Prezident İlham ƏLİYEV: Hər bir
şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir,
insanlara xidmət imkanıdır
Dövlət qulluğunun tarixi ölkəmizdə ilk
dövlətlərin yarandığı dövrdən
başlayır. Millətimizin zaman-zaman bu torpaqlarda
yaratdığı hər bir dövlətin
özünəməxsus dövlət idarəçilik sistemi qurulmuş və
dövlət qulluğunda
çalışan kadr potensialı
formalaşmışdır. Kadrların sistemli şəkildə hazırlanması və
dövlət qulluğuna cəlb
olunmasına ilk cəhd Azərbaycan Xalq Cümhuriyyəti dönəmində oldu. İlk dəfə olaraq dövlət idarəetmə sisteminə
qəbulda önəmli rolu şəxsin sosial statusu deyil, dünyagörüşü,
təhsili və dövlət qulluğunda
çalışmağa əsas verən digər şəxsi
keyfiyyətləri oynadı. Təəssüflər olsun ki, 28 aprel
1920-ci ildə xalq cümhuriyyətinin süqut etməsi bu prosesi dayandırdı.
Dövlət qulluğunun inkişafında və kadrların yetişməsində sovet hakimiyyəti illərində mövcud olmuş Azərbaycan Respublikasının rolu da qeyd edilməlidir. Bu dövrün dövlət qulluğu sistemi üçün olduqca ağır mərhələləri ilə yanaşı, tariximizə inkişaf və tərəqqi salnaməsi yazdığı mərhələsi də olmuşdur. Bu mərhələ də məhz ümummilli lider Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi seçilməsi ilə başladı.
Bu gün bütün azərbaycanşünasların gəldiyi ortaq nəticə budur ki, sovet hakimiyyəti dönəmində dövlət idarəetmə sisteminin milliləşməsi və milli kadr potensialının sistemli şəkildə hazırlanması ulu öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə baş vermişdir. Heydər Əliyev respublikaya rəhbər seçiləndə dövlət, sovet və partiya strukturlarında rus, erməni və digər millətlərin nümayəndələri güclü mövqeyə malik idilər. Məhz Heydər Əliyev dövlət qulluğunun milliləşməsi, strategiya və taktikasını SSRİ-də gedən siyasi proseslərə elə məharətlə uyğunlaşdırdı ki, kimsə buna mane ola bilmədi. Ulu öndər milli kadrları önə çəkməklə yanaşı, milli kadr potensialını da yaradırdı. Belə ki, ölkəyə lazım olan mütəxəssis kadrları yetişdirmək məqsədilə Azərbaycanın ali məktəblərində yeni-yeni ixtisaslar üzrə fakültələr açılır, ildə 900-dən artıq gənc Sovet İttifaqının qabaqcıl ali məktəblərinə göndərilirdi.
Təəssüflər olsun ki, Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosu üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdikdən sonra onun yetişdirdiyi milli kadrlar müxtəlif bəhanələrlə dövlət qulluğundan uzaqlaşdırıldı. Nəticədə Azərbaycanda dövlət idarəetmə sistemi iflic vəziyyətə düşdü.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının parlamenti "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul etdi. Təəssüflər olsun ki, müstəqilliyimizin ilk iki ilində ölkədə hökm sürən hərc-mərcliyin dövlət idarəetmə sisteminə də sirayət etməsi respublikamızı parçalanmaya və vətəndaş müharibəsinə sürüklədi. Müstəqilliyimizin və dövlətçiliyimizin təhlükədə olduğunu görən xalq yeganə çıxış yolunu ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə dəvət edilməsində gördü. Bu dəvət cavabsız qalmadı. Heydər Əliyev ölkə rəhbərliyinə gəldiyi andan ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas vəzifələri sırasına siyasi-iqtisadi, sosial-mədəni və mənəvi həyatın bütün sahələrinin yeni əsaslar üzərində qurulması daxil edildi. Bu uca vəzifələrin həyata keçirilməsi respublikamızda müstəqil və müasir dövlət qulluğu sisteminin yaradılmasını bir zərurətə çevirirdi. Bu zərurət isə düşünülmüş, elmi cəhətdən əsaslandırılmış, Avropa ölkələrinin dövlət idarəetmə sisteminin üstünlükləri ilə yanaşı, milli dövlətçilik ənənələrini özündə cəmləşdirən dövlət qulluğu siyasətinin aparılmasını tələb edirdi.
Dövlət qulluğuna və dövlət qulluğunda çalışanlara xalqın inamının bərpa ediməsi, habelə milli və müasir dövlət qulluğu sisteminin qurulması məqsədilə Heydər Əliyevin siyasəti aşağıdakı istiqamətləri əhatə edirdi:
-səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılması;
-dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsi;
-vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsi;
-dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar dövlət qulluqçusu korpusunun formalaşdırılması.
Cənab İlham Əliyevin dövlət başçısı seçilməsi Heydər Əliyevin bütün sahələrdə başladığı işlərin uğurlu inkişafını sürətləndirdi. Respublikamızda dövlət qulluğunun daha yaxşı təşkili və idarə olunması məqsədi ilə Prezident İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli fərmanı əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmışdır. Komissiya bilavasitə Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında hesabat verir.
2006-cı ilin oktyabrından fəaliyyətə başlayan komissiyanın əsas məqsədləri dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə və şəffaflıq əsasında seçilməsi, dövlət qulluqçularının əlavə peşə təhsilinin əsaslarının müəyyən edilməsi, həmçinin dövlət qulluğu ilə bağlı digər məsələlər barədə qanunvericilikdə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin etməkdən ibarətdir. Bundan əlavə, dövlət qulluqçuları üçün təlim tələbatlarının müəyyənləşdirilməsi və təlim strategiyasının hazırlanması kimi vəzifələr də komissiyanın məsul olduğu məsələlərdəndir.
Komissiya qarşısına qoyulan əsas məqsədlərdən birinə çatıb. Belə ki, 2007-ci ildən başlayaraq vətəndaşların dövlət qulluğuna qəbulu şəffaflıq və müsabiqə əsasında keçirilir. Vətənpərvər, yüksək ixtisaslı və yeniliklərə meyilli kadrların dövlət qulluğuna cəlb edilməsinin birinci şərti vakant dövlət qulluğu vəzifələri barədə ictimaiyyətə dolğun məlumat verilməsidir. Bunu nəzərə alan komissiya müsabiqə barədə elanı vətəndaşların vakant vəzifə barədə tam və dolğun məlumat ala biləcəyi səviyyədə hazırlayır. Elanda iş yerinin ünvanı, vəzifə maaşı, qulluq funksiyaları, vəzifənin tutulması şərtləri, yəni ali ixtisas təhsilinə, staja, xarici dil və kompyuter biliklərinə dair tələblər və s. öz əksini tapır. Bu məlumatların elanlarda yerləşdirilməsi namizədin özü tərəfindən vəzifəyə uyğunluq üzrə ilkin qiymətləndirmənin aparılmasına və vakant vəzifənin tələb və təkliflərinə müvafiq olaraq seçimini etməsinə imkan yaradır.
Dövlət orqanlarında mövcud olan vakant vəzifələrin tutulması üçün müsabiqə elan etdikdən sonra 30 gün ərzində sənəd qəbulu aparılır. Sənəd qəbulu başa çatdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş müddətdə test imtahanı keçirilir. Test imtahanında uğur əldə edən namizədlər müsabiqənin ikinci mərhələsi olan müsahibədə iştirak etmək hüququ qazanırlar. Müsahibə qrupu namizədlərin müvafiq vəzifəyə yararlılığını dörd meyara əsasən qiymətləndirir. Bunlar namizədin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü və müvafiq vəzifə üçün lazım olan digər keyfiyyətlərdir. Sözsüz ki, müsahibə qrupu namizədlərin şəxsi keyfiyyətlərini, yəni vətənpərvərlik duyğularını, səmimilik, özünütənqid hisslərini, ünsiyyət qurmaq, analitik təhlil, problemi həlletmə qabiliyyətlərini də qiymətləndirir. Müsahibədə də uğur əldə edən namizəd komissiyanın təqdimatı əsasında on iş günü müddətində dövlət orqanı tərəfindən vakant dövlət qulluğu vəzifəsinə təyin edilir.
Bu gün biz qətiyyətlə deyə bilərik ki, dövlət qulluğuna qəbulda əksər neqativ halların qarşısı alınmışdır. Artıq dövlət qulluğuna vətəndaşlar yalnız və yalnız öz bilik və bacarıqları sayəsində qəbul olunurlar. Nəticədə bu da həm dövlət qulluğunda təcrübəli və peşəkar dövlət qulluqçusu korpusunun formalaşdırılmasına, həm də bu sahədə aparılan dövlət siyasətinə ictimai etimadın artırılmasına xidmət edir. Bu, vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün komissiyanın keçirdiyi müsabiqələrdə iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin sayında da özünü göstərir. Belə ki, birinci müsabiqədə 930 namizəd iştirak edirdisə, hazırda davam edən yeddinci müsabiqədə isə artıq 4111 namizəd iştirak edir. Elə namizədlər var ki, iki, üç, hətta dörd müsabiqənin iştirakçısı olmuşlar. Namizədlərin sayının 4 dəfədən çox artması və bir çox namizədlərin müsabiqələrdə dəfələrlə iştirak etməsi ictimaiyyət tərəfindən komissiyanın fəaliyyətinə verilən qiymətin göstəricisidir.
Komissiya indiyədək 6 müsabiqə və 6 müsahibə keçirmişdir. Bu müsabiqə və müsahibələr nəticəsində 660 nəfər dövlət orqanlarında müvafiq dövlət qulluğu vəzifəsinə təyin edilmişdir. Onlardan 490 nəfəri müsabiqə, 285 nəfəri müsahibə nəticəsində, 84-ü isə ehtiyat kadrlar siyahısından dövlət orqanlarında işlə təmin olunmuşdur.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" üzrə təhsil almış vətəndaşlar birbaşa ehtiyat kadrlar siyahısına daxil edilirlər. Komissiyanın gördüyü tədbirlər nəticəsində indiyə qədər xaricdə bu proqram əsasında təhsil alan 5 namizəddən 5-i də müvafiq dövlət orqanında vakant vəzifəyə qəbul edilmişdir. Bu il fevral ayının 5-də elan olunan müsabiqə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları" əsasında keçirilən ilk müsabiqədir. Bu qaydalara görə, test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydaları və keçid balları inzibati vəzifələrin təsnifatı nəzərə alınmaqla komissiya tərəfindən müəyyən edilir. Bu qaydalara əsasən, komissiya dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqələrdə yeniliklər etmişdir. Bu yeniliklər aşağıdakılardır:
1. Namizədlərin Azərbaycan barədə biliklərinin test imtahanı mərhələsində müəyyənləşdirilməsi. İndiyədək keçirilən müsabiqələrin təhlili namizədlərin Azərbaycan barədə biliklərinin test imtahanı mərhələsində müəyyənləşdirilməsini zərurətə çevirdi. Belə ki, ilk dəfə olaraq dövlət qulluğuna qəbulla bağlı keçirilən test imtanında namizədlərin Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri üzrə bilikləri yoxlanılır. Bu yenilikdə əsas məqsəd ondan ibarətdir ki, dövlət qulluğuna dövlətini sevən, onun tarixini, coğrafiyasını bilən, bu gün baş verən prosesləri izləyən və onları təhlil edə bilənlər gəlsin.
2. Keçid ballarının inzibati vəzifələrin təsnifatı nəzərə alınmaqla fərqləndirilməsi. Belə ki, indiyə qədər keçirilən müsabiqələrin test imtahanı mərhələsində bütün inzibati vəzifələr üçün eyni keçid balı müəyyənləşdirilmişdi. Bu müsabiqədə isə yeni qaydalara uyğun olaraq artıq inzibati vəzifələrin altı və yeddinci təsnifatları üzrə keçid balı 80, səkkiz və doqquzuncu təsnifatları üzrə isə 70 bal müəyyənləşdirilib.
3. Test imtahanının kompyuter vasitəsi ilə keçirilməsi. İKT-nin dövlət idarəedilməsində önəmini nəzərə alan komissiya Azərbaycanda ilk dəfə olaraq test imtahanını kompyuter vasitəsilə keçirəcəkdir. Bununla bağlı komissiya tərəfindən "Dövlət qulluğuna qəbulun elektron idarə edilməsi sistemi"nin tərkib hissəsi kimi xüsusi proqram təminatı - "Test imtahanı" sistemi hazırlanmışdır. Bu proqramın işləməsi qaydaları barədə ətraflı məlumat komissiyanın rəsmi internet saytında yerləşdirilmişdir. Həm namizədlər, həm istənilən vətəndaş bununla tanış ola bilər.Test imtahanı başa çatan kimi onun nəticəsi namizədə təqdim ediləcəkdir.
4.Namizədlərin məntiqi düşünmə qabiliyyətinə önəm verilməsi. Artıq inzibati vəzifələrin 6 və 7-ci təsnifatları üzrə məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üçün təqdim edilən 30 test tapşırığından ibarət test blokunun 50 faizini, 8 və 9-cu təsnifatları üzrə isə 40 faizini düzgün cavablandırmış və müvafiq vəzifənin təsnifatı üzrə keçid balı toplamış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab ediləcəkdir.
5.Müsabiqənin test imtahanı zamanı namizədlərin vahid test bankı üzrə biliklərinin yoxlanılması. Müsabiqənin test imtahanı mərhələsində namizədlərin dünyagörüşü (Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri), qanunvericilik, informasiya texnologiyaları və məntiqi düşünmə qabiliyyəti sahəsində bilikləri yoxlanılacaq. Namizədlərin test imtahanına hazırlığını təmin etmək və bütün namizədlərə bərabər şərait yaratmaq üçün komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsaiti və onların hazırlanmasında istifadə edilən ədəbiyyat siyahısı hələ 2009-cu ilin noyabr ayından komissiyanın rəsmi saytında yerləşdirilmişdir.
Müsabiqənin ikinci mərhələsi olan müsahibə mərhələsində subyektivliyin aradan qaldırılması üçün komissiya işini tam şəffaflıq əsasında qurub. Birincisi, fevralın 5-də elan olunmuş müsabiqədən başlayaraq müsabiqələrin müsahibə mərhələsində də əsaslı yenilik tətbiq olunur. Belə ki, bu mərhələdə subyektivliyin aradan qaldırılması, namizədlərin müsahibəyə daha yaxşı hazırlaşması və onların başlanğıc vəziyyətində bərabərliklərini saxlamaq məqsədilə komissiya vakant vəzifənin mövcud olduğu müvafiq dövlət orqanı ilə birlikdə hər bir vakant vəzifə üçün müsahibə proqramı hazırlamış və test mərhələsindən uğurla keçmiş hər bir namizədin elektron ünvanına göndərmişdir. Eyni zamanda, bu proqram komissiyanın rəsmi saytında da yerləşdirilmişdir (əvvəlki müsabiqələrdə isə bütün namizədlərin elektron ünvanlarına müsahibədə hansı mövzularda müsahibənin gedəcəyi barədə e-mail vasitəsilə geniş məlumat göndərirdik). İkincisi, obyektivlik və şəffaflığı təmin etmək məqsədi ilə müsahibələrin video çəkilişləri aparılır və 1 il komissiyada saxlanılır. Eyni zamanda, KİV, QHT və beynəlxalq təşkilatların nümayəndələri komissiyada qeydiyyatdan keçməklə bu mərhələdə müşahidəçi kimi iştirak edə bilərlər. Üçüncüsü, müsahibə qrupu üzvlərinin namizədin vakant vəzifəyə uyğun olub-olmaması barədə verdikləri qiymətlərdə 3 baldan artıq fərq yaranarsa, bu müsahibənin nəticəsi ləğv edilir və yeni müsahibə keçirilir. Bu halda müsahibə qrupunun üzvləri tam dəyişir. İndiyə qədər keçirilən müsahibələrdə bir neçə belə hal baş vermişdir. Həmin müsahibələrin nəticəsi ləğv edilmiş, yeni müsahibə qrupu təşkil olunmuş, müsahibə yenidən keçirilmişdir. Dördüncüsü, komissiyada müsahibələri qiymətləndirmək üçün yaradılan daxili nəzarət qrupu həmin müsahibənin video çəkilişinə baxır və müsahibə qrupu üzvlərindən hansının subyektivliyə yol verdiyini araşdırır. Subyektivliyə yol verən müsahibə qrupunun üzvü müsahibələrdən tamamilə kənarlaşdırılır.
Dövlət orqanlarında dövlət qulluğu haqqında qanunvericiliyin tətbiqinə nəzarəti həyata keçirən dövlət orqanı kimi komissiya davamlı olaraq dövlət qulluğu sahəsində qanunvericiliyin tətbiqi zamanı yaranan problemləri təhlil edir. Belə problemlərdən biri dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilmiş müsabiqələrdən uğurla keçən şəxslərin bəzi hallarda əsassız olaraq vakant vəzifəyə təyin edilməməsi olmuşdur. Bu problemin aradan qaldırılması üçün komissiya tərəfindən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsinə dair qanun layihəsi hazırlanmış və 2009-cu ilin sentyabr ayında qəbul edilmişdir. Qanun müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərdən birinin seçilərək mütləq qaydada vəzifəyə təyin edilməsini nəzərdə tutur.
Müasir zamanda dövlət qulluqçularının etik davranışı aktual problemlərdən biridir. Belə problemlər olmasaydı, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Qanun qəbul edilməzdi. Bu qanunla müəyyən edilmiş etik davranış qaydalarına dövlət qulluqçuları tərəfindən əməl edilməsinə nəzarəti komissiya həyata keçirir.
Dövlət qulluqçuları və vətəndaşlardan etik davranış qaydalarının pozulması ilə bağlı komissiyaya daxil olmuş şikayət və məlumatlar diqqətlə araşdırılır və dövlət qulluqçusunun dövlət qulluğuna xitam verilməsi də daxil olmaqla qanunvericiliyə uyğun tədbirlər görülür. Etik davranış məsələləri üzrə maarifləndirmənin aparılması sahəsində də komissiya davamlı olaraq zəruri tədbirlər həyata keçirir. Belə ki, komissiyanın rəsmi internet saytında etik davranış qaydaları ilə bağlı xüsusi bölmə var. Bu bölmədə etik davranış barədə qanunvericilik bazası öz əksini tapıb. Eyni zamanda, dövlət qulluqçuları tərəfindən onlara qarşı etik davranış qaydaları pozulduğu halda vətəndaşlar bu bölmədə yaradılan imkandan istifadə edərək komissiyaya onlayn müraciət edə bilərlər.
Komissiya dövlət qulluqçularının peşə və ixtisas artımını daim diqqətdə saxlayır. Dövlət qulluqçularının əlavə peşə təhsilinə cəlb ediməsi, təcrübə keçməsi, yenidən hazırlanması və ixtisasartırması üçün dövlət sifarişinin hazırlanması Nazirlər Kabinetinin 19 mart 2009-cu ildə qəbul etdiyi "Dövlət qulluqçularının əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı qaydaları" ilə komissiyaya həvalə olunmuşdur. Bu qaydaların tətbiqini təşkil etmək məqsədi ilə komissiya tərəfindən 220-dən artıq həm mərkəzi, həm yerli icra hakimiyyəti, həm də məhkəmə orqanında qulluq keçən dövlət qulluqçularının ixtisasartırma kurslarına və yenidənhazırlanmaya olan tələbatı öyrənilmişdir. Sorğuların nəticələri təhlil edilmiş, dövlət qulluqçularının 2010-cu il üçün ixtisasartırma kurslarına və yenidənhazırlanmaya olan tələbatı ümumiləşdirilərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir. Bununla yanaşı, komissiya dövlət qulluqçuları üçün həm ölkə daxilində, həm də xarici dövlətlərdə bir sıra təlimlər təşkil etmişdir. Belə təlimlər sırasında bu ilin fevral ayında beynəlxalq ekspertin iştirakı ilə 50 mərkəzi icra hakimiyyəti orqanının 150-yə yaxın əməkdaşı (aparat rəhbərləri, kadr qurumlarının rəhbərləri və əməkdaşları) üçün Bakıda, 2009-cu ilin dekabr ayında Niderland Krallığında, bu ilin iyun ayının 15-dən 25-dək bir qrup dövlət qulluqçusu üçün Koreya Respublikasında keçirilən təlim kurslarını qeyd etmək olar. Eyni zamanda, 2009-cu il ərzində komissiya dövlət orqanlarının mərkəzi aparatlarında, yerli icra hakimiyyəti orqanlarında və mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrində çalışan rəhbər vəzifəli şəxslər üçün də silsilə təlimlər keçirmişdir.
BMT-nin İnkişaf Proqramının sifarişi ilə komissiyanın bu təşkilatla birlikdə "Dövlət qulluğu sistemində islahatların aparılması vasitəsilə yaxşı idarəçilik" layihəsinin uğurla həyata keçirilməsi barədə film çəkilmişdir. Filmdə Azərbaycan Respublikasında dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında aparılması, müsabiqə nəticəsində dövlət qulluğuna qəbul edilmişlərlə müsahibə, insan, o cümlədən dövlət qulluqçularının potensialının artırılması, qara qızılın insan kapitalına çevrilməsi istiqamətində görülən işlər öz əksini tapmışdır. Film bu ilin mart ayında Mərakeş Krallığı hökumətinin, Fransa Respublikasının Xarici və Avropa İşləri üzrə Nazirliyinin və BMT-nin İnkişaf Proqramının birlikdə Mərakeş şəhərində "İnsan potensialı - inkişafdır: 2015-ci il və sonrakı dövrlər üçün düzgün strategiyalar və yüksək potensiallı institutlar" mövzusunda keçirdikləri qlobal tədbirdə nümayiş etdirilmişdir. 50-dən artıq ölkədən nazir və digər yüksək səviyyəli rəsmi şəxslər də daxil olmaqla 150-dən çox nümayəndənin qatıldığı, ATƏT, UNİCEF, UNFPA, Dünya Bankının da rəsmi nümayəndələrinin təmsil olunduğu tədbirdə film maraqla qarşılanmışdır.
Yaşadığımız dövr İKT-nin dövlətin və cəmiyyətin yaşamına tam təsir etdiyi dövrdür. Komissiya öz fəaliyyətində tam şəffaflığa və vətəndaşlarla münasibətlərində qarşılıqlı etibar və güvənə nail olmaq üçün İKT-nin verdiyi imkanlardan da geniş istifadə etmişdir. Birincisi, komissiyanın bütün fəaliyyəti onun rəsmi internet saytında (www.dqmk.gov.az) dərhal öz əksini tapır. İkincisi, internet saytımızda bütün vakant vəzifələr barədə ətraflı məlumat, sənəd qəbulunda müsabiqə vəziyyəti, dövlət qulluğuna qəbul prosesinin test imtahanı qrafikləri və nəticələri, müsahibə aparılması qrafikləri və nəticələri və digər statistik məlumatlar mütəmadi olaraq yenilənir. Üçüncüsü, namizədlərin rahatlığını və informasiyanın çatdırılmasının operativliyini təmin etmək məqsədi ilə komissiya sənəd qəbulu başa çatdıqdan sonra hər bir namizədin elektron ünvanına komissiyaya özü barədə təqdim etdiyi bütün məlumatları yenidən yoxlamaq və təsdiq etmək məqsədi ilə elektron məktub göndərir. Ümumiyyətlə, komissiya özünün rəsmi internet saytını "İnformasiya əldə etmək haqqında" Qanuna uyğun olaraq ictimai informasiyaların ilkin mənbəyi kimi qiymətləndirərək həmin qanunun 29-cu maddəsinin tələblərinə uyğun olaraq tərtib etmişdir. Bunun nəticəsidir ki, 17 may 2010-cu il tarixdə Media Hüququ İnstitutunun 17 May Ümumdünya İnformasiyalı Cəmiyyət Günü ilə əlaqədar hazırladığı "Azərbaycanda ictimai bilgilərə çatım" başlıqlı hesabatına əsasən komissiya informasiya açıqlığı və şəffaflığa görə birinci olmuşdur.
Sonda bir vacib məqamı da qeyd etmək yerinə düşərdi. Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolunu və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının tövsiyəsini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti hər il iyunun 23-nün Azərbaycan Respublikasında dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunması barədə 2006-cı il 26 may tarixində sərəncam imzalamışdır. Həmin ildən də dövlət qulluqçuları iyunun 23-də peşə bayramlarını qeyd edirlər.
Dövlətin və onun vətəndaşlarının qulluğunda durmaq, öz vəzifə və səlahiyyətlərini qanunvericiliyə uyğun qurmaq, gördüyü işi ilə vətəndaşın dövlətə və dövlət qulluğuna inam və güvəncini artırmaq, davranışı və əməlləri ilə yetişən nəslə örnək olmaq mənəvi cəhətdən insanı zənginləşdirir. Hər bir dövlət qulluqçusunun uğuru ümumilikdə dövlətimizin uğurudur. İstərdim ki, hər bir dövlət qulluqçusu dövlət qulluğuna qəbul olunarkən təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla içdiyi dövlət qulluqçusu andına daim sadiq qalsın, Azərbaycan dövlətinin onun qarşısında qoyduğu vəzifələri layiqincə yerinə yetirsin. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "...Müstəqil Azərbaycan Respublikasında dövlət qulluğunda çalışmaq hər bir insan üçün son dərəcə şərəfli işdir. Bu o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir".
Bəhram
XƏLİLOV,
Azərbaycan
Respublikasının Prezidenti
yanında
Dövlət
Qulluğu Məsələləri
üzrə Komissiyanın
sədri
Xalq qəzeti.- 2010.-
23 iyun.- S. 3.