Bank olmayan kredit təşkilatları
hüquqi və fiziki şəxslərə əlverişli
şərait yaradacaq
Müsahibimiz Milli Məclisin iqtisadi siyasət komitəsinin
sədri, akademik Ziyad Səmədzadədir.
— Ziyad müəllim,
“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan
Respublikasının Qanununun qəbulu hansı zərurətdən
irəli gəlmişdir?
— Bildiyiniz kimi, ölkəmizdə
belə təşkilatlar fəaliyyət göstərməkdədirlər.
Hazırda Azərbaycanda donor təşkilatlar tərəfindən
maliyyələşdirilən 18 bank olmayan kredit təşkilatı
lisenziya əsasında fəaliyyət göstərir. Bu təşkilatlardan
3-ü (“Naxçıvan Kredit” MMC, “Viator Mikrokredit Azərbaycan”
MMC və “Azəristar Mikromaliyyə” MMC) regionlarda yerləşir.
Bank olmayan kredit təşkilatlarının
maliyyə göstəriciləri və kredit qoyuluşları
ildən-ilə artır. Belə ki, məcmu aktivləri 2008-ci
ilin müvafiq dövrü ilə müqayisədə 30,9 faiz
artaraq 183,8 milyon manata çatmış, məcmu kredit
qoyuluşu isə 28,5 faiz artaraq 153,4 milyon manat olmuşdur. Verilmiş
kreditlər əsasən istehlak kreditlərindən və
sahibkarlıq fəaliyyətinə verilən kiçik məbləğli
kreditlərdən ibarətdir. Bu gün ölkənin 61
rayonunda fəaliyyətini həyata keçirən bank olmayan
kredit təşkilatları 160 mindən çox müştəriyə
xidmət göstərir. Hal-hazırda, bank olmayan maliyyə institutlarında
1400 nəfərdən artıq yerli mütəxəssis
çalışır.
Lakin indiyədək həmin
sahəni tənzimləyəcək qanunvericilik bazası
yaradılmamışdır. Bu isə maliyyə bazarında
müəyyən boşluqların yaranmasına səbəb
olur. Onu da qeyd edək ki, dünya təcrübəsində ilk
dəfə olaraq “Mikromaliyyə təşkilatları
haqqında” Qanun 2000-ci ildə Bosniya və Hersoqovinada qəbul
olunmuşdur.
— Azərbaycanda
çoxlu sayda bank və onların filialları fəaliyyət
göstərir. Bununla yanaşı, poçt şöbələrinə
də maliyyə xidmətlərinin göstərilməsinə
icazə verilib. Həmçinin kredit təşkilatları da
fəaliyyət göstərir. Bütün bunlardan sonra bank
olmayan kredit təşkilatlarının yaradılmasına
ehtiyac var idimi?
— Ölkə Prezidenti
möhtərəm İlham Əliyev regionların sosial-iqtisadi
inkişafı, məşğulluq strategiyası, ərzaq təhlükəsizliyinin
təmin edilməsi üzrə təsdiq etdiyi dövlət
proqramlarında alternativ maliyyə mənbələri sahəsində
fəaliyyətin canlanması kimi tədbirlərin həyata
keçirilməsinə xüsusi diqqət verir. Bu istiqamətdə
görülən tədbirlər nəticəsində son illər
ərzində bankların regional filial şəbəkəsi
xeyli artmış, coğrafi baxımdan Azərbaycanın bir
çox şəhər və rayonlarını əhatə
etmişdir. Lakin buna baxmayaraq, yenə də bankların əhatə
etmədiyi “borcalanlar” kateqoriyası vardır ki, bu hallarda məhz
alternativ kredit xidmətlərinin göstərilməsinə
ehtiyac yaranır.
Bu növ kredit təşkilatlarının
fəaliyyətinin hüquqi bazasını daha da möhkəmləndirmək
məqsədilə iqtisadi siyasət komitəsinin tövsiyəsi
ilə Mərkəzi Bank, bank olmayan kredit təşkilatlarının,
Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin
nümayəndələrindən ibarət işçi qrupu
yaradıldı. Bu sahədə Azərbaycana dəstək verən
beynəlxalq təşkilatlarla da (ABŞ-ın USAİD təşkilatı
və Beynəlxalq Maliyyə Korporasiyası) işgüzar
müzakirələr aparıldı.
Bundan əlavə, mətbuatda
qanun layihəsinin mahiyyəti, məqsədi və vəzifələri
barədə maraqlı informasiyalar, müsahibələr
verildi. Bu tədbirlər içərisində 2009-cu il oktyabr
ayının 7-də keçirilən mikromaliyyələşmə
problemlərinə həsr olunmuş və beynəlxalq təşkilatların
nümayəndələrinin də iştirak etdiyi konfransı
xüsusilə qeyd etmək istərdim. Milli Məclisin iqtisadi
siyasət komitəsinin üzvlərinin iştirak etdiyi bu
konfransda tədbir iştirakçılarına qanun layihəsinin
məqsədi və prinsipial müddəaları barədə
ətraflı məlumat verildi.
Bir daha vurğulamaq istərdim
ki, 26 maddədən ibarət olan qanun layihəsinin əsas məqsədi
əhalinin, xüsusilə regionlarda, maliyyə xidmətlərinə
çıxış imkanlarının artırılmasında,
kiçik sahibkarlığın dəstəklənməsində,
məşğulluğun təmin olunmasında və
yoxsulluğun daha da azaldılmasında əhəmiyyəti
olan bank olmayan kredit təşkilatlarının fəaliyyətinin
hüquqi bazasının möhkəmləndirilməsi və
bu əsasda Azərbaycanda mikromaliyyə sektorunun dəstəklənməsidir.
— Qanunla tanış
olduqda məlum olur ki, bu təşkilatlar müəyyən mənada
bankların bir qisim funksiyalarını həyata keçirəcəklər.
Bəs nəyə görə onlar qanunda məhz bank olmayan
kredit təşkilatları kimi adlandırılırlar?
— İlkin olaraq layihədə
bu təşkilatlar mikromaliyyə təşkilatları adı
altında ifadə olunsa da, layihə üzrə müzakirələr
zamanı onların bank olmayan kredit təşkilatları kimi tənzimlənməsi
daha məqsədəuyğun hesab edildi. Belə ki, hazırda
Azərbaycanın bank xidmətləri bazarında fəaliyyət
göstərən bəzi banklar da (xüsusilə Akses Bank və
s.) mikromaliyyə xidmətlərini təklif edirlər. Ona
görə bu təşkilatların qanunvericilikdə məhz
“bank olmayan kredit təşkilatı” kimi tanınması
onların banklardan fərqli olan fəaliyyətlə məşğul
olmalarını və statusunun da fərqli olduğunu ifadə
edir.
Digər tərəfdən,
mikromaliyyə təşkilatı verilən kreditlərin məbləğcə
limitləşdirilməsini də tələb edə bilər
ki, bu da maliyyə xidmətləri bazarında məqbul
deyildir. Qanunda bazar iqtisadiyyatı şəraitində limitlərin
müəyyənləşdirilməsi əvəzinə, verilən
kreditlərin maksimal məbləğinin prudensial (riskdən
qorunmaq üçün) tənzimləmə çərçivəsində
müəyyən edilməsinə üstünlük
verilmişdir. Çünki iqtisadi inkişaf səviyyəsindən
asılı olaraq bu xidmətlərin
istehlakçılarına bir məbləğ tələb
olunursa, bir qədər sonra artıq həmin məbləğ
sahibkarlığın inkişafına dəstək verə
bilmir. Ona görə də mikromaliyyə xidmətlərin
göstərilməsinin bank olmayan kredit təşkilatlarının
daxili siyasətinə və bazar tələbatına uyğun
olaraq həyata keçirilməsi daha məqsədəuyğun
hesab edilir.
Təcrübə
özü də göstərir ki, hazırda bank olmayan kredit təşkilatları
tərəfindən verilən kreditlərə heç bir
qanunvericilik limiti təyin edilməsə də, faktiki olaraq
verilmiş kreditlərin 72 faizi 10 min manatdan aşağı məbləğdə
olan mikrokreditlərdən ibarətdir.
— Bank olmayan kredit təşkilatlarının
müstəqilliyi barədə nə deyə bilərsiniz? Hər
hansı bir dövlət qurumu bu təşkilatlara nəzarət
edəcəkmi? Onlarda yoxlamalar aparılacaqmı?
— Qanunla bank olmayan kredit
təşkilatlarının yaradılması, Mərkəzi
Bank tərəfindən lisenziyalaşdırılması və
fəaliyyətləri üzərində prudensial (riskdən
qorunmaq üçün) nəzarət tədbirləri tənzimlənir.
Bu təşkilatların istənilən təşkilati-hüquqi
formada (kommersiya və qeyri-kommersiya) fəaliyyət göstərməsi
nəzərdə tutulur. Bəziləri bildirirlər ki, bank
olmayan kredit təşkilatları resurs topladıqdan sonra
banklara çevrilə bilərlər. Qeyd edək ki, qanun bunun
üçün əsas yaratmır və həmin təşkilatların
bank olması üçün yeni lisenziya almaları
lazımdır. Digər tərəfdən bank olmayan kredit təşkilatları
əhalidən depozitə pul cəlb edə bilməzlər və
pul köçürmələrini həyata keçirmək
hüququna malik olmadıqlarından bank təşkilatı
kimi fəaliyyət göstərə bilməzlər.
Müzakirələr
zamanı bir daha qeyd olundu ki, bank olmayan kredit təşkilatları
müxtəlif növ kreditləri (pul formasında təminatlı
və təminatsız kreditlər, faktorinq, forfeytinq, lizinq,
veksellərin uçotu), qarantiya verə bilər, habelə
sığorta agenti xidmətlərini, borcalanlara maliyyə-texniki
məsələlər üzrə məsləhət xidmətlərini
göstərə bilərlər. Onlar depozit, hesablaşma və
pul köçürmə əməliyyatlarını həyata
keçirə bilməzlər.
Aparılmış
konstruktiv müzakirələrdən sonra qanunun 5.1 maddələsinə
aşağıdakı prinsipial dəyişiklik edilmişdir:
“Qeyri-kommersiya bank olmayan kredit təşkilatları yalnız
fond formasında, Azərbaycan Respublikasının
bağladığı müqavilələrə uyğun
olaraq beynəlxalq təşkilatlar, habelə xarici ölkələrin
dövlət büdcəsindən maliyyələşdirilən
qeyri-hökumət təşkilatları tərəfindən təsis
edilə bilərlər. Qeyri-kommersiya BOKT-ləri kommersiya təşkilatları
yarada və ya onlarda iştirak edə bilməzlər”. 16.2 maddəsinə
edilən dəyişiklik isə aşağıdakı redaktədə
verilmişdir: “Xarici ölkələrin hökumətləri və
donorlar tərəfindən qrant şəklində verilən vəsaitlər
və onlardan əldə olunan gəlirlər BOKT-lər tərəfindən
Azərbaycan Respublikasından kənara
çıxarılmamalıdır”.
Komitədə, eləcədə
mütəxəssislərlə görüşlər zamanı
aşağıdakı məsələ də müzakirə
obyekti oldu. Söhbət bank olmayan kredit təşkilatlarının
fəaliyyətinin, xüsusilə kredit əməliyyatlarının
şəffaflığının təmin edilməsi məqsədilə
qanunda borcalanların məlumatlandırılmasına dair
müvafiq tələblərin müəyyən edilməsindən
gedir. Belə ki, bağladıqları kredit müqaviləsində
digər şərtlərlə yanaşı, kreditin müddətindən
asılı olmayaraq, kredit üzrə illik faiz göstərilməlidir
ki, borcalan kredit alarkən əlverişli və düzgün
seçim edə bilsin.
— Sizə elə gəlmirmi
ki, bank olmayan kredit təşkilatlarının təklif etdikləri
faiz dərəcələri bankların kredit faizlərini
üstələyir?
— Həqiqətən də,
faizlər yüksəkdir. Bu vəziyyəti aradan qaldırmaq
üçün, təbii ki, yerli banklar öz fəaliyyətlərində
mütərəqqi istiqamətdə dəyişikliklər etməlidirlər.
Müştərilərə göstərilən xidmət səviyyəsinin
yaxşılaşdırılması üçün faiz dərəcəsi
aşağı salınmalıdır. Bu barədə
çox danışmaq olar. Əsas məsələ ondan ibarət
olmalıdır ki, müştərilərin kredit
resurslarına çıxış imkanları genişlənsin,
verilən kreditlər kiçik və orta biznesin
inkişafına yönəldilsin. Bəzən bank olmayan kredit
təşkilatlarının verdikləri kreditlərə
görə müəyyən etdikləri faizlər kreditdən
istifadə edənlərin əldə etdikləri mənfəət
normasından yüksək olur. Nə üçün? Müzakirələr
zamanı millət vəkilləri çox haqlı olaraq
bildirdilər ki, bank olmayan kredit təşkilatları tərəfindən
verilən kreditlər üzrə faizlər həddindən
artıq yüksəkdir və bunun tənzimlənməsinə
ehtiyac vardır.
Bəzi mütəxəssislər
bildirilər ki, bu təşkilatlar bazar iqtisadiyyatı şəraitində
fəaliyyət göstərdiyindən faizləri tənzimləyən
bazarın özüdür. Bu səhv fikirdir. Biz hesab edirik ki,
faiz dərəcələri aşağı salınmalı və
bu məsələdə daxili resursların imkanlarından daha
geniş istifadə olunmalıdır. Mikromaliyyə fəaliyyətinin
getdikcə inkişafı, ölkədə ümumi iqtisadi
inkişaf nəticəsində yerli investorların potensial
maliyyə imkanlarının artması təkcə donor təşkilatlarının
vəsaiti hesabına deyil, daxili investisiyalar hesabına da
kiçik və orta sahibkarların, eləcə də fiziki
şəxslərin maliyyə dəstəyinə
ehtiyaclarını ödəmək imkanları
yaratmışdır.
Bir daha vurğulamaq istəyirəm
ki, bu qanunun qəbulu ölkəmizin maliyyə-bank sisteminin
inkişafına, əhalinin maliyyə resurslarına
çıxışının yaxşılaşmasına
xidmət etmiş olacaq.
Müsahibəni yazdı: Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2010.- 3 mart.- S. 3.