Milli mənəviyyat xəzinəmiz yeni mərhələdə

 

2009-cu il Azərbaycan üçün çox uğurlu dövr olmuşdur. Mədəniyyət sahəsində qazanılan nailiyyətlər xüsusilə sevindiricidir. M.F.Axundov adına Milli Kitabxana da ötən il öz fəaliyyətini genişləndirmiş, uğurlu nəticələr əldə etmişdir.

 

2009-cu ildə Bakı–İslam Mədəniyyətinin paytaxtı elan edilmişdir. Bununla bağlı keçirilən tədbirlər çərçivəsində Milli Kitabxanada aprel ayının 20- dən 21-dək İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının II Konfransı keçirilmişdır. Bakı konfransının əsas məramlarından biri bu təşkilatın nizamnaməsinin qəbulundan ibarət idi. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfransda çıxış edərək 2009-cu ildə Bakı şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasından, bu münasibətlə ölkədə keçirilən və planlaşdırılan möhtəşəm tədbirlərdən danışmışdır.

Tədbir çərçivəsində Milli Kitabxananın sərgi zalında “İslam mədəniyyəti kitab səhifələrində” adlı geniş beynəlxalq kitab sərgisinin açılış mərasimi də olmuşdur.

Sərgidə 9 ölkənin Milli kitabxanalarının fondlarından 600 kitab nümayiş olunmuşdur və sərginin sonunda həmin kitablar Azərbaycan Milli Kitabxanasına hədiyyə edilmişdir. Bakı konfransında İƏT-ə üzv ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının nizamnaməsi qəbul olunmuşdur.

Milli Kitabxanada ötən il İSESKO, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Milli Kitabxana və Azərbaycan Milli Elmər Akademiyası ilə birgə “Bakı–İslam mədəniyyətinin paytaxtı – 2009” tədbirlər çərçivəsində “Asiyada İslam tibbi əlyazmalarının vəziyyəti” adlı İSESKO-nun regional seminarı keçirilmişdir. Seminarda İSESKO- dan, Azərbaycan, Misir, Tunis, Səudiyyə Ərəbistanı, Liviya, Bəhreyn və İrandan nümayəndələr, AMEA-nın Əlyazmalar İnstitutunun və respublikanın əlyazmalar üzrə digər aparıcı təşkilatlarının mütəxəssisləri iştirak edirdilər. Tədbir çərçivəsində “Orta əsr Azərbaycan tibb əlyazmaları” mövzusunda geniş sərgi də nümayiş olundu. 3 gün davam edən seminarda Azərbaycandan və xarici ölkələrdən olan mütəxəssislər qədim tibbi əlyazmaların qorunub saxlanılması və konservasiyası haqqında problemləri araşdırıb müzakirələr etdilər. Sonda orta əsr tibb əlyazmalarının etibarlı mühafizəsini təmin etmək məqsədilə tövsiyələr qəbul olundu.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ötən il I Bakı Beynəlxalq Kitab Sərgi-yarmarkası keçirildi. Azərbaycanın mədəniyyət, kitab və kitabxana işi tarixində ilk dəfə keçirilən beynəlxalq sərgi-yarmarkada 20-dən çox xarici ölkənin nəşriyyat və poliqrafiya müəssisələri iştirak edirdi. Milli Kitabxanada I Bakı Beynəlxalq Kitab Sərgi-yarmarkasında iştirak edən 10 xarici ölkə milli kitabxana direktorlarının gətirdikləri kitabların Milli Kitabxanaya təqdimetmə mərasimi də keçirildi.

Milli Kitabxananın ötənilki fəaliyyətinin əsas istiqamətini kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə oxuculara kitabxana xidmətinin müasir tələblərə uyğun qurulmasını təmin etmək, oxuculara və istifadəçilərə virtual rejimdə xidmət göstərmək üçün elektron kitabxananın və elektron kataloqun məlumat bazasının genişləndirilməsi təşkil etmişdir.

Bu istiqamətdə aparılan işlər nəticəsində kitabxananın strukturu təkmilləşdirilmiş, mədəniyyət və incəsənət üzrə elmi informasiya şöbəsi ləğv olunaraq, onun əsasında Analitik elektron məlumat bazasinin təşkili şöbəsi və kitab fondlarının mühafizəsi şöbəsində avtoreferat və dissertasiya fondu bölməsi ləğv olunaraq əvəzində yeni bir şöbə – elektron dissertasiya fondunun təşkili və ondan istifadə şöbəsi yaradılmışdır.

Milli Kitabxanada Rusiya Dövlət Kitabxanasının Elektron dissertasiya fondunun Virtual oxu zalı yaradılmışdır və il ərzində Rusiya Dövlət Kitabxanasının dissertasiya və avtoreferatlarının tammətnli elektron bazasından 447 oxucuya virtual xidmət göstərilmişdir. Bu gün Milli Kitabxananın fondunda 4,5 milyon nüsxə ədəbiyyat saxlanılır. 2009-cu ildə kitabxanaya 20 min nüsxədən artıq yeni ədəbiyyat daxil olmuşdur.

İl ərzində kitabxananın daimi oxucularının sayı 38 666 nəfər, virtual oxucuların – elektron kataloqdan və elektron kitabxanadan istifadə edən oxucuların (saytdan istifadə edənlər istisna olmaqla) sayı 118 452 nəfər, virtual sifarişin xidmətlərindən istifadə edənlərin sayı 329 nəfər, Rusiya Dövlət Kitabxanasının virtual oxu zalından istifadə edənlərin sayı 447 nəfər olmuşdur.

Elektron resursların yaradılması şöbəsi tərəfindən 2009-cu ildə 32 986 adda Azərbaycan və rus dilində olan cari ədəbiyyatın biblioqrafik yazısı yaradılaraq elektron kataloqun məlumat bazasına daxil edilib. Ümumiyyətlə, bu günə kimi 94 757 biblioqrafik yazı, 267 142 nüsxə ədəbiyyat elektron kataloqa daxil edilmişdir.

M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondunun saytı və elektron kataloqu da ötən il bizim kitabxana tərəfindən hazırlanmışdır.

Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması və informasiya texnologiyaları şöbəsi cari ildə 244 kitabın tam mətnini, 8 dövri mətbuat nömrəsini elektron kitabxanaya yerləşdirib.

Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008- 2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq şöbə Prezidentin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərancamı ilə nəşr olunan kitabların əksəriyyətinin elektron versiyasını hazırlayıb oxucuların istifadəsinə təqdim edib.

Saytımızın ana səhifəsində “Dünyanın Rəqəmsal Kitabxanaları” və “Avropanın Kitabxana saytında “Prezident İlham Əliyev və mədəniyyət” adlı 2 cildlik kitaba (I cild və II cild ), Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti haqqında “Azərbaycanın mədəniyyəti və mədəni şedevrləri gələcək nəsillərə nadir töhfədir” (rus dilində) adlı kitaba, “Üzeyir Hacıbəyli” adlı elektron məlumat bazasına, “Azərbaycan kitabı” adlı 3 cildlik biblioqrafik kitabın I və II cildinin elektron versiyalarına birbaşa keçid düymələri yerləşdirilib.

2009-ci ildə Milli Kitabxananın nəşriyyat fəaliyyəti də səmərəli olmuş, 26 adda, 16 buraxılışda: biblioqrafiya, biblioqrafik məlumat kitabı, metodik vəsait, metodik tövsiyyələr nəşr edilmişdir.

Not nəşrləri və səsyazmaları şöbəsində fonoteka fondunun qrammafon vallarının CD- disklərə köçürülməsi işinə başlanmışdır.

Ötən il Kitabxanaşünaslıq-elmi tədqiqat şöbəsi tərəfindən “Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında” adlı sorgu-məlumat kitabının III cildi hazırlanmışdır. III cilddə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə tabe olan musiqi və incəsənət məktəblərinin kitabxanaları barədə məlumatlar və statistik göstəricilər verilmişdir.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələri də genişlənmişdir. Qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanmış xarici ölkə milli kitabxanalarının sayı 16-ya çatmışdır.

Xarici ədəbiyyat və beynəlxalq kitab mübadiləsi şöbəsinə xarici ölkələrin milli kitabxanalarından beynəlxalq kitab mübadiləsi yolu ilə 986 nüsxə ədəbiyyat daxil olmuşdur. Eyni zamanda beynəlxalq kitab mübadiləsi xətti ilə xarici ölkələrin milli kitabxanalarına onların sorğuları əsasında 723 nüsxə, ölkədaxili kitab mübadiləsi şöbəsinin xətti ilə isə 4077 kitab göndərilmişdir. İl ərzində cəmi 4800 kitab xarici ölkə kitabxanalarına göndərilmişdir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin tapşırığına əsasən Milli Kitabxana ötən ilin noyabr ayında Gürcüstanda azərbaycanlılar yaşayan rayon, kənd kitabxanalarına, tədris müəssisələrinə hədiyyə olaraq 3488 nüsxə Azərbaycan dilində latın qrafikası ilə çap olunmuş kitab aparmişdir.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası 2010-cu ilə böyük ruh yüksəkliyi ilə qədəm qoymuşdur. 2010-cu il Azərbaycan Milli Kitabxanasının həyatına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən tamamilə yenidənqurma və modernləşdirmə işlərinin başlanması ili kimi daxil olacaqdır. Hörmətli Prezidentimizin göstərişinə əsasən 2 il ərzində Azərbaycan Milli Kitabxanası dünyanın ən modern kitabxanaları sırasına çıxarılacaqdır. Artıq bu sahədə layihə-smeta sənədlərinin hazırlanması və yenidənqurma və modernləşdirmə işlərinə Almaniya, Avstriya və Belorusun bu sahədə zəngin təcrübəyə malik olan firma və mütəxəssislərinin cəlb olunması tezliklə bütün işlərin yüksək səviyyədə başa çatdırılacağına böyük ümidlər yaradır.

 

 

Kərim TAHİROV,

M.F.Axundov adına Azərbaycan

Milli Kitabxanasının direktoru,

əməkdar mədəniyyət işçisi, tarix elmləri namizədi

 

Xalq qəzeti.- 2010.- 3 mart.- S. 6.