Dövlət başçısının təhsil işçilərinə diqqət və qayğısı məsuliyyətimizi daha da artırır

 

    İnkişaf etmiş dövlətlərin təcrübəsindən məlumdur ki, təhsil insan kapitalının formalaşmasına etibarlı zəmin yaradan mühüm vasitə olaraq cəmiyyətin hərtərəfli inkişafının özülünü təşkil edir. Elm və təhsil nəinki sosial-iqtisadi, sosial-mədəni inkişafa nail olunmasında, həmçinin milli təhlükəsizliyin təmin edilməsində, cəmiyyətin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və proqnozlaşdırılmasında mühüm yer tutan yaradıcı fəaliyyət sahəsidir.

 

    Azərbaycanda da təhsil sisteminin dünya standartları səviyyəsinə çatdırılması hökumətin prioritet hesab etdiyi mühüm məsələlər sırasındadır. Son 7 ildə milli təhsil sisteminin inkişafı məsələsi məzmununu dəyişərək artıq həm də ölkəmizin gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gəlmişdir. Respublikada güclü insan kapitalının formalaşdırılmasını mühüm məqsəd kimi qarşıya qoyan dövlət başçısı İlham Əliyevin milli təhsilimizin inkişafı, problemlərinin həlli istiqamətində həyata keçirdiyi siyasət məqsədyönlülüyü, ardıcıllığı və sistemliliyi ilə diqqəti çəkir. Bu siyasət bütün mahiyyəti ilə milli təhsil sisteminin müasirləşdirilməsi, bu sahədə mütərəqqi Qərb təcrübəsinin mənimsənilərək tətbiqi, eyni zamanda tarixən formalaşmış ənənələrin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədinə yönəlmişdir. Azərbaycan Prezidentinin bu sahəyə xüsusi diqqətlə yanaşması həm də respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtlənir. 2010-cu ilin dövlət büdcəsində təhsil xərcləri üçün 1 milyard 276,7 milyon manat vəsaitin ayrılması da bu diqqət və qayğının əyani təcəssümüdür. Belə mühüm mərhələdə mövcud uğurların qorunub saxlanılması üçün idarəçilikdə yüksək elmi-intellektual səviyyənin təmin edilməsi son dərəcə vacibdir.

    Müasir tələblərə cavab verən yeni məktəblərin inşasına nail olmadan, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi ənənələrini mənimsəmədən təhsil sistemini müasirləşdirmək, bu sahədə uğurlu nəticələr əldə etmək mümkün deyildir. Təsadüfi deyildir ki, son illərdə təhsil sistemində islahatlar həm də sovetlər dövründən miras qalmış, yararsız vəziyyətə düşmüş ifrastrukturun tamamilə yenilənməsi - yeni məktəblərin tikilib istifadəyə verilməsi, mövcud ümumtəhsil müəssisələrinin əsaslı təmiri və yenidən qurulması, maddi-texniki bazasının təkmilləşdirilməsi kimi kompleks tədbirləri özündə ehtiva edir. Mübaliğəsiz demək olar ki, qısa müddətdə 1600-dək yeni məktəb binasının tikilməsi çağdaş təhsil sisteminin ən parlaq uğurlarından birinə çevrilmişdir. Və bu da ümumən tədris prosesinin məzmunca yeniləşməsinə yaxşı imkanlar açır. Xüsusi vurğulamaq lazımdır ki, bütün bu proseslərdə Heydər Əliyev Fondu da yaxından iştirak etmiş, ölkədə maarifçilik hərəkatının genişlənməsinə layiqli töhfəsini vermişdir. Fondun təşəbbüsü ilə 2005-ci ildən 250-yə yaxın orta məktəbin tikilib istifadəyə verilməsi təhsil sisteminə yüksək diqqət və qayğı nümunəsi sayılmalıdır.

    Dövlət başçısı İlham Əliyev son illərdə çoxsaylı müəllimlər ordusunun cəmiyyətdəki layiqli yerininmövqeyinin möhkəmləndirilməsi, sosial müdafiə sisteminin etibarlı təmini sahəsində də zəruri tədbirlər həyata keçirir. Cənab İlham Əliyevin insana qayğı və hörmət prinsipinə əsaslanan sosialyönümlü siyasəti nəticəsində bu gün hər bir vətəndaşın, o cümlədən təhsil işçilərinin hüquqları yüksək səviyyədə qorunur. Azərbaycanı davamlı sosial-iqtisadi yüksəliş yoluna çıxarmış dövlət başçısının elm və təhsil işçilərinin əməyinə daim yüksək qiymət verməsi, onların şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atması həmkarlar təşkilatları işçilərini də ürəkdən sevindirir.

    Azad bazar münasibətlərinin, demokratik inkişafın tərəfdarı olan möhtərəm Prezidentimiz yeni ictimai-iqtisadi formasiyada həmkarlar təşkilatlarının roluna da yüksək önəm verir. Milli iqtisadiyyatın sürətli yüksəliş mərhələsində işə götürənlərlə işçilər arasında əmək münasibətlərinin qanunamüvafiq qaydada tənzimlənməsini cəmiyyətin mənəvi təkamül yolu ilə inkişafının mühüm şərti sayır. Cənab İlham Əliyev hesab edir ki, həmkarlar ittifaqları hazırkı dövrdə əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkədə fəaliyyət göstərən bütün müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda, transmilli kampaniyalarda şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərməlidirlər.

    Dövlət başçısı İlham Əliyev son illərdə həmkarlar təşkilatlarının cəmiyyətdəki rolunun yüksəldilməsi məqsədilə bir sıra mühüm fərman və sərəncamlar da imzalamışdır. 2008-ci ildə həmkarlar təşkilatlarının qurultayının yüksək səviyyədə keçirilməsi, habelə bu sahədə çalışan işçilərin bir qisminin Azərbaycan Prezidenti tərəfindən yüksək mükafatlarla təltif edilməsi də yüksək diqqət və qayğının əyani təzahürüdür. Bundan əlavə, Milli Məclisdə yeni dövrün tələbləri nəzərə alınmaqla, Əmək Məcəlləsinə edilmiş mütərəqqi dəyişikliklər dövlətin işçilərin hüquqlarının qorunması, onların sağlam və təhlükəsiz şəraiti ilə təmin olunması istiqamətində atdığı mühüm addımlardandır.

    Azərbaycan Prezidenti İlham Əliyev AHİK-in 2008-ci il fevralın 5-6-da keçirilmiş III qurultayına təbrik məktubunda həmkarlar təşkilatlarının cəmiyyətdəki rolunu bir daha yüksək dəyərləndirmişdir: "Bu gün respublikamızın iqtisadiyyatında özəl bölmə aparıcı mövqeyə malikdir. Yeni yaradılmış yüz minlərlə yerinin əksəriyyəti bu bölmənin payına düşür. Ölkədə yüzlərlə yerlixarici şirkət fəaliyyət göstərir. Həmkarlar ittifaqları belə müəssisələrdə əmək prosesinə cəlb olunmuş vətəndaşların şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli və əmək hüquqlarının təmin olunması üçün ardıcıl və məqsədyönlü tədbirləri davam etdirməlidir. Müstəqil dövlətimizin dünya birliyinə inteqrasiya olunması həmkarlar ittifaqlarının beynəlxalq əlaqələrinin qurulması üçün geniş şərait yaradır. Hesab edirəm ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası üzvü olduğu Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyası kimi nüfuzlu qurumların imkanlarından bəhrələnərək əməyin təşkili və sosial problemlərin həlli sahəsində qabaqcıl dünya təcrübəsini dərindən öyrənməli və ölkəmizdə tətbiq etməlidir. Bu prosesdə həmkarlar ittifaqı təşkilatlarının yeniləşməsi və inkişaf etməsi zamanın tələbidir. Məhz müasir təcrübəyə yiyələnərək peşəkarlığını artıran, güclünüfuzlu həmkarlar ittifaqı təşkilatları öz fəaliyyətində uğur qazana bilər".

    Xüsusi vurğulamaq istərdim ki, dövlət başçısının bu həssas və qayğıkeş münasibətini Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı da daim fəaliyyətində qabarıq hiss edirböyük minnətdarlıq hissi ilə qarşılayır. Bir neçə gün əvvəl təşkilatın 90 illik yubileyinin yüksək səviyyədə qeyd olunması da deyilənlərin əyani təsdiqidir. Əlamətdar yubiley mərasimində 1920-ci ildə yaradılan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının müəllimlərin, təhsil sahəsində çalışanların əməksosial hüquqlarının qorunmasında, asudə vaxtlarını səmərəli keçirməsində, yay istirahətlərinin təşkilində xidmətləri bir daha vurğulanmışdır. Həmçinin qeyd olunmuşdur ki, öz sıralarında 5810 tədris müəssisəsində çalışan və oxuyan 384480 nəfər təhsil işçisini və tələbəni birləşdirən ittifaq fəaliyyətini müasir dövrün tələblərinə uyğun qurur və üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir.

    Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin 2 sərəncamı əsasında təltif olunmuş şəxslərə "Tərəqqi" medalı və "Əməkdar mədəniyyət işçisi" fəxri adı, diplomları, habelə Həmkarlar İttifaqları Konfederasiyasının "Həmkarlar ittifaqlarında xidmətə görə" medalı və digər mükafatlar verilmişdir. "Əməkdar mədəniyyət işçisi" fəxri adı alanlar sırasında olduğumu böyük sevinc, hədsiz minnətdarlıq duyğuları ilə qeyd etməklə yanaşı, bu yüksək etimadı doğrultmaq üçün daha səylə çalışacağımı xüsusi vurğulamaq istərdim. Fikrimcə, bu, bütövlükdə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Səbail rayon komitəsinin uğurudur. Həmişə olduğu kimi, son bir ildə də fəaliyyətimiz ənənəvi olaraq Səbail rayonunda çalışan təhsil işçilərinin əmək hüququnun qorunmasına, onlar üçün təhlükəsiz və normal şəratinin yaradılmasına, həmçinin bu sahədə maarifləndirmə işinin gücləndirilməsinə yönəlmişdir. Eyni zamanda, komitəyə daxil olan yazılı və şifahi müraciətlərə baxılmış, onların demək olar ki, hamısı müsbət həllini tapmışdır.

    Böyük qürur hissi ilə qeyd etmək istərdik ki, ulu öndərin təhsil işçilərinə qayğı siyasətini davam etdirən Azərbaycan Prezidenti bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir. İmkan daxilində təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, eləcə də məvaciblərinin yüksəldilməsi istiqamətində addımlar atılır. Hər bir təhsil işçisi ürəkdən inanır ki, Azərbaycanın büdcə gəlirləri artdıqca, dövlətin, xalqın taleyi ilə bağlı bu mühüm sahəyə diqqət də yüksələcək, çoxsaylı müəllimlər ordusunun layiqli yaşayışı, sosial rifahı təmin olunacaqdır.

 

 

    Mükafat ABBASOV,

    Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının

    Səbail rayon komitəsinin sədri,

    əməkdar mədəniyyət işçisi

 

    Xalq qəzeti.- 2010.- 22 iyun.- S. 5.