Ətraf mühitin qorunması diqqət mərkəzindədir
Azərbaycan Respublikası Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
İsveçrənin Ətraf Mühit
üzrə Federal Departamenti
ilə birgə "Orta Asiya
ölkələrinin və Azərbaycanın ətraf mühitə
təsirin qiymətləndirilməsi sahəsində
potensialının inkişaf etdirilməsi"
adlı subregional seminar
keçirmişdir.
Seminarda Azərbaycan ekspertləri
ilə yanaşı Qırğızıstan, Qazaxıstan,
Özbəkistan, Türkmənistan, Tacikistan və
Gürcüstandan olan ətraf mühitin qiymətləndirilməsi
sahəsində rəsmi dövlət ekspertləri iştirak
etmişlər. Eyni zamanda, beynəlxalq aləmdə bu istiqamətdə
fəaliyyət göstərən aparıcı təşkilatların
- BMT-nin Avropa İqtisadi Komissiyasının, Transsərhəd
Konteksdə Ətraf Mühitin Qiymətləndirilməsi
Konvensiyasının, İsveçrənin Bern Universtitetinin, həmçinin,
ictimaiyyətin bu proseslərdə fəal
iştirakının təmin edilməsi məqsədilə
bölgədə fəaliyyət göstərən Regional
Ekoloji Mərkəzlərin rəhbərlərinin, yerli QHT-lərin,
ölkəmizdə həyata keçirilən iri layihələrin
iş icraçılarının nümayəndələri də
tədbirə qatılmışlar . Tədbirdə bu sahədə
mövcud beynəlxalq modellərin ekspertlərə
tanıdılması ilə yanaşı, qonşu ölkələrin
təcrübələrinə dair məruzələr
edilmiş, bu istiqamətdə mövcud qanunvericilik bazası,
problemlər və perspektivlərə dair diskussiyalar
aparılmışdır. Bununla yanaşı, hazırlanmaqda
olan "Azərbaycan Respublikasında Ətraf Mühitə Təsirin
Qiymətləndirilməsi haqqında" Qanun layihəsinin
ilkin mətni üzərində də müzakirələr
keçirilmişdir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.-
25 iyun.- S. 8.