Təhsil dövlət
siyasətinin prioritet istiqamətlərindən biridir
Hər
xalqın tarixində baş verən siyasi olaylar onun taleyinə
müxtəlif tərəflərdən ciddi təsir göstərir.
Azərbaycan xalqı son iki əsrdə çox
belə siyasi olayın şahidi olub. Təkcə
XX əsrdə Azərbaycanın siyasi mühiti dəfələrlə
dəyişib. Böyük Oktyabr Sosialist inqilabı, Azərbaycan
Demokratik Respublikasının yaranması, sonradan Azərbaycanda
sovet hakimiyyətinin qurulması və nəhayət, müstəqil
Azərbaycan Dövlətinin yaranması. Bütün bunlar
söz yox ki, sosial institutların da fəaliyyətində
müəyyən problemlər yaratmışdır. Elə, milli təhsilimizi götürək. Hər dövrdə dövlət öz təhsil
siyasətini formalaşdırmağa
çalışmışdır. 70 il
sovetlər ittifaqının tərkibində yaşayan Azərbaycanda
sovet təhsil ideologiyası hakim olmuş, lakin Azərbaycanın
müstəqillik qazanmasından sonra təhsilimizdə də
müstəqil siyasət yürüdülməyə
başlandı. Xalqımız bir ictimai
quruluşdan digərinə keçdiyindən təhsilimiz də
sovet ideologiyasından çıxaraq bəşəri xarakter
almağa başladı. Bu çox çətin, lakin
vacib proses idi. Bugünkü siyasət və ideologiya
keçmiş siyasətin və ideologiyanın davamı
olmadığından, bugünkü təhsil də yeni cəmiyyətin
qanunlarına, yaşam prinsiplərinə
uyğunlaşdırılmalı idi.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışı müstəqil Azərbaycanın təhsil
siyasətində yeni dövrün
başlanğıcını qoydu. Beləliklə,
dağılmaq təhlükəsindən xilas olmuş ölkəmizdə
təhsil sisteminin yeniləşməsi də vacib məsələ
kimi qarşıda dururdu. Azərbaycanın
təhsil sisteminin sovet təhsil sisteminin ideolooji
buxovlarından ayrılıb bəşəri təhsil sisteminə
qovuşması üçün ilk növbədə yeni təhsil
sisteminin nəzəriyyəsi, fəlsəfəsi, təhsil
sahəsində dövlət siyasətinin əsas istiqamətləri,
konseptual müddəaları, fəaliyyət prinsipləri, təhsilin
məzmunu, məqsədi və strukturu müəyyənləşdirilməli
idi.
Müstəqilliyin ilk illərində ölkə
iqtisadiyyatı bərbad vəziyyətdə olduğundan,
sosial sahələrdə islahatlar bir az
gecikdirildi. Ulu öndər təhsil sahəsinə
çox ciddi yanaşmağın lazım olduğunu bildirir,
islahatın bu sahədə mərhələlərlə
aparılmasının vacibliyini nəzərə
çatdırırdı. "Təhsil
mürəkkəb bir sahədir, - deyirdi. - Təhsil sahəsi
nə sənayedir, nə kənd təsərrüfatıdır,
nə də ticarətdir. Bu cəmiyyətin
xüsusi, intellektual cəhətini əks etdirən sahədir".
Yeni qurulan dövlətdə birinci məsələ
söz yox ki, dövlət maşınının qurulması,
ikinci vacib məsələ isə mükəmməl təhsil
sisteminin yaradılmasıdır. Amerikada belə bir deyim
var: "Amerika cəmiyyətinin firavanlığı
universitetlərdə işin vəziyyətindən birbaşa
asılıdır".
Azərbaycanın
siyasi quruluşu dəyişdiyindən təhsilin fəlsəfəsi
də dəyişməli idi. Yaranacaq yeni təhsil
sistemi yeni quruluşun fəlsəfəsinə uyğun olaraq,
özündə yeni ideya, yeni münasibət, yeni təhsil
texnologiyalarını əks etdirərək yenidən
qurulmalı idi. Yeni təhsil sistemi Azərbaycanın
müstəqilliyinə və iqtisadiyyatına xidmət etməyə
yönəldilməli idi.
Beləliklə, müstəqil Azərbaycan
dövləti öz müstəqil təhsil siyasətini həyata
keçirmək üçün ilkin islahatların
keçirilməsinə 1999-cu ildə başladı. Həmin
ilin iyun ayının 15-də ulu öndər "Azərbaycan
Respublikasının təhsil sahəsində islahat
Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncam
verdi. Bu Proqram ümummilli
liderin 30 mart 1998-ci ildə imzaladığı sərəncamla
təsdiq edilmiş Dövlət Komissiyası tərəfindən
hazırlanmış və Dünya Bankı da bu işə cəlb
olunmuşdu. Proqramın girişində
yazılırdı: "Təhsil sistemində islahatların zəruriliyi
respublikanın sosial-iqtisadi, ictimai-siyasi və dövlət
quruluşunda baş vermiş köklü dəyişikliklərilə
bağlıdır. İndiki mərhələdə
təhsil sistemi inzibati-amirlik prinsipinə əsaslanan
totalitarizmdən azad, açıq, demokratik və
çoxşaxəli formada qurulmalıdır".
Ulu öndər Heydər Əliyev deyirdi: "Təhsil
sahəsi həyatımızın ən gərəkli, ən
mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər
əsasında qurulmalıdır". Azərbaycan
təhsili yenidən qurularkən məhz onun milli xüsusiyyətlər
əsasında formalaşması, milli-mənəvi dəyərlərə
xüsusi diqqət yetirilməsi başlıca amillərdən
idi.
Həyata keçirilən təhsil
islahatı mərhələli xarakter daşıyırdı və
hər mərhələnin öz məqsədləri, vəzifələri
var idi. Keçən 11 ilin yekunları göstərir ki,
dövrün, zamanın tələblərinə görə
müasir dünya təcrübəsi əsas tutulmaqla ümumi
təhsilin yeni konsepsiyasının işlənib
hazırlanması, fənlərin məzmununun konseptual müddəalarının
müəyyənləşdirilməsi və fənn
kurrikulumlarının yaranması, məzmunda standart məfhumun
reallığa çevrilməsi, təhsil tariximizdə yadda
qalacaq mühüm nailiyyətlərdir.
Heydər Əliyevin müəllifi
olduğu Təhsil İslahatı Proqramı yeni dövrün
təhsil tarixində əhəmiyyətli yer tutur. Bu islahatlar təhsilin əksər sahələrini əhatə
edirdi, ancaq başlıca istiqamət orta ümumtəhsil məktəblərinin
inkişafına, onların maddi-texniki bazalarının
möhkəmləndirilməsinə yönəldilmişdi.
Heydər Əliyevin hakimiyyəti illərində
Azərbaycan müəllimlərinin sosial vəziyyətinin
yaxşılaşması istiqamətində bir sıra
uğurlu addımlar atılmışdır. Bu illərdə
dövlətimiz tərəfindən müəllimlərin əməkhaqlarının
yüksəldilməsi, onların müxtəlif fəxri
adlarla təltif olunması və s. pedaqoji kadrların təhsilin
keyfiyyətinə marağını xeyli
artırmışdır.
Təhsilin maddi-texniki bazasının
yüksəldilməsi dövlətimizin qarşıya
qoyduğu vacib məsələlərdən idi.
Məlumdur ki, 90-cı illərdə
baş verən siyasi olaylar təhsilin maddi-texniki bazasına
çox güclü təsir göstərmişdi. Məktəblərimizdə hədsiz sıxlıq
idi, əksər məktəblər qəza vəziyyətinə
düşmüşdü, məktəb avadanlıqları
tamamilə yararsız halda idi, eləcə də istilik sistemi
yox vəziyyətində idi. Ulu öndər yeni məktəblərin
tikintisi ilə bağlı Dövlət Proqramının hazırlanmasını
əhəmiyyətli məsələ kimi qarşıya
qoymuşdu və 2003-cü il fevralın
17-də ümummilli lider "Azərbaycan Respublikasında yeni
ümumtəhsil məktəblərinn tikintisi, mövcud məktəblərin
əsaslı təmiri və müasir tədris
avadanlıqları ilə təmin olunmasına dair Proqramın
(2003-2007-ci illər)" təsdiq edilməsi haqqında" sərəncam
imzaladı.
Bu gün fəxrlə deyə bilərik
ki, məktəb tikintisi sahəsində Azərbaycan MDB məkanında
ilk yerlərdən birini tutur. Ulu öndərin
siyasətinin uğurlu davamçısı cənab
Prezidentimiz məktəb tikintisini çox vacib məsələ
kimi qarşıya qoymuş və hazırda bu sahədə
yeni Proqramlar reallaşdırılmaqdadır.
Qeyd edək ki, həmin proqramın həyata
keçirilməsi işini sürətləndirmək məqsədi
ilə Təhsil Nazirliyində Tikinti İdarəsi
yaradıldı. Son illərdə 350 min
şagird yerlik 1300 yeni məktəb binası tikilib istifadəyə
verilmişdir, təkcə 2008-ci ildə 161 yeni məktəb
tikilmiş, 129 məktəb əsaslı təmir
olunmuşdur. Bu sahədə Heydər Əliyev
Fondunun xidmətləri də yüksək qiymətə
layiqdir. Fondun layihəsi olan "Yeniləşən Azərbaycana
yeni məktəb" layihəsi əsasında 226 yeni məktəb
binası tikilmiş, 39 məktəb, 10 uşaq
bağçası əsaslı təmir olunmuşdur.
Bakı və Abşeronda yeni məktəblərin
tikintisi üzrə ayrıca Dövlət Proqramı qəbul
olunmuşdur. Bundan başqa regionların
inkişafına dair Dövlət Proqramında ölkənin
ayrı-ayrı bölgələrində məktəb tikintisi
məsələsi diqqət mərkəzində olmuşdur.
Ümumiyyətlə, bütövlükdə
son illər təhsilin inkişafına xidmət göstərən
16 Dövlət Proqramı qəbul edilmişdir. Bu
Proqramlar məktəbəqədər təhsil, texniki peşə,
orta ümumtəhsil və ali məktəblərin
inkişafını nəzərdə tutan dövlət əhəmiyyətli
fəaliyyət istiqamətlərini müəyyənləşdirir.
Təhsil sahəsini ölkənin
inkişafının prioritetlərindən biri elan etmiş
hörmətli Prezidentimiz İlham Əliyev 2004-cü ilin
avqust ayında orta ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları ilə təmin
edilməsi proqramını təsdiq edən sərəncam
imzaladı. Həmin Proqram 2005-2007-ci illəri
əhatə edirdi və artıq onun reallaşması təmin
edilmişdir. Bu gün orta ümumtəhsil
məktəblərinin V-XI sinif şagirdlərinin hər 29 nəfərinə
1 kompyuter nisbəti həll olunmuşdur. Halbuki
proqrama qədərki dövrdə bu göstərici 1000
şagirdə 1 kompyuter nisbətində idi. Həmçinin, ölkəmizin tarixində ilk dəfə
olaraq Azərbaycan tarixi, kimya, fizika, biologiya fənləri
üzrə elektron dərsliklər, təlim materialları və
əyani vəsaitlər hazırlanmışdır. Bir neçə məktəbdə "elektron məktəb"
layihəsi hazırlanmışdır.
Dövlət başçısının
sərəncamı ilə 2008-ci ildə "Təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı (2008-2012-ci illər)" qəbul olundu. Bu İKT-nın təhsil sistemində tətbiqinin həlledici
mərhələsi hesab olunur. Məsələnin
aktuallığını nəzərə alıb Təhsil
Nazirliyində bu sahədə yeni idarə
yaradılmışdır. Həmin proqramın
reallaşması istiqamətində bu gün məqsədyönlü
iş aparılır.
Dövlətimizin təhsillə
bağlı qəbul etdiyi inkişafyönlü proqramlar təhsilimizin
irnkişafına davamlı xarakter verməklə, onu dünya
standartları səviyyəsində qurmağa da imkan
yaradır. Pedaqoji kadr hazırlığı, xüsusi
istedada malik uşaqların yaradıcılıq
potensialının inkişafı, məktəbəqədər
təhsilin yeniləşdirilməsi, məktəblərin
avadanlıqlarla təmin olunması, gənclərin xaricdə
təhsil almaları, texniki peşə təhsilinin təkmilləşdirilməsi,
ali məktəblərin inkişafı və s. məsələlərlə
bağlı qəbul olunmuş proqramların bir qismi həyata
keçirilmiş, bəziləri isə reallaşmaq üzrədir.
Təhsildə dövlət siyasətinin
bir istiqaməti də müasir tələblərə
uyğun dərsliklərin və dərs vəsaitlərinin
müasir tipli tədris proqramlarına uyğun
hazırlanması məsələsi ilə
bağlıdır. Aydındır ki, bizim
dərsliklər əsasən kiril əlifbası ilə
çap olunan dərsliklər idi. Bu, məsələnin
birinci tərəfi idi. Digər tərəfdər,
milli dərsliklərin yeni proqramlar əsasında
hazırlanması vacib məsələ idi.
İndi bu dərsliklərin
hazırlanmasını üç mərhələyə
bölürlər. 1992-1998-ci illəri əhatə
edən 1-ci mərhələ, 1999-2000-ci illəri əhatə
edən 2-ci mərhələ və nəhayət, son
dövrü əhatə edən 3-cü mərhələ.
I mərhələnin çətinliyi onda idi ki, latın qrafikalı dərsliklər
yaradılmalı idi. Bütün çətinliklərə
baxmayaraq, yeni nəsil dərsliklərin yaradılmasına
başlandı. II mərhələ dərsliklərin
məzmunca yeniləşməsi, standartlara cavab verən dərsliklərin
hazırlanması, dərsliklərlə fasiləsiz təminatla
səciyyələnir. Dövlətimizin
başçısının səyi nəticəsində dərsliklər
tədricən məktəblərə pulsuz verilməyə
başlanıldı. III mərhələdə
dərsliklərin keyfiyyət göstəricilərinə diqqət
artırıldı və Dövlət Proqramının həyata
keçirilməsi sahəsində uğurlu nailiyyətlər
qazanıldı. Təkcə 2007-2008-ci tədris ilində
I--XI sinif şagirdləri üçün 155 adda 5.185 min
nüsxə dərslik hazırlanmış və çap
olunmuşdur. Ölkənin dərslik siyasətində
başlıca məqsəd məktəbləri müasir
standartlara uyğun bilik, bacarıq və vərdişlərə
yiyələnən, Vətəninə, xalqına, onun adət-ənənələrinə
bələd olan, milli və ümumbəşəri dəyərlər
zəminində formalaşan, fiziki və mənəvi cəhətdən
sağlam, müstəqil həyata hazır və demokratik
düşüncəli vətəndaşlar kimi yetişdirməkdir.
Məhz bu baxımdan şagirdlərin yalnız
dərsliklər deyil, digər əlavə vəsaitlərlə
təminatı istiqamətində respublikamızda uğurlu
addımlar atılmaqdadır. Dərslik probleminin həlli
istiqamətində son illər əsaslı iş
aparılır. 1999-cu ildən isə yeni məzmun
və formalı dərsliklərin yaradılmasına
başlanılmışdır. Xüsusilə,
kurrikulum islahatının keçirilməsi yeni dərsliklərin
yaranmasını zəruri edir. Ən əsası
odur ki, dünya təcrübəsində tətbiq olunan
mütərəqqi mexanizm dərslik
yaradıcılığı sahəsində fəaliyyətin
əsasına çevrilmiş və artıq dönməz
xarakter almışdır.
Təhsilin məzmununun yeniləşməsi,
keyfiyyətinin yüksəldilməsi istiqamətində son illər
həyata keçirilən tədbirlər öz səmərəsini
vermişdir. Təhsildə standartların şagirdlərin
nailiyyətlərinin qiymətləndirilməsinə tətbiqi
sahəsində işlər davam etməkdədir.
Son illər orta ümumtəhsil məktəblərində
mərkəzləşmiş qaydada keçirilən
buraxılış imtahanları təhsilin keyfiyyətinə əsaslı
təsir göstərmişdir. Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə hər il
keçirilən "ən yaxşı ümumtəhsil məktəbi",
"ən yaxşı müəllim" müsabiqəsi bir
tərəfdən təhsilin keyfiyyətinə təsir
göstərirsə, digər tərəfdən müəllimlərin
maddi həvəsləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Hər il müsabiqənin qalibi olan 50 ümumtəhsil məktəbi
10000 manat, 100 müəllim isə 5000 manat məbləğində
mükafatlandırılır.
Dövlətimizin həyata keçirdiyi təhsil siyasətinin
uğurlu nəticəsidir ki, son illər ali
məktəblərə tələbə qəbulu zamanı məzunlar
daha yüksək bal toplayır, hətta 700 bal toplayan
abituriyentlərin sayı artır.
Əlbəttə, təhsilin digər sahələrində,
texniki peşə, orta ixtisas və ali təhsil
sahəsində uğurlar çoxdur. Bu
uğurların qazanılmasının başlıca səbəbi
ölkəmizdə təhsil siyasətinin davamlı olaraq
sürətlə həyata keçirilməsidir. Xüsusilə, bu siyasəti reallaşdıran Təhsil
Nazirliyində hazırlanan çevik mexanizmlər "millətin
gələcəyinin asılı olduğu" təhsil
islahatlarını başa çatdırmaq üçün əsaslı
imkanlar yaradır.
Nəhayət ki, Milli Məclis uzun illərin müzakirələrindən
sonra "Təhsil haqqında" qanunu ötən il qəbul etdi. Bu qanunun qəbulu
təhsildə bir sıra yeniliklər yaradacağı
şübhəsizdir. 1992-ci ildə qəbul
olunmuş qanun onsuz da cəmiyyətin inkişafı tələblərinə
cavab vermirdi.
Dövlətimiz gücləndikcə, təhsilə
dövlət qayğısı da artır. Müəllimlərin əmək haqqının
qaldırılması istiqamətində işlər davam
etdirilməkdədir. Artıq uzaq
rayonların kəndlərində çalışan müəllimlərə
əlavə kompensasiyalar verilir, onların işləməsi
üçün dövlət tərəfindən lazımi
şərait yaradılır.
Ulu öndər deyirdi: "Hesab edirəm ki, cəmiyyət
hardan olur-olsun, nədən olursa kəsib təhsilə xərcləməli,
gənc nəslin təhsilinə, müəllimə kömək
etməlidir".
Bu gün dövlətimiz, onun rəhbəri,
hörmətli Prezidentimiz məhz təhsilin inkişafına
heç nəyi əsirgəmir. Biz
müstəqil Azərbaycanımızın gələcəyinin
təməlini bu gün yaratmalıyıq. Bu təməl nə qədər möhkəm
olacaqsa, gələcəyimiz də bir o qədər nurlu,
işıqlı olacaq. Burada isə ən əsas
vəzifə milli təhsilin üzərinə
düşür.
Bu yazını hörmətli Prezidentimizin
aşağıdakı sözləri ilə bitirmək istəyirik:
"Təhsil Azərbaycanın davamlı inkişafı
strategiyasının ən öncül istiqamətlərindən
biridir".
Məqalə Təhsil Nazirliyi, Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun və Mətbuat Şurasının birgə
keçirdiyi müsabiqəyə təqdim olunur.
Mahmud QƏZƏNFƏROĞLU
Xalq qəzeti.- 2010.- 18
iyun.- S. 5.