RəssamınQarabağ şikəstəsi

 

Xocalı soyqırımının ildönümü münasibətilə Vəcihə Səmədova adına sərgi salonunda əməkdar rəssam, professor Adil RüstəmovunQarabağ şikəstəsiadlı fərdi sərgisi açılmışdır. Ekspozisiyada misilsiz qətliamın bədii mənzərəsini yaradan 40 qrafika nümunəsi nümayiş etdirilir.

 

Sərginin açılış mərasimində Azərbaycan Rəssamlar İttafaqının sədri Fərhad Xəlilov ölkənin fırça ustalarının Xocalı faciəsinin dəhşətlərini rənglərin, cizgilərin dili ilə açıb dünyaya çatdırmaq yönündə axtarışlarından və yaratdıqları təsirli əsərlərdən söz açdı. O bildirdi ki, tanınmış qrafika ustası Adil Rüstəmov illərdən bəri qəlbində qövr edən yaranın ağrı və iniltilərini silsilə əsərlərə çevirmiş, milli rəssamlığımızın Xocalı soyqırımı mövzusunu xeyli zənginləşdirmişdir.

Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev, Rəssamlıq Akademiyasının rektoru Eldar Ömərov, Rəssamlar İttifaqının bölmə rəhbəri Arif Hüseynov, kinoşünas Aydın Kazımov “Qarabağ şikəstəsi” silsiləsində rəssam Adil Rüstəmovun vətəndaşlıq yanğısının və Xocalı həqiqətlərinin bədiiləşmiş mənzərəsinin parlaq əksini tapdığını bildirdilər. Paytaxt sənətsevərləri, xarici qonaqlar, rəssamın dostları və pərəstişkarları sərgiyə maraqla tamaşa etdilər. Sənət biliciləri öz təəssüratlarını Adil Rüstəmovla bölüşdülər, ona yeni sənət uğurları, ölkəmizə qələbə və əmin-amanlıq dilədilər.

Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov qəzetimiz üçün müsahibəsində dedi:

Adil müəllim tariximizi, ədəbiyyatımızı dərindən bilən, milli-mənəvi dəyərlərimizlə sıx bağlı olan rəssamlardandır. İctimai dəyəri olan, məfkurəvi mövzular onun yaradıcılığında aparıcı yer tutur. Yetkin fırça ustası 18 ildən bəri Xocalı faciəsinin qəlbində yaratdığı duyğu-düşüncələri təşnəliklə kətana köçürüb, dərin estetik təsiri olan, erməni vəhşiliklərini sıraya düzən miqyaslı silsilə yaratmağa nail olub.

Mənə elə gəlir ki, bu 40 əsəri biz xarici ekspozisiyalara çıxartmalı, albom şəklində çap edib ölkəmizdən kənarda da geniş yaymalıyıq. Belə hüznlü, qəlb ağrıdan əsərlərə görə Adil müəllimi təbrik etmək bir qədər çətindir. Belə əsərlər düşmənin üzünü açıb göstərməyə, qələbəyə xidmət etdiyindən biz ustad sənətkarlarımızı Xocalı caniləri cəzalananda, Qarabağa sülh gələndə sevinclə təbrik edəcəyik. İndi isə samballı vətəndaş işinə görə dostmuza ürəkdən sağ ol deyirik.

İsmayıl Məmmədov, qrafikçi rəssam:

Adil Rüstəmovun yaradıcılığı həm forma, həm məzmun dərinliyi ilə seçilir. Onun əsərlərində bir neçə qat qarışıq üslub üstünlük təşkil edir. Əvvəl üz qat görünür, arxaya getdikcə yeni elementlər, əlavə detallar üzə çıxır, üzvi surətdə qovuşub zəngin bir təəssürat yaradır. Xocalı silsiləsi belə bir üslubda işlənmişdir. Burada düşmənin qana batmış caynağı ilə yanaşı, xalqımızın qeyrət dəyanəti, şəhidliyin mənəvi zirvəsi aydın nəzərə çarpır.

Qarabağ şikəstəsibütövlükdə Qarabağ müharibəsində xalqımızın üzləşdiyi faciələrin, çəkdiyi ağrı-acıların qrafik salnaməsidir. Bu, həqiqətən, fırça ilə yaradılmış qanlı bir dastan, görüntülü bir şikəstədir. Bu mənzərələrdən qan sızır, fəryad qopur, nifrət püskürür, intiqam hissi çağlayır. Gün o gün olsun ki, xalqımız Qarabağı geri qaytarsın. Rəssam dostumuzun bu əsərləri Xocalıda, Şuşada, Xankəndində nümayiş etdirilsin. Adil Rüstəmov Xocalı şəhidlərinin xatirəsini sənətdə əbədiləşdirməklə bağlı rəssamlığımıza başucalığı gətirən ağır bir işin öhdəsindən məharətlə gəlmişdir.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2010.- 2 mart.- S. 7.