Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq səylər onun nəticələri

 

    92-ci ildönümünü qeyd etdiyimiz müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq mövcudluğu dövründə dövlətçilik baxımından olduqca mühüm və əhəmiyyətli addımlara imza atmışdır. Bu addımlar olduqca mürəkkəb daxilixarici təzyiqlər fonunda, xüsusilə də Azərbaycanın ərazi bütövlüyünə qarşı Ermənistanın hərbi təcavüzünün başlanılması şəraitində həyata keçirilmişdir. Tarix təkrar olunur. Azərbaycan 1991-ci ildə öz müstəqil dövlətçiliyini bərpa etdikdən sonra, Ermənistanın işğalçılıq siyasətinin hədəfinə çevrilmişdir. Artıq 22 ildir ki, Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və təcavüz siyasəti davam edir. "Nə sülh, nə də müharibə vəziyyəti"nin də 16 "yaşı" tamam olmuşdur. Əslində müharibə davam etməkdədir, lakin onun aktiv hərbi fazasında atəşkəsdir.

 

    Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində atəşkəsi mütəmadi olaraq pozması hərbi əməliyyatların istənilən anda başlanmasının mümkünlüyünü təsdiqləyir. 1992-ci ilin mart ayında yaradılmış və münaqişənin tənzimlənməsində vasitəçi missiyasını yerinə yetirən ATƏM-in Minsk qrupu isə permanent atəşkəsdə israrlıdır. Ermənistan da eyni müvəffəqiyyətlə həmin israrları qulaqardına vurmaqda davam edir. Yeri gəlmişkən, ATƏT-in Minsk qrupunun nəticə baxımından bir çox hallarda fəaliyyətsizlik kimi təsir bağışlayan fəaliyyətinin də bu ilin mart ayında 18 "yaşı" tamam olmuşdur.

    1999-cu ildən bəri təxminən 40 dəfə münaqişənin həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edən ATƏT-in Minsk qrupunun nəticə baxımından öyünməyə haqqı yoxdur. Əvvəllər dəfələrlə olduğu kimi, elə indi də ATƏT-ə sədrlik edən Qazaxıstanın mövqeyinə görə, münaqişə tərəfləri özləri tənzimləmə prosesində addımlar atmalıdırlar. ATƏT isə istənilən razılaşmanı dəstəkləyəcəkdir. Qəribə məntiqdir. Əgər doğrudan da münaqişə tərəfləri vasitəçi olmadan razılığa gəlmək iqtidarındadırsa, onda ümumiyyətlə, ATƏT-ın Minsk qrupu nəyə lazımdır sualı kifayət qədər aktuallaşır. Təəssüf ki, münaqişənin həlli prosesi ilə bağlı acı reallıq belədir.

    Münaqişənin tənzimlənməsində maraqlı olduğunun görüntüsünü yaratmaq və növbəti dəfə beynəlxalq ictimai fikri aldatmaq istəyən Serj Sarkisyan Azərbaycan Prezidenti İlham Əliyevlə 2008-ci ilin iyun ayında Sankt-Peterburqda, noyabrında Moskvada, 2009-cu ilin yanvarında Sürixdə, mayında Praqada, iyununda Sankt-Peterburqda, iyulunda Moskvada, oktyabr ayında Kişinyovda, noyabrında Münhendə və nəhayət, bu ilin yanvarında Soçidə görüşsə də, tutduğu qeyri-konstruktiv mövqe ucbatından problemin həllində real nəticə hasil olmamışdır. Əslində, S.Sarkisyan hökuməti konfliktin həlli naminə siyasi iradə nümayiş etdirmək iqtidarında deyildir. Xalqı səfalət, işsizlik və aclıq həddində yaşayan dövlətin iqtidarının bu vəziyyətdə totalitar-terrorçu idarə metodlarına üstünlük verməsi siyasəti anlaşılandır. Bu siyasətin mühüm həlqələrindən birini də ölkədaxili ictimai fikri öz üzücü gündəlik problemlərindən yayındırmaq və onu kənar istiqamətlərə yönəltmək təşkil edir. Belə hallarda cəbhə bölgəsində atəşkəs rejimini pozmaqla Azərbaycan tərəfini daha ciddi adekvat addımlar atmağa təhrik etmək və nəticədə ölkədaxili deyil, ölkəxarici problemlərin prioritetliyini qabartmaq hakimiyyətin mövcudluğunu qoruyub saxlamağın Ermənistanda dəfələrlə sınaqdan çıxarılmış üsuludur.

    2008-ci ilin mart ayının 1-2-də Ermənistanda prezident seçkilərinin nəticələrinin total şəkildə pozulmasına etiraz edən dinc əhalinin S.Sarkisyan iqtidarı tərəfindən gülləbəran edilməsi nəticədə 10 nəfərin öldürülməsi və 200 nəfərin yaralanması faktı beynəlxalq birliyə məlumdur. O da məlumdur ki, S.Sarkisyan hakimiyyətinin ölkə daxilində avtoritar idarəetmə üsuluna, ölkə xaricində isə təcavüzkar siyasətinə beynəlxalq birlik hələ də göz yumurbununla da cəzasızlıq reciminin hökm sürməsinə şərait yaradır. İstənilən halda cəzasızlıq rejiminin aqressoru yeni-yeni cinayətlərə sövq etməsi danılmaz həqiqətdir. XX əsrdə Avropa iki dünya müharibəsinin timsalında bu həqiqətin dəhşətli fəsadlarını yaşamışdır.

    Elə məhz bu cəzasızlıq mühitindən qaynaqlanaraq Ermənistan prezidenti S.Sarkisyan həm bu il Londonda Kral Strateji Araşdırmalar İnstitutunda, həm də Suriyada rəsmi səfərdə olarkən etdiyi çıxışlar zamanı keçən əsrin 80-ci illərinin ritorikasını xatırladan bəyanatlar veribdir. İşğalçı dövlətin rəhbərinin mövqeyinə görə, Dağlıq Qarabağ heç bir halda Azərbaycanın tərkibində qala bilməz. Terrrorizmi dövlət siyasəti səviyyəsinə qaldırmış ölkənin prezidentinin fikrincə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesləri əlahiddə olaraq aparılmalı və burada heç bir paralellikdən söhbət gedə bilməz.

    Halbuki hər iki prosesin həlli bir-biri ilə son dərəcə bağlıdır. Burada cox ciddi səbəb-nəticə əlaqəsi vardır. Ermənistanın silahlı qüvvələrinin 1993-cü ildə Azərbaycanın Dağlıq Qarabağ ərazisinin hüdudlarından kənardakı Kəlbəcər rayonunu işğal etməsinə (səbəb) cavab olaraq Türkiyə həmin ildə bu ölkə ilə sərhədlərini bağlamışdır (nəticə). Türkiyənin Baş naziri R.T.Ərdoğanın təbirincə desək, yalnız səbəb aradan qaldırıldığı halda nəticə də öz həllini tapa bilər. ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin himayəsi və təzyiqi altında 2009-cu il oktyabrın 11-də Türkiyə və Ermənistan xarici işlər nazirləri Ə.DavudoğluE.Nalbandyan arasında imzalanmış "Sürix protokolları"nın Türkiyə Böyük Millət Məclisində ratifikasiyasının baş tutmaması da əsasən bu səbəblə bağlıdır.

    Onu da xatırladaq ki, Ermənistanın Konstitusiya Məhkəməsinin protokolların mətnində etdiyi qeyri-qanuni və məsuliyyətsiz düzəlişlər rəsmi Ankaranın kəskin etirazına səbəb olmuşdu. Ermənistan prezidenti S.Sarkisyanın Vaşinqton-Paris marşurutunun ardınca siyasi məsləhətləşmələr üçün Moskvaya yollanması və geri qayıtdıqdan sonra aprelin 22-də ölkəsinin protokolların ratifikasiyasını təxirə salması ilə bağlı bəyanat verməsi bu prosesin tam olaraq dalana dirəndiyini və perspektivsizliyini növbəti dəfə təsdiqləmişdir. Əslində Ermənistanın qeyri-konstruktiv və məsuliyyətsiz davranışı fonunda protokol ətrafında gedən proseslərin məhz bu şəkildə yekunlaşacağını proqnozlaşdırmaq mümkün idi. Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması layihəsinin müəllifinin məhz ABŞ olduğu bəllidir. Rəsmi Vaşinqton heç bir ilkin şərt irəli sürülmədən, daha dəqiq desək, Dağlıq Qarabağ probleminin həlli prosesindən kənarda Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasında israrlıdır. Bu ilin aprel ayının 12-13-də Vaşinqtonda keçirilən nüvə sammitində Barak Obama administrasiyası bu mövqeni növbəti dəfə ortaya qoymuşdur. Ən acınacaqlısı isə odur ki, Türkiyə-Ermənistan münasibətləri və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ABŞ, Türkiyə və Ermənistan rəhbərliyinin iştirakı ilə keçirilən danışıqlarda Azərbaycan təmsil olunmamışdır. ABŞ-ın belə davranışının motivləri ilə bağlı Türkiyə Baş nazirinin sualına qarşı tərəfin verdiyi cavab təəccüb və təəssüf doğurur. Ermənistanın Atom Elektrik Stansiyasına (AES) malik olduğundan Vaşinqtona dəvət olunduğunu əsaslandırmağa çalışan ABŞ rəsmiləri bu nüvə obyektinin əslində Rusiyanın mülkiyyətində olduğundan xəbərsiz deyillər. Sammitə Gürcüstanın dəvət olunmasının səbəbləri ilə bağlı "ev sahibi"nin cavabı isə yalnız acı təbəssüm doğurur: "Hə, Gürcüstanda AES yoxdur. Burada anlaşılmazlıq olubdur". Belə cavabların qarşılığında ABŞ-ın özündə ya "nonsens", ya da "no comments" ifadələrini işlədirlər.

    Neytrallıq, bitərəflik və obyektivlik münaqişələrin həlli prosesi ilə bağlı beynəlxalq praktikada geniş tətbiq olunan vasitəçilik institutunun mahiyyətini ehtiva edən ən mühüm elementlərdir. Eyni missiyanı daşımağa borclu olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin, xüsusilə dünyada demokratiyanın mayakı və lokomotivi iddiasında çıxış edən ABŞ-ın münaqişənin tənzimlənməsi prosesində tutduğu mövqe neytrallıqdan uzaq, tərəfkeş və qeyri-obyektivdir. Bu mövqe birtərəfli qaydada işğalçı Ermənistanı müdafiəyə əsaslanır. Əks halda xarici havadarlarının hərtərəfli himayəsi hesabına ölkəmizin ərzisinin 20 faizini işğala məruz qoymuş, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olmuş Ermənistan dövlətinin hər cür ABŞ yardımları ilə mükafatlandırılmasına, Azərbaycanın isə əksinə Konqresin 1992-ci ildən bəri tətbiq etdiyi bədnam "907-ci maddə" ucbatından bu imkanlardan məhrum edilməsinə nə ad vermək olar? Hələ bu az imiş kimi, ABŞ Konqresi hər il separatçı Dağlıq Qarabağ rejiminə Azərbaycan ilə razılaşdırılmadan əlahiddə olaraq maliyyə yardımları göstərir. Sonuncu dəfə bu addım 2010-cu maliyyə ili üçün separatçı rejimə 8 milyon dollar vəsaitin ayrılması ilə atılmışdır.

    ABŞ-ın işğalçı Ermənistan dövlətini və separatçı Dağlıq Qarabağ rejimini himayə siyasəti onun münaqişənin tənzimlənməsində oynamalı olduğu neytrallıq prinsipinə daban-dabana ziddir və Azərbaycan ictimaiyyətində haqlı olaraq ciddi narahatlıq və hiddət doğurur.

    Heç şübhəsiz, ABŞ-ın Azərbaycana münasibətdə tutduğu belə anlaşılmaz mövqe son nəticədə bu dövlətin regionla bağlı strateji maraqlarına xidmət etmir və əslində bölgədə rəsmi Vaşinqtonun ziyanına işləyəcək yeni staus-kvo vəziyyətinin formalaşmasını şərtləndirir. Bu baxımdan may ayında keçirilməsi planlaşdırılan sayca ikinci Azərbaycan-ABŞ birgə hərbi təlimlərindən rəsmi Bakının qeyri-müəyyən müddətə imtina etməsinin motivləri anlaşılandır. Xatırladaq ki, keçən il Azərbaycan və ABŞ hərbçiləri "Regional cavab-2009" adlı birgə hərbi təlimlər keçirmişonun bu ildavam etdirilməsi haqqında razılıq əldə etmişdilər.

    Regionda baş verən proseslərin mənfi inkişaf tendensiyasına baxmayaraq, Azərbaycan tərəfi münaqişənin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunun 2004-cü ildə start verdiyi "Praqa prosesinə" sadiqdir. Bu proses çərçivəsində münaqişənin "mərhələli həll" yolu ilə tənzimlənməsi nəzərdə tutulmuşdur. Bu prosesin davamı olaraq 2007-ci ilin noyabr ayında ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə bağlı "Madrid prinsipləri"ni irəli sürmüşdür. Azərbaycan və Ermənistan tərəfləri bir neçə dəfə bu prinsiplərlə bağlı təkliflərini irəli sürmüşson nəticədə sənədin yeni variantı hazırlanmışdır. Sənədə əsasən, münaqişənin tənzimlənməsi prosesinin birinci mərhələsində Dağlıq Qarabağın hüdudlarından kənarda işğal altında olan 7 Azərbaycan rayonunun (Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın) azad olunması, məcburi köçkünlərin öz yurd-yuvasına qaytarılması, bölgədə beynəlxalq sülhməramlıların yerləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi, kommunikasiyaların bərpası və iki xalqın təhlükəsizlik şəraitində yaşamasını təmin edən digər addımların atılması nəzərdə tutulmuşdur. Yalnız növbəti mərhələdə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsinə baxılacağı sənəddə əks olunmuşdur. Konfidensial xarakterli "Madrid prinsipləri"ndən geniş ictimaiyyət üçün məlum olan müddəlar bunlardan ibarətdir.

    Azərbaycan tərəfi yenilənmiş "Madrid prinsipləri"nin bir sıra nüanslarından narazı qalsa da, münaqişənin həlli naminə prinsip etibarilə sənədi qəbul etməyə hazır olduğunu bildirmişdir. Bununla da Azərbaycan növbəti dəfə konfliktin həlli prosesində konstruktiv mövqe nümayiş etdirmişdir. Azərbaycanın bu mövqeyi Ermənistanı çıxılmaz vəziyyətə salmışdır. Rəsmi Yerevan problemin həlli yolları deyil, onun yenidən mürəkkəbləşdirilməsi ilə bağlı ssenarilər üzərində baş sındırır. Məqsəd permanent danışıqlar yolu ilə status-kvonu-Azərbaycan torpaqlarının işğal altında saxlanılması vəziyyətini qoruyub saxlamaqdan ibarətdir.

    Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfinin münaqişənin həlli yolları ilə bağlı mövqeyi dəyişməzdir. Həmin mövqe Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə bəyan edilibdir. Aprelin 23-də Ali Baş Komandan İlham Əliyevin Müdafiə Nazirliyində ordu quruculuğu məsələlərinə həsr olunmuş müşavirəsində bir daha səslənmişdir. Həmin mövqeyə görə, Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində və Dağlıq Qarabağ ermənilərinə respublikamızın hüdüdları daxilində ən yüksək muxtariyyət statusu verilməsi yolu ilə həllini dəstəkləyir. Azərbaycan üçün bu çərçivədən kənarda hər hansı bir həll yolu qəbuledilməzdir. Ermənistan isə danışıqlar prosesini uzatmaqla işğal etdiyi torpaqlardan çıxmaq istəmir. "Bizim ən böyük kompromisimiz Azərbaycanın 20 ildir sülh prosesinə sadiq olmasıdır",-deyən dövlətimizin başçısı bəyan etmişdir ki, "Beynəlxalq aləm öz qərarlarına hörmətlə yanaşmalıdır və bu münaqişə həll olunmadan bölgədə heç bir problem həll edilə bilməz. Çünki bu münaqişə bölgədəki proseslərə ciddi təsir edir." Münaqişənin həlli ilə bağlı bu yanaşma tərzi Azərbaycanın prinsipial mövqeyinin ifadəsidir. Azərbaycan həmin mövqeyini həm dinc, həm də qeyri-dinc yollarla müdafiə etmək hüququnu özündə saxlayır. BMT TŞ-nın münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməsi (822, 853, 874, 884 saylı ), təşkilatın nizamnaməsinin özünümüdafiə hüquq ilə bağlı 51-ci maddəsi, qurumun qəbul etdiyi qərarlarının yerinə yetirilməsinin icbari xarakter daşıması haqqında 25-ci maddəsi, habelə AŞPA və İKT-nin Ermənistanı işğalçı dövlət elan etməsi kimi məlum hüquqi arqumentləri Azərbaycana öz ərazi bütövlüyünü təmin etməsi məqsədilə istənilən təsir mexanizmlərini işə salmaq səlahiyyəti verir.

 

 

    Elman NƏSİROV,

    Azərbaycan Respublikasının Prezidenti yanında

    Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar

    Mərkəzinin direktor müavini, tarix elmləri namizədi, dosent

 

    Xalq qəzeti.- 2010.- 18 iyun.- S. 5.