Müharibə və
elm cəbhələrinin fədakar döyüşçüsü
Bəşəriyyət
tarixində ən qanlı faciə olan İkinci dünya
müharibəsi faşist Almaniyası tərəfindən
1 sentyabr 1939-cu ildə başlamış,
2 sentyabr 1945-ci ildə başa
çatmışdır. Onun tərkib
hissəsi olan Böyük
Vətən müharibəsinin başlanması tarixi isə 22 iyun 1941-ci
ilə, başa çatması tarixi 9 may 1945-ci ilə təsadüf
edir.
Böyük Vətən müharibəsində Sovet İttifaqı və Almaniyanın itkiləri haqqında ən müxtəlif rəqəmlər göstərilir. 2001-ci ildə aparılmış son hesablamalara görə, müharibə illərində Sovet İttifaqının ümumi insan itkisi mülki əhali arasında ölənlər də nəzərə alınmaqla 26,6 milyon nəfər olub. Onlardan 6,8 milyon nəfəri hərbi qulluqçular, 4,4 milyon nəfəri əsir və itkin düşərək həlak olanlardır. Faşist Almaniyası mühəribədə təqribən 7 milyon nəfər itirmişdi.
Təbii ki, keçmiş SSRİ-nin verdiyi qurbanlar arasında bütün müttəfiq respublikaların, eləcə də Azərbaycanın da payı var. 1941-ci ildə 3,4 milyon əhalisi olan Azərbaycandan müharibəyə 1945-ci il mayın 9-a qədər 681 min nəfər səfərbər edilib. Onlardan 10 mini qadın olub. Son məlumatlara görə, müharibə cəbhələrində 300 min Azərbaycan vətəndaşı həlak olub. Eyni zamanda, bütün müharibə dövründə sovet ordusunun işlətdiyi neftin 90 faizə qədərini Azərbaycan verib.
Bu il mayın 9-da keçmiş SSRİ xalqları Böyük Vətən müharibəsində qələbənin 65 illiyini təntənəli şəkildə qeyd etdilər. Bu münasibətlə istər Moskvada, istər Bakıda, istərsə də dünyanın ayrı-ayrı ölkələrində tarixə İkinci dünya müharibəsi kimi düşmüş tarixi hadisə ilə bağlı müxtəlif tədbirlər keçirildi, qanlı dünya savaşından qələbə ilə qayıtmış, bu gün də ictimai həyatın müxtəlif sahələrində çalışmaqda olan insanlar təbrik edildilər, amansız döyüşlərdə həlak olanlar, onların unudulmaz xatirəsi bir daha yad edildi.
Sevindirici haldır ki, İkinci dünya müharibəsinin, onun tərkib hissəsi olan Böyük Vətən müharibəsinin odlu-alovlu cəbhələrindən uğurla keçənlər sırasında yüz minlərlə soydaşımız da olub. Onlar bu gün Azərbaycanda yaşamaqda, ölkəmizin müstəqillik və suverenliyinin möhkəmləndirilməsində, böyük islahatlar və quruculuq işlərinin aparılmasında əllərindən gələni edirlər. Təbii ki, tarixi müharibədə qazandıqları böyük qələbənin ildönümü günlərində ayrı-ayrı döyüş cəbhələrində itirdikləri silah yoldaşlarını yad etmək, onların xatirəsi qarşısında baş əymək, eyni zamanda, yeni nəsillərə dünya savaşının dəhşətlərini çatdırmaq, sülh arzularını söyləmək müharibə veteranlarının özləri üçün də yaddaqalan olur.
Bu baxımdan 1925-ci ildə Tovuz rayonunun Qəribli kəndində anadan olmuş, böyük hünər və rəşadət yolu keçmiş Qara Əli oğlu Sarıyevin həyat yolu müasir nəsillər üçün əsl örnək ola bilər. Hazırda əmək fəaliyyətini gənclik şövqü ilə davam etdirən, Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun baş elmi işçisi vəzifəsində çalışan Qara müəllim bu yaxınlarda Qələbənin 65 illiyi ilə əlaqədar MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəvəti ilə müharibə veteranlarının sırasında Fransada olub, oradan zəngin xatirələrlə qayıdıb. Qara Sarıyevin sözlərinə görə, İkinci dünya müharibəsində qələbənin 65 illiyi təkcə keçmiş SSRİ respublikalarında deyil, bəzi Avropa ölkələrində, eləcə də Fransada geniş qeyd edilib. Bu münasibətlə Rusiya Federasiyasının Parisdəki səfirliyində MDB-dən olan müharibə iştirakçılarının fransalı müharibə veteranları ilə görüşü də təşkil edilib. Tərkibində azərbaycanlı döyüşçü Qara Sarıyevin də olduğu MDB veteranları Mo şəhərində sovet döyüşçülərinin abidəsini ziyarət edərək gül çələngi qoyublar, Sen-Jenevev-de-Bua, Per-Laşez və digər şəhərlərdəki qardaşlıq qəbiristanlığında uyuyanların xatirəsini yad ediblər, "Normandiya-Neman" alayı (polk) döyüşçülərinin abidəsi önünə əklil qoyublar, Rusiya səfirliyində təşkil olunmuş geniş tədbirdə iştirak ediblər, Fransanın bəzi rəsmiləri ilə görüşüblər.
Amma bu, Qara müəllimin Qələbə günü ilə bağlı iştirak etdiyi təntənəli tədbirlərdən sonuncusudur. İndiyədək o, Rusiyada, Çində bir çox belə tədbirlərin iştirakçısı olub. Qara müəllimin dediyinə görə, o, 1995-ci ildə Yaponiyanın Kvantun ordusu üzərində qələbənin 50 illiyi münasibətilə Moskvada keçirilmiş təntənəli tədbirdə Azərbaycanı təmsil edən iki nümayəndədən biri olub, MDB Əlaqələndirmə Şurasının mükafatına layiq görülüb. 2003-cü ildə o, Qələbənin 58-ci ildönümü münasibətilə Rusiya Prezidenti Vladimir Putinin şəxsi dəvəti ilə həm alman faşistlərinə, həm də yapon militaristlərinə qarşı döyüşlərin iştirakçısı kimi Moskvaya dəvət edilmiş 40 nəfərlik nümaynədə heyətinin tərkibində Azərbaycanı təmsil edib, Putinlə görüşərək xatirə şəkli çəkdirib, özünün böyük və məşəqqətli döyüş yolu haqqında sənədləri Rusiya Prezidentinə təqdim edib. Bu görüş zamanı Qara müəllimlə Putin arasında maraqlı söhbət olub. RF Prezidenti ondan nə arzuladığını soruşub. Qara müəllim isə bildirib ki, onun heç bir şəxsi xahişi yoxdur, sadəcə olaraq, xatırlatmaq istəyir ki, hazırda Azərbaycanın 20 faiz torpağı işğal olunub, ölkədə 1 milyondan çox qaçqın və məcburi köçkün var. Soydaşlarımızın doğma torpaqlarına qaytarılmasının açarı Rusiya Prezidentindədir, onlara bu məsələdə kömək etsin. Vladimir Putin Qara müəllimə onun qarşısında çox ağır bir məsələ qoyduğunu söyləyib.
Qara Sarıyev 2001-ci ildə vaxtilə azad edilməsində iştirak etdiyi məşhur Mauthauzen hərbi faşist düşərgəsinin yerində yaradılmış hərbi muzeydəki xatirə memorial lövhəsinin açılışında da iştirak edib. Onun sözlərinə görə, Avstriyadakı bu həbs düşərgəsində yüzlərlə başqa millətin nümayəndələri kimi, azərbaycanlı əsirlər də saxlanılıb. Qara müəllim həmin düşərgəyə hücumda o dövrün məşhur silahı olan "Katyuşa" ilə döyüşüb. Həmin döyüşdə onlarla azərbaycanlı əsgər və zabit həlak olub. Ancaq qəhrəman döyüşçülərimiz düşərgəni azad edərək burada illərdən bəri cəhənnəm əzabı çəkən əsirləri azadlığa qovuşdurublar, onların arasında xeyli azərbaycanlı əsirlər də olub. Hazırda buradakı xatirə lövhəsində düşərgənin azad edilməsi zamanı həlak olmuş azərbaycanlı döyüşçülərin adları həkk olunub. Qara müəllim bildirdi ki, Mauthauzenin azad edilməsi ilə bağlı keçirilmiş Ümumdünya Qələbə paradında Azərbaycan bayrağı Amerika, İngiltərə, Fransa, İtaliya və digər ölkələrin bayraqları ilə yanaşı dalğalanıb. Bu barədə dünyanın aparıcı KİV-lərinin 9-10 may 2001-ci il tarixli saylarında geniş yazılar dərc olunub. Qara müəllim onları əziz xatirə kimi saxlamaqdadır.
Müharibə veteranının dediyinə görə, Mauthauzen Hərbi Muzeyində burada həlak olmuş azərbaycanlı döyüşçülərin lövhəsinin açılması ümummilli liderimiz, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin təşəbbüsü olub. Hətta Rusiya, Ukrayna kimi böyük ölkələrin Mauthauzendə belə lövhəsi hələ də yoxdur.
Qeyd edək ki, Qara müəllim müharibəyə orta məktəbin 10-cu sinfində oxuyarkən təhsilini yarımçıq qoyaraq gedib. O, hazırda xatırlayır ki, müəllimləri şagirdlərə müharibəyə ən böyük köməklərinin yaxşı oxumaları olduğunu deyirmiş. Ancaq Qara müəllim vətənpərvərlik hisslərini cilovlaya bilməyərək birbaşa ön cəbhəyə getməyi qərara alıb. O, bir çox dəhşətli döyüş yollarından keçib. Ukraynanın, Rumıniyanın, Macarıstanın, Çexoslovakiyanın, Avstriyanın, Monqolustanın, Çinin Mancuriya əyalətinin, Port-Arturun azad edilməsində birbaşa iştirak edib, özünün "Katyuşa"sı ilə Dunay, Dnestr, Prut çaylarını, Zabaykalye cəbhəsini, susuz Monqolustan və Qobi səhralarını keçərək, sıldırımlı Böyük Xinqan dağını aşaraq düşmənlərin səflərini dağıdıb. Çinin ərazisi olan Mancuriyanın Yaponiyanın Kvantun ordusu tərəfindən işğal edilməsindən sonra bu yerlərdə apardığı döyüşlər Qara müəllimin xatirələrində xüsusi yer tutur. Sovet döyüşçüləri Mancuriyanın azad edilməsi uğrunda döyüşlərə 1945-ci ilin avqustunda, müharibə başa çatdıqdan sonra başlayıblar. Qara müəllim məşhur Xinqan əməliyyatının aparıcı iştirakçılarından biri olub. Məhz bu döyüşlərdə xüsusilə fərqləndiyinə görə SSRİ-nin Ali Baş komandanı, generalissimus Stalin 23 avqust 1945-ci il tarixli, 372 nömrəli əmri ilə onu fəxri fərmanla təltif edib.
Qara Sarıyev 2005-cü ilin 3 sentyabrında məhz Mancuriyanın Lubey, Çufin, Çancun, Muqden, Xarbin, o cümlədən Arqun çayı sahillərindəki yaşayış məntəqələrinin azad olunmasının 60 illiyi münasibətilə Pekində keçirilmiş Ümumdünya Qələbə paradında və Pekinin Saoyan parkında Ümumdünya Sülh Adidəsinin açılışında iştirak üçün dəvət alıb. Çin dövlət rəsmilərinin iştirakı ilə keçən tədbirdə ölkənin yüksək dərəcəli ordeni ilə təltif edilib. Azərbaycanlı döyüşçü burada da söz alaraq dünyaya özünün sülh arzularını çatdırıb.
Bunlar Qara Sarıyevin müharibə illərində aldığı təltiflərdən yalnız bəziləridir. O, Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şücaətlərə görə ümumilikdə 40-dan artıq orden və medalla təltif edilib. Bunların arasında Böyük Vətən müharibəsinin 1-ci və 2-ci dərəcəli ordenləri, Stalinqrad, Kursk cəbhələrinin Fəxri Xatirə, Leninqrad blokadasının Xatirə medalları, "Qəhrəmancasına hücumda iştiraka görə", "Vyananın alınması", "Budapeştin alınması", "Praqanın azad edilməsi", "Ukraynanın azad olunması", "Almaniya üzərində qələbə", "Yaponiya üzərində qələbə", "Marşal Jukov" medalları və s. orden və medallar var. Bunlardan başqa, o, faşist işğalçılarına və yapon militaristlərinə qarşı döyüşlərdə göstərdiyi igidliklərə görə təkcə Ali Baş Komandan Stalin tərəfindən 18 dəfə fəxri fərman və təşəkkürlərə layiq görülüb.
Qara Sarıyevin döyüş yolu müharibə başa çatdıqdan bir çox illər sonra da davam edib. O, 1948-ci ilin aprel ayına qədər əsgəri xidmətini davam etdirib, Monqolustanın Çaybolsan şəhərində və Rusiya ərazilərindəki müxtəlif hərbi hissələrdə uğurla xidmət keçib. Beləliklə, 9 il ərzində o, əsgər şinelini əynində gəzdirib.
Müharibədən, daha doğrusu, əsgəri xidmətini başa çatdırdıqdan sonra Qara müəllim doğma Vətənə - Azərbaycana qayıdaraq orta təhsilini gümüş medalla tamamlayıb. 1950-ci ildə Moskva Baytarlıq Akademiyasına daxil olaraq ali təhsil alıb. 1955-ci ildə təyinatla Azərbaycana göndərilib, Astara rayonunun Ərçivan kəndindəki kolxozlardan birində baytar həkimi, baytar sahə müdiri, MTS-in baş baytar həkimi, daha sonra Astara rayonunun baş baytar həkimi vəzifələrində işləyib. 1961-ci ildə Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun aspiranturasının əyani şöbəsinə daxil olub. Həyatının bundan sonrasını elmi fəaliyyətə həsr edib. Dünyada yeganə Azərbaycan torpağında çıxan Naftalan neftinin heyvanlarda pasterelyoz xəstəliyində immunitetin mexanizminə təsirini praktiki və nəzəri cəhətdən sübuta yetirib, dissertasiya işini tamamlayaraq biologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
Qara müəllim 1965-70-ci illərdə heyvanlarda dabaq xəstəliyinin ləğv edilməsində səmərəli profilaktiki tədbirlər aparıb. Keçmiş SSRİ-də ilk dəfə heyvanlarda adenovirus infeksiyasının törədicisini aşkar edən müəlliflərdən ikinci olub. Bu və digər elmi uğurlarına görə Kənd Təsərrüfatı Nazirliyinin pul mükafatına layiq görülüb. 1970-1985-ci illlərdə SSRİ Tibb Elmləri Akademiyasının D.İ.İvanovski adına Virusologiya İnstitutunun professoru İ.İ.Terskixin rəhbərliyi altında zooantropoz qrupuna daxil olan heyvanlardan insana keçən ən qorxulu xlamidioz xəstəliyinin törədicilərini müəyyən edib, xəstəliyə qarşı mübarizə tədbirləri hazırlayıb. Naliyyət SSRİ Tibb Akademiyasının N.F. Qamaleya adına Elmi Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutu tərəfindən yüksək qiymətləndrilib. Qara müəllimin bu barədəki elanı məqaləsi ilə tanış olan fransalı alim, professor M.Lainis ona xüsusi məktubla müraciət edərək minnətdarlığını çatdırıb. Bu və digər elmi nailiyyətlərinə görə Qara Sarıyevə Azərbaycanda virusologiya üzrə baş elmi işçi diplomu verilib. Görkəmli alim özünün elmi nailiyyətləri ilə bağlı 15 Ümumittifaq, 5 Beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib, əsərləri nüfuzlu elmi jurnallarda çap olunub. Eyni zamanda, SSRİ Kənd Təsərrüfatı Nazirliyi onun elmi nəticələrini yüksək qiymətləndirərək onların tətbiqi haqqında təlimatlar verib. Qara müəllimin vərəm, brüsselyoz xəstəliklərinə qarşı mübarizə ilə bağlı da ciddi elmi nailiyyətləri var. Onların bir çoxu vaxtilə təsərrüfatlarda uğurla tətbiq edilib, bəzi nəticələr bu gün də tətbiq edilməkdədir. Bu uğurlarına görə Qara müəllim 1989-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Azərbaycan SSR əməkdar kənd təsərrüfatı işçisi" fəxri adına layiq görülüb.
Sonrakı illərdə baytarlıq elmləri doktoru alimlik dərəcəsini müdafiə etmiş Qara müəllim özünün elmi axtarışlarını davam etdirir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müharibə veteranlarına və elm adamlarına qarşı diqqətini yüksək qiymətləndirir, bu qayğıdan razı qaldığını bildirir.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2010.- 22
iyun.- S. 5.