Naftalan kurort şəhəri yeniləşmə yolundadır

 

Naftalan Şəhər İcra Hakimiyyətində keçirilən toplantıda ötən ilin başlıca sosial-iqtisadi göstəriciləri nəzərdən keçirildi. Hesabat məruzəsində və çıxışlarda uğurlar və nöqsanlar təhlil edildi, cari ildə qarşıda duran vəzifələrin həlli yolları müzakirə olundu. Bildirildi ki, regional inkişaf proqramları ölkənin əsas kurort-turizm ünvanlarından olan Naftalanın problemlərinin sürətlə aradan qaldırılması üçün əlverişli şərait yaratmış, geniş imkanlar açmışdır.

 

Hesabat məruzəsi ilə çıxış edən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov bildirdi:

— Naftalan kurort şəhəri kimi tanınır və onun iqtisadiyyatının əsasını kurort-turizm xidməti təşkil edir. Hələ 1970-80-ci illərdə Naftalan kurort şəhərinin inkişafı ulu öndər Heydər Əliyevin diqqətindən kənarda qalmamışdı. 19 fevral 1982-ci ildə Azərbaycan KP MK-nın “Naftalan kurort şəhərinin daha da inkişaf etdirilməsi haqqında” xüsusi qərarından sonra Naftalan kurort şəhəri böyük sürətlə inkişaf etmişdir. Ötən əsrin 80-90-cı illərində kurortda müalicə olunanların sayı 35 mindən 70 minə qədər artmışdı.

Lakin 1988-ci ildən başlayaraq 5 sanatoriyada məcburi köçkünlərin məskunlaşması və 2006-ci ildə “Çinar” sanatoriyasının özəlləşməsi vaxtilə 1500 nəfər işçisi olan Sanatoriya Kurort Birliyini iflic vəziyyətə salmış və yerli büdcənin gəlirlərinin formalaşmasına çox mənfi təsir göstərmişdir. Beləliklə, uzun illər ölkə büdcəsindən subsidiya almadan fəaliyyət göstərən Naftalan şəhəri bu gün, demək olar ki, dövlət büdcəsi vəsaiti hesabına yaşayır.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq şəhərin elektrik şəbəkəsinin, su təchizatının və kanalizasiya sisteminin təzələnməsi, mədəniyyət obyektlərinin təmiri, yenidən qurulması, turizmin inkişafı və əlillərin, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli tədbir nəzərdə tutulmuşdur.

2009-cu ilin yekununa görə, şəhərin əhalisi 7780 nəfər olmuşdur. Ümumi məhsul buraxılışının həcmi 11762,5 min manatlıq, sənaye məhsulunun ümumi həcmi 327 min manatlıq olmuşdur. Sənaye məhsulunda qeyri-dövlət bölməsinin həcmi 5,4 min manat, tikinti 473 min manat, nəqliyyat 19,3 min manat, rabitə 192,2 min manat, ticarət isə 9796 min manat olmuşdur. Əhalinin gəlirləri 11943 min manat, pullu xidmətlərin həcmi 1428,6 min manat, orta aylıq əmək haqqı 145 manat, əhalinin xərcləri 4,1 min manat, pərakəndə əmtəə dövriyyəsi 7368,2 min manat olmuşdur.

2009-cu il üzrə şəhərin yerli büdcəsinin gəlirlər hissəsi 773,3 min manat olduğu halda, 740,6 min manat, yəni 95,8 faiz yerinə yetirilmişdir. Yerli büdcənin xərc hissəsi üçün nəzərdə tutulan dotasiya 482,2 min manat az alınmışdır. 2009-cu il ərzində Naftalan Şəhər Əhalinin Sosial Müdafiə Mərkəzi 12 nəfər sağlamlıq imkanları məhdud uşağa müavinət, 70 ailənin 264 ailə üzvünə ünvanlı dövlət sosial yardımı təyin etmişdir. 10 sentyabr 2009-cu il tarixdə Naftalan şəhərində “Əmək yarmarkası” keçirilmişdir. 250 nəfər işsiz və işaxtaran vətəndaş iştirak etmiş, onlardan 37 nəfəri işlə təmin olunmuş, 15 nəfər isə müəssisə hesabına ödənilən ictimai işə cəlb edilmişdir.

Hesabat məruzəsində daha sonra göstərildi ki, telekommunikasiya müəssisəsi tərəfindən yerinə yetirilmiş telefon xidməti 176,5 min manatdır ki, bunun da 152,7 min manatı əhaliyə göstərilmiş xidmətdir. Rabitə xidmətinin 15,5 min manatı poçt xidməti təşkil etmiş, 16,2 min manat əhaliyə göstərilmiş müxtəlif xidmətlərdən əldə edilmişdir. Poçt xidməti ötən ilin müvafiq dövründən 124 faiz çoxdur. Telekommunikasiya Qovşağı 2016 ədəd tutumu olan ATS vasitəsi ilə şəhər əhalisinə, müvəqqəti məskunlaşmış məcburi köçkünlərə, eləcə də idarə, müəssisə və təşkilatlara xidmət göstərir. Hazırda bu telefonların 1852 ədədi əhaliyə xidmət göstərir.

Naftalan Şəhər Poçtamtı isə 2 şöbə və 1 agentlik vasitəsi ilə şəhər əhalisinə və məcburi köçkünlərə xidmət göstərir. Elektrik enerjisinin, təbii qazın və su-kanalizasiya xidmətinin pulları da poçtamtın şöbələri və agentliyi tərəfindən yığılır. Şəhərdə avtobuslarla 38,3 min nəfər, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə 110 faiz çox sərnişin daşınmışdır.

Naftalan şəhərinin təbii qazla təchizatı tamam başa çatmaq üzrədir. 2009-cu ilin sonuna şəhər üzrə təbii qazla təmin olunan 1783 abonent vardır. 1692 abonent sayğacla təmin olunmuşdur. Şəhər əhalisini və məcburi köçkünləri su ilə təmin etmək üçün Su-Kanal İdarəsinin balansında olan 8 subartezian quyularını, bir ədəd kəhriz quyusunu daim saz vəziyyətdə saxlamaq üçün onlara lazım olan texniki qulluq göstərilmişdir. 2009-cu il ərzində 517,5 min kubmetr su istehsal edilmiş, 443,2 min kubmetr çirkab suyu axıdılmışdır. Su-Kanal İdarəsi 5640 nəfər şəhər əhalisinə, 2006 nəfər məcburi köçkünə, 32 idarə və kommersiya təşkilatına xidmət göstərir. 2009-cu ildə bir çox təmir işləri görülmüşdür.

Safıkürd kəndi ərazisində yerləşən “Çəkil” kəhrizinin quyularında bərpa işləri aparılmış, subartezian nasosları təmir edilmişdir. Elektrik naqilləri, 2 saylı yaşayış binasının su xətti, 21 saylı yaşayış binasının kanalizasiya xətlərinin müəyyən hissəsi yenisi ilə əvəz edilmişdir. 2 kilometrə yaxın magistral kanalizasiya xətləri lildən və çöküntülərdən təmizlənərək tam işlək vəziyyətə gətirilmişdir. Şəhər üzrə əhali 666 ədəd su sayğacı ilə təmin edilmişdir.

Şəhər Təhsil Şöbəsinin tabeliyində iki ümumtəhsil məktəbi, bir məktəbdənkənar müəssisə və bir körpələr evi–uşaq bağçası fəaliyyət göstərir. 2009-cu ildə 53 sinif komplektində 907 şagird təhsilə cəlb olunmuşdur. Onların təlim-tərbiyəsi ilə 219 müəllim məşğul olur. XI sinifləri bitirən 47 nəfər şagirdin 34 nəfəri, yəni 72 faizi ali məktəblərə qəbul üçün iş vermişdir ki, onun da 9 nəfəri, yəni 26 faizi ali məktəblərə qəbul olunmuşdur.

2009-cu il Naftalan Şəhər Mərkəzi Xəstəxanası üçün də uğurlu olmuşdur. Xəstəxana Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə iş quraraq 7,8 min nəfər şəhər əhalisinə, eləcə də Kəlbəcər, Laçın, Xocalı, Ağdam və Şuşa rayonlarından olan məcburi köçkünlərə tibbi xidmət göstərir. 50 çarpayılıq xəstəxana terapiya, ginekologiya, uşaq və böyüklər üçün poliklinika şöbələrindən ibarətdir. 2009-cu ildə xəstəxanada 104 nəfər uşaq doğulmuşdur.

Mədəni-maarif müəssisələri il ərzində müxtəlif səpkili tədbirlər həyata keçirmişdir. Mədəniyyət evinin özfəaliyyət kollektivi şəhər ictimaiyyəti qarşısında “20 Yanvar”, “Xocalı soyqırımı” və digər hadisələrin ildönümünə həsr edilmiş tədbirlər və kompozisiyalar təşkil etmişdir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il şənliyi, Gənclər Günü, 8 Mart Beynəlxalq Qadınlar Günü, Novruz bayramı və sair şənliklər zamanı şəhər ictimaiyyəti qarşısında rəngarəng konsert proqramları və səhnəciklər göstərmişlər.

N. Gəncəvi və M. Gəncəvi adına kitabxanalar əhalinin istirahət və əyləncə yerinə çevrilmiş, gənclərin dünyagörüşünün formalaşmasında əhəmiyyətli rol oynamışdır. Kitabxanaların fondu 29582 nüsxədir və işçilər il ərzində 1558 nəfər oxucuya xidmət göstərmişdir. Kitabxanalara 2009-cu ildə 610 nüsxə latın qrafikalı ədəbiyyat daxil olmuşdur. Şəhər Uşaq Musiqi Məktəbində 8 şöbə fəaliyyət göstərir. Tarix-Diyarşünaslıq Muzeyinin, kitabxanaların və Uşaq Musiqi Məktəbinin hələlik müstəqil binaları yoxdur.

Gənclər və İdman İdarəsi şəhərdə keçirilən ictimai-siyasi tədbirlərə gənclərin, əsasən də çağırış yaşına çatmış, eləcə də ordudan tərxis olunmuş gənclərin cəlb edilməsini ön plana çəkmişdir. Ötən illər ərzində gənclərin şəhərin ictimai-siyasi həyatında fəallığı artmışdır. Yeni açılmış və bərpa edilmiş iş yerlərində gənclər birinci növbədə işlə təmin olunmuşlar. Hərbi vətənpərvərlik tərbiyəsi sahəsində görülmüş işlərin nəticəsidir ki, hazırda 87 nəfər gənc sıravi əsgər, 1 nəfər zabit, 6 nəfər gizir, 4 nəfər isə müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Ordusunun tərkibində öz vətəndaşlıq borclarını layiqincə yerinə yetirirlər.

Naftalan Bələdiyyəsi şəhərin abadlıq-quruculuq işlərində, yerli əhəmiyyətli sosial məsələlərin həllində, yolların cari təmiri, tənha, qoca, kimsəsizlərə, müharibə veteranlarına maddi yardımların göstərilməsində, bayram tədbirlərinin təşkili və keçirilməsində Naftalan Şəhər İcra Hakimiyyəti ilə birgə fəaliyyət göstərir.

Naftalan Şəhər İcra Hakimiyyəti aparatında və onun struktur şöbələrində vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması mövcud qanunun tələblərinə uyğun qurulmuşdur. Araşdırmalar göstəirir ki, vətəndaşların müraciətlərinə vaxtında baxıldıqda, onların tələbi hərtərəfli təhlil olunduqda təkrar ərizələrin yazılmasının qarşısı alınır. Müraciətlərin diqqətlə öyrənilməsinin nəticəsidir ki, əvvəlki illərlə müqayisədə şəhərin ictimai-siyasi həyatı, ekoloji təmizliyi, xidmət təşkilatlarının fəaliyyəti ilə bağlı şikayətlər tamamilə azalmışdır. Qaldırılan hər bir məsələnin operativ həlli üçün lazımi tədbirlər görülmüşdür.

2009-cu ildə şəhər icra hakimiyyəti aparatına daxil olan 339 xidməti sənədin hər biri icra edilmişdir. Yerlərdə 30 səyyar qəbul keçirilmiş, 115 nəfər qəbul edilmişdir. Müraciətlərdən 83-ü müsbət həll olunmuş, 19-u qeydiyyata götürülmüşdür. İl ərzində 16 ümumşəhər tədbiri və konfrans keçirilmişdir.

Müzakirələrdə Maliyyə Şöbəsinin rəisi Saleh Tağıyev, Təhsil Şöbəsinin müdir əvəzi Rəna Dəmirova, Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Səməd Həsənov, DSMF-nin Naftalan şəhər şöbəsinin müdiri Ruslan Əliyev, mərkəzi xəstəxananın baş həkimi İsmayıl Muradov, Qaz İstismarı İdarəsinin rəisi Köçəri Əhmədov, Polis Şöbəsinin rəisi Hikmət Quliyev, Naftalan Bələdiyyəsinin sədri Zöhrab Adıgözəlov çıxış etdilər, təklif və qeydlərini bildirdilər.

Yığıncaqda ümummilli lider Heydər Əliyevin daxili və xarici siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlərin dəstəkləndiyi bildirildi və əminliklə qeyd olundu ki, Naftalan şəhərinin yenidən qurulması və bir sıra obyektlərin bərpası istiqamətində bundan sonra da ardıcıl və məqsədyönlü iş aparılacaqdır.

Yığıncaqda Milli Məclisin deputatı Gültəkin Hacıbəyli və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Niyaz Əliyev iştirak edirdilər və sonda çıxış etdilər.

 

 

Ziyəddin SULTANOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 3 mart.- S. 4.