Dövlət mükafatına layiq görülmüş uzun illərin elmi zəhməti

 

    Məlum olduğu kimi, 28 May - Respublika Günü ərəfəsində cənab Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun bir neçə alimi - AMEA-nın həqiqi üzvü İbrahim Quliyev, AMEA-nin müxbir üzvü Əkbər Feyzullayev, geologiya-mineralogiya elmləri doktorları Fərid Dadaşov, Elmira Əliyeva və Adil Əliyevi 2010-cu il üçün Azərbaycan Respublikasının elm sahəsi üzrə Dövlət mükafatı ilə təltif etmişdir. Bu alimlərin "Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neft-qazlılığı" adlı elmi nəşrlər silsiləsi ilə tanış olmaq maraqlı olardı. Bu tanışlıqda bizə yardımçı olan AMEA Yer elmləri bölməsinin akademik-katibi, Geologiya İnstitutunun petrologiya şöbəsinin rəhbəri Arif İsmayılzadədir.

 

    - Arif müəllim, palçıq vulkanizmi və neft-qazlılıq, bu elmi istiqamətin hansı nəzəri və praktiki əhəmiyyəti vardır?

    - Palçıq vulkanizmi problemi geologiya elminin ən mühüm elmi istiqamətlərindən biridir. Palçıq vulkanlarının tədqiqi geologiya, geokimyageofizikaya aid bir çox nəzəri və praktiki məsələlərin, başlıca olaraq Yer təkinin quruluşunun öyrənilməsi və faydalı qazıntı, xüsusilə, neft-qaz yataqlarının axtarışı ilə əlaqədar problemlərin həll olunması üçün zəmin yaradır. Vulkanlar xərcsiz başa gələn təbii kəşfiyyat quyusu kimi, yerin dərin qatlarındakı karbohidrogen yataqlarının axtarışında neftçi-geoloqlara kömək edir. Məhz buna görə də onların elmi cəhətdən öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Şərqi Azərbaycanda, xüsusən də Xəzərin akvatoriyasında kəşf edilmişistismarda olan zəngin neft-qaz yataqlarının əksəriyyəti palçıq vulkanları ilə əlaqədardır.

    Bununla belə, vulkan gilləri yaxşı keramzit xammaldır, inşaatda geniş istifadə olunur, gillərdən kərpic də hazırlanır. Vulkan suları yod, bor, brom, vulkanın yer səthinə çıxardığı brekçiya mikroelementlərlə, məsələn, manqan, miss, vanadium, litium və digər metallarla zəngindir. Vulkan palçığı isə mərkəzi sinir sistemi, dəri xəstəlikləri, radikulit, uroloji, ginekoloji, kosmetolojis. xəstəliklərin müalicəsində geniş istifadə olunur. Palçıq vulkanlarının fəaliyyəti zəlzələlərlə paragenetik əlaqədədir. Beləliklə, palçıq vulkanları təbii ehtiyatlar olaraq respublikamızın milli sərvəti hesab olunmalıdır.

    - Məlumdur ki, Azərbaycanda palçıq vulkanları kifayət qədər çoxdurburada onların müxtəlif növlərinə rast gəlinir. Bunlar hansılardır?

    - Bəli, Azərbaycan ərazisi planetimizdə palçıq vulkanizminin inkişaf etdiyi unikal ərazidir. 350-dən artıq palçıq vulkanının bütün növləri (fəaliyyətdə olan, sönmüş, gömülmüş, neft çıxaran, sualtı, ada vulkanlar) respublikamızın quru və dəniz ərazilərində mövcuddur. Azərbaycandakı bu tip vulkanların sayına, müxtəlifliyinə və aktiv fəaliyyətinə görə dünyada analoqu yoxdur. Məhz buna görə də Azərbaycan palçıq vulkanları diyarı sayılır. Onlar Abşeron yarımadasında, Şamaxı-Qobustan, Şirvanın cənub-şərqi rayonlarında və Bakı arxipelağında yerləşmişdir.

    - Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neft-qazlılığı çoxdan öyrənilir, burada zəngin neft-qaz yataqları kəşf edilib istismar olunur. Geologiya İnstitutunun alimlərinin bu məsələrin həllində rolu nədən ibarətdir?

    - Cənubi Xəzər hövzəsində palçıq vulkanizmi və neft-qazlılıq problemlərinin öyrənilməsi bir əsrdən artıq dövrü əhatə edirbu zaman ərzində Azərbaycan alimləri və mütəxəssisləri Neft Daşları, Azəri-Çıraq-Günəşli, Şahdəniz kimi dünya əhəmiyyətli nəhəng neft-qaz yataqlarını aşkar etmişlər. Cənubi Xəzər hövzəsi özünəməxsus spesifik geoloji şəraiti ilə səciyyələnən, 25-30 kilometrlik qalınlığında çökmə qatına malik olan unikal geoloji regiondur. Buna görə də hövzədə karbohidrogenlərin əmələ gəlməsi, miqrasiyası və neft-qaz yataqlarının formalaşması üçün lazımi geoloji-geokimyəvi şərait vardır.

    Ümumiyyətlə, Geologiya İnstitutunda neft-qazlılıqla əlaqədar palçıq vulkanları 50 ilə yaxındır mükəmməl öyrənilir. Amma son 15-20 ildə beynəlxalq elmi əlaqələr genişlənib, xarici neft şirkətləri və Qərb universitetlərinin süxurların pirolizi, izotop geokimyası, biomarker analizi, hövzə modelləşdirilməsi və s. kimi müasir analitik imkanlarından istifadə edərək, tədqiqat işləri aparılmışdır və bunun nəticəsində Dövlət Mükafatına təqdim olunan elmi nailiyyətlər əldə edilmişdir.

    - Dediyiniz elmi nailiyyətlərin bəzilərini açıqlayarsınızmı?

    - İlk dəfə palçıq vulkanlarının morfogenetik təsnifatı işlənilmiş, vulkan püskürmələrinin ümumiləşdirilmiş kataloqları yaradılmış, püskürmə məhsullarının mənşəyi müəyyən edilmiş, neft-qaz yataqlarının geokimyəvi axtarış metodu və sualtı palçıq vulkanlarının xəritəalma üsulu işlənmiş və Xəzərdə tətbiq olunmuşdur. Palçıq vulkanizminin fiziki-kimyəvi, riyazi modelləri tərtib olunmuş, onların regional qırılmalarla əlaqəsi, zaman və məkanca paylanma qanunauyğunluqları müəyyən edilmişdir. Eləcə də çökmə örtüyünün dərin horizontlarının neft-qazlılığın proqnozlaşdırılması üçün yeni axtarış meyarları təklif edilmiş və Cənubi Xəzər hövzəsində neft-qaz potensialının realizə qiyməti verilmişdir.

    - Dövlət Mükafatları Komissiyasının məlumatından sonra irəli sürülmüş işlərlə ictimaiyyətin geniş tanış olması və müvafiq rəylərin bildirilməsi nəzərdə tutulmuşdu.

    - Qeyd etməliyəm ki, son 15 il ərzində palçıq vulkanizmi və neft-qazlılığa həsr olunmuş ingilis dilində 37 elmi əsər, o cümlədən kitab və məqalələr xarici ölkələrin nüfuzlu jurnallarında nəşr olunmuşdur. Bu da bizim Azərbaycan alimlərinin nailiyyətlərinin xaricdə təbliğ olunmasına imkan yaratmışdır.

    Dövlət Komissiyasının müsabiqə haqqında rəsmi məlumatından sonra, təqdimata aid bütün sənədlər, yəni işin annotasiyası, xarici jurnallarda çap olunan əsərlərin siyahısı, məqalələrin ingilis dilində mətni Geologiya İnstitutunun vebsaytında yerləşdirilmişdir. Bu da xarici alimlərin verilən məlumatlarla yaxından tanış olması və onların rəyləri üçün imkan yaratmışdır. Beləliklə, 10 ölkədən 25 müsbət rəy alınmışdır. Onların çoxu ABŞ, İngiltərə, İtaliya, Ukrayna və Rusiyadandır. O biriləri Hollandiya, Almaniya, Fransa, Norveç və Çexiyadandır. Xarici alimlər və mütəxəssislər Azərbaycan geoloq-alimlərimizin elmi nailiyyətlərini, əməyini çox yüksək qiymətləndirmişlər.

    Eyni zamanda, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Respublika Seysmoloji Xidmət Mərkəzi, Dövlət Neft Şirkətinin GeologiyaGeofizika İdarəsinin Geofizika İnstitutunun alimləri də təqdim olunmuş işin Dövlət Mükafatına layiq olmasını qeyd etmiş və dəstəkləmişlər. Əcnəbi alimlərdən bəzilərinin fikirlərini təqdim edirəm:

    Niderlandın Delft Texnoloji Universitetinin geologiya üzrə professoru Salomon Krononberq:

    "Nominasiyaya təqdim edilmiş işlər elmi və karbohidrogenlərin öyrənilməsi baxımından beynəlxalq səviyyəli məlumatlar toplusudur. Belə ki, müəlliflər Azərbaycan elmini beynəlxalq səviyyədə təbliğ ediblər".

    Böyük Britaniyanın "Shallow Gas Group"un rəhbəri, elmlər doktoru Alan Cad:

    "Bu tədqiqatlar dünya miqyasında tanınmış palçıq vulkanının və onunla bağlı proseslərin beynəlxalq səviyyədə başa düşülməsinə imkan yaradır. Mən dünyada palçıq vulkanlarının öyrənilməsi istiqamətində nəhəng tədqiqat aparmış digər alimlər qrupu tanımıram".

    ABŞ-ın geologiya elmləri üzrə əməkdar professoru Yan Lörç:

    "Mən Azərbaycanın Geologiya İnstitutunda aparılan tədqiqat işlərinin keyfiyyətindən daim iftixar hissi keçirmişəm və hazırda da keçirirəm. Belə mühüm tədqiqatlar aparan və dünyanı maarifləndirən ixtisaslaşdırılmış alimlər qrupu tapmaq çətindir".

    İtaliyanın GeofizikaVulkanologiya Milli İnstitutu, elmlər doktoru Cuzeppe Etiop:

    "Son 20 ildə azərbaycanlı həmkarlarımız nəticələri bütün dünyada istifadə edilən ciddi elmi tədiqatlar aparmışlar. AMEA Geologiya İnstitutunun müəllif kollektivinin elmi nəşrləri haqlı olaraq dünyada tanınmışdır və mən onların elm sahəsində Dövlət Mükafatına nominantlığını dəstəkləyirəm".

    Almaniyalı elmlər doktoru Qane Şults:

    "Nəşrlər təsiredicidir və müəlliflərin yüksək elmi səviyyəsini göstərir. Onlar habelə dünyanın palçıq vulkanlarının öyrənilməsində fundamental tədqiqatlar kimi qəbul edilə bilər".

    Ümumiyyətlə, mən Geologiya İnstitutunun alimlərinin elmi tədqiqatlarını iki vacib məsələ ilə qiymətləndirmək istərdim. Birincisi, müasir analitik üsulların Azərbaycanda tətbiqi və istifadəsi əsasında palçıq vulkanizmi və neft-qazlılıq üzrə əldə edilmişdünya geoloji ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmiş mühüm elmi nəticələrin alınmasıdır. İkincisi, tədqiqatların nəticələrinin xarici ölkələrin tanınmış jurnallarda geniş əks olunması Azərbaycan elminin dünya geologiya elminə interqasiyasına, imicinin yüksəlməsinə və Azərbaycan alimlərinin nailiyyətlərinin xaricdə təbliğinə imkan yaratmışdır.

 

 

    Söhbəti qələmə aldı: Səid HÜSEYNOV

 

    Xalq qəzeti.- 2010.- 23 iyun.- S. 6.