Elmə, təhsilə xidmət amalı ilə ...

 

Tomas Karleyl “Orjinal insanlar dünyanın xəzinəsidir” deyəndə o, insanları nəzərdə tuturdu ki, onlar öz dövrlərini və mühitlərini səciyyələndirirlər. Bu mənada öz dövrünün ziyalı mühitinin və təmsil etdiyi elmi dairələrin ən qiymətli dəyərlərinə sahib çıxmağı bacaran alimlərimizdən biri də iqtisad elmləri doktoru, professor Rasim Nəbiyevdir. R. Nəbiyev istər elmi, istər ictimai-siyasi, istərsə də rəhbər pedaqoji fəaliyyəti ilə təkcə iqtisad elminin deyil, bütövlükdə Azərbaycan elm və təhsilinin inkişafına bir çox dəyərli töhfələr vermiş və çox maraqlı həyat yolu keçmiş bir şəxsiyyətdir.

 

Həyata 1950-ci ildə ziyalı ailəsində göz açmış Rasimin təhsilə, elmə marağı da elə bu “kiçik dövlətin” təlqin etdiyi tərbiyədən və göstərdiyi yoldan başlamışdır. Orta məktəbi əla qiymətlərlə bitirən gənc Rasimin diqqətini ilk növbədə iqtisadi biliklər cəlb edir və bu maraq onu o zamankı D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna gətirir. İlk günlərdən bu təhsil ocağının ən fəal tələbələrindən biri kimi tanınır. Elə birinci kursdan Tələbə Elmi Cəmiyyətinin keçirdiyi müsabiqələrdə iştirak edir və qısa müddətdən sonra gənc tədqiqatçının elmi işləri ali məktəbin “Elmi əsərlər” məcmuəsində dərc olunur.

Bu, Rasim Nəbiyevin elmi axtarışlara daha böyük maraq və istəklə qoşulmasına gətirib çıxarır. III kursda oxuyarkən o, artıq altı tələbə elmi işinin müəllifi kimi ali məktəbin iqtisadçı alimlərinin diqqətini çəkir. Çox keçmir ki, onun elmi işləri keçmiş İttifaqın tələbə elmi konfranslarında ən yüksək yerə layiq görülür və Rasim mükafatlandırılır. Bu uğurdan sonra elmi işə fəal yaradıcı münasibəti nəzərə alınaraq, onu institutun Tələbə Elmi Cəmiyyətinə sədr seçilir və Elmi Şuranın qərarı ilə ona “Marks təqaüdçüsü” fəxri adı verilir.

Gənc tələbənin bundan sonra elmi araşdırmalarla yanaşı təşkilatçılıq keyfiyyətləri də formalaşmağa başlayır. Rasimin intellektual səviyyəsi, elmə hədsiz marağı və ciddi səyləri 1969-cu ildə ona daha böyük uğur gətirir. Həmin il Moskva şəhərində keçirilən Azərbaycan elmi günlərində gənc tələbənin elmi axtarışları və əldə etdiyi nailiyyətlər SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalına layiq görülür.

Şübhəsiz, tələbəkən qazandığı nailiyyətlər, apardığı tədqiqatlardan sonra, o, elmdən kənarda qala bilməzdi və ona görə də 1971-ci ildə institutu fərqlənmə diplomu ilə bitirən R. Nəbiyev aspiranturaya daxil olur. Alim kimi əmək fəaliyyətinə isə hərbi xidmətdən və aspiranturanın əyani şöbəsini başa vurduqdan sonra — 1975-ci ildən başlayır.

Rasimin nailiyyətləri və elmi səviyyəsi o zaman Azərbaycanda təhsil ocaqlarının bayraqdarı sayılan Bakı Dövlət Universiteti rəhbərliyinin və iqtisadçı alimlərinin diqqətindən yayınmır. Gənc alimin şərəfli əmək yolu — ilk pedaqoji ictimai fəaliyyəti, ilk mühazirə və məşğələləri, ilk fakültə dekanlığı məhz bu təhsil ocağından başlayır.

Əmək fəaliyyətinə hansı bir elm və təhsil ocağında başladığını yaxşı başa düşən R. Nəbiyev çox çəkmir ki, şəxsi keyfiyyətləri, təşkilatçılıq bacarığı, elmə ciddi münasibəti ilə universitet rəhbərliyinin və professor-müəllim heyətinin dərin hörmət və rəğbətini qazanır.

Qısa zamanda yüksək intellektual səviyyə, prinsipiallıq və obyektivliyi ilə diqqət çəkən R. Nəbiyevə universitetdəki bir sıra ictimai vəzifələrlə yanaşı, böyük Elmi Şuranın üzvü, Dövlət İmtahan Komissiyasının sədri, Tələbə Qəbulu Komissiyasının məsul katibi kimi çox ciddi vəzifələr etibar edilir. Və həmişə olduğu kimi gənc alim tapşırılan vəzifələri ləyaqət və şərəflə yerinə yetirir və daha artıq etimad və etibar qazanır.

Bütün bunlarla yanaşı, o, vaxt tapan kimi elmi axtarışlarını da ciddi cəhdlə davam etdirir və 1983-cü ildə Tbilisi Dövlət Universitetində namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir. Nahaq deyil ki, professor R. Nəbiyev hazırda iqtisadi idarəetmə problemləri üzərində çalışan və ciddi elmi tədqiqatları ilə tanınan alimlərimiz arasında sayılıb seçilir.

Pedaqoji fəaliyyəti ilə yanaşı R.Nəbiyev respublikamızın ictimai-siyasi həyatında fəal mövqe nümayiş etdirən ziyalılarımız, alimlərimizlə birlikdə həmişə milli mənafeyin milli maraqların müdafiəsinə xidmət etmişdir. 1988-ci ilin əvvəllərindən etibarən respublikamızda Dağlıq Qarabağ problemi ilə bağlı keçirilən ilk elmi konfransların təşəbbüskarı təşkilatçılarından biri olan R.Nəbiyevin bu fəaliyyəti BDU-nun Elmi Şurası tərəfindən yüksək qiymətləndirilmişdir.

R.Nəbiyev Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər, Beynəlxalq hüquq, Beynəlxalq iqtisadi münasibətlər, Fəlsəfə Sosiologiya ixtisaslarının açılması uğrunda bir neçə il fasiləsiz çalışmış buna nail olmuşdur. Bakı Dövlət Universitetində diplomat ixtisaslarının yaradıcı inkişafında R. Nəbiyevin xüsusi xidmətləri olmuşdur.

BDU-da diplomatiya üzrə ixtisasların açılması barədəki təklifi o zaman birmənalı qarşılanmasa da, universitetin tanınmış alimləri Azərbaycan EA- nın müxbir üzvləri Y.Məmmədov, T.Vəliyev, C.Allahverdiyev digər qabaqcıl ziyalılar bu təklifi nəinki dəstəkləmiş, həmçinin onun vacibliyini qeyd edərək, bu ixtisasların açılması sahəsində öz xidmətlərini göstərmişlər.

R.Nəbiyevin qətiyyəti inadkarlığı sayəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun alimləri Y.A.Yevseyev, F.İ.Puqaçov, V.V.Qladışev, Moskva Dövlət Maliyyə Akademiyasının professorları V.N. Şenayev, A.T.Qryaznova başqaları bir neçə dəfə Bakı Dövlət Universitetində olmuş, onun elmi-pedaqoji potensialı, tədris-metodik maddi-texniki bazasının diplomat kadralrın hazırlanmasına cavab verdiyini əsas götürmüş bu ixtisasların açılması təşəbbüsünü yüksək qiymətləndirmişlər.

Təhsilimiz qarşısındakı xidmətləri nəzərə alınaraq 1991-ci ildə R.Nəbiyev BDU-nun nəzdində yaradılan İctimai-Siyasi Kollecə rektor təyin edilir. Kollecin yaranma tarixi müəyyən çətinliklərlə bağlı olsa da, taleyi uğurlu olmuşdur.

Ali İctimai-Siyasi Kollec R.Nəbiyevin ömür yolunun, səmərəli yaradıcı əmək fəaliyyətinin zirvəsi sayıla bilər. Bu təhsil ocağı ildən-ilə təkmilləşərək respublikamızın tam müstəqil, nümunəvi, qabaqcıl ali məktəblərindən biri kimi səmərəli fəaliyyət göstərir. Özünün elmi-pedaqoji potensialı ilə seçilən bu ali kollecdə Azərbaycan MEA-nın 5 həqiqi üzvü, 51-ə yaxın elmlər doktoru professor, 36 elmlər namizədi dosent çalışır. Doqquz ixtisas üzrə ali təhsilli mütəxəssis kadrlar hazırlanır. Ali məktəbin 3 fakültəsində respublikanın yaradıcı alimləri fəaliyyət göstərir. Bu işlə eyni zamanda kollecin 10 kafedrası məşğul olur. 1999-cu ildən kollecdə magistraturanın açılması barədə təhsil naziri xüsusi əmr imzalamışdır. Respublika ali məktəbləri içərisindəSosial-siyasi problemlər mərkəziilk dəfə məhz bu ali məktəbdə yaradılmışdır.

Ali İctimai-Siyasi Universitetin tədris aləmində böyük şəxsiyyət Heydər Əliyevin siyasi kursunun öyrənilməsi təbliği xüsusi yer tutur. Burada yaradılanHeydər Əliyev məktəbinin səmərəli fəaliyyətinin məna məzmununu Heydər Əliyev ideyalarını sadəcə olaraq təbliğ etmək deyil, onların dərindən öyrənilməsi mənimsənilməsi təşkil edir.

R. Nəbiyevin təhsil sahəsindəki xidmətləri yüksək qiymətləndirilmiş o, 1999-cu ildə Yusif Məmmədəliyev adına mükafata, 2000-ci ildə isə Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülmüşdür.

2005-ci ildə isə təhsil sahəsindəki uğurları nəzərə alınaraq rəhbərlik etdiyi ali məktəbin adı dəyişdirilərək Azərbaycan İctimai-Siyasi Universiteti adlandırılmışdır.

Professor R.Nəbiyev 1994-cü ildə Yeni Azərbaycan Partiyasının üzvü olandan sonra ictimai-siyasi həyatda daha fəal iştirak edir. 1998-ci ildə o, YAP Yasamal rayon təşkilatı idarə heyətinə üzv seçilir. YAP-ın bütün qurultaylarına nümayəndə seçilən R.Nəbiyev 2000-ci ildə Yasamal rayon ziyalılar cəmiyyətinin sədri seçilir. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Müdafiə Şurasında müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsi alır.

Maraqlı məqamlardan biri ondan ibarətdir ki, R.Nəbiyev 2004-cü ildən 2009-cu ilədək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestatsiya Komissiyasının iqtisad hüquq elmləri üzrə Ekspert Şurasının sədri olub.

Bir monoqrafiya, 2 kitab 50-dən çox elmi məqalənin müəllifi olan professor R.Nəbiyev hazırdaKeçid iqtisadiyyatlı ölkələrdə bazar iqtisadiyyatının Azərbaycan modeliadlı kitab üzərində işləyir.

R.Nəbiyev pedaqoji ictimai sahədəki fəaliyyətinin məntiqi davamı olan xeyriyyəçilik işlərini uğurla yerinə yetirir. O, dəfələrlə şəhid, qaçqın ailələrinə maddi yardım etmiş, qocalar əlillər evlərində olmuş, onlara maddi köməklik göstərmişdir. Rəhbərlik etdiyi ali məktəbdə yüzdən artıq şəhid, qaçqın uşağı kollecin hesabına təhsil alır. R.Nəbiyev respublikaya lazım olan, zəruri ehtiyac duyulan onlarla elmi əsərin, dərslik, dərs vəsaiti proqramların çap olunmasına sponsorluq etmişdir. Onun rəhbərlik etdiyi ali məktəbin bilavasitə maliyyə köməkliyi iləErmənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğətiçap olunmuşdur.

Lüğətin giriş hissəsində akademik Budaq BudaqovRasim Nəbiyevin vətəndaşlıq qeyrətini gələcək nəsillər şübhəsiz ki, minnətdarlıqla xatırlayacaqlar”, yazmaqla əslində alim vətəndaşın xalq üçün dəyərli şəxsiyyət ömrü sürdüyünü təsdiqləyir. İnanıram ki, davam edən bu şərəfli ömrün xalqa, Vətənə xidmət nümunələri hələ çox olacaq.

 

 

Teymur BÜNYADOV,

akademik

 

Xalq qəzeti.- 2010.- 2 mart.- S. 6.