"Tarixi həqiqət,
beynəlxalq və mənəvi hüquq bizə öz
torpaqlarımızı azad etməyə əsas verir"
Azərbaycan Silahlı Qüvvələrinin
yaradılmasının 92-ci ildönümü münasibəti
ilə Trend Agentliyinin müxbiri P.Kəsəmənski Azərbaycan
Respublikası Prezidentinin müdafiə məsələləri
üzrə köməkçisi general-leytenant Vahid Əliyevdən
müsahibə almışdır. Müsahibədə
qaldırılan məsələlərin
aktuallığını nəzərə alaraq "Xalq qəzeti"
həmin müsahibəni oxuculara təqdim edir.
- Əvvəla, Sizi Azərbaycan
Respublikasının Silahlı Qüvvələri Günü
münasibətilə təbrik etmək və fəaliyyətinizdə
uğurlar arzulamaq istərdim.
- Təşəkkür edirəm.
Mən də öz növbəmdə, Azərbaycanın
Silahlı Qüvvələrinin bütün şəxsi heyətini
- Ali Baş Komandandan tutmuş, hal-hazırda ən çətin
vəziyyətlərdə öz xidmətlərini aparan əsgərlərə
qədər hamını və bütün Azərbaycan
xalqını bu bayram münasibətilə təbrik edir,
onlara bu çətin, lakin şərəfli xidmətlərində
uğurlar, cansağlığı, xoşbəxtlik və əlbəttə,
Azərbaycanın ərazi bütövlüyünün bərpa
olunmasında qələbələr diləyirəm.
- Azərbaycan Silahlı Qüvvələrinin
hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- Birmənalı olaraq, çox
yüksək səviyyədə. Bugünkü Azərbaycan
Silahlı Qüvvələri müstəqillik dönəminin
ilk illərində olduğu kimi deyil. Əgər
xatırlayırsınızsa, həmin illərdə
respublikada prezident olmasına baxmayaraq, Ali Baş Komandan yox idi,
çünki hərbi qüvvələr, sadəcə olaraq,
idarəedilməz halda idi. Yalnız görkəmli dövlət
xadimi Heydər Əliyev hakimiyyətə qayıtdıqdan
sonra, qısa müddət ərzində orduda vahid rəhbərlik
yarada bildi, Silahlı Qüvvələrin qurulması işi
elmi şəkil aldı və yarım ildən sonra ordumuz ilk
qələbələrini qazanmağa başladı.
Hazırda Azərbaycan Silahlı
Qüvvələri döyüş fəaliyyətinin
aparılmasında ən müasir taktiki və strateji tələblərə
cavab verir.
Bu, ilk növbədə,
Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji
durumu, peşəkarlığı, həmçinin, onun hərbi
texnikanın ən müasir növləri - silahlar və
döyüş sursatları ilə təchiz olunması ilə
bağlıdır.
Bu gün Azərbaycanın regionda
ən güclü döyüş bacarığına malik hərbi
qüvvələri vardır ki, o, qarşısında duran
bütün tapşırıqları yerinə yetirməyə
qadirdir. Bu, ilk növbədə, işğal olunmuş
torpaqlarımızın azad edilməsi və Azərbaycanın
ərazi bütövlüyünın bərpasıdır.
Son yeddi il ərzində Azərbaycanın
hərbi büdcəsi on üç dəfə artıb və
bu gün 2,2 milyard manata yaxın məbləğ təşkil
edir ki, bu da Silahlı Qüvvələrimizi yeni texnika və
silahlarla təchiz etməyə imkan verir. Silahlı Qüvvələrimizə
lazım olan silah və döyüş sursatının
istehsalı, bu sahədə müvafiq tədqiqatlar
aparılması ilə məşğul olan Müdafiə Sənayesi
Nazirliyi yaradılmışdır.
Azərbaycan Müdafiə
Nazirliyinin hissələri ilə yanaşı, bizim Dövlət
Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi
yanında Daxili Qoşunlar, Fövqəladə Hallar Nazirliyi
yanında ölkənin rayonlarında baş verən təbii
fəlakət zamanı öz hərbi
hazırlığını nümayiş etdirmiş Mülki
Müdafiə Qoşunlarımız da vardır , onların
köməkliyi ilə ölkənin aran rayonlarında baş
verən daşqınlar xoşbəxtlikdən insan tələfatı
olmadan ötüşdü.
Qeyd etmək istərdim ki,
Silahlı Qüvvələrimizin mövcud vəziyyəti
onunla izah edilir ki, onlar Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanının daimi nəzarəti altındadırlar.
Dövlət başçısı hərbi qulluqçulara,
onların hərbi hazırlığına, maddi-texniki təminatına,
sosial müdafiəsinin gücləndirilməsinə
qayğı göstərir.
Ali Baş Komandanın bu günlərdəki
Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan
Respublikası DİN-in Daxili Qoşunlarının bölmə
və hissələrinin, əslində, onların Prezident və
xalq qarşısında növbəti illik
inkişafının uğurlu hesabatı olan birgə təlimində
iştirakı seçim yolunun və Silahlı Qüvvələrimizin
inkişaf metodunun düzgünlüyünü bir daha
sübut etdi.
- Azərbaycan hazırda müharibə
şəraitindədir, Azərbaycan və Ermənistan
ordularının təmas xəttindən gələn məlumatlar
buna sübutdur. Son həftə cəbhə xəttindəki fəallıq
və insan tələfatı ilə yadda qalıb. Mövcud fəallıq
nə ilə izah olunur?
- Biz həmişə bəyan
etmişik ki, döyüş fəaliyyəti dondurulmayıb,
müharibə şəraiti davam edir, yalnız atəşkəs
rejimi vardır. Döyüş fəaliyyətinin bərpası
istənilən an mümkündür. Hazırkı status-kvo
bizi qane etmir. Niyə? Çünki bizim bir milyon
qaçqınımız var, torpaqlarımızın 20 faizi
işğal altındadır, bu, bütün regionun və eləcə
də bizim inkişafımızı ləngidir. Çünki
dövlət öz Vətənindən məhrum olunmuş vətəndaşları
qarşısında məsuliyyətlidir. Çünki Ermənistan
hazırkı vəziyyəti mənasız şəkildə
uzadır. Çünki Ermənistan tərəfi atəşkəs
rejimi haqqında razılaşmaya yalnız sözdə riayət
edir, lakin bununla belə tez-tez təxribatlar yaradır və biz
buna cavab verməyə məcburuq. Hər dəfə bizim
cavablarımız adekvatdır, halbuki daha sərt reaksiya vermək
iqtidarındayıq.
Lakin biz hələlik sülh
danışıqları prosesinin tərəfdarıyıq,
diplomatik resurs hələ ki, tükənməyib. Lakin bu, əbədi
olaraq davam edə bilməz, artıq 20 ilə yaxındır
heç bir nəticə yoxdur, səbəb isə Ermənistanın
bu illər ərzində qeyri-konstruktiv mövqe
tutmasıdır.
İstənilən sağlam
düşüncəli adamdan soruşsaq ki, böyük
problemi necə həll edək, o cavab verər ki, ilk növbədə,
böyük problemi kiçik hissələrə ayıraraq həll
etmək və beləliklə həmin böyük problemin həllini
tapmaq lazımdır. Bu doğrudur, bu elmidir. Bəs bu suala
Ermənistan necə cavab verir?
Sağlam düşüncəli insan
üçün, qəribə olsa da, onlar bizə əməkdaşlıq
təklif edirlər. Avtomat və
iriçaplı silahların lüləsi altında əməkdaşlıq
etmək olarmı? Atəş altında
infrastruktur qurmaq, ticarət, əkmək, becərmək və
istirahət etmək mümkündürmü? Cavab bəllidir - yox. Əməkdaşlıq
üçün, ən azı, qoşunları
çıxarmaq və bununla minimum etimad mühiti yaratmaq
lazımdır. Problem birdən deyil, mərhələlərlə
həll oluna bilər və olmalıdır. Ermənistan rəhbərliyinin təklifləri -
öncədən dalana dirənmiş və qəbulolunmaz
variantdır. Problemin həlli ATƏT-in
Minsk qrupu həmsədrləri tərəfindən təklif
edilmiş son Madrid prinsiplərində məntiqi əksini
tapır.
Hazırkı Ermənistanın və
Dağlıq Qarabağın vəziyyəti ayı ovlamağa
çalışan ovçu haqqında lətifəni yada
salır. Ovçu ayını tutub, lakin
bilmir ki, onunla nə etsin. Saxlamaq
mümkün deyil, əldən buraxmaq isə qorxuludur. Ermənilər müharibə kimi ağır bir
yükü nə iqtisadi, nə psixoloji, nə də mənəvi
cəhətdən daşıya bilirlər.
- Axı Ermənistan iddia edir ki, məhz Azərbaycan
və Türkiyə ona blokada qurublar.
- Çox şey iddia etmək olar. Nə qədər
çox haqsız və günahkar olsan, bir o qədər digərlərində
səbəb axtaracaqsan. Bu mənasız nağılı
dinləyən insan, sadəcə olaraq, xəritəyə
baxmalı və "təəccüblə" görməlidir
ki, özgə torpaqlarını işğal edən Ermənistan
məhz özünü Azərbaycandan keçən
bütün rabitə xətlərindən məhrum edir. Daha doğrusu, Ermənistan
özü-özünü blokadaya salıb. Paradoks bundadır ki, özü-özünü
könüllü olaraq yox, zorla blokadaya salıb və bununla
bağlı bizi günahlandırır ki, biz onları blokadada
saxlayırıq.
Onların Türkiyəni sərhədləri
bağlamaqda günahlandırmaları da, ən azı, səmimi
deyil. Bunun üçün ən azı
bir dəfə Türkiyədə erməni nömrəli
maşınları görmək (mən şəxsən bunu
bir neçə dəfə müşahidə etmişəm)
və yaxud Ermənistana türk malları daşıyan
Türkiyənin böyük yük avtomobilləri haqqında
ermənilərin özlərinin söhbətlərini dinləmək
lazımdır. Məsələ ondadır
ki, Türkiyə sərhədləri ancaq simvolik olaraq
bağlayıb - ermənilər və türklər azad şəkildə
sərhədi keçirlər; yeri gəlmişkən, İrəvan
və İstanbul arasında Türkiyə tərəfdən
açılmış aviasiya əlaqələri mövcuddur.
Bunun nəyi blokadadır?
Hazırkı Ermənistan hökuməti
etiraf edə bilmir ki, Ermənistan onun inkişafına mənfi
təsir göstərən qeyri-uzaq görən siyasəti ilə
öz xalqını böyük iqtisadi, enerji, nəqliyyat və
digər layihələrdən məhrum edib və bu, onun
inkişafına neqativ təsir göstərir.
Bu gün de-fakto Ermənistan müstəqil
dövlət olaraq mövcud deyil. Ölkənin
maddi dəyərləri borclara sərf olunub, mənəvi dəyərləri
isə diasporun əlindədir. Ermənistan
rəhbərliyi özünü dalana dirəyib və onun
üçün vəziyyət daha da pisləşəcək.
Ermənistan, müvəqqəti olaraq, Azərbaycanın
20 faiz torpaqlarını zəbt edib və bununla da öz gələcəyini,
inkişafını itirib. Ermənistan ona
məxsus olmayanları nə qədər tez geri qaytarsa,
düşdüyü vəziyyətdən, özünü və
xalqını saldığı dalandan bir o qədər tez
çıxa bilər və öz problemlərini bir o qədər
tez həll edə bilər.
- Müharibə başlayacağı təqdirdə, Azərbaycan
Silahlı Qüvvələri onların qarşısında
duran hərbi tapşırıqları yerinə yetirmək
iqtidarındadırmı?
- Azərbaycan xalqı müharibə istəmir, lakin biz
ona hazır olmağa məcburuq. Çünki
bu müharibə erməni təcavüzkarları tərəfindən
bizə zorla qəbul etdirilib. Mən
üç əsas amillə bu məsələnin tarixçəsinə
müraciət etmək istərdim. Birincisi,
hazırkı Ermənistan və Dağlıq Qarabağ tarixi
Azərbaycan torpaqlarıdır. Ötən
əsrin və daha əvvəlin xəritələrinə
baxsaq, bütün toponimlər, yaşayış məntəqələrinin
adları Azərbaycana məxsusdur. XIX əsrin
əvvəllərində Rusiya-İran və Rusiya-Türkiyə
müharibələri o nəticəyə gətirib
çıxardı ki, Qafqazda aborigen olmayan ermənilər
Yaxın Şərqdən (Şərqi Türkiyə, Suriya,
İran, İraq) Azərbaycanın İrəvan
xanlığı olan hazırkı Ermənistana
köçürüldülər. Beləliklə,1813-cü ildən bu günə qədər,
200 il ərzində, minimum, bir milyon yarım əhali
hazırkı Ermənistana köçürülüb. Ermənilər, həmçinin, Dağlıq
Qarabağa köçürülüblər. Onlar özləri Dağlıq Qarabağa
köçürülmələrinin 150 illiyi münasibətilə
burada abidə ucaldıblar, sonra isə özlərinin bu əraziyə
gəlmə olmaları barədə heç bir iz qoymamaq
üçün onu məhv ediblər. Kimi
aldadırlar? Özlərini.
Azərbaycan Demokratik Respublikası 114 min kvadrat kilometr
sahəyə malik idi, lakin bolşevik Rusiyası yenidən
yaranmış Ermənistan dövlətinə Zəngəzur,
Göyçə və Zəngibasarı verdi.
Bununla da Naxçıvan Muxtar Respublikası Azərbaycanın
ümumi ərazisindən ayrı düşdü. 1918-ci
ildə mövcud olmuş demoqrafik mənzərənin tamamilə
dəyişdirilməsi üçün, Sovet
İttifaqının yarandığı dövrdən etibarən,
Qərbi Azərbaycandan azərbaycanlı əhalinin
deportasiyası başladı və bu, 1988-ci ildə Azərbaycana
qarşı elan olunmamış müharibədən sonra
apofeozla başa çatdı. Ermənilər
bütünlüklə etnik təmizləmə apardılar və
bu gün nə Ermənistanda, nə də işğal
olunmuş ərazilərdə azərbaycanlılar
yaşamırlar. Ermənistanın özündə ermənilər
təkmillətli dövlət yaradıblar - indi ermənilərdən
başqa Ermənistanda heç kim
yaşamır. Bu, qeyri-erməni millətlərinə
qarşı dözümsüzlük deyil, bəs nədir?
Belə nəticəyə gətirib
çıxaran millətçilik rejimi dünyanın
heç bir ölkəsində yoxdur.
İkincisi, bizim haqlı olmağımız
beynəlxalq hüquqla möhkəmlənir. Heç bir ölkə Dağlıq Qarabağın
müstəqilliyini tanımır, Azərbaycan
torpaqlarını işğal edənlərin təcavüzünə
haqq qazandırmır. BMT, münaqişə
ilə bağlı Ermənistan tərəfindən bu günə
qədər yerinə yetirilməyən dörd qətnamə
qəbul edib. Nəhayət, beynəlxalq
hüquq öz sərhədlərimizi bərpa etmək
üçün tam əsas verir.
Və üçüncüsü, ərazi
bütövlüyümüzü bərpa etmək bizim mənəvi
haqqımızdır.
Daha doğrusu, üç mühüm
aspekt - tarixi həqiqət, beynəlxalq və mənəvi
hüquq bizə öz torpaqlarımızı azad etməyə
əsas verir.
Əgər müharibə başlanarsa,
onda Azərbaycan Silahlı Qüvvələri
qarşısında duran bütün vəzifələri yerinə
yetirəcək və düşməni sarsıdıcı məğlubiyyətə
uğradacaq. Öz xalqına bədbəxtlik
gətirən Ermənistanın sonuncu rəhbərləri hələ
hərbi məğlubiyyət də gətirəcəklər.
Qoy fikirləşsinlər - bu onlara
lazımdırmı?
Hələ çox mühüm digər
aspektlər də vardır. Çoxları ümid edirlər
ki, dünya ictimaiyyəti guya bizə müharibə etməyə
imkan verməyəcək və s. Lakin diqqət yetirin,
dünya ictimaiyyəti susmasa da, bu gün bizim
qarşılaşdığımız nəticələrin
aradan qaldırılması üçün heç nə
etmir; bu isə dinc əhalinin bütöv etnik təmizlənməsi,
azərbaycanlılara qarşı soyqırımıdır. Buna görə də dünya ictimaiyyəti bizə
nə deyə bilər? Ermənistandan fərqli
olaraq, biz dinc əhali ilə vuruşmayacağıq. Çox sadə səbəbə görə ermənilərin
işğal etdiyi torpaqlarda dinc əhali yoxdur. Bizə
yalnız Ermənistan silahlı qüvvələri müqavimət
göstərir və bizim onları gəldikləri yerlərə
qaytarmağa haqqımız var. Əminəm ki, ordumuz Dağlıq
Qarabağın hazırkı yaşayış məntəqələrinə
qədər gəlib çıxsa, məsələn, Xankəndi
şəhərinə, onda biz erməni mənşəli vətəndaşlarımız
ilə dil tapacağıq və onlara qarşı
vuruşmayacağıq.
Torpaqları geri qaytarmağı bizdən
xalq və tarix tələb edir. Əgər
təcavüzkarı dayandırmasaq, onda... siz erməni
KİV-in Naxçıvan məsələsini necə fəal
şəkildə qaldırdığını
görürsünüz? Ermənilər elə bir
eyforiya vəziyyətindədirlər ki, Qarabağ
kampaniyasına görə cəzalandırılmadıqlarına
görə, Naxçıvana da iştahaları var. Lakin onlar
bilməlidirlər ki, Naxçıvan bugünkü gün
alınmaz qaladır; orada Silahlı Qüvvələr
bütün lazım olan hər şeylə təmin edilib ki,
təcavüz zamanı layiqli müqavimət göstərsin. Bunun üçün istək və müvafiq əmr
olduqda isə, təkcə müqavimət göstərməklə
kifayətlənilməyəcək.
- Belə bir sual meydana çıxır: əslində
bizə aid olanı niyə özümüzə
qaytarmırıq?
- Çünki diplomatik imkanlar hələ tükənməyib.
Müharibənin nə olduğunu hamı
çox gözəl başa düşür. Bununla yanaşı, bizim Ali Baş Komandan, Prezident
qurucudur. O, Azərbaycanın və bütünlüklə
regionun inkişafını, çiçəklənməsini
və tərəqqisini istəyir və bunun üçün əlindən
gələni edir. Müharibə isə tam
başqa şeylər - qan, göz yaşı, xarabalıq deməkdir.
Bizim tərəfdən müharibənin
başlamaması və danışıqların davam etdirilməsində
prinsipial mövqe yalnız və yalnız bununla izah olunur.
Müharibə - hər iki tərəfdən
itki deməkdir; lakin biz müasir döyüşdə şəxsi
heyətimizin itkilərini azaltmaq üçün bütün
tədbirləri görmüşük. Əvvəllər
şəxsi heyət tərəfindən aparılan əməliyyatlar
indi insan itkisinin azalmasına gətirib çıxaran
müasir texnikalar vasitəsilə həyata keçirilir.
Bir daha təkrar edirəm: biz istəmirik ki,
cavanlarımız müharibədə şəhid olsunlar,
analar göz yaşı töksünlər. Lakin
birinci müharibədə biz bunu gördük. Lakin işğalçılıq və
danışıqlar prosesi daim davam edə bilməz. Ümid etmək istəyirik, Ermənistanda da bunu dərk
edirlər və Azərbaycanın Dağlıq Qarabağ ərazisindən
Ermənistan silahlı qüvvələrinin
çıxarılması məsələsinin
uzadılması prosesinə son qoyulacaq.
- Ermənistanın tarixə öz baxışı
vardır ki, buna qondarma "erməni soyqırımı"
və "Böyük Ermənistan" haqqında xülya da
qatılmalıdır...
- Öz xalqını aldadan bu insanlara nə demək
olar? Türkiyədə nə Osmanlı
dövründə, nə də Cümhuriyyət
dövründə ermənilərin bir millət kimi məhv
edilməsi barədə məqsəd olmayıb. Bundan əlavə,
Türkiyədə erməni milliyyətinə mənsub nazirlər
olub.Tarixi həqiqət ondan ibarətdir ki, ermənilər
Osmanlı İmperiyasının tərkibində 600 il yaşayıblar və həmin dövr ərzində
onlara heç bir şey olmayıb. İndi də
Türkiyədə çoxlu sayda erməni yaşayır.
Qanunlara hörmət edən vətəndaşlar
yaşayacaq və inkişaf edəcəklər. Lakin
ötən əsrin əvvəllərində Türkiyəyə
xarici qüvvələr hücum edərkən, Şərqi
Türkiyədə yaşayan, əsasən, Çar
Rusiyası və Fransanın hesabına silahlanan erməni əhalisi
Türkiyənin düşmənlərinin tərəfinə
keçdi. Bu üsulla Türkiyə vətəndaşlarından
ibarət olan ermənilərin nizami hərbi hissələri
yaradıldı və onlar ölkənin Şərq hissəsinin
qoparılması və erməni dövlətinin
yaradılması üçün Türkiyəyə qarşı
mübarizə aparmağa başladılar. Onlar heç
nəyə nail ola bilmədilər.
Onlar bolşevik inqilabından və Qafqazda Sovet
İttifaqının qurulmasından sonra, Ermənistan dövlətinin
yaradılmasına nail oldular. "Soyqırımı"
məsələsi ermənilərin bütün dünyaya
sırımaq istədikləri bir əfsanədir. Bu əfsanənin məqsədi Türkiyə və
Azərbaycana qarşı ərazi iddialarıdır.
İkinci əfsanə qondarma
"Böyük Ermənistan"dır. Tarix
boyu Yaxın Şərqdə bir çox müharibələr
baş verib. Lakin tarixdə həmin
vaxtın böyük sərkərdələrinə
qarşı vuruşan erməni dövləti olmayıb.
Bu ondan xəbər verir ki, erməni dövlətçiliyi
olmayıb. Müharibələrə
farslar, qafqazlılar, hindlilər, ərəblər, türklər
cəlb olunublar, lakin ermənilər heç kimlə
vuruşmayıblar. Çünki onlar həmişə
bu və ya digər dövlətin tərkibində olublar.
Bundan əlavə, hətta
"Böyük Ermənistan"ın nə vaxtsa olduğunu
fərz edək. Nə olsun? Bu, Ermənistana hansı dividendlər verir? Erməni ideoloqları artıq başa düşməlidirlər
ki, 21-ci əsrin astanasında xalqı geriyə yox, irəli
aparmaq lazımdır. Nə "Böyük Ermənistan"?
Təsəvvür etmək çətindir ki, əgər
türklər, ruslar, fransızlar, ingilislər, ispanlar,
portuqallar və digər imperiya xalqları öz tarixləri
haqqında tarixi yalnız kitablardan öyrənməklə
kifayət etməyib, həyatda da təkrar etməyə
çalışsalar, nələr baş verə bilər.
Monqollar Çingiz xan dövrünü
qaytarmağa çalışsalar, nə baş verə biləcəyini
düşünmək belə istəməzdim.
- Bəs onların sabun köpüyü kimi
şişirtdikləri "millətin öz müqəddəratını
həll etməsi" hüququ?
- Siz hardasa "qarabağlılar" adlı millət
adı eşitmisiniz?
- Onları xalq adlandırmaq olarmı?
- Olmaz. "Kürdəmir xalqı" və ya hər
hansı digər rayonun xalqı anlayışı
olmadığı kimi, "Qarabağ xalqı" adlı bir
anlayış da ola bilməz. Qarabağda yaşayan əhali təkcə ermənilərdən
ibarət deyildi.
Digər tərəfdən, nə vaxta kimi
əhalini öz müqəddəratını təyin etmək
adı ilə xırda hissələrə bölmək olar?
Qarabağın erməni icması öz müqəddəratını
təyin etməyi tələb edir, eyni zamanda, orda yaşayan azərbaycanlılar
da öz müqəddəratlarını tələb edirlər.
Beləcə, bir evin hər kvadratmetrinin öz
müqəddəratının təyin edilməsinə gəlib
çıxmaq olar.
Erməni xalqı, erməni milləti
öz müqəddəratını artıq təyin edib.
Onların erməni dövləti - Ermənistan
respublikaları var. Bu o demək deyil ki, bütün dünyada
yaşayan ermənilər müstəqillik və ya muxtariyyət
tələb etməlidirlər. Azərbaycanın
tərkibində yaşamaq istəyən ermənilərə
biz tam təhlükəsizlik təminatı verə bilərik.
- Gəlin Silahlı Qüvvələrin
qurulması mövzusuna keçək. Ordunun
müasir silahlarla təmin olunması üçün
hansı tədbirlər görülür?
- İlk növbədə, biz Hərbi Hava
Qüvvələrini və hava hücumundan müdafiəni
gücləndirmişik. İndi bizim səmada
xidmət edən ən müasir silahlarla silahlanmış hərbi
təyyarələr, hərbi vertolyotlar, radarlar, raketlər
havadakı üstünlüyümüzü təmin edir.
Həmçinin, artilleriya, zirehli texnika
müasir səviyyədə təchiz edilib. Hərbi Dəniz Donanmasının da
inkişafına xüsusi diqqət ayrılır. Atıcı silahlar yenilənib, əsgər və
zabit heyəti hazırlanıb, NATO sistemində təlimlərə
keçilib və lokal müharibə təcrübəsi mənimsənilib.
Bütün bunlar bizə ordumuzun regionda ən
güclü döyüş hazırlığına malik olan
ordu olduğunu deməyə əsas verir. Azərbaycanın
bu gün uğurlu müharibə aparmaq üçün hər
cür potensialı var.
- Ölkə daxilində hərbi texnika istehsalı
üçün hansı işlər görülür?
- Azərbaycan raketlər, mərmilər, müasir zirehli
texnikalar istehsal edəcək; artıq malik olduğumuz
texnikalar modernləşdiriləcək, pilotsuz uçan
aparatlar, atıcı silahlar və s. istehsal edəcək. Buna uyğun olaraq Bakıda və regionda müvafiq
müəssisələr açılır. İşin çox hissəsi artıq
görülüb, lakin planlar, həmçinin, arzular və həmin
arzuları reallaşdırmaq imkanları daha çoxdur.
- NATO ilə əməkdaşlığı necə
görürsünüz?
- Azərbaycan NATO ilə "Sülh naminə
tərəfdaşlıq" proqramı çərçivəsində,
həmçinin, Balkanlarda, İraqda sülhyaratma əməliyyatlarında
iştirak edib, hazırda isə Əfqanıstanda
sülhyaratma əməliyyatlarında iştirak edir. Belə deyək ki, Azərbaycan üzərinə
düşən vəzifələri yerinə yetirir. Biz,
həmçinin NATO ilə Fərdi Əməkdaşlıq
Proqramını (IPAP) təsdiq etmişik, planlaşdırma və
təhlil proqramında (PARP) və əlbəttə ki, NATO-nun
müttəfiqi kimi, bütün tədbirlərdə
iştirak edirik.
- Sizin peşəkar orduya şəxsi yanaşmanız
necədir?
- Biz gec və ya tez, bu məsələyə gələcəyik.
Azərbaycan hazırda böyük sayda silah
saxlamağa məcburdur, çünki onun əraziləri
işğal olunubdur. Mən
düşünürəm ki, ölkəmizin ərazi
bütövlüyünü bərpa etdikdən sonra, biz
Silahlı Qüvvələri ixtisar edəcək və
bütünlüklə peşəkar orduya keçəcəyik.
- Azərbaycanda hərbi məktəblərə daxil
olmaq istəyənlər çoxdurmu? Hərbiçilərin
və gənclərin hərbi-vətənpərvərlik
ruhunu necə qiymətləndirirsiniz?
- Sevinclə deyə bilərəm ki, həm Cəmşid
Naxçıvanski adına liseydə, həm
Heydər Əliyev adına liseydə, həm də ali hərbi
təhsil müəssisələrində daxil olmaq istəyənlər
üçün müsabiqə ildən-ilə güclənir.
Gənclik vətənpərvərlik ruhuna
köklənib, gənclik xidmət etmək istəyir,
kişilər peşəkar hərbçi olmaq istəyirlər.
Bunu Ermənistan haqda demək olmaz.
Biz bilirik ki, onların həqiqi hərbi xidmətə
çağırışla bağlı böyük problemləri
var; ali hərbi müəssisələrə
daxil olma ilə bağlı problemləri var, çünki
onlar özləri başa düşürlər ki, ədalətsiz
müharibə aparırlar.
Hərbi-vətənpərvərlik tərbiyəsi
ailədən, məktəbdən başlayır. Bizdə bu mövcuddur və Azərbaycan gənci
öz Vətənini qorumağa hazırdır. Gənclik
vuruşmağa hazırdır, döyüşə can
atır. Bu, yaxşıdır ya pis - başqa
sualdır, lakin düşmənimiz bizə başqa variant
saxlamır - bu, faktdır. Ən təəccüblüsü
odur ki, onlar həyasızcasına bizi ermənifobiyada ittiham
edirlər. Sən açıqcasına ərazini zəbt
elə, dinc əhalinin tam etnik təmizləməsini həyata
keçir, soyqırımı törət və bu gün həyasızcasına
onları qaytarmaqdan imtina et və
özünə qarşı xoş münasibət istə?
Bilirsinizmi... Yalnız bunu izah etmək qalır
ki, bizdə ermənifobiya yoxdur, bizdə separatistlərin, banda
qruplaşmalarının və Ermənistan silahlı qüvvələrinin
etdiklərinə və hazırda davam etdirdiyinə obyektiv
reaksiya var.
- Və sonuncu sual - regionda vəziyyətin gələcək
inkişafına Sizin proqnozunuz necədir?
- Siz təsəvvür edirsinizmi, bu təcavüz
olmasaydı, qaçqınlar olmasaydı, bizim hazırkı hərbi
məsrəflərimiz olmasaydı, regionun bugünkü vəziyyəti
necə olardı? Təkcə Azərbaycan və
onun ayrılmaz hissəsi Dağlıq Qarabağ deyil, Ermənistan
da bu gün bolluq içində, xoşbəxt və daha
böyük optimizmlə gələcəyə baxaraq
yaşayardı. Təəssüflər
olsun, Ermənistan həm özünü, həm
Qarabağı indi bu imkandan məhrum edib. Bu
nə qədər sürəcək? Nə
qədər Qarabağın əhalisi və erməni xalqı
buna dözə biləcək?
Biz öz torpaqlarımızı qaytaracağıq, qoy
buna heç kim bir saniyə belə olsun
şübhə etməsin. İstənilən yolla!
Yalnız torpaqlarımızın
qaytarılması ilə erməniəsilli bizim vətəndaşlar
azadlıq və işıqlı gələcək əldə
edəcəklər. Elə bunu da onlara arzu
etmək istərdim.
Hələlik isə biz inkişaf
etmişik, inkişaf edirik və xalqımızın rifahı
naminə inkişaf edəcəyik.
-
Müsahibə
üçün təşəkkür edirik, bir daha
bayramınız mübarək!
Xalq qəzeti.- 2010.- 30 iyun.- S. 3.