Milli Opera teatrımızın truppaları gəncləşir

 

Son dövrlərdə Azərbaycanın milli operası özünün bir-birindən zəngin tamaşaları ilə operasevərlərin böyük marağına səbəb olmuşdur. Bunun bir səbəbi də tamaşalarda istedadlı gənc ifaçıların çıxışları üçün yaxşı şərait yaradılmasıdır.

 

Hazırda tamaşaçı opera tamaşalarına baxarkən, cəzbedici klassik opera musiqisini dinləyərkən özünün emosional ovqatının yaxşılaşdığını bir daha hiss edir və məmnunluq hissi keçirir. Tamaşaçı daha yaşlı ifaçıları romantik xarakterli sevən və sevilən gənclər obrazında görmürlər. Teatr rəhbərliyinin həyata keçirdiyi əməli tədbirlər öz bəhrəsini vermişdir.

Tamaşalara cəlb olunan gənc istedadlar teatra gənclik ovqatı gətirmişdir. Tamaşaçılar yaşları və səsləri yaratdıqları obrazların mənəvi ruhuna uyğun gələn, vokal partiyalarının ifasında məharət göstərməyə qadir gəncləri görməkdən və dinləməkdən heyranlıq hissələri keçirirlər.

Uzun illərdən bəri digər millətlərdən, çox az sayda azərbaycanlı solistlərdən ibarət olan teatr kollektivi klassik opera tamaşalarını rus dilində oynayırdılar və çox da yüksək olmayan ifa nümunələri göstərirdilər. Eyni zamanda, koloratur soprano, kontralto, dramatik soprano, metso-soprano xarakterli qadın səslərinin, xalis və tutarlı bas, bariton, tenor (dramatik tenor, tenor-altino, lirik-dramatik tenor) xarakterli səslər çox az olduğundan tamaşalar bir qədər sönük keçir və dinləyiciləri qane etmirdi. Teatra məsuliyyətli, incə musiqi duyumlu, milli dəyərləri üstün tutan Akif Məlikov direktor təyin edildikdən sonra hər sahədə dönüş yarandı. Ümid verməyən “solistlər” istedadlı gənc ifaçılarla əvəz olundu. Teatr truppasına qəbul olunan belə gənclərdən biri də metso-soprano səsli Səbinə Əsədovadır. Metso-soprano səsi dramatik sopranoya yaxın, lakin ondan dolğundur, imkanları çox genişdir. Həmin səsin sahibi olan müğənni xanımlara, adətən, güclü, iradəli xüsusiyyətlərə malik qadın obrazları, məsələn, fransız bəstəkarı Jorj Bizenin “Karmen” operasında Karmen, italyan bəstəkarı Cüzeppe Verdinin “Aida” operasında firon qızı Amneris, fransız bəstəkarı Sen-Sansın “Samson və Dalila” operasında Dalila kimi partiyalar tapşırılır. Azərbaycan opera səhnəsinin ən xoşagəlimli metso-sopranosu SSRİ məkanında Karmen partiyasının bənzərsiz ifaçısı kimi ad çıxarmış xalq artisti Fatma Muxtarova olmuşdur. Metso-soprano diapozonu kiçik oktava lyadan ikinci lya notuna qədərdir.

Milli Opera və Balet Teatrının direktoru, əməkdar incəsənət xadimi Akif Məlikov vokal professoru Hüseyn Əliyevin böyük perspektivi olan ifaçı kimi dəyərləndirərək teatra gətirdiyi Səbinə Əsədovanın səs imkanlarını şəxsən müəyyənləşdirdikdən sonra solist kimi işə götürmək qərarına gəlmiş və demişdi: “Siz, doğrudan da, opera solisti olmağa layiqsiniz”.

Səbinə teatr rəhbərliyi tərəfindən ona göstərilən etimadı doğrultmaq üçün yorulmaq bilmədən çalışdı, metso-soprano imkanlarının tam açılmasını öz qarşısına məqsəd qoydu. Cüzeppe Verdinin “Riqoletto” operasında vokal ifasının uğurlu alınması gənc solisti daha da ruhlandırdı. O, Cüzeppe Verdinin dünyada məşhur “Trubadur” operasında Azuçena, Coakino Rossininin “Sevilya bərbəri” operasında qulluqçu qız Berta, Jorj Bizenin “Karmen” operasında Mesedes, Fikrət Əmirovun “Sevil” operasında Gülüş, C.Verdinin “Traviata” operasında Flora Bervua, Azərbaycan bəstəkarı L.Vaynşteynin “Zoluşka” operasında Qortenziya partiyalarının öhdəsindən də layiqincə gəldi. Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasında Qaraca qız partiyası Səbinə Əsədovanın ifasında qaraçı qızın milli xüsusiyyətlərini orijinal cizgiləri ilə ortaya qoydu.

Səbinə Əsədova geniş vokal imkanlarına malikdir. Üzeyr Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsində ixtisas müəllimləri dosent Sevda Məmmədova, magistratura dövründə isə SSRİ xalq artisti professor Fidan Qasımova gənc ifaçıya təlqin etmişlər ki, vokal əlifbasına yiyələnməyən adamdan yaxşı ifaçı çıxmaz. Məhz bu səbəbdən Səbinə ifaçılıq təmrinlərini bir-birinin ardınca mənimsəmək üçün yorulmadan çalışdı. Sonsuz marağını, musiqi hərisliyini müşahidə edən müəllimləri ona hərdən kiçik romansların ifasını da tapşırırdılar. Onlar istəyirdilər ki, Səbinədə bu və ya digər əsərin ifasına yaradıcı münasibət inkişaf etsin.

Səbinə Əsədovanın geniş vokal imkanları və ifadəli səhnə görünüşü vardır. Tamaşaçılar onun tembr baxımından bənzərsiz səsinin məlahətinə, ifadə tərzinin aydınlığına, aktyorluq məharətinə biganə qala bilmirlər. Səbinə konservatoriyada təhsil alarkən məşhur rejissor, xalq artisti, professor Gülcahan Gülməmmədovanın tələbələrin qüvvəsi ilə hazırladığı tamaşalarda iştirak etdiyindən dram aktyorluğuna da maraq göstərmişdir. Bu, onun opera tamaşalarında özünü istedadlı aktrisa kimi təqdim etməsinə imkan verir.

Səbinə musiqidən maksimum emosionallıq duymaq məharətinə malik ifaçıdır. Aşağı tonallıqda səsi az qala məxməri baritonallıq tembrinə bürünür. Onun geniş ifa imkanlı metso-soprono səsi Karmen, Amneris kimi mürəkkəb qadın obrazlarının həyatiləşdirilməsi üçün çox gözəl material kimi dəyərləndirilə bilər.

Səbinə xanım ilk musiqi təhsilini G.Şaroyev adına məktəbin fortepino sinfində almışdır. Bununla bərabər, “Atikva” uşaq xorunda oxumuşdur. Xor ilə birlikdə İsraildə və Gürcüstanda konsert turnirində iştirak etmişdir. Səsi olduğu üzə çıxandan sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olmuş və oranı bitirmişdir.

Türkiyə, Kirp, İtaliya, Fransa, Almaniya, Rusiya qastrollarınının iştirakçısı olmuşdur. Milli Opera və Balet Teatrının, Ş.Məmmədova adına Opera Studiyasının solistidir, eyni zamanda, Azərbaycanın Dövlət xor karellasında çalışır.

 

 

T.AYDINOĞLU

 

Xalq qəzeti.- 2010.- 4 mart.- S. 7.