Sözün
ucalığı və əbədiyyəti
Yusif Abbas oğlu Kərimov 1940-cı ildə Bərdə
şəhərində anadan olmuş və orta təhsil
almışdır. 1962-ci ildə Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirən gənc
jurnalist ilk fəaliyyətinə respublikanın avanqard mətbu
nəşri olan "Kommunist" (indiki "Xalq qəzeti")
qəzetində başlamışdır. Yusif
Kərimov sonrakı illərdə rayonlararası "Yüksəliş"
qəzetində məsul katib (1962-1964), "Bakı"
axşam qəzetində şöbə müdiri (1964-1973), Azərbaycan
Televiziyasının Gənclər redaksiyasında baş
redaktor (1973-1978), "Azərbaycan gəncləri" qəzetində
redaktor (1980-1995) vəzifələrində
çalışmışdır. Son 15 ildə Yusif
müəllim Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının (1995-1997) və Ticarət
Nazirliyinin (1997-2001) mətbuat katibi, İqtisadi İnkişaf
Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin
məsləhətçisi (2001-2007) olmuşdur. Hazırda
Milli Aviasiya Akademiyasında məsləhətçi və
"Gənc aviator" qəzetinin baş redaktorudur.
1978-1980-ci illərdə ali siyasi təhsil
almışdır. 2000-2007-ci illərdə
BDU-nun jurnalistika fakültəsində dərs demişdir.
1963-cü
ildən Azərbaycan Jurnalistlər, 1978-ci ildən isə
Yazıçılar birliklərinin üzvüdür. Azərbaycan
Gənclər İttifaqı Mərkəzi Komitəsinin
büro üzvü, Jurnalistlər Birliyinin katibi,
Yazıçılar Birliyinin komissiya sədri olmuşdur.
Tanınmış
yazıçı-publisist, Azərbaycan professional
jurnalistikasının yetkin, sayılıb-seçilən
nümayəndəsi Yusif Kərimovun 70 yaşı tamam olur.
Ömrünün yarım əsrdən
çoxunu Vətənə, xalqa sözlə xidmət edən
istedadlı qələm sahibi anadilli jurnalistikamızda və ədəbiyyatımızda
öz imzası, üslubu, mövzuları ilə
populyarlaşmış, bacarıqlı media təşkilatçısı
kimi layiqli nüfuz qazanmışdır.
Yusif Kərimov yaradıcılıq
mükafatının şirinliyini çox erkən dadıb.
Hələ universitetdə oxuyarkən (1962)
"Bakı" qəzetinin keçirdiyi ümumrespublika
müsabiqəsində iştirak etmiş və
tanınmış yazarların qoşulduğu bu mötəbər
yarışda birinci mükafata layiq
görülmüşdür. "Hələlik,
əzizim..." adlı həmin sənədli hekayə gənc
müəllifin sonrakı uğurlarının
başlanğıcı olmuşdur. Ədəbi
aləmdə "60-cı illər intibahı" kimi
tanınan həmin dövrün yazarları arasında Yusif Kərimov
da özünəməxsus dəst-xətti ilə
seçilmişdir. "Şirin və dərin
yazanlar" cərgəsində onun adı tez-tez çəkilmişdir.
İstər publisistik, istərsə də
bədii yazıları yaradıcılıq təşkilatları
tərəfindən yüksək qiymətləndirilmişdir.
Azərbaycan Jurnalistlər İttifaqının
"Qızıl qələm" mükafatını, "Səni
mənə verməzlər" romanına görə isə
Azərbaycan Yazıçılar Birliyinin "Yaddaş"
Milli Mükafatını almışdır.
"Nağıl adam haqqında
nağıllar" silsilə esselərinə görə Heydər
Əliyev adına Beynəlxalq Xeyriyyə Fondunun (
Yusif müəllimin
yaradıcılığı çoxşaxəlidir. Publisistikanın sayagəlməz nümunələrini
yaratdığı kimi, onlarca bədii əsərin - hekayə,
povest və romanların, pyeslərin və kinossenarilərin də
müəllifidir. Son dövrlərdə
"Azərbaycan bestselleri" silsiləsindən
yaratdığı iki romanı ("Zülmətin bəyaz rəngləri"
və "Bakirələr xiyabanı") milli ədəbiyyatımızda
yeniliyi ilə diqqəti cəlb etmişdir. Yazıçı - publisist Yusif Kərimovun iyirmiyə
yaxın kitabının yeddisi Qarabağ dərdlərinə,
torpaq və mənəvi itkilərimizə həsr
olunmuşdur.
Yusif Kərimovun ömürlüyünə və
yaradıcılığına bu qısa ekskursdan sonra
sözü onun özünə veririk:
- Deyirlər ki, tarix keçmişin, bədii əbədiyyat
gələcəyin, publisistika isə bu günün
aynasıdır. Bunlardan ikisi - publisistika və bədii
ədəbiyyat bilavasitə sizin
yaradıcılığınızla sıx
bağlıdır. Yazılarımızda
hansına daha çox üstünlük vermisiniz?
- Buna birmənalı cavab vermək çətindir. "Üstünlük" sözü nisbidir və
zamanla, mövcud şəraitlə bağlıdır. Zaman tələb edəndə publisistikaya müraciət
etməli olmuşam. Əlbəttə,
"publisistika" deyəndə jurnalistikanın müxtəlif
janrlarında çap etdirdiyim yüzlərlə yazını
nəzərdə tutmuram. Mən o
yazını publisistika adlandırıram ki, cəmiyyətin
taleyüklü problemlərinə toxunsun və onların həllinə
təkan vermiş olsun.
- Belə nümunələrdən bir-ikisini misal çəkə
bilərsinizmi?
- Çəkəcəyim misallar öz
dövrünün məhsulları kimi, çox səciyyəvidir.
Ötən əsrin ortalarında ölkədə belə bir
şüar dəbdə idi: "Pambığı son
qozasınadək yığaq!" O zaman "ağ
qızıl" SSRİ-nin əsas sərvətlərindən
biri idi və onun hər kiloqramını itkiyə vermək
nöqsan sayılırdı. Lakin ölkə
miqyasında tətbiq edilən bu şüar Azərbaycanın
təbii şəraiti üçün əlverişli deyildi
və pambıqçılığın inkişafına
böyük ziyan vururdu. O zaman mən rayonlararası
"Yüksəliş" qəzetində
çalışırdım və kənd təsərrüfatının,
o cümlədən pambıqçılığın bəzi
"sirlərinə" bələd olmuşdum. Mil-Muğan pambıqçılarının təcrübəsinə
əsaslanaraq, "Son qozanın qiyməti" adlı analitik
məqalə yazdım.
Respublikanın baş qəzeti olan
"Kommunist" qəzetində çap olunan bu yazıda
"Pambığı son qozasınadək yığaq! şüarının səhv və ziyanlı
olduğu iqtisadi göstəricilərlə sübuta
yetirilirdi. "Pambığı son qozasınadək
yığaq!" şüarı inkar edilir, əvəzində
"Pambığı tez və itkisiz yığaq!"
şüarı irəli sürülürdü. Həmin yazı öz dövründə ictimaiyyətin
və dövlət orqanlarının diqqətini cəlb etdi.
Partiyanın Mərkəzi Komitəsində
yazını müzakirə etdilər, müəllifin xeyrinə
qərar çıxartdılar. Lakin mənim
təklif etdiyim yeni şüar yalnız 70-ci illərdə,
ümummilli lider Heydər Əliyev respublika rəhbəri
olandan sonra həyata vəsiqə aldı.
80-ci illərdə Dağlıq Qarabağ
Muxtar Vilayətini separatizmə aparan yollardan yazırdım.
O zaman "Azərbaycan gəncləri" qəzetinin redaktoru
vəzifəsində çalışırdım, DQMV-da
hökm sürən və getdikcə şiddətlənən
antiazərbaycan siyasəti müntəzəm olaraq qəzetimizdə
yer alırdı. Bu cür yazıların
üstündə dəfələrlə təzyiqlərə
məruz qalmışdım. Təəssüf ki, nə
mənim yazılarım, nə də bu mövzuda yazılan
digər çap məhsulları Dağlıq Qarabağın
əldən getməsinə mane ola bilmədi.
Mənim bundan sonrakı
yaradıcılığım bütünlüklə
Qarabağ mövzusuna, onun işğal olunmasının
çoxçalarlı səbəblərinə həsr olundu.
- Son illərdə Abşeronda artan ekoloji təhlükədən
tez-tez yazırsınız...
- "Abşeron dərdi" digər problemlərimizdən
heç də az təhlükəli deyil. Məsələ burasındadır ki, Abşeron
yarımadası son yüzilliklərdə bu qədər
yüklənməyib, altı isə bu dərəcədə
sorulub boşaldılmayıb. Mütəxəssislərin
fikrincə, yarımadanın (xüsusən Bakının)
amansızcasına yüklənməsi bu cür davam edərsə,
Abşeron çökə bilər. Əlbəttə,
təhlükənin qarşısını almaq
üçün, ilk növbədə, tikinti-inşaat işlərində
"ağırlıq sindromunu aradan qaldırmaq
lazımdır. Qərbin və Şərqin qabaqcıl təcrübəsini
Azərbaycana gətirmək, yüngül inşaat
materialları istehsal və tətbiq etməklə ağır
"yerdələnlər" yox, sözün əsl mənasında,
yüngül "göydələnlər", habelə
kommunikasiya vasitələri yaradılmalıdır. Daha vacib
bir məsələ: ucaldılan hər hansı bir tikinti
obyekti ayrı-ayrı fərdlərin marağına deyil,
respublikanın və millətin taleyinə cavabdeh olan dövlətin
mənafeyinə tabe etdirilməlidir.
- Ədəbi ictimaiyyət sizi istedadlı
və məhsuldar publisist kimi çoxdan qəbul edib. Bu sahədə daha böyük
uğurlarınızı başqa yaradıcılıq
növlərinə "qurban verməyinizi" necə izah edərdiniz?
- Yəqin, bədii əsərlərimi nəzərdə
tutursunuz. Əvvəla, mən heç nəyi
qurban verməmişəm. Lap
uşaqlıqdan bədii yaradıcılıqla məşğul
olurdum. Jurnalistika peşəsinə yiyələnəndən
sonra bu sahədə püxtələşməyi
qarşıma məqsəd qoydum. Sonralar
vaxt imkan verdikcə bədii janrlarda əsərlər
yazmağa başladım. Miniatürlərim, hekayələrim,
povest və romanlarım çap olundu, pyeslərim tamaşaya
qoyuldu... Mütəxəssislərin fikrincə,
mənim yaradıcılığım qoşa qanad (jurnalistika
və bədii təxəyyül) amilindən
qidalandığı üçün aktual və oxunaqlı
olur.
- 70 yaşda haradan gəlib, haraya gedirsiniz?
- Sözün bu başından onun sonsuzluğuna doğru...
- Ömrü vaxt çərçivəsinə salmaq
düzgündürmü?
- Yox. Ömür vaxta sığmır.
O dövridir... Bizim
xatırladığımız, yaxud dərk etdiyimiz
ömür yaddaşımızın tutub saxlaya bildiyi
ömürdür.
- Yaddaşınızda nələr qalıb?
- Çox şey: sevinc və kədər, uğur və
uğursuzluq, sevgi və nifrət, xoşbəxtlik və bədbəxtlik...
- Xoşbəxtlik nədir?
- Bədbəxt olmamaq.
- Ən böyük istəyiniz nə olub?
- Özümə kənardan baxa bilmək.
- "Düşüncəmiz ruhumuzdur..." Bir vaxt belə yazmısınız. Bunun açması nədir?
- Düşüncəmizi materiallaşdırsaq, yəni
yazılara, səslərə çevirsək, onu əbədiləşdirə
bilərik. Deməli, yaratdığımız kitablarda,
tele-radio lentlərində ruhumuzu yaşada bilərik...
- İtirdiklərinizin ən qiymətlisi?
- İşğal olunmuş
topaqlarımız.
- Söz sizə nə verdi?
- İstədiyim hər şeyi: həyatda layiqli yer
tutmaq, özünü ifadə etmək imkanını namusla
yaşamaq, başqalarına da gərəkli olmaq
üçün mübarizə meydanını, təmiz
adı, cəmiyyətin diqqət və hörmətini... Həyatda insana başucalığı gətirən
nə varsa mən onu qələmlə qazanmışam. Sözün qüdrətinə, ədalətinə,
ədəbiyyətinə, inanmışam. Doğru
söz də münbit torpaq, saf toxum kimidir: bir versən, beş qaytarar. Bütün
uğurlarıma görə sözə borcluyam.
- Yusif müəllim, sizi 48 il əvvəl
ilk jurnalist fəaliyyətinə başladığınız
qəzetimizin kollektivi səmimi təbrik edir. 70
yaşlı həmkarımıza möhkəm
cansağlığı, yeni yaradıcılıq
uğurları arzulayırıq.
- Çox sağ olun. Son
nəfəsimədək sözə sadiq olacağam.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2010.-
30 iyun.- S. 7.