"Mədəniyyət məkanı"

 

    Lahıc, Nic və Qırmızı qəsəbənin bu adla YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına salınması istiqamətində işlər aparılır. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilmişdir.

 

    Son illər ərzində Azərbaycan dini, millietnik tolerantlıq sahəsində əhəmiyyətli uğurlara nail olmuşdur. Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən, irqindən asılı olmayaraq vətəndaşların bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini ölkəmizdə daha da möhkəmləndirmişdir.

    Azərbaycan mədəniyyətinin və ölkəmizdə tarixən mövcud olan tolerant mühitin beynəlxalq səviyyədə təbliği üçün Lahıc, Nic və Qırmızı qəsəbənin "Mədəniyyət məkanı" adı ilə YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilməsi məqsədilə müvafiq istiqamətdə işlərə start verilib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən namizədlik fayllarının hazırlanması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının ekspertləri, eyni zamanda videoçarxların hazırlanması üçün rejissor heyəti cəlb olunmuşdur. İşlərin cari ilin iyul ayının ortalarında tamamlanması nəzərdə tutulur.

    Lahıc, Nic və Qırmızı qəsəbənin YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilməsi istiqamətində müvafiq işlərə başlanılması Azərbaycanın tolerant dövlət olmasını sübut edən siyasətə söykənir. Məlum olduğu kimi, Azərbaycan tarixən atəşpərəstlik, xristianlıq, islam və yəhudi dinlərinə mənsub insanların, müxtəlif azlıq və yerli xalqların mehriban və qarşlıqlı anlaşma şəraitində yaşadığı bir ölkədir. Gələcəkdə digər Azərbaycan qəsəbə və kəndlərinin mədəniyyət məkanı kimi YUNESKO-ya təqdim edilməsi nəzərdə tutulur.

    Azərbaycan Respublikası 2006-cı ildə Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyaya qoşulmuşdur. 26 noyabr 2009-cu il tarixdə "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında" Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş, 15 may 2010-cu il tarixdən etibarən isə qüvvəyə minmişdir.

    Qeyd edilən bütün tədbirlər, eyni zamanda Lahıc, Nic və Qırmızı qəsəbənin YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilməsi ilə bağlı aparılan müvafiq işlər sözügedən konvensiyaların həyata keçirilməsi istiqamətində mühüm rol oynayacaqdır.

    Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti və Novruz bayramı YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısındadır. Hazırda Azərbaycan xalça sənətinin 2010-cu ildə bu siyahıya daxil edilməsi ilə əlaqədar müvafiq işlər aparılır.

 

 

    M.MÜKƏRRƏMOĞLU

 

    Xalq qəzeti.- 2010.- 23 iyun.- S 8.