"Əbədiyyət yolu"nun əfsanəvi aləmi

 

    Tanınmış yazıçı-jurnalist Yusif Kərimov 70 yaşının tamamında oxucularla görüşə ümummilli lider Heydər Əliyev barədə bədii-fəlsəfi düşüncələrdən ibarət "Əbədiyyət yolu" esselər toplusu ilə gəlmişdir. Azərbaycan Yazıçılar Birliyində müəllifin sayca 17-ci kitabının təqdimat mərasiminə toplaşanlar onun 50 illik ədəbi-jurnalistik yaradıcılıq yoluna da ətraflı nəzər saldılar.

 

    Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca bildirdi ki, ulu öndər Heydər Əliyevə həsr olunmuş bədii əsərlər silsiləsinə yeni bir janrda ilk əsər - esselər əlavə etmiş təcrübəli qələm sahibi Yusif Kərimov ömür yolu sağlığında əfsanəyə çevrilmiş dahi soydaşımızın tarixi xilaskarlıq missiyasını bədii sənədli dastana çevirmişdir.

    Ədəbiyyatşünas professorlar Qurban Bayramov və Nizaməddin Şəmsizadə "Əbədiyyət yolu" kitabının bədii-məfkurəvi xüsusiyyətlərindən, müəllifin publisistikasının mövzu və janr əlvanlığından, bədii-sənədli sözə verdiyi töhfələrdən geniş söz açdılar.

    Mərasimdə şairlərdən Nəriman Həsənzadə, Yusif Həsənbəy, Oqtay Rza, Ramiq Muxtar, Rəhilə Elçin, yazıçı-dramaturqlardan Nahid Hacızadə, Xeyrəddin Qoca, jurnalistlərdən Şəmistan Nəzirli, Əlövsət Bəşirov, Zöhrab Zeynallı, Şərəf Cəlilli, alimlərdən Mütəllim Məmmədov, Xalyəddin Xəlilli və digər natiqlər "Əbədiyyət yolu" kitabı barədə səmimi duyğu-düşüncələrini söylədilər, yubilyar yazarı təbrik etdilər, ona yeni yaradıcılıq uğurları arzuladılar.

    Sonda Yusif Kərimov ulu öndərin bədii yaradıcılıq üçün sonsuz mövzular verən həyat və mübarizəsinin onu da təsirləndirdiyini və esselər üzərində işin ciddi və məsuliyyətli olduğunu söylədi. Yubilyar söylənmiş xoş sözlərə görə minnətdarlığını bildirdi, oxucuları maraqlandıran, narahat edən mövzuları bundan sonra da diqqətdə saxlayacağını söylədi.

 

 

    R.TAHİR

 

    Xalq qəzeti.- 2010.- 23 iyun.- S. 7.