Silahlı qüvvələrimiz xalqın güvənc yeridir

 

    Ordumuz öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək

 

    26 İyun Silahlı Qüvvələr günüdür. Ordumuzun 92 yaşı tamam olur. 90-cı illərin əvvəllərində müstəqillik əldə edən Azərbaycan Respublikası bu yolda bir sıra daxilixarici qüvvələrin təzyiq və təhdidlərinə məruz qalsa da, mühüm strateji əhəmiyyət daşıyan məsələlərin həllində kifayət qədər prinsipiallıq sərgiləmiş, milli maraqlarımız qoruyub saxlaya bilmişdir.

 

    Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik prinsip və ənənələrinin qorunması, Azərbaycanın gələcək rifahı naminə günün tələblərindən doğan zəruri tədbirlərin həyata keçirilməsi və bütövlükdə Azərbaycanın milli maraqlarına cavab verən addımların atılması ölkənin istər beynəlxalq, istərsə də regionda nüfuzunu artırmışdır. Ümummilli liderimizin müvafiq yöndə həyata keçirdiyi dövlət siyasəti bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu mənada dövlət başçısının 2004-cü il 17 sentyabr tarixdə imzaladığı 394 nömrəli sərəncam Azərbaycanın milli maraqlarının qorunması baxımından son dərəcə böyük əhəmiyyət daşıyır. Bu sərəncam təhlükəsizliyə qarşı risklərin müəyyənləşdirilməsi, həmin risklərin qabaqlanması və aradan qaldırılması üzrə adekvat tədbirlərin həyata keçirilməsi zərurəti ilə bağlı olaraq ölkənin milli təhlükəsizlik siyasətinin hazırlanması sahəsində yaradılan işçi qrupunun qarşısında konkret vəzifələr qoydu. Məhz bu işçi qrupunun səmərəli fəaliyyəti nəticəsində yaradılan ölkənin milli təhlükəsizlik konsepsiyası Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2007-ci ilin may ayında təsdiq olundu. Milli Təhlükəsizlik Konsepsiyasının həyata vəsiqə qazanması ölkənin Hərbi Doktrinasının hazırlanmasını da zərurətə çevirdi. Ölkə başçısının 2007-ci il 23 may tarixli sərəncamı Azərbaycan Respublikasının Hərbi Doktrinasının yaradılmasını işçi qrupunun qarşısında əsas vəzifə kimi qoydu. Axı, dövlətin, cəmiyyətin, o cümlədən bütün vətəndaşların maraqlarını özündə əks etdirən Hərbi Doktrina Milli Təhlükəsizlik Konsepsiyasının tərkib hissəsi olmaqla bərabər, həm də hərbi siyasətin əsaslarını müəyyənləşdirən strateji əhəmiyyətli sənəddir və ölkənin müvafiq sahədə təhlükəsizlik prioritetlərinin müəyyən edilməsində istisnasız rola malikdir. Elə məhz buna görə də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 18 may tarixdə təsdiq olunmaq üçün Milli Məclisə təqdim olunan və iyunun 8-də ölkə parlamentinin təsdiq etdiyi müstəqil Azərbaycanın ilk Hərbi Doktrinası təkcə Silahlı Qüvvələrimizin deyil, ümumiyyətlə, Azərbaycan Respublikasının həyatında tarixi bir hadisədir. Bu sənəd Azərbaycan xalqının milli lideri Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş Azərbaycan Respublikasının mili təhlükəsizliyinin təminatı strategiyasının tərkib hissəsi olmaqla bərabər, ümumiyyətlə, bütövlükdə Azərbaycanın hüquq və mənafelərinin daxili və xarici hərbi və digər təhdidlərdən qorumasına yönəlmiş hərbi təhlükəsizlik sisteminin konseptual əsasını müəyyənləşdirir.

    Bu mühüm tarixi sənəd haqqında danışarkən Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlayan Ermənistanın ölkəmizin milli, hərbi təhlükəsizliyinə mənfi istiqamətdə təsir göstərməsini əsas faktor kimi xarakterizə etmək və qabartmaq vacibdir. Xüsusi vurğulanmalıdır ki, Ermənistan "Avropada adi silahlı qüvvələr haqqında" 1990-cı ildə imzalanan müqavilənin müddəalarını pozaraq ixtiyarında olan hərbi texnikanın bir hissəsini işğal altındakı ərazilərdə yerləşdirmək və bununla da, Azərbaycana qarşı zor tətbiq etməklə ardıcıl işğal siyasəti yürüdür. Əgər nəzərə alsaq ki, burada yerləşdirilən silah və texnikanın beynəlxalq təşkilatlara açıq olan hər hansı uçotu belə aparılmır, vəziyyətin kritik həddə çatdığını açıq-aydın görərik. Eyni zamanda belə bir şəraitdə Azərbaycana məxsus, hazırda Ermənistan tərəfindən işğal olunmuş ərazilərə texnikanı cəmləşdirməklə qarşı tərəf 1999-cu il tarixli Vyana Sənədinin tələblərini də kobud şəkildə pozmuşdur.

    Belə bir vəziyyətdə Hərbi Doktrinanın həyata vəsiqə qazanması günün ən vacib tələbi kimi dəyərləndirilməlidir. Çünki Azərbaycanın müdafiə siyasətinin məqsədləri, əsasları və prinsipləri, ilk növbədə Hərbi Doktrinada öz əksini tapıb. Bu sənəd hərbi təhlükəsizliyə təhdidlərin vaxtında aşkarlanması, təhlil edilməsi, qiymətləndirilməsi, onlara yetərli müqavimətin göstərilməsi, bir sözlə, səmərəli hərbi təhlükəsizlik sisteminin yaradılması ilə bağlı məsələlərə dair Azərbaycan Respublikasının mövqeyini əks etdirir. Müvafiq sənəd Azərbaycan Silahlı Qüvvələrinin vəzifələrini, onların hazırki mərhələdə və perspektivdə əsas quruculuq, inkişaf və hazırlıq prioritetlərini müəyyənləşdirməklə ölkədə aparılan ordu quruculuğu işinə əsaslı hüquqi təkan verəcəkdir.

    Azərbaycanın son 5-6 il ərzində iqtisadi cəhətdən inkişaf etmiş lider dövlətlərdən birinə çevrilməsi, ordu quruculuğu sahəsində geniş və hərtərəfli uğurların əldə olunmasına rəvac vermişdir. Son tədris ilində birlik və birləşmələrdə keçirilən 70-dək komanda-qərargah təlimi şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, idarəetmənin təkmilləşdirilməsi və əməliyyat işləri üzrə hazırılığın gücləndirilməsi sahəsində müstəsnə rol oynamışdır. Bu təlimlərin digər qoşun növləri ilə birgə keçirilməsi isə görülən işin effektini ikiqat yüksəltmişdir. Bu il aprelin 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyində keçirilən müşavirədə Silahlı Qüvvələrimizin əməliyyat-taktiki imkanları haqqında ətraflı məlumat verilmiş, günün tələblərindən irəli gələn islahatlardan danışılmışdır. Qeyd olunmuşdur ki, ordunun döyüş imkanlarını artırmaq məqsədilə istismarda olan silahlar müasir tipli optik gündüz və gecəgörmə nişangahları, müşahidə cihazları ilə komplektləşdirilmişdir. O cümlədən, zirehli texnikalar modernləşdirilmiş, atəşin və döyüşün müasir tipli idarəetmə sistemlərinin quraşdırılması işi başa çatdırılmışdır. Bu da öz növbəsində Silahlı Qüvvələrimizə maksimal uzaqlıqda yerləşən düşmən hədəflərinə istənilən hava şəraitində sarsıdıcı zərbə endirməyə imkan vermişdir.

    Ümumiyyətlə, ordumuzun bütün xidmət sahələrində bir sıra həyati zəruri islahatlar aparılmışdır ki, bu da əvvəlki illərlə müqayisədə Silahlı Qüvvələrimizin müdafiə qüdrətinin dəfələrlə artması ilə nəticələnmişdir. Xüsusilə Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə üzrə yeni texnikalarla təchiz edilməsi, mövcud texnikaların isə təmir olunaraq modernləşdirilməsi, o cümlədən yeni kompleks uçuş simulyatorlarının alınması və quraşdırılması müvafiq qoşun növünün əməliyyat imkanlarını daha da genişləndirmişdir. Yeri gəlmişkən, digər qoşun növlərində də müvafiq keyfiyyət göstəricilərinə nail olunmuşdur.

    Bu gün Silahlı Qüvvələrimizin beynəlxalq əlaqələri də günün tələbləri səviyyəsində qurulub. İndiyədək dünyanın 27 ölkəsi ilə imzalanan və hərbi əlaqələrin normativ hüquqi bazasını təşkil edən saziş və memorandumlar deyilənlərə əyani sübutdur. Bu əlaqələr gündən-günə genişlənir. Təkcə ötən il beynəlxalq səviyyədə hərbi sahə üzrə dörd əsas sənəd həyata vəsiqə qazanmışdır. Hazırda daha 27 ölkə ilə analoji saziş layihələrinin imzalanması haqqında müzakirələr aparılır.

    Bütün bunlar 92 yaşını qeyd edəcək ordumuzun etibarlı beynəlxalq əlaqələrindən və yüksək döyüş hazırlığından xəbər verir. Şübhə yoxdur ki, hərtərəfli diqqət və qayğı ilə əhatə olunan hərbi qulluqçular bundan sonra da öz üzərlərinə düşən tarixi vəzifələrin öhdəsindən layiqincə gələcək, dövlətin və xalqın etimadını doğruldacaqlar.

 

 

    İbrahim RÜSTƏMOV,

    əməkdar jurnalist

 

    Xalq qəzeti.- 2010.- 24 iyun.- S. 6.