Erməni terroru...
İnsanların vəhşicəsinə qətlə
yetirilməsi ilə nəticələnən, bəşəri
cinayət hesab edilən terror
aktları beynəlxalq aləmdə böyük
hiddət doğurur. Ötən əsrin sonunda terror
aktlarının törədilməsi daha geniş miqyasda
yayıldı. Bunun başlıca səbəblərindən
biri terrorçu təşkilatlara
məskunlaşdıqları ölkələrdə dövlət
səviyyəsində himayədarlıq edilməsidir. Biz bunu Ermənistanın
timsalında açıq şəkildə görürük.
Ən müasir silahlarla
silahlanmış terror dəstələri,
təlim görmüş peşəkar, qəddar
terrorçulardan təşkil olunur və yüksək səviyyədə
himayə edilməsidir. Ona görə də
bu gün bütün dünyada
hamı üçün, hətta ən
qüdrətli, güclü dövlətlər
üçün də real
təhlükə mənbəyinə çevrilmiş
terrorizmin qarşısını almaq müşkül məsələyə
çevrilib.
Azərbaycan xalqı 200 il ərzində erməni millətçi şovinistlərinin davamlı olaraq etnik təmizləmə, ağlasığmaz terror aktlarına və soyqırımı siyasətinə məruz qalmış, günahsız insanlar, qocalar, uşaqlar, hətta hamilə qadınlar insanlığa sığmayan amansızlıqla, qəddarlıqla qətlə yetirilmiş, dəhşətli işgəncələrə məruz qalmışlar. Nüfuzlu beynəlxalq qurumlar və qüdrətli dövlətlər erməni terror təşkilatlarının törətdikləri vandal aktlarına ciddi münasibət bildirməmiş, terrorizmə qarşı mübarizədə həmrəylik nümayiş etdirməmişlər.
2001-ci il sentyabrın 11-də Amerikada törədilən dəhşətli terror aktlarından sonra beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparmaq barədə çağırışlar səsləndi. Sanki ABŞ rəsmiləri bundan sonra terror aktlarının acı fəsadlarını, dəhşətlərini dərk etdilər. Çünki bu dövlətin özü terrorizmin acı günlərini yaşadı. Bu dəhşətli faciədən sonra bir daha aydın oldu ki, hətta dünyanın ən qüdrətli, güclü iqtisadiyyata, hərbi texnikaya malik dövlətlərinin də terror təhlükəsindən sığortalanmaq üçün təminatı yoxdur. Elə bu yaxınlarda Moskva metrosunda baş vermiş terror aktlarını yada salaq. Dünyanın güclü dövlətlərindən hesab edilən Rusiya Federasiyasının mərkəzində törədilmiş terror aktları nəticəsində çoxlu sayda insanlar həlak oldu. Bu günahsız insanlar kimlərinsə intiqam hissinin qurbanına çevrildi.
Qeyd etdiyim kimi, ölkəmiz də ermənilər tərəfindən dəhşətli terror aktlarına məruz qalmışdır. Son illər öz hərbi, iqtisadi, siyasi qüdrətini zaman-zaman artıran, dünyanın inkişaf etmiş müstəqil dövlətinə çevrilmiş Azərbaycan terrorizmə qarşı mübarizə tədbirlərini ardıcıl olaraq həyata keçirir. Beynəlxalq terrorizmdən əziyyət çəkən ölkə kimi Azərbaycan beynəlxalq antiterror koalisiyasına qoşularaq bu müdhiş bəlaya qarşı mübarizədə yüksək fəallıq göstərir. Söz yox ki, bu mübarizəyə qoşulan dövlətlər qismən də olsa, uzun illər ərzində formalaşmış, terrorizm sisteminin geniş şəbəkəsini parçalamış, bu bəlaya qarşı mübarizənin cəbhəsini genişləndirmişdir. Məhz bu düşünülmüş mübarizənin nəticəsidir ki, son illər erməni terror təşkilatları öz çirkin niyyətlərini istədiyi şəkildə həyata keçirə bilmirlər. Nə qədər ki, dünya siyasətində ikili standartlar mövcuddur, nə vaxta qədər işğalçı, terrorçu öz adıyla çağırılmayıbsa, təcavüzkara təcavüzkar deyilməyibsə, terrordan qorunmaqdan söhbət gedə bilməz. Əgər ABŞ 2001-ci il 11 sentyabr terrorunun dəhşətlərini yaşamasaydı, yəqin ki, hələ də terror aktlarını sakitcə seyr edəcəkdi.
Dünyanın ən tanınmış terror təşkilatları sırasında Ermənistanın ASALA terror təşkilatının da yer aldığı hamıya bəllidir. Ümumiyyətlə, bu ölkə terror ocağı kimi tanınıb. ASALA terror təşkilatı ilə yanaşı "Armenakan", "Hnçak", "Daşnaksütun" partiyalarının da proqramının əsasını terrorizm, terror üsulları təşkil edir. XIX əsrin sonları və XX əsrdə bu və digər erməni terror təşkilatları Azərbaycanda və Türkiyədə dəhşətli terror aktları törətmiş, on minlərlə günahsız insanlar xüsusi amansızlıqla qətlə yetirilmiş və ya ömürlük şikəst olmuşlar.
Ermənilər Azərbaycan ərazilərini işğal etməklə əhalini öz doğma torpaqlarından didərgin salır, dinc əhaliyə amansız divan tutur, sərnişin nəqliyyatlarında və mülki obyektlərdə terror aktları törədirdilər. Belə vandal aktları nəticəsində 2 mindən artıq günahsız insan həlak olmuş, çoxlu sayda insan ömürlük şikəst olmuşdur. Dəhşətli terror aktlarından biri 1989-cu il sentyabrın 16-da törədilib. Bakı-Tibilisi sərnişin avtobusu partladılmış, 30 nəfər həlak olmuş və yaralanmışdır. Bu qanlı hadisə elə bir vaxtda törədildi ki, həmin dövrdə Azərbaycanda özbaşınalıq, anarxiya, xaos baş alıb gedirdi. Hakimiyyətdə olanların fərsizliyindən, cəsarətsizliyindən, prinsipial mövqe nümayiş etdirə bilməmələrindən istifadə edən erməni terror təşkilatları insanlığa sığmayan əməllərini, vəhşiliklərini davam etdirirdilər. Bir tərəfdən də Sovet rəhbərliyinin himayədarlığı, ermənilərə göstərdikləri xüsusi qayğı terrorçuları daha da quduzlaşdırmışdı. Bunun ardınca 1990-cı ilin fevralında Şuşa-Bakı, həmin ilin avqustunda Tbilisi-Ağdam marşrutları üzrə hərəkət edən sərnişin avtobuslarında da terror aktları törədilmişdir. Bu partlayışlarda üst-üstə 40-a yaxın günahsız insan qətlə yetirilmişdir. Sonradan məlum olmuşdur ki, bu terror aktlarını A. Avanesyan və M. Tatevosyan törətmişlər. 1990-cı ildə Ə. Vəzirov hakimiyyəti atıb qaçdıqdan sonra onun yerinə gələn Ayaz Mütəllibovun hakimiyyətdə olduğu vaxtda da əhalinin təhlükəsizliyi təmin olunmadı. Başı öz hakimiyyətini qoruyub saxlamağa qarışan A. Mütəllibov ölkənin müdafiəsini tamamilə unutmuşdu. Bir tərəfdən də daxili gərginlik, ayrı-ayrı qruplaşmaların hakimiyyəti ələ keçirmək cəhdləri, bu məqsədlə ətraflarında çoxlu sayda qeyri-qanuni silahlı dəstələr saxlamaları, sərhədlərimizin qorunmasını və əhalinin təhlükəsizliyinin təmin olunmasını tamamilə unutdurmuşdu. Erməni silahlı birləşmələri və terrorçuları bundan yararlanaraq azərbaycanlıları amansızcasına qətlə yetirməkdə davam edirdilər. 1990-cı il martın 24-də erməni terrorçuları Qazax rayonuna basqın edərək 6 nəfəri qətlə yetirmişlər. 1991-ci il mayın 30-da Dağıstanın Xasavyurd stansiyası yaxınlığında Moskva-Bakı sərnişin qatarının partladılması da faciəli sonluqla nəticələndi: 11 nəfər həlak oldu, 22 nəfər isə yaralandı.
Erməni terrorçuları öz vəhşiliklərini müxtəlif nəqliyyat vasitələrində - gah sərnişin avtobuslarında, gah qatarlarda, gah da dəniz bərəsində törətməklə iz azdırmağa çalışır, təhlükəsizliyin təmin olunmadığı sahələrdə daha çox faciələr törədirdilər. Fikir verin, 1991-ci noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları Azərbaycana məxsus "Mi-8" vertolyotunu atəşə tutaraq partlatmış, nəticədə tanınmış şəxslər, dövlət xadimləri , o cümlədən Rusiya və Qazaxıstandan olan müşahidəçilər də daxil olmaqda 23 nəfər həlak olmuşdur. Bir neçə ay sonra isə 1992-ci il yanvarın 8-də Türkmənistandan Krasnovodsk-Bakı marşrutu ilə hərəkət edən dəniz bərəsində terror aktı törətməklə 25 nəfəri qətlə yetirmişlər. Həmin faciədə 88 nəfər yaralanmışdır. Göründüyü kimi, təkcə iki terror aktı zamanı 48 nəfər həlak olmuşdur.
Ümummilli liderin hakimiyyətə gəlişindən sonra əhalinin təhlükəsizliyinin təminatı istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirildi. Ermənistanın ASALA terror təşkilatının planlaşdırdığı bir neçə terror aktlarının qarşısı alındı. Əvvəllər terror törədərək günahsız insanları qətlə yetirmiş erməni terrorçularından A. Mkrtıçyan, T.Petrosyan, A.Manqasaryan və T.Arustamyan həbs olunaraq qanuni cəzalarını aldılar.
Ulu öndərin apardığı islahatlara, ölkədə yaradılan ciddi nizam-intizama dözməyən, bundan əvvəl hakimiyyətdə olan qorxaq rəhbərlərin cəsarətsizliyindən öz şəxsi mənafeləri naminə istifadə edən və bu hesaba çoxlu var-dövlət toplayan bəzi harınlamışlar 1994-cü ildə ölkədə dövlət çevrilişi etməyə cəhd göstərdilər. 1994-cü ilin fevral və martında Bakı dəmiryolu vağzalında Kislovodsk qatarında və metronun 20 Yanvar stansiyasında törədilmiş partlayışlar qabaqcadan düşünülmüş, planlaşdırılmış bir aksiya idi. Hər iki terror aktının Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil edildiyi məlum oldu. 20 Yanvar metrostansiyasındakı faciədə "Sadval" təşkilatının da iştirakı sübuta yetirildi.
Belə faktlardan istənilən qədər göstərmək olar. Göründüyü kimi, erməni terror təşkilatları tərəfindən mütəmadi olaraq terror aktları törədilmiş və çoxlu sayda insanlar - qocalar, qadınlar, uşaqlar həlak olmuşlar.
Torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən bu gün də işğal altında saxlanılması və beynəlxalq qurumların, özünü demokratik hesab edən dövlətlərin buna biganə yanaşması yeni terror aktlarının törədilməsinə rəvac verir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu məsələyə hələ də biganə yanaşmaları, terrorçu və işğalçı Ermənistana dəstək vermələri haqlı narazılıqlar törədir. Axı həmsədr dövlətlərdən ikisi - ABŞ və Rusiya belə terror aktlarının hədəflərinə çevriliblər. Məhz bu terror aktlarının təşkilatçılarının cəzalandırması üçün ABŞ hərbçiləri tərəfindən Əfqanıstanda və İraqda aparılan əməliyyatlarda çoxlu sayda günahsız insanlar qətlə yetirilib. ABŞ hərbçilərinin bu ölkələrdə törətdikləri amansız işgəncələri gördükcə fikirləşirsən ki, məgər terror aktları nəticəsində qətlə yetirilmiş azərbaycanlıların hüquqları pozulmayıb? Bəs nədən ABŞ terrorçu və təcavüzkar Ermənistanı müdafiə edir? Minsk qrupunun digər həmsədri Rusiya isə Ermənistana 2 milyard dollar dəyərində silah bağışlayır. Bu yaxınlarda Moskva metrostansiyalarında terror aktları törədilərkən Rusiya rəsmlərinin necə əsəbiləşdiyinin və intiqam hissi ilə alışıb-yandıqlarının şahidi olduq.
Ermənilərin soyqırıma məruz qalmaları barədə apardıqları təbliğat kampaniyası artıq iflasa uğrayıb. Bu günlərdə bir neçə xarici ölkə parlamentində "erməni soyqırımı" iddiasının qəbul edilməməsi ondan xəbər verir ki, artıq dünya ictimaiyyəti erməni yalanlarından bezib. Onlara da məlumdur ki, ermənilərin özləri terrorçudur və soyqırımı törədən də elə onlar özləridir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2010.-
23 iyun.- S. 6.