Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllinə səylərini artırdıqca ölkəmizə beynəlxalq dəstək güclənir

 

    Artıq Avropa miqyaslı bütün beynəlxalq təşkilatların tədbirlərində və xüsusən aparıcı Avropa dövlətlərinin parlamentlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsi məsələsi dövri olaraq gündəliyə gətirilir. Bu münaqişənin həllini tezləşdirməyə çalışan qüvvələrin hərəsinin öz məramı, missiyası vardır.

 

    Mütərəqqi Avropa siyasətçilərinin arqumentləri belədir ki, bu qitənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edən Azərbaycanın ərazi bütövlüyünün bərpası həll edilmədiyinə görə Avropanın özü üçün də problemlər yaranır. Ona görə də bu məsələ problemin hansı şəkildəsə həll edilməsi xatirinə deyil, məhz Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi şərtiylə həll edilməlidir.

    İkinci qrup ekspertlər və siyasətçilər isə belə arqumentlə çıxış edirlər ki, həm Azərbaycan, həm də Ermənistan Avropa miqyaslı təşkilatların üzvü olduğuna görə onların arasındakı münaqişə tezliklə həll edilməlidir. Bu qəbildən olan insanlara münaqişənin hansı şəkildə həll edilməsinin o qədər də fərqi yoxdur. Təki "Dağlıq Qarabağ münaqişəsini Avropa təşkilatları həll etdi" - xəbəri reallaşdırılsın. İddiası daha maraqlı olan başqa bir ekspert qrupu da vardır. Bu, Avropanın müxtəlif ölkələrindəki erməni diasporunun ideoloqlarından ibarət olan qrupdur.

    "Maraqlı" adlandırdığımız cəhət isə ondan ibarətdir ki, artıq onlar da (bəli, erməni diasporunun Avropadakı ən tanınmış simaları da) tələb edirlər ki, Dağlıq Qarabağ münaqişəsi hansı şəkildə olursa-olsun, təki tezliklə həll edilsin. Yəni erməni diasporunu artıq Dağlıq Qarabağın taleyi deyil, münaqişənin həllinin uzanması narahat edir. Onlar açıq şəkildə bəyan edirlər ki, münaqişə rəsmi Bakının istədiyi şəkildə həll ediləcəyi təqdirdə belə Ermənistan indikindən çox qazanacaq. Nə üçün?

    Avropadakı erməni diasporunun məntiqlə düşünə bilən təmsilçiləri müasir siyasi reallıqları ortaya qoyurlar: "Ermənistanın sosial-iqtisadi böhrandan qurtulmasının yeganə yolu Türkiyə-Ermənistan sərhədlərinin açılmasıdır. Ankara və Bakıdakı siyasi atmosfer isə bu sərhədlərin açılmasını ancaq Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra mümkün edəcək. Deməli, münaqişənin həllinə mane olan erməni siyasətçiləri Dağlıq Qarabağın xatirinə Ermənistanı məhv edirlər. Bu, yolverilməzdir. Ermənistanı dirçəltmək üçün münaqişənin istənilən variantla həlli ilə razılaşmaq İrəvan üçün həyati əhəmiyyətli addım olacaqdır".

    Sadəcə, öz səhvlərindən özləri də beziblər. Ölkə əldən gedir. "Daşnaksütyun" Partiyasının rəhbərlərindən olan Armen Rustamyan öz çıxışında bildirir ki, Ermənistanın Cənubi Qafqazın ən asılı respublikası olması təkzibedilməz faktdır. Ermənistanın iqtisadi müstəqilliyini itirməsi və artıq Rusiyanın bir əyalətinə çevrilməsi prosesi Cənubi Qafqaz regionunda qabarıq şəkildə hiss olunur. Ölkə vətəndaşları kütləvi surətdə Ermənistanı tərk edirlər.

    Rustamyanın bu narahatlığını daha da inkişaf etdirən "Erməni Könüllüləri Birliyi"nin sədri Jirayr Səfilyan isə daha təsirli həyəcan siqnalı çalır: "Ermənistan müstəqil dövlətlər siyahısından çıxır". Deməli, Avropa ermənilərinin "Dağlıq Qarabağın hansı ölkədə qalmasını yox, Ermənistanın taleyini düşünün" - deyə İrəvan rəhbərliyinə müraciət etməsi təsadüfi deyil. Ən başlıcası, erməni diasporu artıq Ermənistana maddi yardım göstərməkdən imtina etmişdir.

    Məsələnin bu müstəviyə gəlməsinə münasibətdə də fikirlər haçalanır. Bir çox erməni ekspertləri yazırlar ki, ABŞ və Avropadakı erməni lobbiçiləri Dağlıq Qarabağın biryolluq Ermənistana birləşdirilməsi məsələsinə ciddi yanaşmadılar. Ona görə də vəziyyət dalana dirənib. İkinci qrup iddiaçıların fikrincə, Ermənistanın taleyi həll ediləcək iki onillik ərzində bu ölkəyə kamil bir siyasətçi rəhbərlik etməyib. Ona görə də İrəvan istənilən addımda Bakıya uduzur.

    Üçüncü qrup ekspertlər isə bu məsələyə münasibətdə bir qədər də dəqiqləşdirmə aparırlar: "Heydər Əliyev Moskvadan Bakıya qayıtmasaydı Dağlıq Qarabağ münaqişəsi çoxdan öz həllini tapmışdı (yəni Ermənistana birləşdirilmişdi - İ.M.) və Ermənistan qüdrətli bir dövlətə çevrilmişdi".

    Bu münasibətlərin hər biri özündə böyük həqiqətləri əks etdirir. Birinci, Avropadakı və ABŞ-dakı erməni lobbiçiləri Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi üçün öz dövlətlərinə ciddi təsir edə bilməzdilər. Çünki Azərbaycanın geosiyasi əhəmiyyətini, bu ölkənin türk dünyasının mühüm tərkib hissələrindən biri, eləcə də İslam ölkələri arasında böyük nüfuza malik olduğunu, üstəlik Avropanın iqtisadi maraqlarının təmin edilməsində mühüm əhəmiyyət kəsb etdiyini hamı yaxşı bilir.

    Bütün bunları qeyd etdikdən sonra Ermənistana nəzər salanda isə, bu ölkənin öz tərəf-müqabillərinə başağrısı verməkdən başqa heç nə ilə yadda qalmadığı görünür. Deməli, lobbiçilər "məsələyə" ciddi yanaşmamaqda tamamilə haqlı idilər.

    İkinci, Ermənistan öz dövlət müstəqilliyinə qovuşduqdan sonra ölkəyə əvvəlcə xaricdən gəlmiş filoloq, sonra isə əli çörəyini yediyi qonşularının qanına bulaşmış qatillər rəhbərlik etdilər. İrəvan qatilləri Bakı siyasətçilərinə qarşı necə mübarizə apara bilərdilər? Hərçənd Levon Ter-Petrosyan münaqişənin həlli istiqamətində bəzi addımlar atırdı. Onu da məhz İrəvan qatilləri həmin addımlardan məhrum etdilər.

    Üçüncü, bütün azərbaycanlıların ümummilli lideri olan Heydər Əliyevin Moskvadan Bakıya qayıtması, sözün həqiqi mənasında, əsrlərdən bəri qurulan erməni torlarının parçalanıb dağılmasına zəmin yaratdı. Həm ulu öndərin özü, həm də Prezident İlham Əliyev elə bir şəkildə düşünülmüş siyasət yeritdilər ki, ermənilərin bütün planları alt-üst oldu. Ermənistan beynəlxalq aləmdən təcrid edildi, regiondakı iqtisadi layihələrdən kənarda qaldı, beynəlxalq təşkilatların hamısı onu işğalçı dövlət kimi tanıdı və sairə.

    Ən başlıcası, son zamanlar ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətlərini genişləndirməsi İrəvan üçün növbəti problem olub. Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Azərbaycan Prezidenti İlham Əliyevlə siyasi dialoqlarını və təmaslarını intensivləşdirməsi və ABŞ Prezidenti Barak Obamanın 15 gün ərzində iki dəfə Azərbaycan Prezidentinə məktub göndərməsi Ermənistan rəhbərliyinin nəzərindən yayınmır. Cənab Obamanın ikinci məktubundakı məlum etiraflar isə İrəvan rəsmilərinin yuxusunu xeyli müddət qaçırtmışdı.

    Bu günlərdə isə üçüncü həmsədrin - Fransanın parlamentindən maraqlı bir xəbər gəldi. Senator xanım Natali Qulenin parlamentin iclasındakı çıxışını "Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ Azərbaycan ərazisidir" - sözləri ilə başlaması çox böyük əks-sədaya səbəb olmuşdur. Üstəlik, xanım senator parlamentarilərə çox kəskin bir sualla müraciət etmişdir ki, Türkiyə -Ermənistan sərhədlərinin nə zamansa açılacağı təqdirdə Azərbaycanın maraqları hansı şəkildə təmin ediləcək?

    Ekspertlərin fikrincə, senatorun bu sualı Dağlıq Qarabağ münaqişəsinin daha tez və ədalətli şəkildə həllinə çağırışdır.

 

 

    İttifaq MİRZƏBƏYLİ

 

    Xalq qəzeti.- 2010.- 20 iyun.- S. 1.