkişaf edir. Xatırladılan həmin dövrdə Azərbaycanda milli burjuaziyada, milli şüurda sürətli inkişaf nəzərə çarpırdı.

    Bir sıra ekspertlər hətta sovet dönəminin də ilk illərində vətəndaş cəmiyyəti institutlarının mövcudluğunu iddia edirlər. Onlar fikirlərini belə əsaslandırırlar ki, ötən əsrin 30-cu illərinədək Azərbaycanda fəaliyyət göstərən yazıçı qurumlarının cəmiyyətdəki proseslərə təsiri vətəndaş cəmiyyətinin əsl ab-havasından xəbər verirdi. Lakin sovet dövrünün sonrakı mərhələlərində bu təsir xeyli dərəcədə zəifləsə də, ayrı-ayrı yaradıcılıq təşkilatlarının fəaliyyətlərində buya digər formada, az da olsa, özünü göstərirdi.

    Müstəqilliyimizin ilk illərində ölkədə ağır vəziyyət hökm sürürdü. Hakimiyyətdə olan naşı və səriştəsiz qüvvələr Azərbaycanın yeni mərhələdə üzləşdiyi problemlərin öhdəsindən gələ bilmirdilər. Nəticədə iqtisadi tənəzzül prosesi dərinləşmiş, xalqın yaşayış səviyyəsi pisləşmiş, qanunçuluğun, hüquq qaydalarının təminatında ciddi çətinliklər yaranmışdı. Belə bir şəraitdə təbii ki, respublikada QHT hərəkatı, vətəndaş cəmiyyəti quruculuğu prosesindən də söhbət gedə bilməzdi. Düzdür, o zaman ölkədə 4 QHT fəaliyyət göstərirdi və əsassız yoxlamalar, təzyiqlər üzündən onların işi də nəzərə çarpmırdı. Ölkə parlamentində də bu sahənin canlandırılmasına təsir göstərəcək qanunvericilik aktlarının hazırlanmasına, qəbul edilməsinə maraq göstərilmirdi. "Xeyriyyəçilik və xeyriyyə fəaliyyəti haqqında" Qanun layihəsi müzakirəyə çıxarılsa da, birinci oxunuşdan keçməsinə imkan verilmədi. Sonradan sözügedən həmin layihə üzərində uzun müddət işlənildikdən və BMT-nin Qaçqınların İsi üzrə Ali Komissarlığı və Avropa Şurasının müvafiq qurumlarının dəstəyilə "QHT haqqında" Qanun adı altında qəbul edildi.

    Ulu öndərimiz xalqın təkidilə yenidən hakimiyyətə gəldikdən sonra siyasisosial-iqtisadi islahatların paralel şəkildə həyata keçirilməsinə mühüm əhəmiyyət verirdi. Belə ki, həmin dövrdə iqtisadi islahatlara özəlləşdirmə proqramlarının reallaşdırılması, iqtisadiyyatın liberallaşdırılması, əlverişli investisiya mühitinin, sahibkarlar təbəqəsinin formalaşdırılması və s. daxil idisə, siyasi islahatlara çoxpartiyalı sistemin qurulması, onun əsasında dövlətin seçkili orqanlarının - prezident, parlament, QHT-lərin inkişafı və s. aid olunurdu. Bəli, təkrar edirik, hər iki istiqamətdə islahatların paralel şəkildə aparılması sadalanan sahələrdə mühüm uğurların əldə edilməsini şərtləndirdi.

    Qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinin canlanmasında, şübhəsiz ki, onların səmərəli işləmələrinə müsbət təsir göstərən hüquqi bazanın formalaşması da az rol oynamamışdır. Azərbaycan Respublikası Konstitusiyasının, eyni zamanda, Mülki Məcəlləsinin və Qeyri-Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikası Qanununun və digər mühüm qanunvericilik aktlarının qəbul edilməsi respublikamızda bu qurumların hərtərəfli fəaliyyətinə zəmin yaratmış, QHT-lərin beynəlxalq standartlara uyğun qurulmasını şərtləndirmişdir.

    Yeri gəlmişkən, burada mühüm bir məqamı da xatırlatmaq istərdik. 1999-cu ilə qədər ölkəmizdə QHT-lərin yaradılması, fəaliyyətlərinin yüksək səviyyədə reallaşdırılması üçün hər cür hüquqi şərait yaradılmasına baxmayaraq, onlar bir sıra hallarda müxtəlif əngəllər və təzyiqlərlə üzləşirdilər. Məqamında bunları aradan qaldırmaq, QHT-ləri zəruri təlimat və informasiya ilə təmin etmək, onların hüquq və maraqlarını qorumaq məqsədilə 1999-cu ildə 95 təşkilat tərəfindən və uzun müddətli məsləhətləşmələrdən sonra Milli Qeyri-Hökumət Təşkilatları Forumu təsis edildi.

    Forum qısa müddət ərzində səmərəli fəaliyyəti ilə özünü doğrultdu: yeni yaranan, yaxud fəaliyyət göstərən QHT-lərin qarşılaşdıqları problemlər kollegial qaydada həll edildi, təşkilatların fəaliyyət göstərmələrində maraqlı qüvvələrin qabiliyyət və bacarığından səmərəli şəkildə istifadə olundu.

    Forumun təsis olunmasından sonra özünü qabarıq büruzə verən digər məqamlara da diqqət yetirək. 2000-ci ildə Azərbaycanın bütün rayon və şəhərlərində ilk dəfə olaraq QHT-lərin özəkləri yaradılmağa və Bakıdan onlara zəruri kömək göstərilməyə başlanıldı.

    QHT-lərin fəaliyyətini daha səmərəli qurmaq məqsədilə bu təşkilatlarla üzrə Resurs və Təlim Mərkəzinin və Dünya Bankının maliyyə dəstəyilə aparılan tədqiqat və məlumatlandırma işləri də mühüm əhəmiyyət kəsb etmişdir. Azərbaycanın 5 region mərkəzində - Şirvan, Şəmkir, Mingəçevir, Qəbələ və Qubada yaradılan resurs və təlim mərkəzlərinin reallaşdırdıqları inkişaf proqramları əyalətlərdəki QHT-lərin güclənməsinə öz müsbət təsirini göstərmişdir.

    Milli Qeyri-Hökumət Təşkilatları Forumu da yarandığı vaxtdan, yuxarıda göstərdiyimiz kimi, QHT-lərin fəaliyyətini canlandırmağı, meydana çıxan çətinlikləri aradan qaldırmağı qarşıya mühüm məqsəd kimi qoymuşdur. Başqa sözlə, forum mövcud olduğu dövrdə QHT-lərin işinin düzgün tənzimlənməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində layihələr və təkliflər hazırlamış, QHT-lərin hüquq və mənafelərinin müdafiəsi məqsədilə qanunla qadağan olunmayan bütün vasitələrdən istifadə etmiş, dövlət və hakimiyyət orqanları, bələdiyyələr, habelə donorlarla QHT-lərin qarşılıqlı səmərəli əməkdaşlığının yaradılması zəminində tədbirlər reallaşdırmışdır.

    QHT-lərin işinin canlanmasında, qarşıya qoyduqları vəzifələrin uğurla yerinə yetirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mühüm rolu da danılmazdır. Xatırladaq ki, adı çəkilən şura ölkə Prezidentinin 13 dekabr 2007-ci il tarixli sərəncamı ilə yaradılmışdır. Şura fəaliyyət göstərdiyi dövr ərzində QHT-lərin buya digər təşəbbüslərinin reallaşdırılmasını, maliyyələşdirilməsini həyata keçirmişdir. Bununla da Azərbaycan tarixində ilk dəfə olaraq QHT-lərin öz təşəbbüs və layihələrini həyata keçirmək üçün dövlətdən maliyyə dəstəyi almaları onların fəaliyyətində yeni mərhələnin əsasını qoymuş, ölkəmizdə vətəndaş cəmiyyətinin bərqərar olunması prosesinə əhəmiyyətli töhfəsini vermişdir.

    Azərbaycan Prezidenti İlham Əliyev də dövlət başçısı kimi fəaliyyətinin ilk dövründən başlayaraq sosial-iqtisadi, siyasi istiqamətlərdə ardıcıl siyasi iradə nümayiş etdirdi. Ölkə rəhbərinin dəstəyi, təşəbbüsü və tövsiyəsilə QHT-lərlə dövlət orqanları arasında təmasların qurulmasında, qarşılıqlı inam və etimadın yaradılmasında mühüm uğurlar əldə edildi, QHT-lərin fəaliyyət mexanizmləri beynəlxalq standartlara uyğun quruldu, təkmilləşdirildi. Bunun bariz nümunəsi kimi 2007-ci il iyulun 27-də ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası"nı göstərmək olar.Adı çəkilən konsepsiya ilə QHT-lərin fəaliyyətində və ümumilikdə Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu prosesində yeni bir mərhələnin əsası, başlanğıcı qoyuldu. Eyni zamanda, həmin konsepsiya dövlət orqanları ilə QHT-lər arasında səmərəli əməkdaşlığa təkan verdi, qarşılıqlı əlaqələrin inkişaf perspektivlərini müəyyənləşdirdi.

    Bu gün ölkəmizdə QHT-lərin maliyyələşdirilməsi əsasən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən aparılır. Bu maliyyələşmənin mənbəyi dövlət büdcəsidir. QHT rəhbərləri, eləcə də bir sıra mütəxəssislər maliyyələşmənin ildən-ilə dinamik şəkildə artırılmasının zəruriliyini vurğulayırlar. Bu halda isə QHT-lərin cəmiyyətə daha çox fayda gətirəcəyi, imkanlarının genişlənəcəyi şübhəsizdir.

    Bəzi mütəxəssislər QHT-lərin, başqa sözlə, vətəndaş cəmiyyətinin gücləndirilməsi, vətəndaş cəmiyyətinin fəaliyyətində ictimai fəallığın artırılması üçün dünya təcrübəsindən bəhrələnməyin çoxdan vaxtı çatdığını bildirirlər. Onlar Mərkəzi, Şərqi Avropa ölkələrinin təcrübəsini Azərbaycan üçün daha əlverişli sayırlar. Göstərirlər ki, Macarıstanda vergi ödəyiciləri gəlir vergilərinin bir faizini vətəndaş cəmiyyəti institutlarına ödəyirlər. Slovakiyada isə korporasiyalar, habelə ayrı-ayrı şəxslər öz gəlirlərinin iki faizini qeyri-hökumət təşkilatlarının hesabına köçürürlər.

    Mütəxəssislərin digər qisminin fikrincə, qeyri-hökumət təşkilatlarının cəmiyyətdə oynadığı rol da arzuolunan səviyyədə deyil. Onlar sosial-iqtisadi, ictimai sahələrə dərindən nüfuz edə bilmirlər. Bununla yanaşı, kəmiyyət dinamikası da Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə zəifdir. Bildirilir ki, məsələn, Bolqarıstanda qeyri-hökumət təşkilatlarının sayı 30 mindən çoxdur. Azərbaycanda isə bu göstərici 3 minə qədərdir. Halbuki hər iki ölkədə - həm bizdə, həm də Bolqarıstanda təxminən eyni sayda əhali yaşayır.

    QHT-lərin inkişafının, vətəndaş cəmiyyətinin gücləndirilməsinin qeyri-hökumət təşkilatlarının say artımı ilə əlaqələndirilməsinin əleyhinə olanlar da var. Onların qənaətincə, say çoxluğu heç də keyfiyyəti, inkişafı şərtləndirmir. Burada əsas cəhət həmin ictimai qurumların hansı məsələləri müzakirə etməsi və müsbət nəticəyə nail olunması ilə bağlıdır. Başqa sözlə, QHT-lərin ictimai müzakirəyə çıxardığı məsələlər ümumilikdə cəmiyyətə xeyir gətirsin, Azərbaycanın milli maraqlarına uyğun gəlsin və mövcud qanunlar çərçivəsində həllini tapsın.

 

    Yazı QHT-yə Dövlət Dəstəyi Şurasının QHT fəaliyyətinin işıqlandırılmasına dair elan etdiyi müsabiqəyə təqdim olunur.

 

 

    Vaqif BAYRAMOV

 

    Xalq qəzeti.- 2010.- 20 iyun.- S. 4.