Polis xalqın xidmətindədir

 

    Heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır.

 

    Heydər ƏLİYEV,

    Ümummilli lider

 

 

    Müstəqillik illəri Azərbaycanda cəmiyyət həyatının bütün sahələrinin inkişafı ilə yadda qaldı. Hüquq-mühafizə orqanlarımız bu müddətdə uğurlu yol keçib, desək səhv etmərik. Ulu öndər Heydər Əliyev Azərbaycan polisinin ayrı-ayrı adamlara xidmət edən pərakəndə dəstələr səviyyəsindən müasir dünyanın ən mütəşəkkil və peşəkar hüquq mühafizə orqanlarından birinə çevrilməsinə nail oldu. Heydər Əliyevin xüsusi qayğısı nəticəsində Daxili İşlər Nazirliyinin maddi-texniki bazası, polis əməkdaşlarının peşəkar və intellektual səviyyəsi günbəgün inkişaf etdirildi. Prezident İlham Əliyev isə Azərbaycan polisinin beynəlxalq aləmdəki həmkarları ilə birgə işləməsini, təcrübə mübadiləsini, qarşılıqlı əməkdaşlığın təmin edilməsini bir vəzifə kimi irəli sürdü. Bu yazıda məhz Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ATƏT-lə birgə həyata keçirdiyi layihənin uğurlarından söz açmaq istəyirik.

 

    Gənc Azərbaycan Respublikası 19 il ərzində kəşməkəşli yol keçib. Ölkəmiz ötən müddət ərzində, xüsusilə də müstəqilliyin ilk dönəmlərində siyasi, iqtisadisosial böhranları dəf etməli olub. Həmin böhranlar sabitliyin pozulmasına, kriminogen durumun ağırlaşmasına gətirib çıxarırdı. Ölkədaxili sabitliyin əsasları təhlükə ilə üzləşdiyi həmin günlərdə güc strukturlarından biri olan Daxili İşlər Nazirliyi orqanları ikiqat məsuliyyətlə çalışmaq məcburiyyətində qaldı.

    Azərbaycan polisinin peşəkarlığı və vətənpərvərliyi sayəsində ölkəni xaosa sürüklənən məmləkətdən dünyanın sabit regionuna çevirmək mümkün oldu. Bununla belə illərin təcrübəsi göstərdi ki, bütün sahələrdə olduğu kimi polis sistemində də köklü islahatlara, polis-cəmiyyət münasibətlərinin yenidən qurulmasına böyük ehtiyac var. Etiraf etmək lazımdır ki, köhnə metodları və inzibatçılıq bir sıra hallarda vətəndaşla polis arasında olan münasibətlərə kölgə salırdı.

    Çünki, Azərbaycan polisi ilə vətəndaş münasibətləri 70 illik sovet qaydaları üzərinə köklənmişdi. Odur ki, nə zabitləri, nə də sıravi polis nəfərlərini qınamağa dəyməzdi. Çünki əski ideoloji ənənələr və mühit onları məhz bu cür yetişdirmişdi. Həm təhsil aldıqları polis məktəblərində, həm də asayişin qorunması prosesində onlara yalnız bir məsələ aşılanmışdı: Cinayətkarlara və qanun pozucularına qarşı barışmaz olmaq. Polislər də vəziyyəti nəzərə almadan mübarizə aparırdı.

    Təcrübə göstərir ki, yalnız inzibati üsullara söykənən nəzarət heç bir zaman özünü doğrultmayıb. Üstəlik, bu üsulla cinayətlərin profilaktikasını aparıb, kökünü kəsmək də qeyri-mümkündür. Bu cür münasibətlər təbii ki, nə bəşəri dəyərlərə, islahatlara meyilli olan ölkə rəhbərliyini, nə də yenilikçi düşüncə sahibi olan daxili işlər nazirini qane edə bilməzdi. Polis - cəmiyyət, polis-vətəndaş münasibətlərinin yeniləşməsinə olan ehtiyac açıqca özünü büruzə verirdi. Dərin islahatlara zərurət yaranmışdı. Axı nədən də yaranmayaydı? Əgər ölkə iqtisadisosial layihələrin icra meydanına çevrilibsə, demək, bu islahatlar bütün sahələrə tətbiq olunmalıdır. Məhz buna görə də Daxili İşlər Nazirliyi ATƏT-lə birgə Mingəçevir şəhərinin timsalında cəmiyyət dəstəkli polislik fəlsəfəsinə söykənən beynəlxalq təcrübədə sınaqdan çıxarılmış yeni bir layihənin icrasına start verdi.

    Səslənişi sadə olsa da, mahiyyətcə yuxarıda sadalanan köklü problemlərin həllini əhatə edən cəmiyyət dəstəkli polislik fəlsəfəsi onu icra etməyə hazırlaşanlar üçün indiyədək keçilməmiş bir yolun başlanğıcı demək idi. Belə addım atanları bir növ yoxdan var yaratmaq istəyinə düşənlər də adlandırmaq olar. Çünki, onlar üçün professionallıq istisna olmaqla, heç nə köhnəsi kimi olmayacaqdı. Bu prosesdə təfəkkür, dünyagörüşü, vətəndaşlarla ünsiyyət psixologiyası mütləq dəyişməlidir. Dəyişəcək məqamlar isə polislə xalq arasında mövcud olan inamsızlığın aradan qaldırılmasına, qarşılıqlı inam və etibarın möhkəmləndirilməsinə xidmət edəcəkdi.

    Polis dəyişərək vətəndaşların da onlara münasibətini yaxşı mənada dəyişməsinə hərtərəfli köməklik göstərməli, bununla da xalqın sevgisini qazanaraq cinayətlərin profilaktikası istiqamətində cəmiyyətin yetərli dəstəyini qazanmalıdır. Bir sözlə, xalq qarşılıqlı etibaretimad müqabilində könüllü olaraq polis eynəyi taxmaq istəyinə düşür. Sual oluna bilər: "Nədir bu eynək?"

    Sirr deyil ki, bu gün rayon və şəhərlərdə təxminən 100-120 nəfərlik asayiş keşikçisi xidmət göstərir. Peşəkar baxımdan onlar xidməti borclarını yerinə yetirməkdə sıxıntı yaşamırlar. Amma söhbət baş vermiş cinayətlərdən deyil, ümumi cinayətlərin profilaktikasından və nəticə etibarı ilə cinayətlərin sayının azaldılmasından, yaxud kökünün kəsilməsindən gedirsə, bax burada polisin yaşadığı sıxıntılardan danışmaq yerinə düşər. Axı 100-120 nəfərlik asayiş keşikçisi hər küçədə, məhəllədə, tində -dalanda baş verənlərdən, potensial münaqişə və cinayət ocaqlarından çevik xəbər tutmaq iqtidarında deyil.

    Bəs bunu kimlər daha tez görə bilərlər? Cavab sadədir. Əlbəttə ki, ərazi sakinləri və bir də sadə vətəndaşlar. Bəs məlumatsızlıq şəraitində baş verəcəklərdən kim zərər çəkə bilər? Təbii ki, yenə də vətəndaşlar. Buradan aydın olur ki, polislə vətəndaş eyni məqsəd və məramın daşıyıcısıdırlar. Birisi rahatlıqla yaşamaq, digəri isə həmin asayişi təmin etmək istəyindədir. Demək qalır bir yol: Ümumi maraqlar naminə çiyin-çiyinə, əl-ələ cinayətlərin kökünün kəsilməsinə xidmət etmək.

    Əslində, fərdi təhlükəsizliyin qorunmasına olan maraq hər kəsin qəlbində yer alır. Yetər ki, o marağı oyadıb insanları səfərbər edəsən. Bunu isə ilk növbədə dəyişdiyini nümayiş etdirməyə çalışmalı olan polis əməkdaşları ortaya qoymalıdır. Bu da uzun və mürəkkəb bir prosesdir.

    Polis kimliyindən asılı olmayaraq asayişdə firavanlıq içərisində yaşamaq istəyən bütün vətəndaşlara dost, qardaş əli uzadıb səbrlə onunla öz dilində danışmaq qabiliyyətinə malik olmalıdır. Axı ünsiyyət dilləri də xarakter etibarı ilə müxtəlif olur. Belə ki, uşağın uşaq, böyüyün böyük, ağsaqqalın isə öz dili var. Konkrett desək, fəhlə fəhlə, ziyalı ziyalı, uşaq isə uşaq xarakterinə malikdir. Onların hər birini sevmək, inandırmaq və ən yaxın tərəfdaşına çevirmək bacarığı polislərin bütün uğurlarının açarı hesab edilə bilər.

    Cəmiyyətin ayrı-ayrı zümrələri anlayanda ki, polis geyiminin içində də insan ürəyi döyünür və ürək sahibləri onların öz övladları, qardaşları, qohumları və dəyərli yoldaşlarıdır, bax onda istənilən vətəndaş ona uzanan polis əlini iki əlli sıxmağa meyl göstərəcək. Anlayacaq ki, polislər onların doğma parçasıdır. Onların da həyatında, sevincli və kədərli günlər yaşanır. Polislər də idman edir, musiqi dinləyir, zarafatlaşır, amma yeri gələndə vətəndaşların təhlükəsizliyi naminə şəxsi həyatlarını riskə atmaqdan belə çəkinmirlər. Bax o zaman cəmiyyət tamamilə ictimai polisə çevrilmək seçimi ilə baş-başa qalır.

    Məsələn, cəmiyyət dəstəkli polis işinin Mingəçevir təcrübəsində polis-cəmiyyət doğmalaşması özünü artıq tam açıq şəkildə biruzə verir. Bu gün Mingəçevir polisinin rəisinə zəng edib hal-əhval tutmaq, rəsmi, ya qeyri-rəsmi müraciət etmək, media mənsubları tərəfindən ən yeni məlumatlar almaq heç bir prorblem yaratmır. Hətta Mingəçevir polisinin internet saytı vasitəsi ilə daxili işlər nazirinə belə çox asanlıqla müraciət etmək imkanı yaranıb. Buoxşar işlər vətəndaşların rifahına, qarşılıqlı inam və etibarın möhkəmlənməsinə xidmət edir. Nəticə hətta təəccüb doğura bilər. Artıq Mingəçevirdə cinayətlərin statistikası minimuma enib, vətəndaş şikayətləri isə, demək olar ki, yox dərəcəsindədir. İndinin özündə də, cəmiyyət üzvləri məhəlli şuralar vasitəsi ilə polisin ən yaxın tərəfdaşı kimi cinayətlərin profilaktikası prosesində fəal iştirak edirlər.

    Əslində, qeyd olunan mütərəqqi üsul Mingəçevir polisinin timsalında Azərbaycan polisinin uğurları kimi dəyərləndirilmişdir. Təsadüfi deyil ki, artıq ölkənin əksər bölgələrində Mingəçevirdə uğurla sınaqdan çıxarılmış cəmiyyət dəstəkli polisin fəlsəfəsi tətbiq olunur. Layihənin coğrafiyası genişləndikcə Azərbaycan polisinə vətəndaşlar arasında yaranan səmimi, doğma münasibətlərin hüdudları daha da böyüyür.

    Qısa zamanda əldə edilən uğurlarla bağlı bir neçə məqama diqqət yetirmək yerinə düşər. Qeyd etdiyimiz kimi cəmiyyət dəstəkli polis işi layihə olaraq zaman-zaman bir sıra ölkələrdə icra olunub. Amma beynəlxalq tərəfdaşların da etirafına görə Azərabycan layihəsi qədər qısa müddətdə böyük uğurlara imza atanlara rast gəlinməyib. Bu, onun göstəricisidir ki, azərbaycanlılar düşüncə baxımından yenilikçi və bəşəri dəyərlərə çox tez adaptasiya olunan xalqdır. Digər tərəfdən, Azərbaycan polisinin son dörd illik islahatlar nəticəsində yeni metodlarının tətbiqində nə dərəcədə bacarıqlı və istəkli olduğu təsdiq olundu.

    Əlbəttə ki, beynəlxalq tərəfdaşları ilə işgüzar əlaqələr, qarşılıqlı səfərlər və təcrübə mübadiləsi də faydasız ötüşmədi. Eyni zamanda, Azərbaycan polisinin dünya görüşünün, bilik və bacarıqlarının təkmilləşdirilməsi, polisin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilmiş addımlar da uğurlara təkan vermiş oldu.

    Bu gün ölkə miqyasında keçirilən çoxsaylı tədbirlər, seminarlarkonfranslar məhz yuxarıda qeyd olunan məqsədlərə xidmət edir. Bakı şəhərində keçirilən polis işinə həsr olunmuş beynəlxalq konfransı isə indiyədək ölkə miqyasında analoji yöndə həyata keçirilən işlərin zirvəsi adlandırmaq olar. Konfrans iştirakçıları olan Avropanın qabaqcıl polis təşkilatlarının nümayəndələri qısa müddət ərzində Azərbaycan polisinin müsirləşməsi istiqamətində əldə edilən uğurlardan heyranlıq hissi keçirdiklərini gizlətmədilər. Bu da təbii ki, Azərbaycan dövlətinə və polisinə baş ucalığı gətirən həqiqətlərdir. Hər bir azərbaycanlı iştirakçı kimi mən - polis zabiti olaraq gördüklərimdən və duyduqlarımdan böyük qürur hissi keçirdim.

    İndi Azərbaycan polisinin yeniləşməsini nəzərdə tutan cəmiyyət dəstəkli polislik işi hər kəsin maraq dairəsindədir. Həm polislər, həm də vətəndaşlar bu işin sirlərinə daha dərindən bələd olmaq üçün ciddi səy göstərirlər. Bu yöndə yazılan elmi məqalələr və nəzəri kitab onlara xeyli köməklik edir. Artıq polislərin elmi araşdırmalara xeyli dərəcədə meylinin artdığı da müşahidə olunmaqdadır. Ümid edirik ki, bu gələcəkdə daha mütəşəkkil davam etdiriləcəkdir.

    Əminəm ki, Azərbaycan dövlətinin və Daxili İşlər Nazirliyinin, xüsusən, nazir Ramil Usubovun gündəlik qayğısı nəticəsində polis orqanlarımız daha da inkişaf edəcək, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə daha böyük uğurlara imza atacaqdır. Bu, zamanın tələbi, inkişaf edən Azərbaycanın müasir reallıqlarının qarşıya qoyduğu vəzifələrdir.

    Nəhayət, sonda vətəndaşların diqqətinə çatdırmaq istəyirik ki, arzu edilən ideal polis obrazının yaradılması həm də onların öz əlindədir. Belə ki, bu gün Azərbaycan polisinin şərəfini qoruyanlar və gələcəkdə həmin missiyanı davam etdirəcək şəxslər cəmiyyətin öz yetirmələridirlər. Axı müsbət və ya mənfi xarakterli cizgilərin formalaşmasında ailənin, cəmiyyətin az rolu olmur. Odur ki, gələcək keşikçilərimizi bu gündən yetişdirməyə çalışın ki, sabahkı gün onların xidmətindən fərəh düya biləsiniz.

    Qarşıdan polis günü gəlir. Adətən, belə günlərdə bayramı qeyd edilən təşkilatın tarixinə nəzər salınır, keçilmiş yol barədə danışılır, əldə edilmiş nailiyyətləri göstərən statistika haqqında söz açılır. Biz isə bu yazıda ənənəçilikdən uzaq olub fikirləşdik ki, bu barədə çox danışılıb, çox yazılıb. Odur ki, söhbəti polis-vətəndaş, polis-cəmiyyət münasibətləri üzərində qurmağı qərara aldıq. Bu gün Azərbaycan polisinin cəmiyyət qarşısında yalnız bir vəzifəsi var: sabitliyin və əmin-amanlığın keşiyində ləyaqətlə dayanmaq. Bəs ölkə vətəndaşları nə istəyirlər?-Sabitlikdə və əmin-amanlıqda yaşamaq. Deməli, cəmiyyət polisə dəstək verməkdə tamamilə haqlıdır.

 

 

    Ələsgər BƏDƏLOV,

    Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi,

    polis polkovniki

 

    Xalq qəzeti.- 2010.- 26 iyun.- S. 9.