“Azərikimya” ətraf mühitin sağlamlaşdırılması, ekologiyanın qorunması istiqamətində tədbirlər həyata keçirir

 

“Azərikimya” Dövlət Şirkətində son illər ətraf mühitin sağlamlaşdırılması, ekologiyanın qorunması sahəsində əldə edilmiş uğurlar Prezident İlham Əliyevin ölkədə ekoloji problemlərin həlli ilə bağlı bu il fevralın 18-də keçirdiyi müşavirədə qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün etibarlı zəmin olmaqla, yaxın perspektiv üçün yeni imkanların üzə çıxarılacağına, Sumqayıt regionunda ekoloji vəziyyətin mövcud standart və normalara çatdırılacağına əsas verir.

 

Xalqımızın güzəranının, həyat səviyyəsinin yüksəldilməsini ən ümdə vəzifə sayan dövlət başçısı İlham Əliyev sosial-iqtisadi problemlərin həlli ilə yanaşı, daha bir mühüm məsələnin – ekoloji problemlərin həllinin də vacibliyini, bunun dövrün, zamanın tələbi olduğunu, Azərbaycanın bugünkü imkanları ilə bu məsələni də tezliklə həll eməyə ölkəmizin qadir olduğunu ön plana çəkmişdir. İnsanların sağlam gələcəyi baxımından həlli son dərəcə vacib olan bu məsələyə xüsusi diqqət yetirildiyindəndir ki, bu il Azərbaycanda “Ekologiya ili” elan edilmişdir. Bir müddət əvvəl isə ölkə rəhbəri İlham Əliyev tərəfindən respublikamızda ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində ciddi tədbirlərin görülməsini nəzərdə tutan geniş perspektivli ekoloji proqram qəbul olunmuşdur. Bu proqramın uğurla həyata keçirilməsi ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşması istiqamətində mühüm rol oynamışdır. Müşavirədə göstərildiyi kimi, ötən əsrin 50-70-ci illərində neft və neft-kimya sənayesinin yüksək inkişaf etdiyi Azərbaycanda, çox təəssüf ki, sovet sisteminin istehsal və plan tələbləri ekologiya məsələlərini üstələmiş, ətraf mühitin qorunmasına ciddi diqqət yetirilməmişdir. Bu da Sumqayıt da daxil olmaqla Abşeron regionunda ekoloji tarazlığın pozulması, atmosferin zəhərlənməsi və Xəzərin çirklənməsi ilə nəticələnmişdir.

1970-80-ci illərdə ekoloji gərginliyin aradan qaldırılması məqsədilə müəyyən təmizləyici qurğular işə salınmış, Bakı və Sumqayıt ətrafında, həmçinin sənaye zonalarında on minlərlə ağac əkilmiş, meşə zolaqları yaradılmışdır. Lakin görülmüş bu tədbirlər ekoloji problemləri tam həll etmək, birdəfəlik aradan qaldırmaq gücündə olmamışdır. Ona görə də son illər respublikamızda ekoloji tarazlığın bərpa olunması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Sənaye müəssisələrində dünya standartlarına cavab verən, ekoloji cəhətdən zərərsiz olan, tullantısız texnologiya üzrə işləyən avadanlıqların tətbiqi, müasir təmizləyici qurğuların quraşdırılması, müxtəlif texniki və texnoloji yeniliklər sayəsində zərərli tullantıların azaldılması, onların əlavə xammal və yarımfabrikat kimi yenidən istehsal prosesinə qaytarılması bu qəbildən olan səmərəli tədbirlərdir. Üç il əvvəl Heydər Əliyev Fondunun “Hərəyə bir ağac əkək!” təşəbbüsü də respublikamızda məhz ekoloji saflığın bu gün və uzaq gələcək üçün qorunub-saxlanması məqsədilə həyata keçirilən çox mühüm və vacib tədbir kimi geniş bir ümumxalq hərəkatına çevrilmişdir.

Son 4-5 il ərzində “Azərikimya” Dövlət Şirkətinin müəssisələrində də məqsədyönlü və ardıcıl şəkildə atmosferin və biosferin çirklənməsinin qarşısının daha etibarlı şəkildə alınması, kimyaçıların və bütünlükdə şəhər əhalisinin sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsində Sumqayıtın ekoloji vəziyyəti, ab-havası hiss olunacaq dərəcədə yaxşılaşmışdır. Yalnız bunu demək kifayətdir ki, bir vaxtlar ekoloji baxımdan “təhlükəli zona” kimi tanınan Sumqayıtdan gedən çoxu indi yaşamaq üçün bu şəhərə üz tutur, bura pənah gətirir. Bu da həqiqətdir ki, son illər avtomobil hərəkətinin son dərəcə intensiv olduğu paytaxta nisbətən kimya və neft-kimya şəhəri olan, zəhərli istehsalat sahələrinin ləğv edildiyi, ekoloji tədbirlərin gücləndirildiyi Sumqayıtın ab-havası daha təmizdir.

Sumqayıtın ekoloji baxımdan təmizliyinə nail olmaq üçün “Azərikimya” Dövlət Şirkətində hazırda bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə istehsalat məsələləri qədər xüsusi diqqət yetirilir. Artıq neçə ildir ki, bütün istehsalat müşavirələri və müxtəlif tədbirlər bir qayda kimi ekologiya məsələlərinin müzakirəsindən başlayır. Hətta burada müəyyən sex və ya sahə rəisinin ekoloji tapşırığı yerinə yetirmədiyi üçün ciddi tənbeh olunması halları da müşahidə edilir. İstehsalat məsələləri ilə paralel ekologiya ilə bağlı məsələlərdə də yüksək tələbkarlıq yalnız rəhbər işçiləri deyil, bütün mütəxəssisləri, hətta sıravi kimyaçıları belə öz işlərində, çalışdıqları sahələrdə daha məsuliyyətli olmağa, mövcud potensial imkanlardan səmərəli, yaradıcılıqla istifadə etməyə sövq edir.

Belə bir şəraitin nəticəsidir ki, son zamanlar bütün müəssisələrdə, istehsalat sahələrində və sexlərdə həm məhsul itkilərinin, həm də zərərli tullantıların qarşısının alınması istiqamətində xeyli iş görülmüşdür. Məsələn, bir neçə il əvvəl “Sintezkauçuk” zavodunun texniki izopropil spirti sexində iş prosesi zamanı müəyyən səbəblərdən texnoloji avadanlıq vaxtından tez sıradan çıxırdı ki, bu da həm məhsul itkisinə, həm də ətraf mühitin çirklənməsinə səbəb olurdu. Bunun qarşısının alınması üçün görülən tədbirlər sayəsində texnoloji qurğunun fasiləsiz işləməsi təmin edilmiş, eyni zamanda ətraf mühitə atılan qaz tullantıları təkrar istehsala qaytarılmış, nəticədə əlavə məhsul istehsalına nail olunmuşdur. Həmin sexin soyutma sistemində həyata keçirilmiş rekonstruksiya işləri də həm məqsədli məhsul çıxımının artmasına, həm də ətraf mühitin sağlamlaşdırılmasına səbəb olmuşdur.

Qeyd edildiyi kimi, ölkə rəhbərliyi tərəfindən Azərbaycan Respublikasında son vaxtlar ekologiya, təbiəti mühafizə və ətraf mühitin qorunmasına, təbii ehtiyatlardan istifadənin tənzimlənməsinə dair bir sıra normativ hüquqi aktlar, habelə “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq edilmişdir. Bu sənədlərdə nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə “Azərikimya” Dövlət Şirkətində müvafiq proqram hazırlanmışdır. Səthi aktiv maddələr zavodundakı çox zərərli civə tərkibli tullantıların 2006-2009-cu illər ərzində Təhlükəli tullantılar poliqonuna daşınması və zərərsizləşdirilməsi həmin proqrama daxil edilmişdir.

Xatırladaq ki, bu proqram çərçivəsində civənin ətraf mühitə vurduğu ziyanın qarşısının alınması üçün şirkət tərəfindən konkret tədbirlər həyata keçirilmişdir. Belə ki, müəssisə ərazisində illərlə yığılıb qalmış, tərkibində civə olan çirklənmiş torpaqdan civənin ayrılması və fiziki-kimyəvi üsulla təmizləndikdən sonra yenidən texnoloji prosesə qaytarılması həm məhsuldarlığın artması, həm də ekologiyanın yaxşılaşdırılması baxımından xüsusilə əhəmiyyətli olmuşdur. Nəzərə alsaq ki, bu gün də uğurla davam etdirilən təmizləmə nəticəsində istehsal prosesini keçmiş xeyli miqdarda civə yenidən elektroliz prosesinə qaytarılmışdır, onda ekologiyaya vurula biləcək zərərin qarşısının alınması miqyası daha aydın təsəvvür olunar.

“Üzvi sintez” zavodunun propilen oksidi istehsalatında yaranan zərərli qazların tutularaq zərərsizləşdirilməsi, propilen oksidini dəmiryol çənlərinə doldurarkən çənlərin nəfəsliklərindən çıxan propilen oksidi buxarlarının tutulması qurğusunun quraşdırılması da ətraf mühitin çirklənməsinin qarşısını xeyli dərəcədə almışdır. Şəhərin bütün müəssisələrinin, kommunal təsərrüfatının məişət və kimyəvi tullantı sularının mexaniki, bioloji, habelə kimyəvi üsulla təmizlənməsi üçün mövcud sutəmizləyici qurğular sexi də kimya müəssisələrinin daxili imkanları hesabına təmir və bərpa olunmuşdur.

“Azərikimya” Dövlət Şirkətinin Azərbaycanda ən yüksək beynəlxalq standartlara cavab verən, Sumqayıt regionunda tikilməsi nəzərdə tutulan yeni neft-kimya kompleksi həm yüksək keyfiyyətli məhsul istehsalı, həm də tullantısız texnologiyaya malik olması ilə diqqəti çəkir.

Belə ki, yeni kompleksin istehsalat qurğularında gedəcək texnoloji proseslərdə geniş həcmdə suyun istifadə ediləcəyi nəzərə alınaraq, içməli və texniki su ehtiyatlarına qənaət olunması məqsədilə Xəzər dənizi suyunun təmizlənərək istifadəsi üçün unikal sutəmizləyici qurğunun inşası nəzərdə tutulmuşdur. Bu kompleksin tərkibinə daxil olacaq təmizləyici qurğu dəniz suyunu tənzimləyərək istehsalat qurğularını şirin su ilə təmin edəcəkdir. Bu isə ölkə başçısının müşavirədə Xəzər dənizi suyunun şirinləşdirilərək, nəinki istehsalatda və suvarma sistemində, həmçinin əksər Yaxın Şərq ölkələrində olduğu kimi məişətdə də istifadəsi təklifinin reallaşması yönündə kimyaçıların mühüm bir töhfəsi olacaqdır. Ən əsası həm də odur ki, yeni neft-kimya kompleksində texnoloji proseslərdə əmələ gələn qaz, maye və bərk kimyəvi tullantıların tam şəkildə utilizasiyası Sumqayıt regionunda ekologiyanın təmizliyinə müsbət təsir göstərəcəkdir.

Kimyaçılar ekoloji təmizliyin və sağlamlığın qorunmasında müstəsna əhəmiyyətə malik yaşıllıqların salınmasına və onların artırılmasına da son illər xüsusi diqqət yetirirlər. Kimya müəssisələrinin daxili və ətraf ərazilərində bu baxımdan geniş miqyaslı işlər görülmüşdür və bu, artıq daimi xarakter almışdır. İndiyədək 22 hektar ərazidə 40,5 mindən artıq müxtəlif ağac növləri – çinar, zeytun, iydə və digər ağaclar əkilmişdir. Yaz mövsümünə doğru basdırılmaq üçün artıq 11.400-dən çox ağac tinginin yetişdirilməsi kimyaçıların ekoloji təmizliyə, ətraf mühitin sağlamlaşdırılmasına xüsusi diqqət yetirdiyini əyani şəkildə sübut edir.

Prezident İlham Əliyev müşavirədə, təəssüf ki, lazımınca əhəmiyyət və diqqət yetirilməyən, bəlkə də çoxları tərəfindən o qədər də vacib sayılmayan, lakin yaşıllaşdırma sahəsində daha yüksək nəticə verə biləcək çox vacib bir məsələni — ağaclar əkildikdən sonra onlara qulluq edilməsi və vaxtlı-vaxtında suvarılması məsələsini ön plana çəkmişdir. Dövlət başçısı qeyd etmişdir ki, bizim işimiz yalnız ağacların əkilməsi ilə bitmir. Əsas məsələ ağaclara qulluq etmək, onları vaxtlı-vaxtında suvarmaq və onlara xidmət göstərməkdir. Mən istəmirəm ki, ağacəkmə məsələləri ancaq ağacların əkilməsi ilə məhdudlaşsın və sonra onların gələcək taleyi diqqətdən kənarda qalsın. Bir halda ki, ağaclar əkilir, onlara qulluq edilməlidir və bütün lazımi tədbirlər görülməlidir.

Çox fərəhli haldır ki, “Azərikimya” Dövlət Şirkətində, onun müəssisələrində yaşıllaşdırma tədbirlərinə və ağacların suvarılmasına, onlara qulluq edilməsinə hələ 2006-cı ildən başlanılmışdır. Bu işə məhz ölkə Prezidentinin müşavirədə irəli sürdüyü tələblər səviyyəsində yanaşılmışdır. Belə ki, son 4 ildə salınmış yaşıllıq sahələrində ağacların vaxtaşırı suvarılması məqsədilə həmin ərazilərə 16.680 poqonometr su xətti çəkilmişdir. Ancaq kimyaçılar bu sahədə öz işlərini bununla da bitmiş hesab etmirlər. Onlar, bütün müəssisələrin, istehsalat və sexlərin ərazilərində əkilmiş tinglərə gündəlik qayğı göstərir, ağacların böyüməsi və inkişafına aqrotexniki qaydalara uyğun diqqət yetirirlər.

Bir sözlə, ölkə Prezidentinin müşavirədə qeyd etdiyi kimi, 2010-cu ilin Azərbaycan tarixində “Ekologiya ili” və ölkə tarixində ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində dönüş ili kimi qalması üçün kimyaçılar yaşıllaşdırma işlərinə geniş vüsət vermişlər. Onlar Heydər Əliyev Fondunun “Hərəyə bir ağac əkək!” təşəbbüsündən sonra Sumqayıt regionunu ekoloji cəhətdən təmiz bir məkana çevirmək üçün öz töhfələrini verirlər.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2010.- 3 mart.- S. 5.