Akademik Ziyad Səmədzadə -70

 

    İqtisad elminin və iqtisadi fikir tarixinin istedadlı tədqiqatçısı

 

    Həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan iqtisadi fikrini ləyaqətlə təmsil edən, iqtisad elminin bir sıra aparıcı istiqamətlərinin təşəkkülü və inkişafında böyük xidmətləri olan yenilikçi alim, təşkilatçı, dövlət adamı, xalq elçisi, AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru, professor Ziyad Əliabbas oğlu Səmədzadənin anadan olmasının 70 illiyi tamam olur. Akademik Z.Səmədzadə iqtisad elmində meyarların dəyişdiyi, yeni paradiqmaların yarandığı bir şəraitdə iqtisadi hadisələrə yeni yanaşmanı çevik nümayiş etdirən, iti düşüncəsi, uzaqgörənliyi, praqmatik baxışları sayəsində iqtisad elminin sərt ideoloji çərçivədən çıxaraq özünün təbii məcrasına düşməsinə böyük əmək sərf edən alimlərdən biridir. Akademik Z.Səmədzadə ən mötəbər məclislərdə xalqını ləyaqətlə təmsil edən ictimai xadimdir.

 

    Ziyad Səmədzadə 1940-cı ilin iyun ayının 25-də Bakının Buzovna kəndində anadan olmuşdur. 1956-1961-ci illərdə Xalq Təsərrüfatı İnstitutunda, sonra isə Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsində oxumuşdur. Bütün sonrakı həyatını elmlə bağlayaraq 1961-1962-ci illərdə Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunda işləmiş, 1962-1964-cü illərdə təhsilini SSRİ EA İqtisadiyyat İnstitutunun aspiranturasında davam etdirmişdir. O zaman böyük elmi mərkəz sayılan bu institutda mövcud olan yaradıcılıq mühiti, görkəmli iqtisadçı alimlərdən elmin sirlərini öyrənməsi, tədqiqatçılıq vərdişlərinə yiyələnməsi Z.Səmədzadənin peşəkar iqtisadçı - tədqiqatçı kimi yetişməsində mühüm rol oynamışdır. 1965-ci ildə Moskvada SSRİ EA İqtisadiyyat İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Aspirantura təhsilindən sonra yenidən Azərbaycan EA İqtisadiyyat İnstitutuna qayıdaraq ciddi tədqiqatlar aparan alim qısa müddətdə "Xalq təsərrüfatının inkişaf sürəti və proporsiyalar" şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir və 1971-ci ildə 31 yaşında "Əmək məhsuldarlığının yüksəldilməsi problemləri və əhalinin məşğulluğunun strukturunun təkmilləşdirilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1977-ci ildə ona professor elmi adı verilmişdir.

    Z.Səmədzadə 1976-1978-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun direktorunun birinci müavini, 1978-1982-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru olmuşdur. 1983-1991-ci illərdə Azərbaycan KP MK-nın İqtisadi siyasət şöbəsinin müdiri işləmişdir. 1983-1992-ci illərdə dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Azərbaycan Respublikası Ali Soveti sədrinin birinci müavini, Dövlət Plan İqtisad Komitəsinin sədri, Baş nazirin birinci müavini kimi məsul vəzifələrdə çalışmışdır. Hazırda Azərbaycan Respublikası Milli Məclisinin üzvü, İqtisadi siyasət daimi komitəsinin sədridir. Harada işləməsindən asılı olmayaraq, Z.Ə.Səmədzadə bütün yaradıcı həyatını iqtisad elminə, Azərbaycan iqtisadiyyatının inkişafına həsr etmişdir. O, 1980-ci ildə Azərbaycan Respublikası EA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü (akademiki) seçilmişdir. 1992-ci ildən Azərbaycan İqtisadçılar İttifaqının sədridir. Z.Səmədzadə fəal həyat mövqeyilə seçilən iqtisadçı alimdir. İqtisad elminin və Azərbaycan iqtisadiyyatının zaman-zaman rastlaşdığı elə bir ciddi problem yoxdur ki, alim ona münasibət bildirməsin. Əmək ehtiyatları, məşğulluq, demoqrafiya, əmək məhsuldarlığı, ictimai istehsalın sürət və proporsiyaları, milli gəlir, sosial-iqtisadi səmərəlilik, qeyri-istehsal sferası, iqtisadi artımın amilləri və ehtiyatları, büdcə-vergi siyasəti, keçid dövrü, iqtisad elminin müasir durumu, Azərbaycan və ÜTT, Azərbaycan və BVF, Neft Fondu, neftin qiyməti, qloballaşan iqtisadiyyatda Azərbaycan, müasir iqtisadi böhran, sahibkarlıq fəaliyyəti, regional inkişaf, kadr məsələsi, qlobal iqtisadiyyatın inkişaf meylləri, iqtisadi inkişafda millilik və dünyəvilik, Azərbaycanın iqtisadi tarixi və iqtisadi fikir tarixi və s. tədqiqatçı alimin öz yaradıcılığında müraciət etdiyi problemlərin tam olmayan bir siyahısıdır.

    Z.Səmədzadənin 500-dən çox əsərdə, o cümlədən çoxsaylı monoqrafiyalarda əksini tapmış elmi yaradıcılığı keçən əsrin 60-cı illərindən başlamışdır. Onun peşəkar iqtisadçı alim kimi yaradıcı həyatını səciyyələndirən, tədqiqatçılıq qabiliyyətini tam üzə çıxaran, ilk əsərlərinin sintezi olan "Azərbaycan SSRİ-də əmək məhsuldarlığı və əhalinin məşğulluğunun sahə quruluşu" (Bakı, 1973, 204 səh.) monoqrafiyasıdır.

    Əsl tədqiqat təsəvvürü yaradan bu kitabda o dövrdə iqtisad elmi üçün ən aktual olan bir sıra nəzəri və praktiki məsələlər - məhsuldar əməklə qeyri-məhsuldar əmək arasında nisbət, ictimai istehsalın inkişafı müstəvisində əmək məhsuldarlığının müasir səviyyəsi və dinamikası, xalq təsərrüfatında əhalinin məşğulluq quruluşu və əmək məhsuldarlığı, əmək məhsuldarlığının sənayenin sahə quruluşuna təsiri elmi şərhini tapmışdır.

    Müəllifin araşdırmalarında əməyin enerji ilə silahlanması ilə əmək məhsuldarlığı arasında qarşılıqlı əlaqə və asılılığın təhlili enerji istehlakının sahə quruluşunu aşkar etməyə və əmək məhsuldarlığının artırılması imkanlarını müəyyənləşdirməyə xidmət edir. Bu gün Azərbaycanda enerji istehlakı problemi aktual iqtisadi problem olaraq qalır və iqtisadiyyatın rəqabət qabiliyyətliliyi baxımından maraq dairəsindədir.

    Müəllif tərəfindən yerli maddi və əmək ehtiyatları əsasında yüngül və yeyinti sənaye sahələrinin də inkişafı, onların quruluşunun təkmilləşdirilməsi tədqiq olunmuş, maraqlı nəticələr əldə edilmişdir. Bu gün ölkəmizdə göstərilən sənaye sahələrinin inkişaf etdirilməsi baxımından tədqiqatın əhəmiyyəti şübhəsiz danılmazdır. Azərbaycanın müstəqilliyi üçün hələ 1970-ci illərdən başlayaraq müəyyən təməllərin yaradıldığını söyləmək mümkündür. Bu işdə respublikanın iqtisadçı alimlərinin xidmətləri böyükdür. Müttəfiq respublikada mükəmməl təkrar istehsal prosesinin, sürət və proporsiyaların, məşğulluq probleminin tədqiqi bu işə xidmət etmənin ifadəsidir. İqtisadçı alimlərimizin bir çoxunun o cümlədən Z.Səmədzadənin əsərlərində iqtisadiyyatımızın orta ittifaq göstəricilərindən geri qalan sahələri təhlil olunur, istehsal, bölgü, mübadilə və istehlak fazalarının ölkə daxilində qurulmasının elmi əsasları müəyyənləşdirilir.

    Z.Səmədzadənin 1980-ci ildə "Elm" nəşriyyatı tərəfindən buraxılan "İctimai istehsalın strukturu və səmərəliliyi (Azərbaycan SSR materialları əsasında)" adlı monoqrafiyası dövrün iqtisadi fikirlərinə mühüm töhfə hesab oluna bilər. Azərbaycan SSR EA müxbir üzvü B.Axundovun redaktorluğu ilə çıxan bu kitab dövrün ideoloji tələblərini sərf-nəzər etməklə mükəmməl makroiqtisadi tədqiqatdır. Kitabda müəllifin əvvəlki əsərlərindəki fikirlərinin təkamülünü və sintezini görürük. Burada ittifaq və respublika üzrə edilən ümumiləşdirmələr əsasında ictimai məhsulun quruluşu və milli gəlir, sənayenin inkişafında struktur meylləri, məşğulluğun strukturu və sosial-iqtisadi səmərəliliyi, milli gəlirin bölgüsü meylləri kimi aktual məsələlər üzrə mükəmməl araşdırmalar edilib və nəticələr çıxarılıb.

    Makroiqtisadi göstəricilərin (xüsusən milli gəlirin) həcmi, artım sürəti, hər nəfərə düşən kəmiyyəti kimi göstəricilərin 10 il, bəzən 20 illik dövr ərzində iki müstəvidə - SSRİ və digər dünya ölkələri, SSRİ daxilində müttəfiq respublikalar üzrə müqayisəli təhlilin aparılması müəllifə daha mükəmməl elmi nəticələr çıxarmağa imkan vermişdir. Kitabdakı hesablamalardan məlum olur ki, iqtisadiyyatın təkrar istehsal strukturu, onun sosial strukturunun, iqtisadiyyatın sahə strukturunun problemlərini həll etmək üçün əsasdır.

    Bu gün dünya miqyasında qlobal və milli iqtisadiyyatların qarşılılığı ciddi məsələdir. Akademik Z.Səmədzadənin həm Sovet dövründə yazdığı monoqrafiyaları, həm də müstəqillik illərində müraciət etdiyi Çin modeli göstərir ki, müəllif həmişə ənənəvi iqtisadiyyatın inkişafına xüsusi əhəmiyyət verib, ictimai istehsalın strukturunu təhlil edərkən bura maddi istehsalda məşğulluğun strukturunun öyrənilməsini də əlavə edib və beləliklə, təkcə iqtisadi deyil, həmçinin sosial-iqtisadi səmərəlilik anlayışına gəlib.

    Milli gəlirin yığım və istehlak nisbətlərinin müəyyən edilməsi makroiqtisadi tarazlığa nail olmaq üçün vacib amildir. Bu, hətta dövlət iqtisadiyyatının mövcud olduğu Sovet dövründə də belə idi. Z.Səmədzadənin monoqrafiya və məqalələrində bu məsələ zaman-zaman dəfələrlə araşdırılmışdır. Bəhs etdiyimiz fundamental monoqrafiyasında da yığım və istehlakın nisbətləri xüsusi fəsildə öyrənilmişdir. Yığımın mahiyyəti və mənbəyi, yığım və istehlak arasında ziddiyyət, onların nisbətinin optimallaşdırılması, milli gəlirdə yığımın xüsusi çəkisinin artması meyli kimi ümumnəzəri məsələlər o zaman ittifaq səviyyəsində diqqət mərkəzində idi. A.İ.Notkin, Q.Sorokin, R.A.Malışev, V.Q.Vencer kimi görkəmli iqtisadçı alimlərin tədqiqat obyekti olmuşdur. Azərbaycan iqtisadi fikrində bu məsələ geniş şəkildə Z.Səmədzadə və onun rəhbərliyi ilə öyrənilmişdir. Yığım və istehlakın nisbəti mövcud həyat səviyyəsi ilə bərabər gələcək iqtisadiyyatın mühüm əlamətlərini qabaqcadan görmək imkanı verir. Müttəfiq respublika səviyyəsində bu problemin araşdırılması, burada istehsal və istehlak arasında əlaqənin optimallaşdırılması üçün vacib idi. Alimin hesablamalarından görünür ki, 1965-1977-ci illər ərzində yalnız iki ildə (1969 və 1972-ci illərdə) istifadə olunan milli gəlir istehsal olunan milli gəlirdən çox olmuşdur. Digər illərdə isə əksinə, respublikada istehsal olunan milli gəlirdən tam istifadə olunmamışdır. Bu isə özlüyündə respublikanın qeyri-maddi istehsal sahələrinin inkişaf zərurətini ifadə edirdi. Əslində bu cür araşdırma mərkəzi orqanları fakt qarşısında qoymaq idi və respublikaya əlavə dividend gətirmək zərurətini ifadə edirdi. İqtisadçı alim Z.Səmədzadənin öz tədqiqatları ilə konkret olaraq buna nail olduğunu söyləyə bilməsək də, alim artıq üzərinə düşən işi görmüşdü, bu ciddi tədqiqat əsərində xidmət sahələrinin inkişaf problemlərini araşdırmağa xüsusi diqqət yetirmişdir. O zaman iqtisadçılar arasında mübahisəli olan regional iqtisadiyyatın səmərəliliyi məsələsinə Z.Səmədzadənin əsərlərində aydınlıq gətirilmişdir və demək olar ki, o dövr üçün çox uğurlu nəticələr alınmışdır.

    Akademik Z.Səmədzadənin xidmət sferasının üstün inkişafına dair fikri heç də müəllifin istehlakçı cəmiyyət axtarışında olmasını göstərmirdi. O zaman Azərbaycanda belə bir zərurət ancaq istehsal olunan milli gəlirin respublika daxilində tam istifadəsini ifadə edirdi.

    Z.Səmədzadənin 1960-1980-ci illərdə yazdığı əsərlərində iqtisadi müstəqillik ideyalarını görürüksə artıq siyasi müstəqillik qazanıldıqdan sonra alimin yaradıcılığında müstəqil iqtisadiyyat quruculuğu problemlərinin əks olunduğunu görürük. Bu dövrdəki kitablarında, çıxış və məqalələrində iqtisadi müstəqilliyin məzmunu açılır, respublikada mövcud olan iqtisadi problemlərin kökü, aradan qaldırılması yolları göstərilir. Adambaşına milli gəlirin aşağı səviyyədə olması, sosial infrastrukturun zəif inkişafı, büdcə gəlirlərinin məbləği, kredit ehtiyatları, müəssisələrin borc problemi kimi məsələləri araşdırır və öz münasibətini bildirir. Alim öz nüfuzundan istifadə edərək respublikanın demək olar ki, bütün ictimaiyyətçi alimlərinin potensialını səfərbər edir, dəyirmi masa, yığıncaqlar, elmi konfranslar təşkil edir və dövrün suallarına cavab axtarır.

    İqtisad elmi cəmiyyət elmidir. Bu elmlə məşğul olanlar cəmiyyətin, dövlətin heç bir probleminə biganə qala bilməzlər. Akademik Z.Səmədzadə həm ictimai xadim kimi həm də peşəkar iqtisadçı kimi, zaman-zaman sosial-iqtisadi həyatımızın bir çox sahələrinə dair məsələlərə münasibət bildirmiş və əslində bütövlükdə ictimai fikrin inkişafına xidmət göstərmişdir. Dinimiz, mənəvi dünyamız, musiqimiz haqqında baxışlarını öyrənməyi bu sahələrin mütəxəssislərinin öhdəsinə buraxmaqla burada bir məsələnin üzərində dayanmağı vacib sayıram. Bu, uydurma Dağlıq Qarabağ məsələsidir. Ermənilər tərəfindən çoxdan hazırlanan və gerçəkləşdirmək üçün məqam gözlənilən vaxt gəlib çatır. 80-ci illərin axırlarında Fransada bəyanat verən akademik A.Aqanbekyan Dağlıq Qarabağ erməni əhalisinin yoxsulluq içərisində yaşamasını, bu ərazinin sosial-iqtisadi baxımdan Azərbaycanın orta statistik göstəricilərinə nisbətən zəif inkişaf etdiyini göstərmişdi. Heç bir əsası olmayan bu bəyanatın məramı məlum idi. Eyni zamanda, ona cavab vermək də tələb olunurdu. Bu cavabın həm də mötəbər mənbələr, tanınmış insanlar tərəfindən verilməsi vacib idi. 1995-ci ildə akademik Z.Səmədzadənin "Dağlıq Qarabağ: naməlum həqiqətlər" kitabçası (Bakı, "Vətən", 1995, 83 səh.) həm rus, həm Azərbaycan dillərində nəşr olundu. Kitabçada akademik Aqanbekyanın iki yalançı tezisinə tutarlı cavab verildi. Bunlar Dağlıq Qarabağın Ermənistan iqtisadiyyatı ilə bilavasitə bağlı olması və bu rayonun zəif inkişaf etməsi tezisləri idi. Kitabı regional iqtisadiyyat üzrə xüsusi bir araşdırma hesab etmək mümkündür.

    Bu gün Z.Səmədzadənin maraq dairəsində olan məsələlər sırasına Azərbaycan iqtisadiyyatı tarixi və iqtisadi fikir məsələləri də vardır. Alimin iri həcmli "Böyük yolun mərhələləri - Azərbaycan iqtisadiyyatı yarım əsrdə: reallıqlar və perspektivlər" (Bakı, "Nurlan", 2004, 936 səh.) kitabı Azərbaycanın sovet dövrü iqtisadi tarixinə yeni bir baxışın ifadəsidir. Alimin çoxsaylı məqalələrində müharibə dövrünün iqtisadiyyatı, xüsusən Bakı neftinin müharibədə oynadığı rol araşdırılmışdır. Bununla əlaqədar Z.Səmədzadənin redaktorluğu ilə "İqtisadiyyat" qəzeti və Azərbaycan İqtisadçılar İttifaqının Böyük Vətən Müharibəsində qələbənin 60 illiyinə həsr olunan xüsusi buraxılışı çap olunmuşdur. Z.Səmədzadənin qələbənin 60 illiyinə həsr olunan "Azərbaycanın neft qəhrəmanlığı" adlı məqaləsi də dövrün iqtisadi tarixini öyrənmək baxımından diqqəti cəlb edir. İqtisadçı alimin "İqtisadi tərəqqiyə həsr edilən ömürlər" (Bakı, Gənclik 2002, 400 səh.) kitabı, həmçinin Ə.Fərəcov, H.Dadaşov, B.Y.Axundov, Ə.Sumbatzadə. Ş.Əliyev, Ə.Mahmudov, M.Allahverdiyev, T.Vəliyev, A.Nadirov və digər görkəmli iqtisadçı alimlərimizin elmi yaradıcılığına həsr olunmuş çoxsaylı yazıları alimi iqtisadi fikir tarixçisi kimi də təqdim etməyə əsas verir. Bazar iqtisadiyyatı liberal iqtisadiyyatdır. Onun tam gücü ilə fəaliyyəti qlobal miqyasda mümkündür. Alim bu prinsipi əsas götürərək Azərbaycan iqtisadiyyatına dünya iqtisadiyyatı prizmasından yanaşır, bu zaman ortaya çıxa biləcək təhlükələrə, problemlərə diqqəti cəlb edir. Bir çox elmi əsərlərində iqtisadi təhlükəsizlik, Azərbaycan və beynəlxalq iqtisadi təşkilatların əlaqələri məsələlərinə toxunur. Fikrimcə, alimin Çin modelinə müraciət etməsi də onun yaradıcılığında fikrin təkamülünü göstərən obyektiv bir zərurət idi.

    Bu gün akademik Z.Səmədzadənin həm Azərbaycan, həm də rus dillərində işıq üzü görmüş 600 səhifəlik "Çin qlobal dünya iqtisadiyyatında" (Bakı "Elm və Təhsil" 2009) kitabı Azərbaycan iqtisadi fikrinin diqqətindən kənarda təsəvvür oluna bilməz. Alimin 15 illik yaradıcılığını, onun ətrafındakı insanların böyük əməyini təcəssüm etdirən bu kitab ilk növbədə ondan xəbər verir ki, Azərbaycan iqtisad elmi özünəqapanmanı qəbul etmir, fikir mübadiləsinə açıqdır, rasional nəticələrə nail olmaq üçün dünya təcrübəsini diqqətdə saxlayır. Akademik Z.Səmədzadənin bu məqsədlə Çini seçməsinin özü də bir uğurdur. O, dəfələrlə bu ölkədə olmuş, reallıqları görmüş və nəticədə fundamental əsər yaratmışdır. Çinin qlobal dünya iqtisadiyyatında uğur qazanmasının açarı onun zəngin mədəni irsidir. Fikrimcə, iqtisadçı alimi düşündürən də elə bu olub ki, öz tarixi, mənəvi irsinə görə heç də Çindən geri qalmayan Azərbaycanın bu cür uğur qazanmasına necə nail olmaq olar. Deməli bu ölkənin təcrübəsi bizim üçün vacibdir.

    Akademik Z.Səmədzadənin elmi-təşkilatçılıq fəaliyyəti xüsusi olaraq qeyd olunmalıdır. Azərbaycan EA İqtisadiyyat İnstitutunda, partiya və dövlət orqanlarında işlədiyi illərdə, həmçinin Azərbaycan İqtisadçılar İttifaqının rəhbəri kimi o, respublikanın iqtisadçı alimlərinin diqqətini zaman-zaman ən aktual problemlərə yönəltməyin təşəbbüskarı olmuşdur. O, Azərbaycan SSR-də məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi sxemi, demoqrafik inkişaf və əmək resurslarından istifadəyə dair məqsədli proqram, dağ rayonlarının problemlərinin kompleks öyrənilməsi, Bakının iqtisadi və sosial inkişafı, regional təsərrüfat hesabı və iqtisadi müstəqillik, Azərbaycan XXI əsrin astanasında və s. kimi layihələrə rəhbərlik etməklə Azərbaycan iqtisadiyyatının və iqtisad elmi fikrinin inkişafına xidmət etmişdir. Z.Səmədzadənin elmi rəhbərliyi altında 40-dan çox elmlər namizədi və elmlər doktorunun hazırlanması, Azərbaycan İqtisadçılar İttifaqının təsis olunması (1992), iqtisadçıların dövrü mətbuat orqanı olan "İqtisadiyyat" qəzetini təsis etməsi və onun redaktoru olması (1999), ilk dəfə olaraq iki cildlik iqtisadiyyat ensiklopediyasının hazırlanmasına rəhbərlik etməsi onun yaradıcı, elmi həyatının mühüm nailiyyətlərindəndir. Akademik Z.Səmədzadə bu gün respublika iqtisadiyyatı üçün müstəsna əhəmiyyəti olan bir çox layihələrin formalaşmasında fəal iştirak edən alimlərdən biridir. O, xüsusən TASİS və TRACECA proqramlarının həyata keçirilməsinə, Böyük İpək yolunun yenidən dirçəlməsinə dair fikir və mülahizələrini gerçəkləşdirə bilmişdir.

    Akademik Z.Səmədzadənin Azərbaycanın keçmiş iqtisadiyyatı, müasir problemləri haqqında düşüncələri onun ölkə iqtisadiyyatının gələcəyi haqqında proqnozları ilə tamamlanır. Alimin qlobal və milli iqtisadiyyatın inkişaf meyllərinin təhlilindən, ölkəmizdə gedən quruculuq işlərinin sürət və miqyasından gəldiyi nəticəyə görə XXI əsrin ilk on illiklərində Azərbaycanda neft-qaz sənayesinin imkanlarından istifadə edilməklə bərabər sənayedə struktur dəyişikliklərinin yeni alternativləri və yolları üzə çıxacaq, rəqabətqabiliyyətli istehsal sahələri, o cümlədən maşınqayırma inkişaf edəcək, insan amili, intellektual potensialı iqtisadi tərəqqinin, yüksək həyat səviyyəsinin ən başlıca amilinə çevriləcəkdir.

    Akademik Z.Səmədzadə - iqtisadçı, siyasətçi, dövlət adamı, xalq elçisi kimi fəaliyyətini davam etdirir. Belə geniş miqyaslı fəaliyyət həyatda az adamın qisməti olur. Bəzən dövləti maraqlarla peşəkar iqtisadçı maraqlarını uzlaşdırmaq lazım gəlir. Bu, heç də asan məsələ deyil, çünki peşəkar üçün sərbəst fikirlilik əsasdır. Akademik Z.Səmədzadə böyük hörmət və nüfuz sahibidir. O, cəmiyyətdə kifayət qədər tanınan alimdir. Hökumət və dövlət orqanlarında məsul vəzifələrdə çalışmışdır. Bir iqtisadçı kimi onu qiymətləndirmək isə əlbəttə, peşəkarların işidir. Həm sovet dövründə, həm də müasir mərhələdə rus iqtisadi fikrini ləyaqətlə təmsil edən rus iqtisadçıları, Beynəlxalq İqtisadçılar İttifaqının prezidenti Qavriil Popov və Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Rusiya EA-nın akademiki Leonid Abalkin akademik Z.Səmədzadə haqqında belə demişlər: "Səmədzadə görkəmli alim və praktik, müasir qabaqcıl iqtisadi ideyaların təşkilatçısı və daşıyıcısıdır". Çox dəqiq və sərrast deyilmiş fikirdir.

 

 

    Xosrov KƏRİMOV,

    BDU-nun iqtisadi nəzəriyyə

    kafedrasının dosenti

 

   Xalq qəzeti.- 2010.- 24 iyun.- S. 5.