Qəbələ:
inkişafın yeni mərhələsi
Bəzi
yazılarım qəzetdə veriləndən sonra
müxtəlif ünvanlardan gələn telefon zənglərində eyni
sualı eşidirəm:
-
Məgər ölkədəki bütün
qələm sahibləri sizin dostunuzdur? Əvvəlcə "bəli" -
deyib sonra cavabı bir az dəqiqləşdirirəm:
-
Qələm sahiblərinin hamısının dost
olması mümkün deyil.
Amma qələmlərin və ruhların
bir-birinə yaxınlığı yazıçıları
və ya jurnalistləri dost
edir. Bu baxımdan, bəli,
mənim qələm sahibi olan
dostlarım çoxdur. Onlardan
biri də Qəbələnin sayılıb-seçilən
ziyalılarından olan, həm
istedadlı jurnalist, həm də alim kimi
tanıdığım, tələbə yoldaşım Abid Tahirlidir. Abidin həm gözəl qələmi var, həm də Vətən, yurd
təəssübkeşliyi ilə dolu
ürəyi.
Bir qədər tələskən oxucu indi - bu anda bizdən soruşa bilməsə də, öz-özünə sual verir ki, Qəbələnin sosial-iqtisadi inkişafı barədə hazırlanan yazıda Abid Tahirlinin qələmi və ürəyi barədə təriflərə nə ehtiyac? Hara tələsirik, məsələnin məğzi elə bu cümlədən sonra açılacaq.
Təxminən, iki il əvvəl Abid Tahirlinin mətbuatda maraqlı və düşündürən bir yazısını oxumuşdum. Bəli, məhz düşündürən. Təəccüblənməyin, həmin yazı ziyalılar arasında sözün həqiqi mənasında böyük əks-səda doğurmuşdu. Dostum məsələ qaldırırdı ki, qədim Qəbələ dövlətinin və Qəbələ şəhərinin adının yaşadılması baxımından Qutqaşın rayonunun adının Qəbələ adı ilə dəyişdirilməsi çox uğurlu addımdır. Ancaq tarixdə bir Qutqaşın sultanlığı və İsmayıl bəy Qutqaşınlı kimi görkəmli tarixi şəxsiyyət olduğuna görə bu rayonun mərkəzinin əvvəlki adının -Qutqaşının saxlanılması daha məqsədəuyğun olardı. Yəni rayonun adı Qəbələ, şəhərin adı Qutqaşın olsun. Doğrusu, bu arqument məni çox məmnun etmişdi. Ona görə də Qəbələ ziyalıları ilə söhbət zamanı bu məsələni tez-tez yada salırdım. Qəbələnin təəssübünü hamımızdan çox çəkən bir dostumla söhbətdə isə başqa bir məntiqlə üzləşdim:
- Siz Qəbələnin özünü və rayon mərkəzini inkişaf etdirin, müasir şəhərlərin nümunəsində yenidən qurun, bu da olacaq sizin yurdsevərliyinizin təsdiqi. Qutqaşın sözü kimi Qəbələ sözü də əzizdir. Ancaq ad hər şeyi həll etmir. Hər şeyi həll edən inkişafdır, tərəqqidir.
İki il əvvəl oxuduğum yazı, həmin yazıya münasibət bildirən müxtəlif adamların arqumentləri və Qəbələ və ya Qutqaşın adından asılı olmayaraq bu qədim və gözəl şəhərin daha da inkişaf etdirilməsi barədə eşitdiyim fikirlər bu günlər yenə də elə Qəbələdə yadıma düşdü.
Bu dəfə Qəbələyə iyun axşamının gözəlliyi hakim kəsilən bir vaxtda gəlmişdim və köhnə dostlarla oturub Zərifə xanım Əliyevanın adını daşıyan parkda çay içirdik. Bu torpağın dünənindən, bu günündən xeyli danışdıq. Kimsə təklif irəli sürdü: "Bəlkə gəzək". Etiraz etmədik. Bu da Qəbələ. Bir tərəfdən, adamı gözəllik çəkirdi, digər tərəfdən də şəhərin hüsnündəki yeniliklər, dəyişikliklər. Sanki, ilk dəfə görürdüm. Elə bil dostlar da yaşadıqları şəhərdəki yenilikləri mənə göstərməkdən ləzzət alırdılar. Özü də hər bir yeniliyin özünəməxsus bir şərhi var idi.
Heç kəs məndən inciməsin. Düzdür, son illər Azərbaycanın bütün rayonlarında böyük tikinti-quruculuq işləri gedib, yeni-yeni parklar, xiyabanlar salınıb, sənaye müəssisələri tikilib istifadəyə verilib, yüz minlərlə insan iş yeri ilə təmin olunub. Bu həqiqətdir. Onu bu gün danmağa heç kəsin haqqı yoxdur.
Amma gəlin mənimlə razılaşın ki, bir neçə rayon var ki, orada görülən işlərin miqyası o qədər böyükdür ki, saymaqla qurtaran deyil. Bax, Qəbələ məhz həmin rayonların sırasındadır. Bu gözəlliklər diyarı aybaay yox, günbəgün yox, saatbasaat dəyişir. Özü də necə. Baxdıqca baxmaq, gəzdikcə gəzmək istəyirsən. Rayona yeni rəhbər təyin olunub. Demək olar ki, iş otağında tapılmır. Daim camaatın içindədir. Görüşür, problemlərini öyrənir, qayğıları ilə maraqlanır.
Neçə qəbələli ilə söhbət etdim. Razılıqlarını bildirdilər. Onlar rayonun yeni rəhbərinin həyata keçirməyə başladığı çoxşaxəli inkişaf planını inkişafın yeni mərhələsi adlandırırlar. Daha maraqlı məqam isə odur ki, bu mərhələ rayon mərkəzindən, məhz Qəbələ şəhərindən start götürüb. İndi rayonun elə bir küçəsi, elə bir meydanı yoxdur ki, tamamilə yenidən qurulmasın. Şəhər sakinləri nəinki bu tikinti-abadlıq işlərini alqışlayırlar, hətta, hər bir qəbələli bu prosesin fəal iştirakçısına çevrilib.
Qəbələdəki Ana abidəsi kompleksi, Heydər Əliyev küçəsi, həmin küçənin başlanğıcındakı dairəvi keçid, "Heydər bağı", Mədəniyyət evinin parkı, Nizami parkı, Zərifə Əliyeva parkı və başqa ünvanlardakı tikinti-abadlıq işlərinin qısa müddətdə şəhərin görkəmini dəyişdiyini sübut etməyə ehtiyac yox idi. Yuxarıdan, dağlardan üzü bizə tərəf gələn sərinlik, şəhərin yeni yozumda qurulmuş müasir işıqlandırma sistemi və bir də... təkcə Qəbələ ləhcəsində deyil, Azərbaycanın bütün dialektlərində danışan, üstəlik, əcnəbi olduğu o andaca sezilən insanların istirahətdən məmnun olduğunu göstərən məqamlar çox şeyi sübut edirdi. Fəxr edilməli faktdır. Gündən-günə inkişaf edən Qəbələ ölkənin turizm mərkəzlərindən birinə çevrilib.
Ertəsi günü rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə görüşəndə əvvəlcə axşamkı təəssüratlarımı danışdım. Öz fəaliyyətində planlı iş qrafikinə və ardıcıllığa daim önəm verən Səbuhi müəllimin fikrincə, rəhbər işçinin təşəbbüskarlığı, yaradıcılığı nə qədər çox olsa da, otaqdan çıxmaq istəyi, rayonda gedən hansısa prosesdə bilavasitə iştirak etmək arzusu yoxdursa, o heç nəyə nail ola bilməyəcək:
- Ulu öndər Heydər Əliyev idarəetmənin bu əsas amilini Azərbaycan siyasətçilərinə hələ ötən əsrin 70-ci illərində tövsiyə edirdi. Həmin tövsiyələrə əməl edən hər kəs öz fəaliyyətində böyük uğurlara imza atır. Yəni bizim hansısa uğurumuzdan söz açmaq istəyirsinizsə, bu məqamı diqqətdə saxlayın. Azərbaycanın bugünkü hərtərəfli inkişafının təməlində mütləq ulu öndər Heydər Əliyevin idarəçilik məktəbinin təməlləri durur.
Qətiyyətlə deyə bilərəm ki, bütün rəhbər işçilər həmin prinsiplərə əməl edir. Amma, hərə başqa bir səviyyədə. Bir də ki, Qəbələnin gündən-günə inkişaf etməsinin əsas səbəbləri çoxdur. Əvvəla, Prezident İlham Əliyev Qəbələnin inkişafına daim qayğı və diqqət göstərib, dəfələrlə rayonumuzda olub, buradakı yeni tikintilərin vəziyyəti ilə maraqlanıb, açılışlarda iştirak edib. Heydər Əliyev Fondu Qəbələdə möhtəşəm tədbirlər keçirməklə bu rayonun inkişafına yeni stimul verir.
Rayonumuzdan seçilən millət vəkili Fəttah Heydərov daim seçicilərin arasındadır. Bir ağsaqqal kimi bütün tədbirlərimizdə iştirak edir, öz məsləhətlərini verir, münasibətini bildirir. Bir də ki, Qəbələ camaatı kimi işgüzar, ürəyiaçıq, vəzifəsinə, peşəsinə sədaqətli olan adamlarla hər cür inkişafa nail olmaq mümkündür.
İcra hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfovla söhbətimizdə isə rayondakı inkişafın yeni mərhələsinin bəzi detallar barədə konkret faktlar, rəqəmlər öyrənmək istədik. Eşitdiklərimiz öyrənmək istədiklərimizdən qat-qat çox oldu. Faktlar onlarla, rəqəmlər yüzlərlə idi. Mənim yazılarda rəqəmlərdən az istifadə etmək istəyimi çoxdan bilən Abil müəllim əlavə etdi ki, bunları yazmaq üçün söyləmirəm, gördüyümüz işlərin həcmi, miqyası barədə təsəvvür yaratmaq üçün xatırladıram. Yazmaq üçün isə bəzi məqamları yada sala bilərəm. Məsələn...
Abil müəllim "məsələn" - deyən kimi mən Qəbələnin dünən axşamkı hüsnünü, gözəlliyini yada saldım və soruşmaq istəyirdim ki, bu təntənəyə, təmtəraqa necə nail olmusunuz. Mən onun sözünü kəsdiyim kimi, o da mənim sözümü kəsdi:
- Qəbələ həmin gözəlliyə çatmaq üçün 2400 il yol gəlib. İndi siz 100-150 yaşlı şəhərlərlə Qəbələnin gözəlliyini eyni səviyyədə görmək istəyirsiniz?
Həmsöhbətim İsmayıl bəy Qutqaşınlı və 28 May küçələrindəki əsaslı tikinti və yenidənqurma işlərindən danışdıqca mənim nəzərimdə həmin ərazidən keçən kiçik dağ çaylarının sahilinə çəkilmiş dairəvi daş hasarlar, çiy kərpicdən tikilən evlərin sökülərək yeni materiallarla, müasir üslubda tikilməsi, bütün kommunikasiya vasitələrinin dəyişdirilməsi, işıqlandırma sisteminin yenidən qurulması, ümumiyyətlə, bu küçələrin tamamilə başqalaşması canlanırdı.
Alman faşizmi üzərindəki qələbənin 65 illiyi ərəfəsində Qəbələdəki Ana abidəsi kompleksində aparılmış abadlıq və yenidənqurma işləri barədə ötən yazılarımızdan birində söz açmışdıq. Ancaq həmin işlərin miqyasını onda da ifadə edə bilməmişdik, indi də mümkün deyil. Onu ancaq görmək lazımdır.
Heydər Əliyev küçəsini ulu öndərin adına layiq şəkildə yenidən quran qəbələlilər bu küçənin başlanğıcındakı dairəvi keçidin ərazisini genişləndiməklə həm avtomobillərin hərəkətinə sərbəstlik yaratmış, həm də yaşıllıq zolağını artırmışlar. "Heydər bağı"nın estetik baxımdan daha gözəl görkəm alacağına isə az qalır. Burada işlər iti sürətlə davam etdirilir.
Vaxtilə Qəbələnin yeganə istirahət yeri olan Mədəniyyət evinin parkı indi öz primitiv görünüşünü geridə qoyub. Buradakı yenidənqurma işləri köhnə ünvana müasir görkəm verib. Zərifə Əliyeva parkında isə xüsusi görkəmə malik, bu regionun memarlıq nümunələri üslubunda yeni giriş qapıları tikilir. Bu park Qəbələnin Şərq tərəfdən girişində - Bakı yolunun üstündə olduğuna görə yeni memarlıq qurğuları şəhərin hüsnünə daha bir gözəllik gətirəcək.
Bir sözlə, qədim Qəbələ yeni günlərini yaşayır. Müasir mehmanxanalar, turizm obyektləri, istirahət mərkəzləri, rahat yollar, yaraşıqlı küçələr, meyvəli bağlar, sərin bulaqlar... Qəbələnin bugünkü reallıqlarıdır. Elə buraya üz tutan çoxsaylı turistlər də məhz həmin reallıqlara görə Qəbələni seçirlər...
İlqar HƏSƏNOV,
"Xalq qəzeti"nin bölgə müxbiri
Xalq qəzeti.- 2010.- 26
iyun.- S. 9.