Binəqədidə
Silahlı Qüvvələr Günü qeyd edilmişdir
Binəqədi Rayon İcra Hakimiyyəti rayonda yerləşən "N" hərbi hissəsində Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü münasibətilə tədbir keçirmişdir.
Rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayev demişdir ki, Azərbaycan tarixinin qürur doğuran şərəfli hadisələrindən biri 26 iyun 1918-ci ildə Milli Ordumuzun yaradılmasıdır. O zaman Azərbaycan Demokratik Cümhuriyyətinin Milli Ordu yaratması, sadəcə, dövlətin əsas atributlarından birini formalaşdırmaq naminə atdığı addım deyildi. Yeni yaradılmış gənc müstəqil dövlətə müxtəlif istiqamətlərdən hücumlar başlanır, erməni quldur birləşmələri şəhər və kəndlərimizi viran qoyur, xalqımıza qarşı xüsusi bir amansızlıqla soyqırımı həyata keçirirdilər. Torpaqlarımızı qorumaq, törədilən vəhşiliklərin qarşısını almaq və müstəqilliyə sahib olmaq üçün ordunun yaradılması, sözün həqiqi mənasında, zərurətə çevrilmişdi.
Natiq daha sonra göstərdi ki, ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi ilk dövrlərdə bütün sahələrdə olduğu kimi, Vətənin yüksək hərbi təhsil almış milli zabit kadrlarına da böyük ehtiyacı olduğunu nəzərdən qaçırmamışdır. Məhz onun ciddi səyləri nəticəsində 70-80-ci illərin əvvəllərində Bakıda C.Naxçıvanski adına Hərbi Məktəb fəaliyyətə başlamışdır.
Rayon icra hakimiyyəti başçısının müavini E.Ağayev demişdir:
- Əgər 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtmasa, öz zəngin dövlət idarəçiliyi təcrübəsi, rasional düşüncəsi, iradəsi, qətiyyəti sayəsində dövlətin digər atributları ilə yanaşı, milli ordu quruculuğuna başlamasa nələrin baş verəcəyini göz önünə gətirmək belə adamı dəhşətə gətirir. Qısa zamanda Milli Ordunun formalaşması üçün təcili və təxirəsalınmaz tədbirlərə başlandı. Hər şeydən əvvəl bütün silahlı qüvvələr vahid komandanlıq altında birləşdi, ciddi struktur və kadr dəyişiklikləri həyata keçirildi və ordunun siyasiləşməsi kəskinliklə aradan qaldırıldı.
Natiq çıxışının sonunda ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bir fikrini diqqətə çatdırmışdır:
Bu gün Azərbaycan, sözün əsl mənasında, bölgədə ən yüksək mövqeli malik bir ölkədir. Əlbəttə, bu mövqeni şərtləndirən mühüm amillər vardır. Bu amillər böyük iqtisadi potensial və güclü ordudur. Güclü ordu güclü dövlətdir. Bütün məqsədimiz güclü ordu yaratmaqdır. Biz bunu edirik, yaradırıq, bizim daha da güclü ordumuz olacaq.
Tədbirdə rayon ərazisində yerləşən hərbi hissələrdə xidmətə görə fərqlənən bir qrup zabit və əsgərə rayon gənclər və idman idarəsinin fəxri fərmanları, habelə RİH-in qiymətli hədiyyələri verilmişdir.
Tədbir geniş konsert proqramı ilə yekunlaşdırılmışdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2010.-
26 iyun. - S. 8.