Goranboy: ötən il hərtərəfli inkişaf təmin edilmişdir

 

Goranboy Rayon İcra Hakimiyyətinin 2008-ci ilin yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat yığıncağı keçirildi. Yığıncaq iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül- çiçək dəstələri düzdülər, xalqımızın böyük oğlunun əziz xatirəsini ehtiramla yad etdilər.

 

Rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin hesabat məruzəsində qeyd edildiyi kimi, 2009-cu il respublikamızda, o cümlədən Goranboy rayonunda həyatın bütün sahələrində dinamik inkişafla, iqtisadi, sosial və mədəni yüksəlişlə, müxtəlif təyinatlı yeni müəssisələrin işə düşməsi ilə, əhalinin vacib sosial ehtiyaclarının daha dolğun ödənilməsi ilə, ictimai-siyasi sabitlik və mütəşəkkilliklə, sağlam mənəvi-psixoloji mühitlə yadda qalmışdır. Daha bir əlamətdar hadisə isə ölkə Prezidenti İlham Əliyevin ötən il noyabr ayının 20-də Goranboya olan tarixi səfəridir.

Sosial sifarişlərin öyrənilməsində inzibati ərazi vahidlərində ictimaiyyətlə keçirilən görüşlər, habelə yerlərdə vəziyyətin öyrənilməsi ciddi əhəmiyyət kəsb etmişdir. Belə ki, qısa müddət ərzində 5 kilometr uzunluğunda Goran — Goranboy yoluna asfalt örtük çəkilmiş, yol boyu işıqlandırma dayaqları quraşdırılmışdır. Goranboy şəhərinin 17 küçəsində 8 kilometrə yaxın yola asfalt örtük salınmışdır. Goranboy şəhərində 3215 metr, Dəliməmmədli şəhərində 1220 metr, digər yaşayış məntəqələrində 1410 metr piyada yolu çəkilmişdir.

Yeni yaşıllıq zolaqlarının salınması məqsədi ilə şəhərin girişinə, V.Bayramov, Vidadi, C.Cabbarlı, Dədə Qorqud və digər küçələrə 12600 kubmetr torpaq tökülmüşdür. Çirkab sularının açıq şəkildə axıdılmasını aradan qaldırmaq üçün C.Cabbarlı küçəsində iridiametrli borularla 110 metr, V.Bayramov küçəsinə 280 metr kanalizasiya xətti çəkilmişdir. Respublikanın bir çox rayonlarına gedən yol Rövşən Mustafayev küçəsindən keçməsinə baxmayaraq bərbad vəziyyətdə idi. Ona görə də ilk növbədə yenidənqurma işləri başlanıldı. Artıq küçə genişləndirilmiş, yeni asfalt örtük salınmış, ağaclar əkilmişdir. Müasir işıqlandırma sisteminin qurulması işi başa çatmaq üzrədir.

Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsi ilə üzbəüz ərazidə yerləşən 2 mərtəbəli yaşayış binasının ətrafında abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmışdır. Tarix muzeyinin daxilində cari təmir işləri aparılmış, yeni avadanlıq quraşdırılmışdır.

Rayon İcra Hakimiyyətinin, Milli Təhlükəsizlik Nazirliyi rayon şöbəsinin, Goranboy Bələdiyyəsinin və Mədəniyyət evinin, rayon mərkəzində 6, Dəliməmmədli şəhərində isə 4 yaşayış binasının dam örtüyü dəyişdirilmişdir.

Şəhərin iki istiqamətdən girişində ümummilli lider Heydər Əliyevin 4 irihəcmli portreti yenisi ilə əvəz edilmiş, əlavə 2 portret qoyulmuşdur. Bütün yaşayış məntəqələrində kəndarası yollara çınqıl tökülərək hamarlanmış, asfalt yollar cari təmir edilmişdir. İnzibati binalarda və sosial obyektlərdə təmir işləri aparılmış, ərazisi abadlaşdırılmışdır. Dəliməmmədli şəhərində, habelə Qızılhacılı qəsəbəsindən, Xan Qərvənd, Rəhimli və Veyisli kəndlərindən keçən avtomobil yolunun kənarında küçə işıqlandırma sistemi quraşdırılmışdır. Qızılhacılı qəsəbəsində 4, Balakürd kəndində 1 dayanacaq qoyulmuşdur.

3 kəndə təbii qazın verilişi bərpa olunmuşdur. Hazırda bir neçə kəndə təbii qazın verilişinin bərpası üçün iş aparılır. Bütövlükdə il ərzində rayonda 73 milyon 260 min manat dəyərində sosial-iqtisadi, təmir-tikinti və digər mədəni-quruculuq işləri görülmüşdür. Hazırda V.Bayramov və C.Cabbarlı küçələrində yolun Goran istiqamətindən şəhərə girişdəki yol dairəsinin tikintisi aparılır. Goranboy — Şəfikürd yolunda ikitərəfli işıqlandırma işlərinə hazırlıq görülür.

Ölkə rəhbəri İlham Əliyev 2010-cu ili “Ekologiya ili” elan etmişdir. Bununla əlaqədar rayonda görüləcək işlərlə bağlı tədbirlər planı hazırlanmış, meşə və yaşıllıqların salınması üçün ərazilər müəyyənləşdirilmişdir. Artıq rayon üzrə 62 minədək ağac əkilmiş, mövsümün sonunadək isə 120 mindən artıq ağac əkiləcəkdir. Goranboy şəhərində 8 hektardan artıq ərazidə yaşıl ot örtüyü salınmışdır.

Məruzədə göstərildi ki, 2009-cu ildə rayon büdcəsi əvvəlki illə müqayisədə 33,9 faiz artaraq 22 milyon 193 min 784 manat təşkil etmişdir. Ötən il 8085 sahibkarlıq subyektinə 5,6 milyon manat kredit verilmişdir ki, bu da əvvəlki illə müqayisədə 9 min manat çoxdur.

2009-cu ildə əsas kapitala yönəldilən investisiyanın həcmi əvvəlki illə müqayisədə 2,9 milyon manat artaraq 62 milyon manat olmuşdur.

Hesabat dövründə ümumi məhsul buraxılışının həcmi əvvəlki ilə nisbətən 13,6 milyon manat artaraq 177,7 milyon manata çatmışdır. Sənaye məhsulunun həcmi 11 milyon manat artaraq 7,3 milyon manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 83,4 faizdir.

Ötən il 14 min 411 nəfər kənd istehsalçısına ümumilikdə 2,3 milyon manat vəsait ödənilmişdir. Bu da kənd təsərrüfatı məhsullarının, xüsusilə buğda istehsalının artırılmasını stimullaşdırmışdır. 2 aqrotexservis və 1 aqrolizinq əhaliyə texniki xidmət göstərmişdir. Bunun nəticəsidir ki, dənli və dənli-paxlalı bitkilərin əkini əvvəlki ilə nisbətən 9 min hektar artaraq 29,5 min hektara, iri malın sayı 7 min baş artaraq 41,2 minə, xırda heyvanların sayı 12,6 min baş artaraq 233,7 minə çatmışdır.

Qeyd edilən artım kənd təsərrüfatı məhsullarının istehsalına da öz müsbət təsirini göstərmişdir. Taxıl istehsalı əvvəlki ilə nisbətən 27,3 min ton artaraq 87,1 min tona, bostan məhsulları 0,6 ton artaraq 7,4 min tona, mal-qara və quş əti 1,5 min ton artaraq 3,6 min tona, süd istehsalı 3,1 min ton artaraq 18,8 min tona çatmışdır.

Əhalinin kənd təsərrüfatı məhsullarından gəliri 49 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki ilə nisbətən 4 milyon manat çoxdur. Bu gəlirin 28,2 milyon manatı bitkiçilik, 20,8 milyon manatı isə heyvandarlıq məhsullarının payına düşür. Ötən il ərzində əhalinin bütün mənbələrindən pul gəliri 171,8 milyon manat təşkil etmiş, orta aylıq əmək haqqı 29,8 manat artaraq 185,3 manata çatmışdır.

Rayon icra hakimiyyətinin başçısının müvafiq sərəncamı ilə əhalinin elektrik enerjisi, qaz və su təchizatının yaxşılaşdırılması üçün qərargah yaradılmış, görüləcək işlər əlaqələndirilmişdir. İstehlakçılar tərəfindən elektrik enerjisi, təbii qaz və suya görə ödənişlərin tam aparılması istiqamətində işlər davam etdirilmişdir. Hesabat dövründə 32 elektrik transformatoru təmir edilmiş, 76 kilometr elektrik verilişi xətti, 95 dayaq dəyişdirilmiş, 1,2 kilometr yeni xətt çəkilmişdir. Yaxın vaxtlarda Goranboy şəhərində və digər 16 yaşayış məntəqəsində elektrik xətlərinin yenidən çəkilməsi və SMART tipli sayğacların qoyulmasına başlanacaqdır.

Əhalinin təbii qazla təchiz edilməsi sahəsində də bir sıra işlər görülmüşdür. Təkcə ötən ilin son aylarında rayonun Ağamalıoğlu, Alpout, Səfikürd kəndlərinin təbii qaz təchizatı bərpa edilmişdir. Qızılhacılı qəsəbəsinin bəzi küçələrinə, Cinli Boluslu kəndinə qaz verilməsi istiqamətində hazırlıq işləri görülür.

Hesabatda göstərildi ki, son illər təhsilin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Yalnız ötən il Hacallı və Şahməmmədli kənd ibtidai məktəbləri üçün yeni binalar tikilmişdir. Qızılhacılı qəsəbə 1 saylı, Aşağı Ballıqaya, Əhmədabad kənd və Kürəkçay qəsəbə məktəbləri təmir edilmişdir. İlin son aylarında isə Muzdurlar, Abbasqulular, Həmənli kənd məktəblərində təmir işləri aparılmışdır. Hazırda Dəliməmmədli şəhər, Qızılhacılı qəsəbədə 3 saylı, Zeyvə və Qaradağlı kənd uşaq bağçaları təmir edilir.

Lakin rayon təhsilinin bugünkü vəziyyəti ciddi narahatlıq doğurur. Təhsil şöbəsinin aparatı haqqında olduqca mənfi fikir formalaşıb. Vəziyyətin kökündən yaxşılaşdırılması üçün təhsil şöbəsində və məktəblərdə ciddi kadr dəyişikliyi aparılmalı, neqativ əməllərdə iştirakı olmayan, gənc nəslin tərbiyəsini özünün amalı hesab edən, ictimaiyyət tərəfindən qəbul edilən kadrlar irəli çəkilməlidir.

Təşəbbüskar kadrlara meydan verilməlidir. İş adamı Elxan Məmmədovun təşkilatçılığı ilə Eyvazlılar kəndində məktəb binası inşa edilib, kənd əsas məktəbinin direktoru Göyüş Nağıyevin təşəbbüsü və yerli icmanın dəstəyi ilə 1 hektar sahədə meyvə bağı salınıb, suvarma sistemi, habelə 25 min manat dəyəri olan idman qurğuları quraşdırılıb, kompyuter otağı internet şəbəkəsinə qoşulub. Müəllimlər və şagirdlər üçün kompyuter kursu təşkil edilib. Bütövlükdə ötən il məktəbdə 46 min manatlıq iş görülüb.

Ötən il rayonun səhiyyə müəssisələrinin də maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Dövlət Proqramı çərçivəsində Xınalı və Sarovlu kəndlərində müasir tələblərə cavab verən yeni tibb müəssisələri tikilmiş, mərkəzi xəstəxananın inzibati binası əsaslı təmir edilmişdir. Dəliməmmədli şəhər xəstəxanası əsaslı şəkildə yenidən qurulmuş, müasir tibbi avadanlıqlarla, bərk və yumşaq inventarlarla təmin olunmuşdur.

Ancaq bu sahədə görüləsi işlər hələ çoxdur. Mərkəzi xəstəxanadakı sanitar maşınların əksəriyyəti istismar müddətini başa vurub. Rayon cəbhə bölgəsində yerləşir. Ona görə də mərkəzi xəstəxana üçün müasir ambulansların alınması olduqca vacibdir. Əhatəsində 32 kənd olan, müasir səviyyədə yenidən qurulan Dəliməmmədli şəhər xəstəxanasında da sanitar maşını yoxdur.

Hazırda rayonda 941 nəfərin çalışdığı 166 mədəniyyət müəssisəsi mövcuddur. Onlardan bəzilərinin normal fəaliyyəti üçün şərait yaradılıb. Mədəniyyət obyektlərinin əksəriyyətinin maddi bazası zəifdir. Rayon ərazisində 113-dən çox tarixi abidə var. Maddi-mənəvi irsimiz olan bu əbidələrin mühafizə və bərpası diqqət mərkəzində saxlanılmalı, onlar turizm marşrutlarına daxil edilməlidir.

Bu il Goranboy və Dəliməmmədli şəhər mədəniyyət evləri, iri yaşayış məntəqələrindəki mədəniyyət müəssisələri təmir ediləcək. Rayon Tarix Muzeyi üçün yeni binanın tikintisi, VI-XII əsrlərə aid Alban məbədlərində, XVIII əsrə aid Rəhimli türbələr kompleksində bərpa işlərinin aparılması nəzərdə tutulur.

2009-cu ildə vətəndaşların müraciətlərinə baxılması da diqqət mərkəzində saxlanılmışdır. İl ərzində 1258 nəfər, o cümlədən inzibati ərazi dairələrində ictimaiyyətlə keçirilən görüşlər zamanı 358 nəfər vətəndaş qəbul edilmişdir. Görüşlərdə xidmət təşkilatlarının iştirakı vətəndaşlar tərəfindən irəli sürülən təkliflərin operativ qaydada həllinə imkan yaratmışdır.

Məruzə ətrafında müzakirələrdə rayon icra hakimiyyəti başçısının müavini Rauf Teyyubov, polis şöbəsinin rəisi İmran Həsənov, maliyyə idarəsinin rəisi İltifat Sadıqov, təhsil şöbəsinin müdiri İlham Hüseynov və başqaları çıxış edərək diqqəti qarşıda duran məsələlərə yönəltmişlər.

Yığıncaqda Milli Məclisin deputatı Gültəkin Hacıbəyli və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Niyaz Əliyev çıxış etmişlər. Milli Məclisin deputatı Qüdrət Həsənquliyev iclasda iştirak etmişdir.

 

 

Ziyəddin SULTANOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 2 mart.- S. 5.