Gürcüstanla mədəni əlaqələr genişlənir

 

    Azərbaycan və gürcü xalqlarının tarixi dostluq əlaqələri davam etməkdədir. Bu əlaqələrin inkişafında ulu öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətləri olduqca böyükdür. Gürcüstan-Azərbaycan münasibətlərinin hazırki dinamik inkişafı, xalqlarımızın məqsəd birliyi, ölkələrimizin eyni mövqedə durmaları və nəhayət prezidentlərimizin şəxsi dostluq və qardaşlıq əlaqələri regionda sülhə, tərəqqiyə nail olmaqla müstəqilliyimizin möhkəmlənməsinə və əbədi olmasına xidmət edir.

 

    Gürcüstanla Azərbaycan arasında mədəni əlaqələr də ildən-ilə genişlənməkdədir. Bu əlaqələrin inkişafında qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi də əhəmiyyətli rol oynayır. Dünəndən Azərbaycanda başlanan Gürcüstan mədəniyyəti günləri də bu sahədə yeni yaxınlaşma baxımından əlamətdardır.

    Dünən Mədəniyyət və Turizm Nazirliyində tədbirin açılışına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.

    Bu münasibətlə bu gün Azərbaycan-Gürcüstan mədəniyyəti üzrə alt komissiyasının 2-ci iclası keçiriləcək. Gürcüstan Mədəniyyət Abidələri Mühafizəsi və İdman Nazirliyinin rəsmi nümayəndə heyətinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan və Gürcüstan mədəniyyətlərinin inkişaf tendensiyaları ilə bağlı məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.

    S.Bəhlulzadə adına Mərkəzi sərgi salonunda Gürcüstan rəssamlarının əsərlərindən ibarət sərgi açılacaq. Bu gün, həmçinin, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında İ.SuxişviliN.Ramişvili adına Gürcüstan Rəqs Ansamblının konserti, eyni zamanda Bakı Caz Mərkəzində caz kollektivinin konserti olacaq.

    Gənc Tamaşaçılar Teatrında isə "Biderman" tamaşası oynanılacaq.

    Bundan başqa, nümayəndə heyətinin şəhərimizin görkəmli yerləri, tarixi abidələri ilə tanışlığı da nəzərdə tutulmuşdur.

 

 

   MÜKƏRRƏMOĞLU

 

  Xalq qəzeti.- 2010.- 22 iyun.- S. 7.