Tarix həqiqəti sevir
Sumqayıt hadisələrinin ibrət
dərslərini unutmaq olmaz
İyirmi iki il əvvəl bu şəhər
düşmən təxribatına hədəf olmuşdur
İndiki kimi yadımdadır:
yaşadığımız Sumqayıt şəhərində
1988-ci il fevralın 27-də Dağlıq Qarabağla
bağlı mitinqlər keçirilməyə
başlamışdı. Həmin gün axşam biz ailəlikcə
dayımgildə qonaq idik. Geri qayıdanda dayım oğlu
Vaqifin təzə “Jiquli”sinə mindik. Kimsə dedi ki, bəs
mitinq iştirakçıları “Qarabağ bizimdir!”, “Ermənilərə
ölüm!” şüarları ilə şəhərə
yürüşə çıxıblar, yetənə yetir,
yetməyənə daş atırlar. Necə deyərlər,
ara qarışıb, məzhəb itib. Onda çörək
zavodunda sürücü işləyən dayım da bərayi-ehtiyat
öz iri “budkalı” maşınını işə
salıb bizi müşayiət etməyə başladı
Yenicə küçəyə
çıxmışdıq ki, azğınlaşmış dəstələrdən
birinin hücumuna məruz qaldıq. Daş parçaları ilə
təzə “Jiquli”ni vurub əzənlər dayımdan, Vaqifdən
və məndən hökmlə tələb edirdilər ki,
“fındıq” deyin, görək ermənisiniz, ya yox! (Sən
demə, erməni olanlar həmin sözü istər-istəməz
“pındıq” kimi tələffüz etməklə
ilişirmişlər ki, bu da onlara qarşı “linç” tətbiq
edilməsinə əsas verirmiş). Biz təbii olaraq bu
“sınaq”dan uğurla keçdik, üstəlik
pasportlarımızı göstərib erməni
olmadığımızı sübut eləməli olduq və
birtəhər canımızı o dəstədən
qurtardıq. Ağlaşan arvad-uşağı sakitləşdirib,
başqa hücumlara tuş gəlməmək
üçün məhəllələrarası yollarla hərəkət
eləsək də, xeyri olmadı. Yolboyu daha bir neçə
dəfə yürüşçülərin
canüzücü “filtr”indən keçməli olduq və
birtəhər gəlib mənzil başına çatdıq.
Ertəsi gün, yəni
fevralın 28-də Sumqayıtda iğtişaşlar daha
geniş miqyas aldı. İtaətsizlik baş alıb gedirdi.
Hüquq-mühafizə orqanları sanki iflic vəziyyətə
düşmüşdü.Ticarət, iaşə və məişət
obyektləri dağıdıldı, maşınlar
yandırıldı, evlər talan edildi. Qanlı aksiyalarda
26-sı erməni olmaqla 32 nəfər şəhər sakini qətlə
yetirildi. Sonradan məlum oldu ki, bu hadisələri
separatçı, millətçi, terrorçu ermənilər
və onların havadarları planlı şəkildə
törətmişlər. Məqsəd isə dünya ictimaiyyətinin
gözündə “vəhşi, adamyeyən azərbaycanlı”
obrazı yaratmaq və bununla da Dağlıq Qarabağ Muxtar
Vilayətini Azərbaycandan qopararaq Ermənistana birləşdirmək
imiş. Qorbaçov rejiminin ölkədə elan etdiyi bədnam
“yenidənqurma” siyasətindən bəhrələnmək istəyən
ermənilər özlərinin çoxəsrlik ərazi
iddialarının bir hissəsinə məhz bu yolla nail
olmağı planlaşdırırdılar.
Həmkarımın
araşdırması
Əməkdar jurnalist Eyruz Məmmədov Sumqayıt hadisələrinin kökünü ətraflı araşdıran azsaylı ziyalılarımızdandır. O, “28-dən 29-na keçən gecə” adlı sənədli publisistik kitab yazmış, onun bir hissəsini Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin sifarişi ilə “Erməni təxribatı (Sumqayıt, fevral 1988-ci il)” adı altında rus və ingilis dillərində də çap etdirmişdir. Eyruz həmçinin mərhum sumqayıtlı kinorejissor Davud İmanovla birlikdə “Sumqayıtın əks-sədası” tammetrajlı və eyni adlı beş seriyalı sənədli filmi araya-ərsəyə gətirmişdir. Ermənilərin planlı təxribatının görünən və görünməyən tərəfləri barədə onun fikirlərini oxucularımızın diqqətinə çatdırırıq:
-Səksən səkkizin fevral ayının 22-də ermənilər Əsgəranda iki nəfər azərbaycanlı gənci qətlə yetirdilər. Onların qisasını almaq üçün Ağdam əhalisi Əsgərana hücum etmək istədi. Sosialist Əməyi Qəhrəmanı X.Abbasova düşmənlə haqq-hesab çəkmək istəyən kişilərin qarşısına yaylığını atdı və onları dayandırdı. Amma millətin emosiyalarını dayandırmaq mümkün olmadı. Bakıda başlanan mitinqlərin dalğası Sumqayıtı da bürüdü. Sakinlər arasında Moskvaya, hökumətə qarşı narazılıq artmağa başladı. Aqanbekyanların, vazgenlərin, balayanların, kaputikyanların Qarabağın Ermənistana birləşdirilməsi ilə əlaqədar sərsəm millətçi çıxışları, bununla bağlı Yerevanda və Stepanakertdə (indiki Xankəndində) baş verənlər etiraz və ehtirasları alovlandırırdı. Fevralın 26-da Bakının Azadlıq meydanında mitinq keçirildi. Çıxış edənlər Ermənistanda yaşayan azərbaycanlıların hüquqlarını qorumağa hazır olduqlarını, ermənilərin Dağlıq Qarabağla bağlı tələblərinin əsassızlığını bəyan etdilər və ədalətsiz iddialarla barışmayacaqlarını bildirdilər.
Sovet rəhbəri Mixail Qorbaçovdan “xeyir-dua” alan Ermənistanın rəhbərləri, korrupsiyaya qurşanmış qüvvələr, hakimiyyətə can atanlar və kəşfiyyat institutları hadisələri daha da qızışdırmaq, kulminasiyaya çatdırmaq üçün planlar cızır, iki milləti üz-üzə qoymağa çalışırdılar.
Sumqayıtda baş verə biləcək hadisələr ermənilərə artıq bəlli idi. Bu haqda onları məlumatlandırmışdılar. Sumqayıtda yaşayan minə yaxın erməni yanvarın 1-dən fevralın 25-nə kimi əmanət kassalarında saxladıqları 8 milyon 343 min 691 rubl pulu təcili çıxararaq Yerevana, Stepanakertə və Rusiyanın şəhərlərinə köçüb getdilər. Sumqayıtın təhsil və səhiyyə sistemlərində çalışan ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün gizli imzalar toplamağa başladılar. Onlar “Krunk” cəmiyyətinə yardım adı altında xüsusi hesablara adambaşına 50 rubl vəsait keçirirdilər. Gizli iqtisadiyyata rəhbərlik edən “sexovşiklər” onlara məxsus istehsal avadanlıqlarını söküb Yerevana daşıyırdılar.
Qorbaçov Qarabağ məsələsinin aləmi bir-birinə qarışdırmasından təlaşa düşərək Mərkəzi Komitənin katiblərindən Dolgixi Yerevana, Razumovskini Bakıya, Demiçevi isə Stepanakertə ezam etdi. Məqsəd yerlərdə ictimai rəyi öyrənmək idi. Moskvadan gələn nümayəndələr bu məsələnin nə qədər qəliz olduğunun, bu işdə Azərbaycan xalqının sərt və barışmaz mövqeyinin şahidi oldular. Azərbaycanlıların şüarı bir idi:"Torpaqdan pay olmaz!"
Ermənilər isə istər Yerevanda, istərsə də Stepanakertdə eyni şüarı təkrarlayırdılar:"Dağlıq Qarabağ bizimdir!"
Qorbaçov Azərbaycan ziyalılarının qəbula düşmək istəyini rədd etdi. Bu bir daha onu göstərirdi ki, Qorbaçov ermənilərin tərəfini saxlayır və onlara hər cür mənəvi dəstək verir. Beləliklə, Yerevan ziyalıları hadisələri qızışdırır, Bakıda və respublikamızın bölgələrində isə ermənilərin ədalətsiz çıxışlarına qarşı etiraz aksiyaları kütləvi hal alırdı. Sumqayıtda vəziyyət xüsusilə kəskinləşdi. Qəribədir ki, fevral ayının sonlarında şəhər rəhbərliyi Moskvaya ezam olunmuş, milis rəisi işdən azad edilmiş, DTK Sumqayıt şöbəsinin rəisi başqa işə keçirilmişdi. Şəhər bir növ nəzarətsiz qalmışdı. Lenin adına meydana toplaşan gənclər “Qarabağı vermərik!” şüarı ilə fasiləsiz mitinqlər keçirirdilər. Həmin anlar sovet qoşunları Sumqayıtın ayrı-ayrı məhəllə və mikrorayonlarında dislokasiya olunmuşdu. Lakin nədənsə hadisələrə müdaxilə etmədilər. Beləcə, fevralın 28-29-da qanlı hadisələr baş verdi. Yalnız martın 1-də şəhərdə komendant saatı elan olundu. Qorbaçov 1988-ci il iyulun 18-də SSRİ Ali Sovetinin iclasında “Qoşunlar Sumqayıta bir saat gecikmişdir” fikrini söyləmişdir. Bu fikir tamamilə yalan idi. Sabiq SSRİ müdafiə naziri D.Yazov “Sumqayıtın əks-sədası” filminin çəkiliş qrupuna verdiyi müsahibədə bunu təkzib edərək demişdir: “Yadınızda saxlayın, sovet ordusu heç bir vaxt, heç bir yerə gecikməyib. Baş komandanın əmri olmadan nazirin komendant saatı elan etməyə, əsgərin silah işlətməyə, güllə atmağa ixtiyarı yoxdur. Sumqayıtda əsgərlərin gözü qarşısında insanların öldürülməsinə gəlincə isə, görünür, bu, kiməsə lazım imiş...”
Patrul qorxusu və ... əsgərlərə
qayğı
Xatırlayıram ki, Sumqayıtda komendant saatı martın 1-də şəxsən mənim üçün də əsl başağrısına çevrildi. “Qadağan vaxtı”nın tətbiq edildiyini eşidəndə Bakıda, teleşirkətdə işdə idim. Tez yığışıb Sumqayıta, evə qayıtmaq istədim. Amma o vaxt şəxsi avtomobili olan özündənrazı bir həmkarım: “Gözlə, birlikdə maşınla gedib patrullardan bir yolla sivişərik,”-deyərək məni yolumdan saxladı. Bir saatdan sonra isə o, artıq gec olduğunu və Sumqayıta getməyə ürək eləmədiyini bildirdi. Onun Bakıda qardaşı yaşayırdı, mənimsə heç kimim... Sumqayıta çatanda komendant saatı artıq başlanmışdı. Şaxta qılınc kimi kəsirdi. Bizi – bir avtobus adamı öz şəhərimizin girəcəyində rus hərbçiləri xeyli arayıb-darayıb, mənəvi əzablar verdikdən və xəbərdarlıq etdikdən sonra, nəhayət, insafa gəlib şəhərə buraxdılar. Şəhərin içində də avtomatlı patrul dəstələri çox idi və adama güllə ata bilərdilər. Mən onlarla üzləşməmək üçün binaların arası ilə, gizlənə-gizlənə qaçaraq özümü ölüm-zülüm evə çatdırdım.
Onu da deyim ki, Sumqayıt sakinləri hadisələrdən sonra şəhərə yeridilmiş ordu qüvvələrinə yetərincə mehriban münasibət bəsləyirdilər. Axşamlar məhəllə və mikrorayonlarda “keşik” çəkən əsgərlərə xörək, siqaret və pul verib iltifat göstərənlər çox idi. Onda hələ övladlarımız SSRİ-nin ən müxtəlif guşələrində, Sovet Ordusu sıralarında qulluq edirdilər. Həm də orduya inam hələ sarsılmamışdı.
İndi isə Sumqayıt hadisələrinin daha vacib detalları barədə. Sumqayıtda talan, qətl, zorlama kimi vəhşilikləri törədən başıpozuq dəstələrə milliyyətcə erməni olan Paşa rəhbərlik edirdi. Onun əsl adı Eduard Qriqoryan idi. İki dəfə məhkum olunmuşdu və heç bir yerdə işləmirdi. “Krunk” cəmiyyətinin fəal üzvlərindən idi.
E.Məmmədovun dedikləri:
-İstintaq qrupunun materiallarından məlum olur ki, 1988-ci il fevral ayının ortalarında Paşanın yaşadığı mənzilə Yerevandan bir qrup emissar gəlmişdir. Sonralar aydın oldu ki, Paşa təlimatlandırılmış,ona pul və narkotik vasitələr verilmişdir. Ertəsi gün o, ətrafına bir neçə yeniyetmə və gənci toplayaraq məlum əməllərə sövq etmişdir.
Fevralın 27-dən Qriqoryan Sumqayıtda iğtişaşlara rəhbərlik etməyə başladı. Bu cinayətkar ünsür “Stepanakertdə azərbaycanlıları qırırlar!” deyərək ətrafına daha çox səbatsız gənci topladı, onlara pul payladı, narkotik verdi.Dəstəyə kor-koranə qoşulanlar da az deyildi. Yürüşçülər Sumqayıtın ayrı-ayrı məhəllə və mikrorayonlarında yaşayan ermənilərin evlərinə hücum etdilər. Maraqlısı budur ki, zərər çəkən ermənilərin siyahısı əvvəlcədən tutulubmuş. “Dağlıq Qarabağ” Komitəsi və “Krunk” cəmiyyətinə ianə verməkdən imtina edən ermənilərin ünvanları Qriqoryanın əlində idi. Əsas zərbə də onlara vuruldu.
İlk zərər çəkən 3-cü mikrorayondan Qriqori Mejlumyanın ailəsi oldu. Azğınlaşmış dəstə evə soxularaq ailə üzvlərinin hamısını döydü, mənzili talan etdi. Paşa özü isə ev sahibinin qızı Karinanı zorladı.
Sonrakı hadisələr də bu cür davam etmişdir. Qriqoryan öz dəstəsi ilə həmin mikrorayonda yaşayan Petrosyanın evini dağıdaraq çölə tökmüş və yandırmışdır. Paşa ev sahibi Emmanı zorlamış, sonra onu qətlə yetirmişdir. Bir sözlə, Qriqoryan Sumqayıt hadisələrində şəxsən özü beş ermənini öldürmüş, səkkiz erməni qadınını zorlamışdır.
Şəxsən gördüklərim
Bəli, Sumqayıtda törədilən faciənin həyata keçirilməsində erməni millətçilərinin, onların Moskvadakı və xaricdəki havadarlarının əli olduğu tamamilə şəksizdir. Cünki nə talançılıq edən qruplara, nə adamları qətlə yetirənlərə həmin üç gündə kimsə maneçilik törətməyə cəhd belə etmədi. Şəhərə yeridilmiş milis və ordu qüvvələri mərkəzi küçələr boyunca sıraya düzülüb “qorxulu” səhnələri seyr edir, azğın dəstələrin qarşısına çıxmırdılar.
...Paşagil 45-ci məhəllədəki binalardan birinin 4-cü mərtəbəsində yaşayan erməni dərzi qadını mənzilində əməllicə döyüb əyin-başını cırdıqdan sonra lüt-üryan şəkildə soyuq küçəyə çıxardılar. Onu “Şalaxo”oynada-oynada “Dostluq” küçəsi boyunca xeyli gəzdirib, axırda yaxınlıqdakı xəstəxananın hasarları arasında bir çalaya atdılar və üstünə benzin tökərək diri-diri yandırdılar. Məşhur dərzi qadın əvvəldən bilsə idi ki, “Qarabağ komitəsi” üçün vaxtlı-vaxtında pul vermədiyinə görə Eduard Qriqoryanın əlindəki ölüm siyahısına düşəcək, bəlkə də bütün var-dövlətini peşkəş edərdi.
...Verilmiş ünvan üzrə Sumqayıtın 2-ci mikrorayonundakı evlərdən birinin yuxarı mərtəbəsinə hücum çəkən “qəhrəmanlar” orada yaşayan (və çox güman ki, “fond”a pul köçürməyən) yaşlı bir ermənini eyvandan yerə atdılar. Bədbəxt qoca sınmış qol-qıçını güclə tərpədərək zarıyır, dikəlmək istəyirdi. Sonra onu “Təcili yardım” maşını apardı: yəqin ki, “morq”a.
..."Sülh" küçəsi ilə o baş-bu başa cövlan edib görüntü yaradan “BTR”-in altında bir-birinin ardınca üç soydaşımız qaldı. Bunlar günahsız şəhər sakinləri Vəkil Kərim oğlu Babayev, Surxay Valeh oğlu Əliyev və səhv etmirəmsə, Canpolad Məhyəddin oğlu Orucov idi. İndiki kimi gözümün qarşısındadır: yerdə çabalayan yaralıları xəstəxanaya çatdırmaqdan ötrü heç bir maşını saxlamaq mümkün deyildi: sürücülər ehtiyat edirdilər. Bu vaxt kimsə yoldan ötən avtobusun ön şüşəsini daşla vurub sındırdı, sürücü idarəetməni itirdi və maşın Dilavər kişinin qəzet köşkünə dəyib dayandı. Adamlar yaralıları cəld avtobusa qoyub xəstəxanaya apardılar. Sonra eşitdim ki, hər üçü canını tapşırıb.
Dediyim kimi, yalnız martın 1-də, necə deyərlər, iş-işdən keçəndən sonra Sumqayıtda fövqəladə vəziyyət — komendant saatı və pasport rejimi elan edilmişdir. Axşam saat 7-dən sonra general Krayevin patrul dəstələrinin gözünə görünmək olmazdı, yoxsa tutub komendaturaya aparacaqdılar. Bu cür fövqəladə tədbirlərə elə fevralın 27-də başlamaq olmazdımı? Axı, üç gün idi ki, şəhərdə talanlar gedir, Paşanın cinayətkar dəstələri qətllər törədir, quldurluq edirdilər. Məlum ssenari üzrə düşünülmüş təxribat planı həyata keçəndən sonra görülən tədbirlərin nə faydası vardı? Artıq olan olmuş, erməni millətçiləri istəklərinə çatmışdılar.
Qriqoryana lobbi dəstəyi
Sumqayıt hadisələrinə görə minə yaxın adam şübhəli şəxs qismində saxlanıldı, 500 nəfər həbs olundu, 94 nəfər mühakimə edildi. Amma bu, Yerevan və Moskvada yaşayan erməniləri qane etmirdi. Onlar azərbaycanlılara daha böyük cəzalar verilməsini tələb edirdilər. Buna müəyyən mənada nail də oldular. Fikir verin: şəxsən beş ermənini öldürmüş və səkkiz erməni qızını zorlamış Qriqoryana vur-tut 12 il iş verildiyi halda, təkcə bir adam öldürmüş Taleh İsmayılov 15 il həbs cəzası aldı. Moskvada mühakimə edilən Əhməd Əhmədov erməni lobbisinin hay-küyü ilə güllələndi. İkinci qrup əlil olan Elçin Gəncəliyev istintaq dövründə təcridxana kamerasında özünü öldürdü.
Eyruz Məmmədov yazır ki, Qriqoryanın öncədən planlaşdırılmış ssenari əsasında fəaliyyətə başlamasını və onu həyata keçirməsini istintaq materialları tam sübuta yetirib. Onu da qeyd edək ki, hadisələrin inkişafında və icrasında Qriqoryana milliyyətcə erməni olan İqor Ohanov, Vazgen Sarkisyan və Karina Qasparyan yaxından köməklik göstərmişdilər.
Qriqoryan Azərbaycan Cinayət Məcəlləsinə uyğun olaraq mühakimə edildi və ona 12 il iş kəsildi. Ermənistanın müxtəlif dairələri onun müdafiəsinə qalxdılar, kütləvi informasiya vasitələrində Qriqoryanın yanlış tutulduğunu yazdılar, ictimai rəyi çaşdırmaq istədilər. Qriqoryan Azərbaycandan alınıb Stavropol vilayətinin Budyonnovsk şəhərinə köçürüldü. İstintaq materialları onun qatı cinayətkar olduğunu sübuta yetirsə də, sonradan cəzası 9 ilə endirildi. Erməni təbliğatı sakitləşmək bilmir, xalqımıza qarşı iftiralar yağdırmaqda davam edirdi. Arvadı erməni olan akademik Andrey Saxarov onların fırıldağına uyaraq “yazıq” ermənilərin Azərbaycanda öldürüldüyü barədə müsahibə verdi. Rus jurnalisti Henrix Borovik Moskva televiziyası ilə bizi “vəhşilik”də günahlandıran proqram yayımladı. Bu işdə qatı ermənipərəst deputat Qalina Starovoytova, “Krunk” cəmiyyətinin sədri Manuçarov və başqaları da böyük səy göstərirdilər.
Hərənin öz rolu...
Bir faktı da qeyd etmək yerinə düşər. SSRİ Baş Prokurorluğunun istintaq qrupunun müstəntiqi Kotenko demişdir: “Sumqayıt hadisələrindən əvvəl Dağlıq Qarabağ problemi ilə əlaqədar müəssisə və təşkilatlarda yerli əhalinin reaksiyası haqqında günaşırı Qarabağa, oradan isə Yerevana informasiya ötürülürdü. Bu xəbərləri erməni qızları göndərirdilər. Onların isə başında Stella adında bir qadın dururdu. Bütün informasiyalar ona verilir, o da öz növbəsində rabitə şöbəsində çalışan erməni telefonçuların əli ilə Stepanakert və Yerevanı təmin edirdi. Belə bir xidmət üçün Stellaya külli miqdarda qonorar ayırırdılar. O həmin vəsaiti qızlar arasında bölüşdürürdü. Komendant saatı elan olunduqdan sonra hərbçilər Stellanı Sumqayıtdan çıxardılar və o, naməlum istiqamətdə yoxa çıxdı. Əvvəllər onun izinə düşmək istədik, lakin işin çoxluğundan Stella yadımızdan çıxdı. Onu da qeyd eləyim ki, Stella təkcə informasiya toplamaqla məşğul deyildi. Sumqayıtda onun bir neçə yerdə fahişəxanası var idi.Orada 15-25 yaşlı erməni qızları hər axşam müxtəlif müştəriləri qəbul edirdilər...”
Həmin günlər yüzdən yuxarı saqqallı və qara gödəkçə geyinmiş erməni ekstremistləri Sumqayıta ezam olunmuşdular. Əksəriyyəti “Dalğa” və “Sumqayıt” mehmanxanalarında qalırdı. Onlar əhali arasında müxtəlif şayiələr yayır, aranı qızışdırır, ermənilərin evlərinə hücum etməyi tələb edirdilər.Azğınlaşmış gənclər həmin təxribata uydular və cinayət törətdilər. Hadisələr zamanı Sumqayıta İsveçdən ezam olunmuş erməni Artaşes Qabrielyan videokamera ilə hadisələrin bəzi məqamlarını lentə aldı, sonra onlar montaj olunub telekanallarda göstərildi.Yerevanda təcili olaraq “Sumqait, genosid, qlasnost” adlı kitab nəşr olundu və Rusiyanın bir çox şəhərlərində yayıldı. Stepanakertdə isə Sumqayıt hadisələrindən bir neçə gün sonra həlak olan ermənilərin xatirəsinə abidə ucaldıldı. Moskvanın KİV-lərində anti-Azərbaycan səpkili materiallar dərc olundu. Təbliğatın qurulmasında və həyata keçirilməsində erməni millətçilərinə xaricdə yaşayan erməni lobbisinin maliyyə dəstəyi ilə kömək edilirdi. Onların məqsədləri aydın idi: Dağlıq Qarabağa sahib çıxmaq!
Hadisələrdən ilyarım sonra Yerevanda keçirilmiş bir konfransda Sumqayıt olaylarını 70 il Sovet Azərbaycanında hökm sürmüş milli əsarət siyasətinin təbii təzahürü kimi qələmə verən haylar təbii ki, bir sıra faktların üstündən sükutla keçmişlər. Bu faktlar isə ondan ibarətdir ki, “əsarət”də qalan ermənilərin Sumqayıtda yüksək vəzifələri, “yağlı” işləri, ən yaxşı mərtəbələrdə geniş mənzilləri olmuşdur. Ermənilər əhalinin 5-6 faizini təşkil etmələrinə baxmayaraq, şəhər sakinlərinə məxsus 6 min şəxsi minik avtomobilindən 600-ü onların olmuşdur.Şəhərin əmanət kassalarında əhaliyə məxsus pul əmanətlərinin 21,6 faizi ermənilərin idi. Hadisələrdən sonra Sumqayıtı tərk edən ermənilər bir il ərzində 2 milyona qədər əmanəti nağd hesabla maneəsiz götürmüş və ya Ermənistana, Rusiyanın ayrı-ayrı şəhərlərinə köçürmüşlər. Evlərini isə qorxu-hürkü bilmədən baha qiymətə sata bilmiş və ya dəyişdirmişlər.
Sumqayıtda 26 deyil, 400-500 erməninin öldürülməsi barədə şişirtmə rəqəmlər göstərən erməni millətçiləri o fakta da göz yummuşlar ki, hadisələr zamanı azərbaycanlı ailələr insanpərvərlik və mərdlik göstərərək erməni qonşularını Paşanın quldur dəstələrindən gizlətməsəydilər, qurbanların sayı həqiqətən də çox ola bilərdi. Ağır məqamda risk edərək minlərlə ermənini real ölümdən qurtaranlar, onlara kömək əlini uzadanlar məhz azərbaycanlılar olmuşlar. Yuri Pompeyevin məşhur “Qarabağın qan girdabı” kitabında, mətbuat səhifələrində bəzi ermənilər bunu etiraf etmişlər.
Bəli, Sumqayıt kartından istifadə etməklə guya azərbaycanlılarla birgə yaşamağın təhlükəli olduğunu göstərən və bu bəhanə ilə Dağlıq Qarabağı Azərbaycandan qoparmağa çalışan ermənilər hər vasitə ilə dəridən-qabıqdan çıxır, cinayətlərini ört-basdır etməyə səylər göstərirlər. Sumqayıt hadisələrindən sonra işə salınan təbliğat kampaniyası, yeridilən işğalçılıq siyasəti, Xocalı qətliamı, xalqımızın başına gətirilən digər olmazın zülmlər onların özgə torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq xülyalarının nəticələridir. Biz bu mənfur siyasətə qarşı ardıcıl və barışmaz mübarizəmizi qətiyyətlə davam etdirməliyik.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2010.- 2 mart.- S. 4.