İnsan alverinə qarşı
mübarizə müasir tələblərə uyğun
aparılır
Azərbaycanda müstəqillik əldə edildikdən
sonra həyatın bütün sahələrində
köklü islahatlar aparılır. Ümummilli liderimiz Heydər
Əliyevin dediyi kimi, biz Qərblə Şərqin dəyərlərini
sintez edib, yaşayış tərzimizə
uyğunlaşdırmalıyıq. Xalqımızın elə
gözəl adətləri, bəzi məsələlərdə
elə qadağaları var ki, Qərb həmişə onlardan
bəhrələnib.
İnsan alveri transmilli
cinayətdir. Odur ki, ona qarşı ayrı-ayrı dövlətlərin
birgə mübarizəsi səmərə verə bilir. Bu cinayət
növünə qarşı mübarizənin yüksək səviyyədə
aparılması üçün Azərbaycan Prezidenti
İlham Əliyev hüquq-mühafizə orqanları
qarşısında çox ciddi vəzifələr
qoymuşdur. Daxili İşlər naziri general-polkovnik Ramil
Usubov qarşıya qoyulmuş tapşırıqları yerinə
yetirmək üçün zəruri olan bütün tədbirləri
layiqincə həyata keçirir. Bu mənada İnsan Alverinə
Qarşı Mübarizə İdarəsinin səmərəli
fəaliyyəti üçün hər cür əlverişli
şərait yaradılmışdır. Fəaliyyətimiz
daim nazirin diqqət və qayğısı ilə əhatə
olunur. Əməkdaşlarımız da bu diqqət və
qayğıdan bəhrələnərək insan alverinə
qarşı mübarizəni müasir tələblərə
uyğun aparmağa çalışırlar.
Aydın məsələdir
ki, hər bir sistemli fəaliyyət üçün ilk
növbədə etibarlı qanunvericilik bazası
olmalıdır. Bunsuz qarşıya qoyulan məqsədə
çatmaq çətindir. Qanunvericilik bazasının təkmilləşdirilməsi
üçün son illər çox böyük işlər
görülmüşdür. Azərbaycan Respublikası
“Transmilli mütəşəkkil cinayətkarlığa
qarşı” Konvensiyaya və onu tamamlayan “İnsan alverinin,
xüsusən qadın və uşaq alverinin
qarşısının alınması, aradan
qaldırılması və cəzalandırılması
haqqında Palermo Protokolu”na qoşulmuşdur.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü ildə
təsdiq etdiyi “Azərbaycan Respublikasında İnsan Alverinə
Qarşı Mübarizə üzrə Milli Fəaliyyət
Planı”nın icrası başa çatdığı
üçün 2009-2013-cü illəri əhatə edən
yeni Milli Fəaliyyət Planı hazırlanmış və
dövlət başçısının 6 fevral 2009-cu il
tarixli sərəncamı ilə qüvvəyə
minmişdir.
Bunlardan əlavə,
“İnsan alverinə qarşı Avropa Şurası
Konvensiyası”na baxılmış, prosedurlardan keçirildikdən
sonra Nazirlər Kabinetinə təqdim edilmişdir. Nazirlər
Kabinetinin müvafiq tapşırığına əsasən
29 iyun 2009-cu il tarixdə insan alverinə qarşı
mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi
məqsədilə Ədliyyə, Daxili İşlər, Xarici
İşlər, Milli Təhlükəsizlik nazirliklərinin və
Baş Prokurorluğun nümayəndələrindən ibarət
İşçi Qrupu yaradılmış və fəaliyyətə
başlamışdır. Konvensiyanı Azərbaycan
Respublikası adından imzalayan ölkə
başçısı 26 yanvar 2010-cu il tarixli sərəncamı
ilə onu Azərbaycan Respublikasının Avropa Şurası
yanında daimi nümayəndəsinə vermişdir.
“İnsan alveri
qurbanları ilə bağlı Milli İstiqamətləndirmə
Mexanizmi Qaydaları”nın layihəsi işlənib
hazırlanmış və Nazirlər Kabinetinin 11 avqust 2009-cu
il tarixli 123 nömrəli qərarı ilə təsdiq
edilmişdir. Bundan başqa, “İnsan alveri qurbanlarının
müəyyən edilməsi Qaydaları
(indikatorları)”nın layihəsi hazırlanmış və
Nazirlər Kabinetinin 3 sentyabr 2009-cu il tarixli 131 nömrəli qərarı
ilə təsdiq olunmuşdur. “İnsan alverinin qurbanı
olmuş uşaqların sığınacaqda yerləşdirilməsi
və saxlanılması Qaydalar”ı da hazırlanmış və
Nazirlər Kabinetinin 19 noyabr 2009-cu il tarixli 180 nömrəli qərarı
ilə təsdiq edilmişdir.
İnsan alverinə
qarşı mübarizədə əhalinin maarifləndirilməsi
işi xüsusi əhəmiyyət kəsb edir. Odur ki, idarəmiz
tərəfindən maarifləndirmə tədbirləri və
treninqlər mütəmadi keçirilir. Təkcə son bir
ildə respublikanın 58 şəhər və rayonunda yerli
icra hakimiyyəti, bələdiyyə, polis orqanı, tibb, təhsil,
məşğulluq mərkəzləri, nəqliyyat müəssisəsi,
gənclər və idman təşkilatı və KİV
nümayəndələri üçün seminarlar, habelə
Asiya və Bakı Slavyan universitetlərində treninqlər
keçirilmişdir.
Keçən ilin 21-22
may və 09-10 iyun tarixlərində Avropa Komissiyası, ATƏT
və BƏT-in dəstəyi ilə Gürcüstan
respublikasının və İngiltərənin beynəlxalq dərəcəli
ekspertlərinin Bakı şəhərində keçirdiyi təlimlərdə
idarəmizin əməkdaşları fəal iştirak
etmiş, bu sahədə təcrübə mübadiləsi
aparmışlar. 14-16 dekabr 2009-cu il tarixlərində ATƏT-in
Bakı ofisində həmin qurumun dəstəyi ilə
Macarıstan Milli Polisi tərəfindən “İnsan alveri cinayətləri
üzrə təhqiqatın texnikaları” mövzusunda
DİN-in aidiyyəti qurumlarının əməkdaşlarına
treninq keçirilmiş, dinləyicilərin hazırlıq səviyyəsi
yüksək qiymətləndirilmiş və onlara sertifikatlar
verilmişdir.
İnsan alveri cinayətləri ilə mübarizənin səmərəliliyinin artırılması və bu xidmət sahəsi üzrə qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə 2009-cu ildə əməkdaşlarımız Avstriya, İsveçrə, Serbiya, Finlandiya, Ukrayna, Gürcüstan, Macarıstan, Rusiya Federasiyası və Türkiyədə keçirilən təlim, seminar və konfranslarda iştirak etmişlər. Ölkəmizin xaricdə akkreditə olunmuş diplomatik nümayəndəlikləri vasitəsilə Avstriya, Türkiyə, İsveç, Norveç, Finlandiya, Çin və Hindistanın bu sahədə təcrübələri əldə edilərək öyrənilmişdir.
İnsan alveri cinayətlərinin profilaktikasında və ictimaiyyətin məlumatlandırılmasında xüsusi əhəmiyyət kəsb edən kütləvi informasiya vasitələrinin imkanlarından da keçən il geniş istifadə olunmuşdur. Görülən işlər, əldə olunan nəticələr “Xalq qəzeti”ndə, “Yeni Azərbaycan”, “Səs”, “Zerkalo”, “Olaylar”, “Şərq” və başqa qəzetlərdə, “Vətəndaş cəmiyyəti” jurnalında, habelə müxtəlif teleradio kanallarında və ayrı-ayrı informasiya agentliklərində işıqlandırılmışdır. İnsan alveri ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumatları ictimaiyyətin diqqətinə çatdırmaq üçün idarənin vebsaytından (www.iaqmi.gov.az) istifadə olunur.
2009-cu ildə həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlər nəticəsində insan alveri ilə bağlı (AR CM-nin 144-1-ci maddəsi) 80 cinayət faktı qeydə alınmış, belə cinayətləri törətdiklərinə görə 76 şəxs məsuliyyətə cəlb edilmiş və insan alveri qurbanı kimi daha 91 nəfər müəyyən olunmuşdur.
İnsan alveri qurbanlarının cinsi istismar məqsədilə aldadılaraq xarici ölkələrə, o cümlədən Türkiyə respublikasına, Birləşmiş Ərəb Əmirliklərinə, Pakistan və İran İslam respublikalarına, Rusiya Federasiyasına aparılması müəyyənləşdirilmiş və belə qanunsuz hərəkətlərin qarşısını almaq üçün müəyyən tədbirlər görülmüşdür.
2009-cu ildə insan alverinin qurbanı olmuş 4 əcnəbinin (Özbəkistan Respublikasının vətəndaşları) BMT-nin dəstəyi ilə öz ölkələrinə qayıtmaları təmin edilmişdir. İl ərzində müəyyən edilmiş 91 insan alveri qurbanından 48 nəfəri (1 uşaq) sığınacağa yerləşdirilmiş, əksəriyyəti cəmiyyətə reinteqrasiya olunmuş, onların hamısına hüquqi, tibbi və psixoloji yardımlar göstərilmişdir. Qurbanlardan 19 nəfəri işlə təmin edilmiş, 42 nəfər peşə kurslarına, o cümlədən 9-u Azərbaycan Sahibkarlar Konfederasiyasının yardımı ilə sahibkarlıq kursuna göndərilmiş və onlara müvafiq sertifikatlar verilmişdir.
İnsan alveri qurbanlarına tibbi, o cümlədən psixoloji yardımın göstərilməsi üzrə kompleks tədbirlər həyata keçirilmişdir. Qurbanlara respublika Klinik Xəstəxanasında, Dəri-Zöhrəvi Dispanserdə, QİÇS-lə Mübarizə Mərkəzində, Narkoloji Dispanserdə, Bakı şəhər 25 saylı poliklinikada, Bakı şəhər 7 saylı qadın məsləhətxanasında, Bakı şəhər 2 saylı uşaq xəstəxanasında zəruri ambulator və stasionar tibbi xidmətlər göstərilmişdir. Respublika hökumətinin müvafiq qərarına əsasən, insan alverindən zərər çəkmiş 76 nəfərə reinteqrasiya dövründə birdəfəlik müavinətlər, 54 nəfərə isə İnsan Alveri Qurbanlarına Kömək Fondundan yardımlar verilmişdir. Hazırda insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin mərhələrlə artırılması məqsədilə müvafiq qərar layihəsi hazırlanaraq Azərbaycan Respublikasının Baş nazirinə təqdim edilmiş və bu məsələ Maliyyə Nazirliyində nəzərdən keçirilir.
İnsan alverinin qurbanı olmuş uşaqların müdafiəsi üçün DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin nəzdində zəruri avadanlıqla təmin edilmiş xüsusi sığınacaq istifadəyə verilmişdir. Sığınacağa yerləşdirilən uşaqlara təhsillərini davam etdirmək imkanı yaradılmışdır. Bu məqsədlə Milli İstiqamətləndirmə Mexanizmi çərçivəsində Təhsil Nazirliyinin müvafiq göstərişinə əsasən Bakı şəhərində bir orta təhsil məktəbi və körpələr evi ayrılmışdır.
Biz beynəlxalq təşkilatlar və QHT-lərlədə əməkdaşlıq sahəsində müəyyən işlər görmüşük. Belə ki, ötən il ərzində BMT-nin gender bərabərliyi üzrə eksperti, BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, Beynəlxalq Əmək Təşkilatının hüquq-mühafizə orqanları əməkdaşları üçün təlimlər üzrə eksperti, ABŞ-ın Azərbaycan respublikasındakı səfirliyinin siyasi işlər üzrə müşaviri, Amerika Hüquqşünaslar Assosiasiyasının Cinayət Hüquq Proqramı üzrə mütəxəssisi, BƏT-in baş texniki məsləhətçisi və BƏT-in müstəqil eksperti ilə insan alveri problemlərinə dair müəyyən görüşlər keçirilmiş, aktual məsələlər üzrə müzakirələr aparılmışdır.
Milli Fəaliyyət Planına uyğun olaraq 17 mart 2009-cu il tarixdə Daxili İşlər Nazirliyi və 45 qeyri-hökumət təşkilatını birləşdirən İnsan Alverinə Qarşı QHT Koalisiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. 13 aprel və 10 oktyabr 2009-cu il tarixlərində isə insan alverinə qarşı QHT Koalisiyası, 17 aprel 2009-cu il tarixində insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun üzvü olan qurumların nümayəndələri ilə görüşlər keçirilmiş, insan alverinə qarşı mübarizənin mövcud vəziyyəti, qurbanların müdafiəsi, QHT-lərlə əməkdaşlıq və digər məsələlər barədə məlumat mübadiləsi aparılmışdır.
İdarəmizin əmədaşları insan alverinə qarşı mübarizədə müəyyən təcrübə qazanmışlar. Onlar bu növ cinayətlərin baş verməməsi üçün bundan sonra da bütün qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.
Cavad ŞIXƏLİYEV,
DİN-in İnsan Alverinə
Qarşı
Mübarizə İdarəsinin rəisi, polis polkovniki
Xalq qəzeti.- 2010.- 3 mart.- S. 6.