Fəlsəfi bilik və tədqiqatlardan
fəlsəfi təfəkkürə doğru
Fəlsəfə, onun zamanın müasir
adlandırdığımız kəsiyində mövqeyi,
statusu haqqında fikirlər, yanaşmalar rəngarəng olsa
da, 2500 ildən çox yaşı olan bu müdriklik elmi əsrlərin
sınaqlarından uğurla çıxmış, ümumiyyətlə,
dünya, varlıq və təfəkkürün ümumi
prinsipləri, insanın dünyada yeri, həyatının mənası
və s. kimi predmetinə daxil olan məsələləri nəinki
saxlamış, həm də xeyli dərəcədə
genişləndirmişdir.
Bu genişlənmə
qloballaşan bəşəriyyətin elmi-texniki tərəqqidən
doğan nailiyyətləri və yaranan problemlərlə
üzvi surətdə bağlıdır. Aclıq, yoxsulluq,
ekoloji problemlər, narkomaniya, terrorizm, milli-etnik münaqişələr,
intiharların artması və s. dövrümüzün
reallıqlarıdır. İnsan təfəkkürü bu
problemlərin ciddi təzyiqinə məruz qalmış, onun
emosional - psixoloji durumu gərginləşmişdir. Bu da maddi
nemətlər istehsalının əsasını təşkil
edən praktiki fəaliyyətə öz təsirini göstərməyə
bilməz. İstər təbiətdə, istərsə də
cəmiyyətdə mövcud olan problemlərin optimal həlli
fəlsəfi təfəkkürə, müdriklik nuruna
möhtacdır. Müdriklik isə Sokratın təbirincə
desək, mühakimə yürütməyin, seçmə
qabiliyyətinin və fəaliyyət göstərməyin
düzgün prinsiplərinə, son nəticədə xeyirxah
olmağa nail olmaqdır. Xeyirxah insan isə səbrli, qeyrətli
və ədalətli olur. Beləliklə, sağlam məntiq fəlsəfənin
rolunun azaldığını deyil, artdığını irəli
sürür.
Hələ 1946-cı ildə BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatının (YUNESKO- nun) ilk konfransının yaratdığı komissiya tərəfindən hazırlanmış təkliflərdə göstərilirdi ki, insan şəxsiyyətinə hörmət, sülhə məhəbbət, dar məhdud millətçiliyə və zoraklığa əsaslanan idarəetməyə nifrət, mədəniyyət ideallarına sədaqət və həmrəylik formalaşması üçün ictimai şüurda bir sıra fəlsəfi və etik kateqoriyaların qərarlaşması zəruridir. Bu konteksdə fəlsəfəyə insanların birlik və həmrəylik məktəbi kimi baxılır.
Hadisə və proseslərə fəlsəfi yanaşma, onların fəlsəfi təfəkkür süzgəcindən keçirilməsi dünyada sülhün bərqərar olmasında və qorunmasında mühüm rol oynayır. Fəlsəfə “ədalət”, “azadlıq”, “xeyirxahlıq”, “yaxşılıq və pislik”, “həqiqət” və s. kimi cəmiyyət üçün xüsusi əhəmiyyətə malik anlayışları müstəqil şəkildə dərk etmək və təhlil etmək qabiliyyəti formalaşdırır. Fəlsəfə dünyada baş verənlərə tənqidi yanaşmaq, ümumbəşəri dəyər və prinsipləri qiymətləndirə bilmək bacarığı aşılamaqla, özünü həm də azadlıq məktəbi kimi təqdim edir.
İnsanların maddidən mənəviyə doğru yüksəlməsində, mənəvi cəhətdən zəngin, düşüncə cəhətdən azad formalaşmasında da fəlsəfənin rolu danılmazdır. O, insanların yalnız hazır nəticələrdən istifadəsinə deyil, özlərinin düşünüb nəticə çıxarmasına, hər hansı qeyri-insani, bəşəriyyət üçün zərərli arqumentlərə qarşı dayana bilməsinə, oponentlərin fikrinə hörmət və dözümlülüklə yanaşmasına, yalnız zəkanın gücünə tabe olmasına, cəmiyyətdəki vəziyyətləri barədə mühakimə yürüdə bilmək qabiliyyətlərinin inkişafına kömək edir.
Fəlsəfə dünyagörüşü olmaqla insanlarda dəyərlər kompleksi formalaşdırır ki, bu dəyərlər də bu və ya digər hadisə və ya prosesi qiymətləndirməkdə, müxtəlif vəziyyətlərdə fəaliyyət və ya fəaliyyətsizlik mövqeyi seçməkdə həlledici amil olur. Ona görə də ictimai şüurda fəlsəfənin rolu məqsədyönlü şəkildə artırılmalıdır ki, insanlar destruktiv qüvvələrin çaşdırıcı ideya və çağırışlarına qarşı müqavimətli olsunlar.
Təsadüfi deyil ki, BMT kimi nüfuzlu bir təşkilat hər il noyabr ayının 18-də ümumdünya fəlsəfə gününün keçirilməsi barədə qərar vermişdir. BMT-nin ixtisaslaşdırılmış qurumu olan, sıralarında 183 dövləti birləşdirən (ölkəmiz 1992-ci ildən YUNESKO-nun üzvüdür) YUNESKO fəlsəfə üzrə strategiya qəbul etmişdir ki, o da aşağıdakı bölmələrdən ibarətdir:
— fəlsəfə beynəlxalq problemlər qarşısında;
— fəlsəfə tədrisdə;
— fəlsəfi təfəkkürün inkişafına və fəlsəfi tədqiqatlara kömək.
Sənəddə bu bölmələrin hər birinin konkret məqsəd və vəzifələri göstərilmiş, istiqamətlər müəyyənləşdirilmişdir.
Fəlsəfənin tədrisi sahəsində qarşıda duran vəzifələrə isə strategiyada aşağıdakılar daxil edilmişdir:
a) hökumətlərlə siyasi səviyyədə iş aparmaq lazımdır ki, onlar fəlsəfənin tədrisinə və fəlsəfi tədqiqatlara yardımçı olsunlar;
b) dünyada fəlsəfənin öyrənilməsi zərurəti müdafiə olunsun;
c) YUNESKO-nun üzvü olan ölkələrin fəlsəfənin öyrənilməsi üzrə proqramlarının həyata keçməsi üçün müvafiq sənədlər hazırlansın;
d) fəlsəfənin tədrisi və dünyada öyrənilməsinə dair tədqiqatlar dəstəklənsin.
Yenicə müstəqillik əldə etmiş postsovet məkanı ölkələrinin xalqları, o cümlədən də bizim üçün xarakterik olan, 70 il ərzində formalaşdırılmış ənənəvi təfəkkür tərzindən uzaqlaşıb müasir fəlsəfi təfəkkürə yiyələnmək üçün də fəlsəfi biliklərə yiyələnməyin, fəlsəfi tədqiqatların genişləndirilməsinin böyük əhəmiyyəti vardır.
Müstəqilliyin ilk illərindən ümummilli liderimiz Heydər Əliyev mövcud reallıqları özünəməxsus qlobal yanaşma mövqeyindən qiymətləndirərək ölkəmizin inkişaf yönümünü uzaqgörənliklə, tərəddüdsüz və birmənalı olaraq aşağıdakı kimi müəyyənləşdirmişdi. “Respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir” (Heydər Əliyev “Müstəqillik yolu”. Seçilmiş fikirlər. Bakı, 1997, s.5). Lakin 70 ildən atrıq bir dövrdə totalitar rejimdə yaşamış bir xalqın sivilizasiyalı demokratik, hüquqi dövlət quruluşuna nail olmasını ağrısız - acısız, ictimai şüurda ziqzaqsız təsəvvür edilməsi düzgün olmazdı. Belə ki, demokratiya, açıq cəmiyyət, eyni zamanda, müxtəlif fəlsəfi təlimlərin, dinlərin, ideya və nəzəriyyələrin ölkəyə axını ilə xarakterizə olunur və bunların heç də hamısı xoş mərama, milli maraq və təhlükəsizliyimizə xidmət etmir. Çıxış yolu azərbaycançılığın, dövlətçiliyin, müasirliyin, milliliklə ümumbəşəriliyin dialektik sintezinin fundamental fəlsəfi əsaslarının yaradılmasından, analitik təfəkkürlü yüksək intellektə malik nəslin yetişdirilməsindədir. Elə bir nəsil ki, fəaliyyət sahəsindən, peşə mənsubiyyətindən asılı olmayaraq yüksək mədəniyyətə, mükəmməl, mütərəqqi dünyagörüşə malik olsun. Milli mənafe, vətənpərvərlik, milli mənlik və nəhayət, vətandaşlıq hissini şəxsi maraqlardan üstün tutsun. Məhz qeyd olunanların keçid dövrünün yaratdığı mənəvi boşluğu tutmasında fəlsəfə baş rola malikdir.
Ulu öndərimiz böyüməkdə olan gənc nəslin milli-mənəvi dəyərlər ruhunda mükəmməl fəlsəfi dünyagörüşə malik olmasını daim diqqətdə saxlamış, təkrar-təkrar bu mühüm məsələnin üzərində dayanmışdır. “Bu gün biz gəncləri paklıq, saflıq, yüksək əxlaq, yüksək mənəviyyat ruhunda tərbiyə etməliyik. Bununla biz nəinki cəmiyyətimizi qoruyacaq, həm də gələcək nəsli sağlam saxlayacaq və həmin nəsildə cəmiyyətimiz, xalqımız üçün zərərli halların kök salmasının qarşısını alacağıq. (Heydər Əliyev “Təhsil, bilik, məktəb”. Bakı, 2006. s.271).
Ümummilli liderimizin layiqli davamçısı, praqmatik siyasətçi olan Prezidentimiz İlham Əliyev də həmişə dünyagörüşü məsələsinə, milli- mənəvi dəyərlər mövzusuna böyük önəm vermişdir. O, Dövlət İqtisad Universitetinin yeni korpusunun açılış mərasimindəki nitqində xüsusi olaraq vurğulamışdır: “... Humanitar sahəyə böyük diqqət göstərilməlidir” (“Xalq qəzeti”, 9 oktyabr, 2007-ci il).
Demokratik, hüquqi dövlət quruculuğu dövrünü yaşayan xalqımız qısa bir müddət ərzində bu sahədə xeyli uğurlar qazanmışdır. Lakin bu istiqamətdə nailiyyətlərin vüsəti xeyli dərəcədə vətəndaşlarımızda qarşıya qoyulan məqsəd barədə aydın təsəvvürlərin formalaşdırılmasından, prosesin elmi-nəzəri səviyyədə dərk edilərək tədqiq edilməsindən asılıdır. Fəlsəfə demokratiyanın məzmununa daxil olan “azadlıq”, “insan haqları”, “vətəndaş cəmiyyəti”, “hüquqi dövlət” kimi tutumlu kateqoriyaların fəlsəfi mahiyyətini, məna yükünü aydınlaşdırmaq və dəqiqləşdirməklə, onları tarixi inkişafın məhsulu kimi təhlil edib ümumiləşdirərək cəmiyyət üzvlərinə təqdim etməklə vətəndaşların sosial-siyasi fəallığını stimullaşdırır, məqsəd aydınlığı formalaşdırır.
Prezident Administrasiyasının rəhbəri, fəlsəfə elmləri doktoru, akademik Ramiz Mehdiyev bir sıra dərin məzmunlu əsərlərində fəlsəfənin tədrisi, elmi-fəlsəfi ictimaiyyəti qarşısında duran vəzifələri hərtərəfli təhlil edərək, onun milli özünüdərk prosesini ehtiva etməsini, ictimai-iqtisadi quruluşumuzun əvəzlənməsindən irəli gələn ictimai şüurun elmi-nəzəri səviyyədə əsaslandırılmasını fəlsəfə qarşısında bir vəzifə kimi irəli sürmüşdür.
“Müasir Azərbaycan fəlsəfi fikrinin aktual problemləri” məqaləsində akademik R.Mehdiyev yazır: “Azərbaycan fəlsəfi fikri qarşısında duran vəzifələr o qədər çoxdur və elmi-fəlsəfi ictimaiyyətin üzərinə o qədər böyük məsuliyyət düşür ki, fəlsəfə tək bir gün ərzində deyil, il boyu həmişə diqqət mərkəzində saxlanılmalıdır. Bütün digər ictimai-siyasi elmlərin, hətta tarix və ədəbiyyatın inkişafı da, istər-istəməz, fəlsəfi fikrin real vəziyyəti, ictimai şüurda fəlsəfənin yeri və bütün cəmiyyətin fəlsəfəyə münasibəti ilə bağlıdır”.
Milli birlik, ümumbəşəri həmrəylik də hər şeydən əvvəl fəlsəfi təfəkkür səviyyəsində, dayanıqlı ideya əsasında əldə oluna bilər. Yenicə qəbul olunmuş “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nun “Təhsilin əsas məqsədi” adlanan 4-cü maddəsi 3 bənddən ibarətdir ki, onun da iki bəndi aşağıdakı kimi ifadə olunmuşdur:
“4.0.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən, vətəndaş və şəxsiyyət yetişdirmək;
4.0.2 milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis kadrlar hazırlamaq”.
Göründüyü kimi, qanunda əks olunanlar ictimai-humanitar, xüsusən də fəlsəfə fənninin bilavasitə və ya dolayısı ilə predmetinə daxil olan məsələlərdir.
Yuxarıda qeyd olunanlardan çıxış etdikdə fəlsəfənin ali məktəblərdə tədrisinin saatlarının xeyli aşağı endirilərək seçmə fənlər qrupuna daxil edilməsi ən azı təəssüf doğurur. Seçmə fənlər qrupuna daxilolma o deməkdir ki, dünyanın fəlsəfəyə qayıtdığı, fəlsəfi dünyagörüşə, fəlsəfi bilgilərə önəm verildiyi bir zamanda gələcəkdə fəlsəfə doktoru (“Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən istənilən elm sahəsi üzrə dissertasiya müdafiə etmiş şəxsə “fəlsəfə doktoru” elmi dərəcəsi verilir) almaq imkanı olan bugünkü tələbələr fəlsəfəni keçməyə də bilər.
Hesab edirəm ki, fəlsəfəyə münasibətin dəyişilməsi, onun seçmə fənlər qrupundan çıxarılaraq zəruri fənlər qrupuna salınması zamanın tələbidir.
Əyyub KƏRİMOV,
Azərbaycan Texniki Universitetinin
fəlsəfə və politologiya
kafedrasının dosenti
Xalq qəzeti.- 2010.- 3 mart.- S. 5.