“Pambıqçılıq haqqında” Qanunun qəbul olunması bu strateji sahənin inkişafına böyük ümidlər yaradır

 

Müsahibimiz “ÇTS-Aqro” MMC-nin baş direktoru Vahid Hüseynovdur.

 

— Vahid müəllim, “Pambıqçılıq haqqında” qanun layihəsi Milli Məclisdə birinci oxunuşda müzakirə olunub. Hazırda müzakirələr davam edir. Siz uzun müddətdir ki, pambıqçılıq sahəsində çalışırsınız və demək olar ki, kamil mütəxəssissiniz. Belə bir qanunun yaranmasını necə qiymətləndirirsiniz?

 

— Mən pambıqçılıq rayonunda, pambıqçı ailəsində anadan olmuşam, ali təhsilli iqtisadçıyam. Sıravi kolxozçudan pambıq emalı zavodunun direktoru vəzifəsinədək yüksəlmişəm. Uzun müddət pambıqçılıq sahəsində çalışmağım nəticəsində bu sahənin əsas inkişaf istiqamətlərini, məhsulun istehsalı, emalı və satışı prinsiplərini, eləcə də idarəetmə strukturunu mükəmməl bilirəm. Qeyd etmək istəyirəm ki, ötən illərdə planlı təsərrüfat sistemində digər sahələr kimi pambıqçılıq sahəsi də stabil inkişaf edirdi. Məhsulun sifarişçisi olan dövlət kolxoz və sovxozları lazımi istehsal vasitələri ilə tam təmin edirdi. Dövlət hesabına torpaqlarda meliorasiya işləri aparılırdı və suvarma sistemi tələbatı tam ödəyirdi. İstehsal olunan xam pambıq dövlətin emal müəssisələrində vaxtında emal olunaraq, mərkəzləşdirilmiş qaydada satılırdı. Bu zaman istehsalçı heç bir risklə qarşılaşmadan məhsulun pulunu vaxtında alırdı. Bildiyiniz kimi, müstəqilliyimizi qazandıqdan sonra aqrar sahədə islahatlar aparılmışdır. Pambıq istehsalçısı və emalçısı sahibkar olaraq sərbəstləşdirilmişdir. Onlar bütün fəaliyyətlərini respublikanın qanunvericilik bazası əsasında tənzimləyirlər. Bu baxımdan pambıqçılıq sahəsinin müasir bazar iqtisadiyyatı sistemində idarə olunması üçün “Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa da ehtiyac yarandı. Bu qanunun məqsədi dövlət proqramları əsasında ölkədə pambıqçılığın, yüngül və yeyinti sənayesinin inkişaf etdirilməsinə, pambıq istehsalı ilə emalı arasında münasibətlərin bazar iqtisadiyyatına uyğun tənzimlənməsinə, regionlarda əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə və torpaqdan səmərəli istifadə olunmasına hüquqi, təşkilati və iqtisadi zəmin yaratmaqdır. Hesab edirəm ki, bu qanunun qəbul olunması və həyata keçirilməsi nəticəsində pambıqçılıqda bir çox normativ-hüquqi sənədlər yenidən işlənəcək, müvafiq dövlət proqramları qəbul olunacaqdır.

Respublikada pambıq istehsalında əsas rol oynayan bir təşkilat kimi biz — “ÇTS-Aqro” MMC də bu qanunda nəzərdə tutulan “Pambıqçılıq sahəsində dövlət siyasətinin istiqamətləri” və “Pambıqçılıq sahəsində dövlətin vəzifələri” maddələrinə böyük ümidlə yanaşırıq. Bu baxımdan Milli Məclisin işçi qrupuna öz təkliflərimizi də təqdim etmişdik. Bir sahibkar kimi mən qeyd etmək istəyirəm ki, nə qədər özəl sektor çalışsa da, digər ölkələrdə olduğu kimi, aqrar sahənin inkişafına, dəstəklənməsinə və bu sahənin fəaliyyətinin tənzimlənməsinə dövlət himayəsi vacibdir. Ona görə də “Pambıqçılıq haqqında” Qanunun qəbul olunmasını müsbət qiymətləndirirəm.

— Pambıq strateji əhəmiyyətli məhsul hesab edilirdi. Respublikamız da, əhali də bu məhsulu əkib-yetişdirməklə böyük mənfəət, qazanc əldə edirdi. Birdən-birə niyə bu əhəmiyyətli məhsul gözdən düşdü?

— Bəli, pambıqçılıq strateji əhəmiyyətli, əməktutumlu və iqtisadi cəhətdən səmərəli istehsal sahəsidir. Azərbaycan dünyanın əsas pambıqçılıq ölkələrindən biridir. Pambıqçılığın tarixi isə çox qədimlərdən başlanır. Muğanda yaşamış bir çox ağsaqqalların, əmək adamlarının xatirələrində də bu bölgədə pambıq istehsal olunması, primitiv emalı və məhsulun Kür çayı — Xəzər dənizi vasitəsilə xaricə daşınması barədə məlumatlar hamıya bəllidir. Müasir dövrdə də bu sahə ənənəvi istehsal sahəsi kimi inkişaf etdirilmişdir. Rusiyada toxuculuq sənayesinin XIX əsrdən inkişafı və sonradan sovet dövləti sənayesinin inkişafı bu məhsula tələbatı artırmışdır.

Qeyd etmək lazımdır ki, Azərbaycanda pambıqçılığın elmi əsaslarla inkişafı bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun sayəsində keçən əsrin 70-ci illərində respublikamızda bu sahənin böyük sənaye potensialı yaradılmış, torpaqlarda geniş meliorativ tədbirlər görülmüş və irriqasiya sistemi qurulmuşdur. 1981-ci ildə ən yüksək nəticəyə nail olunaraq 1 milyon ton pambıq istehsal olunmuşdur. Azərbaycanın Muğan-Salyan, Mil-Qarabağ, Şirvan bölgələrində yaşayan insanlar məhz pambıqçılıqdan qazandıqları qazancla öz ailə- məişət problemlərini yüksək səviyyədə həll etmişlər. Pambıq əkini cərgələrarası becərilən sahə olduğu üçün bizim bölgədə buğda əkini üçün əvəzolunmaz sələfdir, onun çöpündən (quzapayı) məişətdə yanacaq kimi istifadə olunur. Torpaq sahəsi isə mədəni becərilməklə daha da münbitləşir, pambıq mahlıcı, əyiricilik, toxuculuq sənayesində ən əhəmiyyətli təbii xammaldır. Çiyid və ondan alınan məhsullar — yağ, bitki yağı kimi ərzaq üçün, jmıx isə heyvandarlıqda qüvvəli yem kimi istifadə olunur. Pambıq və pambıq məhsulları hər zaman xarici bazarlarda satıla bilir və ölkəyə valyuta gətirir.

— Pambıqçılığın inkişaf etdirilməsi işsizlik probleminin aradan qaldırılmasında hansı rol oynaya bilər? Bu sahənin daha da genişləndirilməsi ölkədə yeni sənaye müəssisələrinin, məsələn, toxuculuq və digər yüngül sənaye müəssisələrinin yaradılmasına kömək edə bilərmi? Axı, əvvəllər ölkəmizdə belə müəssisələrin sayı çox idi.

— Mən qeyd etdim ki, pambıqçılıq əməktutumlu istehsal sahəsidir. Bildiyimiz kimi, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” qəbul olunması ilk növbədə ölkədə dinamik sosial-iqtisadi inkişafa nail olmaq və yeni iş yerlərini yaratmaq məqsədi daşıyırdı. Artıq böyük neft müqavilələrinin həyata keçirildiyi bir dövrdə ölkə rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafına təkan verildi. Bu məqsədlə aqrar sektorun aparıcı sahələrindən olan pambıqçılığın inkişafı da gündəmə gəldi. Məhz bu dövrdə 2004-cü ilin axırında ölkədə fəaliyyət göstərən pambıqçılıq şirkətləri və paralel olaraq “Şəki-İpək” ASC-nin nəzdində pambıq, tütün və ipək (“ÇTS-Aqro” MMC) şirkəti yaradıldı. Dövlətin dəstəyi ilə bu sahəyə böyük miqdarda investisiyalar yönəldildi. Qısa müddətdə ayrı-ayrı rayonlarda pambıq istehsalı və tədarükü məntəqələri, 5 pambıq emalı zavodu quruldu. Pambıq istehsalçıları ilə müvafiq müqavilələr bağlanıldı, onlara istehsal vasitələri ayrıldı, pambığın alış qiyməti qaldırıldı və torpaq mülkiyyətçiləri ilə müsbət və sağlam münasibətlər qurulmaqla yüksək nəticələr əldə olundu. İlk növbədə, respublikada pambıqçılıq sahəsində fəaliyyət göstərən şirkətlər arasında sağlam rəqabət yaradıldı və onların fəaliyyəti bərpa olundu. Həyata keçirilən bu tədbirlər yerli icra orqanları ilə birlikdə ölkə rəhbərliyinin qarşımızda qoyduğu yeni iş yerlərinin yaradılması istiqamətində tapşırıqlarına cavab olaraq yüzlərlə insanı işlə təmin etdik.

Xüsusən, kolxoz və sovxozların dağıdılmasından sonra işsiz qalmış mütəxəssislər işə cəlb olundu. Artıq 15 rayonda istehsalçılarla müqavilə bağlanılmaqla pambıq istehsal olunur. Lakin pambıqçılıq təkcə xam pambığın istehsalı, mahlıcın satışı ilə ölkəyə gəlir gətirə bilməz. Sovet dönəmində respublikada qurulmuş toxuculuq sənayesində hər il 30 min tondan çox mahlıc istifadə olunurdu. Bakı toxuculuq kombinatı, Gəncə və Mingəçevir əyiricilik-iplik müəssisələri və Sumqayıt toxuculuq-trikotaj kombinatı respublikanın pambıq və pambıq məmulatlarına olan tələbatının çox hissəsini təmin edirdi. Bildiyiniz kimi, artıq həmin müəssisələr iflasa uğramış və ya ləğv edilmişdir. “ÇTS-Aqro” MMC və respublikada fəaliyyət göstərən digər şirkətlər gələcəkdə dünya bazarından asılılığını qurtarmaq üçün müəyyən tədbirlər görməyə başlayıblar. Artıq Bakı, Sumqayıt şəhərlərində və Saatlı rayonunda bu istiqamətdə işlər görülür. Nəzərə almaq lazımdır ki, bu, geniş bir sahədir və yalnız ölkənin yüngül sənayesi sistemi daxilində dövlət və ya özəl sektorda həllini tapa bilər. Nəticədə çoxlu sayda iş yerləri yaranacaq və biz istehsal etdiyimiz mahlıcı daxildə satmaqla təkrar istehsalı genişləndirə bilərik. Bu istiqamətdə “Pambıqçılıq haqqında” qanun layihəsində müvafiq maddələr öz əksini tapmışdır.

— Pambıq məhsullarından həm də yeyinti sənayesində istifadə olunur. Bu barədə bir qədər ətraflı məlumat vermənizi xahiş edirik.

— Ölkənin ərzaq təhlükəsizliyi həmişə dövlətin nəzarətində saxlanılmaqla tənzimlənir. Bu baxımdan “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” bizim də qarşımızda böyük vəzifələr qoyur. Bildiyiniz kimi, pambıq texniki bitki olsa da, onun toxumundan (çiyid) emal olunmaqla ərzaq üçün pambıq yağı və heyvandarlıq üçün qüvvəli yem istehsal olunur. “ÇTS-Aqro” MMC 2006-2008-ci illərdə Gəncə yağ-piy kombinatı ilə müqavilə bağlayaraq oranın fəaliyyətini də bərpa etdi. 2008-ci ildə Şirvan şəhərində müasir texnologiyalı çiyid emalı zavodu istifadəyə verilmişdir. Burada yüksək səviyyədə rafinə olunmuş pambıq yağı istehsal edilir. İstehsal olunan bu məhsullar daxili və xarici bazarlarda satılır.

— Taxılçılığa dövlət qayğısı gücləndirildikdən sonra bu sahədə əsaslı dönüş yarandı. Fermerlər taxıl əkini sahələrini artırdılar. Belə bir qayğı pambıqçılığa göstərilsə, bu strateji əhəmiyyətli məhsulun əkininin genişləndirilməsinə təsir edərmi? Konkret olaraq hansı dövlət dəstəyinin olmasını vacib hesab edirsiniz?

— “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın müddəalarına uyğun olaraq pambığın sənaye üçün xammal və pambıqçılığın əməktutumlu istehsal sahəsi olmasını nəzərə alaraq istehsalçıların səylərinin pambıq əkini sahəsinin artırılmasına yox, hər hektardan məhsuldarlığın 2-3 dəfə yüksəldilməsinə yönəldilməsi vacibdir. Bu sahəyə rəhbərlik edən bir şəxs kimi bildirirəm ki, pambıq tədarükündə dəqiq uçotun aparılması mümkündür və tədarük olunan məhsul barədə Dövlət Statistika Komitəsinə rəsmi sənəd (PK-17) təqdim olunur. Bu il pambığın 1 tonunun alış qiyməti təqribən 380-400 manat nəzərdə tutulmuşdur. Əgər fermer hər hektardan 25-30 sentner və daha çox pambıq istehsal edərsə, onda 1 hektardan gəlir 1 200 manat təşkil edəcəkdir. Fermerin aqrotexniki qaydalara tam əməl etdiyi halda 1 hektarın maya dəyərinin təqribən 800 manat olmasını nəzərə aldıqda müəyyən rentabellik əldə olunur. Bununla yanaşı, dövlət tərəfindən istehsal olunmuş hər tona görə istehsalçıya əlavə 80-100 manat yardım edilərsə, bu sahəyə maraq artacaqdır. Hesablamalar göstərir ki, əkinə görə 40 manat subsidiyaların, zavod və müəssisələrin işləməsi nəticəsində vergi və sosial sığorta ayırmalarının dolayısı ilə büdcəyə qaytarılmasını və ən başlıcası isə yeni iş yerlərinin yaranacağını nəzərə alsaq, bu təklif effektli olacaq və dövlət büdcəsindən ayrılacaq subsidiyalar bir il ərzində büdcəyə qayıdar.

— “Pambıqçılıq haqqında” qanun layihəsində hansı maddələrin əks olunmasını təklif edirsiniz?

— “Pambıqçılıq haqqında” qanun layihəsinin bütün müddəlarının qəbul olunması pambıqçılıqda mövcud olan aşağıdakı problemlərin həllinə ümid verir:

* pambıq istehsalına dövlət dəstəyinin artırılması;

* istehsala güzəştli kreditlərin ayrılması;

* pambıqçılıq bölgələrində torpaqların meliorativ yaxşılaşdırılması, irriqasiya sisteminin bərpası;

* dövlət fondunun və eləcə də istifadəyə yararsız torpaqların müvəqqəti sahibkarların istifadəsinə verilməsi;

* aqrotexservis və aqrokimyəvi servis xidmətlərinin genişləndirilməsi;

* pambıqçılıq elminin, toxumçuluq işlərinin müasir tələblərə uyğunlaşdırılması;

* yerli toxuculuq sənayesinin bərpası;

* pambıq istehsalında kooperasiya sisteminin tətbiqinə nail olunması;

* pambıq əkininə deyil, istehsala görə dotasiyanın tətbiqi;

* pambıq istehsalı və emalı sahəsində kadr çatışmazlığının aradan qaldırılması.

 

 

Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2010.- 2 mart.- S. 5.