“Bura məskənidir gözəlliklərin...”
Masallı cənub bölgəsinin
böyük şəhərlərindəndir. İyirmi
dörd minədək əhalinin yaşadığı bu
şəhər son illərdə xeyli gözəlləşib,
müasir infrastruktura malik bir ünvana çevrilib. Göz
oxşayan parkları, əyləncə guşələri,
işıqlı küçələri və çiçəkli
səkiləri diqqət çəkir. Monumental kompleks və
abidələr, yaraşıqlı binalar, memarlıq üslubu
ilə seçilən xidmət-servis və ticarət obyektləri,
səliqəli bazarlar, beynəlxalq səviyyəli olimpiya-idman
kompleksi, nəhayət, Avropa üslubunda yeni “göydələn”lər
Masallıya xas şəhər elementlərinin müəyyən
bir qismini təşkil edir. İşıq, mavi yanacaq, su və
digər zəruri ehtiyacların ilbəil daha dolğun ödənilməsi
şəhərin tərəqqisindən soraq verir. Masallıda
həyat qaynayır, daha bir zamanlar olduğu kimi, əyalət
durğunluğu hiss edilmir.
Bu şəhərdə
məni hər zaman cəlb edən başlıca özəlliksə
sakinlərin köhnə adətimizə uyğun qonaqpərvərliyi,
mehribanlığıdır. Masallıda çoxlu
dost-tanışım var və mən burada özümü
doğma şəhərim Sumqayıtdakı kimi hiss edirəm.
Hər bir hava şəraitində qəlbimdə bahar mehləri
əsir, xoşluq taxt qurur...
Şəhərin ərazisində
7 orta məktəb, 4 uşaq bağçası, 4 bazar, 140
dövlət və qeyri-dövlət müəssisəsi, incəsənət
və idman məktəbləri, klub və kitabxanalar var. Şəhər
Seybətin, Dadva, İskəndərli, Təzə və digər
məhəllələrdən ibarətdir. Bütün
küçələrin o baş-bu başında, əksər
binalarda ünvan lövhələri vurulub (bu da vacib şəhər
elementidir).
Masallı Rayon İcra
Hakimiyyəti başçısının şəhər
üzrə nümayəndəsi Laçın Sadıqzadənin
dedikləri:
– Şəhərimiz
yüksəliş dövrünü yaşayır. Ötən
il Masallının abadlaşdırılması sahəsində
çox iş görülüb. Küçələr,
yollar təmir edilib, işıqlandırılıb,
yaşıllıq zolaqları artırılıb. Qarabağ əlilləri
və şəhid ailələri üçün 36 mənzilli
yaşayış binası tikilərək istifadəyə verilib.
Bir çox küçədə magistral qaz xətləri
yerüstü borularla əvəz edilib. Bu il şəhərin
bütünlüklə qazlaşdırılmasına nail
olacağıq.
Mənzil istismar sahəsinin
işçiləri həyətlərin təmizlənməsini,
məişət tullantılarının vaxtlı-vaxtında
yığılıb-daşınmasını lazımınca
həyata keçirirlər. Mənzil-kommunal təsərrüfatı
istehsalat birliyinin kollektivi şəhərin ümumi təmizliyi
üçün səy göstərir. Burada
çalışanların sayı 52 nəfərə
çatıb. Prezident İlham Əliyevin rayonumuza hədiyyə
etdiyi 4 ədəd müasir texnika hesabına birliyin
maddi-texniki bazası möhkəmlənib. Su-kanal idarəsi tərəfindən
çoxmərtəbəli yaşayış binalarının
xarici və daxili kanalizasiya xətləri dəyişdirilib,
3,5 kilometr boru xətti çəkilib. 250
ötürücü quyu quraşdırılıb, 2
çirkab su anbarı tikilib və 1 belə anbar əsaslı
təmir edilib.
Dadva küçəsinin
və Yuxarıbaş məscidinin yollarına və həyətlərinə
asfalt döşənib. Rayon icra hakimiyyətinin
başçısı Qəzənfər Ağayevin göstərişi
ilə nəinki əsas küçələr, hətta bəzi
kommunal binaların həyətləri də
asfaltlaşdırılıb. Evlərin dam örtükləri
təzələnib.
Bu il Nizami Gəncəvi
adına mədəniyyət evinin təmiri nəzərdə
tutulur. Binanın qarşısındakı meydanda park
salınacaq, böyük mütəfəkkir şairin abidəsi
və ətrafı tam abadlaşdırılacaq.Yeni
yaşayış məhəllələrinə qaz xətləri
çəkiləcək. “Qurtuluş” və Əlibala Əliyev
küçələri başdan-başa
asfaltlaşdırılacaq və işıqlandırılacaq.
Sevindirici haldır ki, illərdən bəri yararsız vəziyyətdə
olan Digah orta məktəbi üçün Dövlət
Proqramı üzrə yeni binanın tikintisinə
başlanıb. Həmçinin şəhər 2 saylı orta
məktəbin binasının əsaslı təmiri
reallaşdırılacaq. Görəcəyimiz işlər
gördüklərimizdən daha çoxdur. Buna görə də
cari ildə daha səylə çalışmaq və
etimadı doğrultmaq əzmindəyik. Məqsədimiz
Masallını ölkənin ən abad və gözəl
şəhərlərindən birinə çevirməkdir...
Axşamüstü
şəhəri gəzməyə çıxdıq.
Qış günəşi Yardımlı səmtində
dağların arxasına çəkilirdi. Dadvadan keçəndə
kiminsə evinin pəncərəsindən musiqi səslərinin
ətrafa yayıldığını duydum. Dayanıb diqqət
kəsildim: səslənən “Simayi Şəms”, oxuyansa
gözəl xanəndəmiz Rəsmiyyə Sadıqova idi.
Masallıda xalq mahnılarının mahir ifaçısı,
Prezident təqaüdçüsü olan zil səsli, xoş zənguləli
Rəsmiyyə xanımın pərəstişkarı olan
xiridarlar az deyil.
“Bizim kimi hələ belə
bəxtiyar olan yoxdur,
Gözəl
zəmanəmiz, gözəl ruzigarımız vardır...”
Onu da deyim ki, 40 il opera və balet teatrının solisti olmuş, yüz dəfə Əsli, Leyli, Şahsənəm, Telli kimi baş rollarda oynamış, eyni zamanda “Simayi Şəms” ritmik muğamının həmişəlik möhürünü vurmuş Rəsmiyyə Sadıqova əslən Masallı şəhərindən, elə yanından ötdüyümüz bu Dadva məhəlləsindəndir.
Olimpiya-idman kompleksinin açıq meydançasında otüstü hokkey komandaları məşq edirdilər. İcra hakimiyyətinin şöbə müdiri Seyfəddin Əliyev dedi ki, idmanın inkişafında bu kompleksin rolu böyükdür. Bizim kompleks zona və respublika miqyaslı çoxlu yarışın ünvanına çevrilib. Ötən il Masallı idmançıları üçün də uğurlu olub. Belə ki, samboçu Hikmət Alışov dünya çempionatında 2-ci yeri tutaraq adını rayonun idman tarixinə yazdırıb. Gənc taekvondoçu Türkanə Tahirli Cənubi Koreyada keçirilmiş beynəlxalq turnirin mükafatçısı və Avropa birinciliyinin qalibi olub.
Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutunun filialı da Masallıda – yeni tikilmiş yaraşıqlı bir binada yerləşir. Ətrafının abadlığı göz oxşayır. Yaxınlıqdan keçən Ələt-Astara magistralının kənarlarında ötən payız 3200, Masallı şəhərində isə 9250 ağac əkilib. Bu əkinlər əsasən Viləş çayının şəhərdən keçən hissəsində, çay vadisində aparılıb. Çinar, palıd, tut, göyrüş, akasiya fidanları lazımi qulluq sayəsində bir-iki ilə Masallının yaşıl tacında öz yerini tutacaq. “Ekologiya ili” ilə əlaqədar yanvarda keçirilmiş iməcilik zamanı daha 1500 ağac əkilib. Mövcud yaşıllıqların qorunması, artırılması ayrı-ayrı idarə və müəssisələrə həvalə edilib.Təbiət beləcə zənginləşir, şəhər beləcə gözəlləşir.
Masallıda magistral boyunca “EMBAWOOD”, “Xoşbəxt Mebel”, “Avromebel”, “Eldaroğluları”, “Elit” mebel mərkəzləri, həmçinin Heydər Əliyev və Mircavadbəy Talışxanov küçələrinin “sap”ına düzülən “Zaminbank”, “Nazmebel”, “İsmayıl sarayı”, “Bank Respublika” kimi yaraşıqlı binalar da yeni ünvanlardandır.
Bir qədər sonra icra hakimiyyətinin yanında rast gəldiyim aparatın işçiləri Sübhan və Babəkə maşına əyləşməyi təklif etdim. Bir ağızdan təşəkkür edərək yaxınlıqdakı Heydər Əliyev parkına gəzməyə getdiklərini söylədilər. Son illərdə bu dilbər guşədə uşaqlı-böyüklü o qədər sakin dincəlir ki... Əsl şəhər mikromühitinə xas mənzərədir, elə deyilmi?..
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə
müxbiri
Xalq qəzeti.- 2010.- 4 mart.- S. 6.