Zirvədən
üfüqlər daha aydın görünür
Cavanşir Qocayev 1950-ci il iyulun 1-də Saatlı rayonunun
Mollavazlı kəndində anadan olmuşdur. Əlisultanlı kənd orta məktəbində təhsilini başa vuraraq Neft və Kimya İnstitutuna qəbul olunmuş,
1973-cü ildə həmin institutu dağ mühəndisi ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə
fəhlə kimi başlayan
C. Qocayev Daşkəsən rayon Zəylik-Alunit Mədən İdarəsində
çilingərlikdən müəssisənin direktor
müavini vəzifəsinə qədər
yüksəlmişdir. O, 1990-ci ildə Daşkəsən
rayon İcraiyyə Komitəsi sədrinin müavini, 1992-ci ildən 1994-cü ilin oktyabr ayınadək
Daşkəsən Rayon İcra
Hakimiyyəti başçısının köməkçisi,
başçının sənaye, nəqliyyat və rabitə
məsələləri üzrə müavini
vəzifəsində çalışmış, 2001-ci
ildən isə başçının sosial-iqtisadi
məsələlər üzrə müavini
vəzifəsində işləyir.
- Vaxtilə faydalı qazıntı yataqlarının zənginliyinə görə Azərbaycanın Uralı adlanan Daşkəsən respublikanın dağ-mədən sənayesi kompleksində mühüm əhəmiyyət kəsb etmişdir. 1930-cu ildə inzibati rayon kimi yaradılmış bu ərazidə kobalt, barit, dəmir, alunit filizləri, mərmər kimi faydalı qazıntılar çıxarılmışdır. Gürcüstan Respublikasının Rustavi Metallurgiya Kombinatı və Gəncə Aliminum zavodu Daşkəsən faydalı qazıntı yataqlarının xammalı hesabına işləmişdir. Daşkəsən ağır istehsalat sahəli, dağ mədən sənayeli, necə deyərlər, çörəyi daşdan çıxan inzibati rayon olmuşdur.
Respublikamız ikinci dəfə müstəqillik əldə etdikdən sonrakı mərhələlər, keçid dövrü Daşkəsən rayonunun sosial-iqtisadi həyatına da özünəməxsus təsir göstərmişdir. Əsasən 2006-cı ildən sonra rayonun sosial-iqtisadi inkişafında mühüm mərhələ başlanmış, çoxsaylı tikinti, quruculuq, təmir-bərpa, abadlıq işləri sürətlənmişdir. Təkcə həmin ildə rayonda Heydər Əliyevin abidə kompleksi, Heydər Əliyev muzeyi, Heydər Əliyev parkı, 12 mənzilli yaşayış, 200 şagird yerlik orta məktəb binaları, şəhər Cümə məscidi, xalçaçılıq, tikiş, süd məhsulları emalı sexləri istifadəyə verilmiş, "Daşkəsən Filizsaflaşdırma" ASC-nin yeni müəssisə kimi fəaliyyətə başlamasının açılışı olmuş, 47 kilometr uzunluqda Gəncə-Daşkəsən magistral avtomobil yolu yenidən tikilmişdir. Yeni müəssisələr yaradılmış və onlarla digər obyektlərdə yenidənqurma, əsaslı təmir işləri görülmüş, Daşkəsən şəhərinin su-kanalizasiya sistemi yenidən qurulmuşdur.
2006-cı ilin iyun ayında möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən "Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair tədbirlər planı" təsdiq edilmişdir. Bu, Daşkəsən rayonunun inkişafında əsas təməl kimi mühüm rol oynamışdır. Sonrakı illərdə də respublikamızın hər yerində olduğu kimi Daşkəsən rayonunda da sosial-iqtisadi inkişaf böyük vüsət almışdır. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramın"da (2004-2008-ci illər) nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi rayonun sosial-iqtisadi inkişafında kompleks tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Yeni yaşayış binalarının, məktəblərin, inzibati binaların tikintisi, bir çox obyektlərin yenidən qurulması, əsaslı təmir işləri daha böyük sürətlə davam etdirilmişdir. Rayonda yaradılan və bərpa olunan müəssisələrdə açılmış yeni iş yerləri üzrə proqnoz göstəricilər nəzərdə tutulduğundan artıq səviyyədə yerinə yetirilmişdir.
Regionların sosial-iqtisadi inkişafının birinci Dövlət Proqramının davamı olan "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Daşkəsən rayonu üzrə 20-dən artıq müxtəlif tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Respublikamızın Prezidenti tərəfindən verilən tapşırığa əsasən Dövlət Proqramında nəzərdə tutulan tədbirlərdən əlavə bilavasitə yerlərdən verilən sosial sifarişlərə uyğun olaraq əsaslandırılmış 18 yeni təklif hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur.
Son illər Daşkəsən rayonunun sosial-iqtisadi inkişafı üzrə həyata keçirilən tədbirlər miqyasına görə yalnız bu rayonun yaradılması ilə müqayisə oluna bilər. Hazırda da Daşkəsən rayonunda tikinti, təmir-bərpa işləri, quruculuq, abadlıq işləri böyük sürətlə davam etdirilir. Sevindirici haldır ki, respublikanın paytaxtı Bakı şəhərində "Bayraq meydanı"nın tikintisində istifadə olunan qranit materialı da Daşkəsəndə istehsal olunan xammaldan hazırlanmışdır.
Hazırda rayonda Baytarlıq Dioqnostika Mərkəzinin yeni inzibati binasında nəzərdə tutulmuş işlər başa çatdırılmışdır. Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının, Xoşbulaq kəndində Daşkəsən gənclərinin istirahət və təlim mərkəzinin, "ELBA" MMC tərəfindən ət kəsmi, süd məhsulları istehsalı sexləri, böyük həcmli soyuducu anbarının tikintisi davam etdirilir. Çovdar qızıl yatağının istimarı, Daşkəsən şəhərində 16 mənzilli yaşayış binasının, şəhərin çirkab sularının təmizlənməsi üçün təmizləyici qurğunun tikintisinə başlanılması üçün hazırlıq işləri görülür. Yollarda, poçt, rabitə xidmətləri sahələrində tikinti, yenidənqurma və təmir işləri aparılır. Xoşbulaq kəndində təbii qaz xəttinin çəkilişi davam etdirilir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev 2010-cu ili "Ekologiya ili" elan etmişdir. Bu il rayonda 12500 ədəd yeni ağac əkilmişdir. Hələ ötən il rayonda ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə müxtəlif sahələr üzrə ayrı-ayrı hüquqi şəxslər təhkim olunmuşdur. Rayon ərazisində uzun illər dağ-mədən sənayesinin mövcudluğu nəticəsində 10 hektarlarla sahə korlanmış, təəssüf ki, həmin ərazilərdə vaxtında rekultivasiya - bərpa işləri aparılmamışdır. Hazırda həmin sahələrin ekoloji cəhətdən sağlamlaşdırılması vacib problem kimi qarşıda durur. Daşkəsən rayonu güclü dolu, leysan yağışları, qasırğalar, torpaq sürüşməsi baş verməsi ilə xarakterik olan təbii fəlakətlər səbəbindən nisbətən daha riskli, çətin iqlim şəraitinə malik ərazidə yerləşir. Yaşayış məntəqələrinin, əkin sahələrinin leysan yağışlarından və doludan qorunması məqsədilə vaxtilə ərazi üzrə fəaliyyət gösətrmiş doludağıdan qurğuların yenidən quraşdırılması məsələsinə baxılması vacibdir.
"Daşkəsən Filizsaflaşdırma" ASC-nın balansında olan potensial təhlükə mənbəyi kimi qiymətləndirilən hidrotexniki qurğuların, o cümlədən hidrotexniki suötürücü tunelin daha təhlükəsiz işçi vəziyyətinin bərpası, eyni zamanda, "Alunit" istehsal sahəsinin balansında olan və torpaq sürüşməsi nəticəsində qəza vəziyyətinə düşmüş elektrik yarımstansiyanın yenidən qurulması təxirəsalınmaz vəzifə kimi qarşıda durur.
Möhtərəm Prezidentimiz İlham Əliyev demişdir: "Dövlət qulluğu imtiyaz deyildir, vətənə xidmət etmək imkanıdır". Hazırkı çox məsul tarixi bir dövrdə dövlət qulluqçusu olmaq, vətənə layiqli xidmət etmək imkanı qazanmaq, dövlətin məqsəd və funksiyalarını yerinə yetirmək hamımız üçün böyük şərəfdir. Peşəkarlıq, operativlik, problemlərə kompleks yanaşmaq bacarığı göstərərək, müasir düşüncə tərzi ilə bizə göstərilən etimadi ləyaqətlə doğrutmağa çalışmalıyıq. Dövlət qulluqçusunun andına sadiq qalaraq iqtidar komandasının bir üzvü kimi bu günə və sabaha cavabdehlik hissini və məsuliyyəti unutmamalıyıq. Bu hisslər əbədiyyətə qədər qəlbimizdə və əməllərimizdə yaşamalıdır.
Ötən günlərin unudulmaz, yadda qalan xatirələri çoxdur. Ancaq mən Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, ümummilli liderimiz Heydər Əliyevin iştirak etdiyi xalq nəzarətçilərinin ümumittifaq müşavirəsində iştirakımı, keçmiş SSRİ Nazirlər Sovetinin təşəkkürünü almağımı, Azərbaycan KP MK-nın Fəxri Fərmanı ilə təltif olunmağımı, 37 il yaşadığım Daşkəsən rayonuna dövlət başçısının gəldiyi vaxt məsul dövlət quluğunda işlədiyimi, 7 il fasilədən sonra ikinci dəfə icra hakimiyyətinin başçısının müavini kimi məsul vəzifəyə yenidən təyin olunmağımı, "Bakı" qəzetində ilk şerimin çap olunmasını həyatımın ən xoş məqamları kimi qiymətləndirirəm. Artıq ömrün müdriklik yaşına çatmışam. Buna görə Ulu Tanrıya şükr edirəm. Özüm 2 oğlumla bərabər ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda mübarizədə şəhid olmağa hazıram, təki Dağlıq Qarabağ problemi nəvələrimə miras qalmasın.
Cavanşir QOCAYEV,
Daşkəsən
Rayon İcra Hakimiyyəti
başçısının
sosial-iqtisadi məsələlər
üzrə müavini,
dövlət qulluğu
müşaviri
Xalq qəzeti.- 2010.-
25 iyun.- S. 6.