"Qız qalası" milli mükafatının əhatəsi genişlənir

 

    Üç il qabaq - 2007-ci ilin may ayında, ulu öndər Heydər Əliyevin anadan olmasının növbəti ildönümü ərəfəsində təsis edilmiş "Qız qalası" milli mükafatının qısa dövr ərzində bu qədər böyük əhatəyə malik olması tam təbiidir. Çünki Azərbaycan çox böyük sürətlə inkişaf edir, ölkədəki siyasət, dövlət, elm, təhsil, səhiyyə xadimləri gündən-günə daha yaddaqalan uğurlar əldə edirlər.

 

    İş adamlarının, sahibkarların və xeyriyyəçilərin fəaliyyətinin genişlənməsi isə son nəticədə sadə azərbaycanlının həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Bir sahibkarın yaratdığı qurumda 300-500 ailə başçısına yeri yaradılırsa, bir xeyriyyəçi yüzlərlə qaçqına, köçkünə, əlilə, şəhid ailəsinə, yaxud, körpələr evində yaşamaq məcburiyyəttndə qalmış soydaşımıza yardım edirsə, son nəticədə yenə də xalqımız qazanmış olur.

    Bütün bunlarla yanaşı, ölkəmizin beynəlxalq aləmdə daha geniş şəkildə təbliğ edilməsi, Azərbaycan elminin, mədəniyyətinin bəşəri dəyərlər sırasına qatılması istiqamətində də uğurlu addımlar atılır. Sevindirici haldır ki, bu istiqamətdə dövlətin və Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlərlə yanaşı, ayrı-ayrı yaradıcı ziyalılarn fəaliyyəti də müsbət nəticələr verir. "Qız qalası" milli mükafatının bu ilki laureatlarının sırasında həmin şəxslərin də olması xüsusilə təqdir edilən məsələlərdəndir. Mükafatın təsisçiləri ikisi Türkiyədən, üçü Azərbaycandan olmaqla beş qeyri-hökumət təşkilatıdır. Avrasiya Qazeteçilər Dernegi, Avrasiya Haber Ajansı, İctimai Fikir Fondu, İctimai Nəzarət Mərkəzi və "İctimai Rəy" Analitik Mərkəzi "Qız qalası" milli mükafatının builki laureatlarını müəyyən etmək üçün may ayının 1-dən 20-dək paytaxt və 17 rayonda təxminən 10 minə qədər respondent arasında sorğu keçirmişdir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və 28 May Respublika Günü münasibətilə keçirilən sorğuda cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edən insanların fəaliyyətinin qiymətləndirilməsi nəzərdə tutulurdu.

    Respondentlərin böyük əksəriyyəti ölkədə aparılan yüksək səviyyəli dövlət quruculuğu siyasətinə və iqtisadi inkişafın tempinə görə builki mükafatın ilk laureatının məhz dövlət başçısı İlham Əliyev olduğunu bildirmişlər. "Ekselsior" mehmanxanasında təşkil edilən təqdimat mərasimində ilk olaraq bu adın səsləndirilməsi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır. Laureatlar arasında dövlət məmurlarından Ziya Məmmədov, Qərib Məmmədov, Rüfət Aslanlı, Süleyman Mikayılov, Tofiq Zeynalov, deputatlardan Gülər Əhmədova, Zahid Oruc, Novruz Aslanov, Baba Rzayev, Adil Əliyev, yaradıcı ziyalılardan Arif Alışanov, Hacı Fərhad Mirzə, Vaqif Mustafayev, Yunus Oğuz, Tənzilə Rüstəmxanlı, Vüsalə Mahirqızı, Ağabəy Əsgərov, Dünya Azərbaycanlıları Konqresinin sədr müavini Əjdər Tağızadə, Avrasiya Qazeteçiler Derneginin sədri Osman Saraclı, Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər Nazirliyinin təmsilçisi, "Ümid işığı" Xeyriyyə Mərkəzinin direktoru Ofeliya Nəzərli və digər soydaşlarımız var idi.

    Fəlsəfə və dinşünaslıq üzrə elmlər doktoru, Avropa Təbiyyat Elmləri Akademiyası başda olmaqla üç beynəlxalq akademiyanın akademiki, Azərbaycan, Türkiyə və Rusiya Federasiyası Yazıçılar Birliyinin üzvü Hacı Fərhad Mirzənin bu mükafata layiq görülməsinin səbəbini göstərən təşkilatçılar qeyd etdilər ki, o, Azərbaycanda formalaşmış ictimai fikirinilahiyyat elminin beynəlxalq aləmdə geniş təbliğinə, eləcə də müasir kəlam məktəbini yaratdığına görə "Qız qalası" milli mükafatına layiq görülür. Təşkilatçılar Avropa Təbiyyat Elmləri Akademiyasının prezidenti, akademik Vladimir Tıminskinin Hacı Fərhad haqqında söylədiyi bir fikri yada saldılar: "Görkəmli filosof, bütün dünyada müasir kəlam məktəbinin banisi olan Hacı Fərhad Mirzənin "Kəlamlar" kitabı mədəniyyətlər və sivilizasiyalararası dialoqun həqiqi nümunəsidir. Həmin dialoq isə bəşəriyyətə bu gün çox lazımdır və zəruridir". Dünya Azərbaycanlıları Konqresi sədrinin müavini Əjdər Tağızadənin fikrincə isə Azərbaycanı beynəlxalq aləmdə daha geniş şəkildə təbliğ etmək üçün siyasətçilərin siyasəti, diplomatların diplomatiyası, alimlərin elmi ilə yanaşı, xalqın min illərdən bəri ən güclü silahlarından olan kəlamlara da böyük ehtiyac vardır.

 

 

    Natəvan İSMAYILLI

 

    Xalq qəzeti.- 2010.- 23 iyun.- S. 7.