Gələcəyi düşünərək

 

Azərbaycanda təhsil, elm və mədəniyyət daim dövlətin diqqət mərkəzindədir. Ölkə başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycanın gələcəyi məsuliyyətli qərarlar qəbul etməyə, milli mənafeləri qorumağa və zamanın çağırışlarına cavab verməyə qadir mütəxəssislərdən asılı olacaqdır. Qloballaşan və sürətlə dəyişən dünyanın reallıqları ən yeni texnologiyaların sirlərini mənimsəməyi, onlardan çevik faydalanmağı olduqca aktual edir”. Ölkə başçısının digər bir göstərişində ölkənin iqtisadi qüdrətinin onun intellektual potensialına çevrilməsi məsələsi təhsil sistemimizin əsas vəzifəsi kimi müəyyən edilir. Ona görə də təhsil dövlət siyasətinin prioritet istiqaməti elan olunmuşdur və göstərilən vəzifələrin həyata keçirilməsi ölkədə təhsilin yüksək səviyyəsini tələb edir.

 

Təhsilin və elmin inkişafı bir-biri ilə üzvi bağlı olduğundan bir qədər bundan əvvəl Azərbaycanda həm təhsilin, həm də elmin inkişafına dair müvafiq dövlət proqramları və Milli Strategiya qəbul olunmuşdur. Bu proqramlara uyğun olaraq müvafiq qurumların fəaliyyət planı tərtib edilmiş və icrasına başlanmışdır.

Bu gün öz tarixi inkişafının yeni mərhələsini yaşayan Azərbaycan dünyada və regional miqyasda bir sıra iqtisadi, siyasi və ictimai uğurlara imza atmışdır. Ölkə başçısı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını qətiyyətlə, yeni dövrün tələblərinə uyğun yaradıcılıqla inkişaf etdirərək daha böyük vüsətlə həyata keçirir. Azərbaycanın qısa müddətdə qazandığı uğurlar, möcüzə görünə bilənin reallığa çevirməsi bir tərəfdən Heydər Əliyev strategiyasının doğruluğunu sübut etdiyi kimi, digər tərəfdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün dünyanın siyasi nəhəngləri sırasında xüsusi mövqeyini, müstəsna liderlik məharətini, böyük dövlət idarəçilik bacarığını, həqiqi siyasi rəhbər təcrübəsinin olduğunu təsdiqləyir.

Azərbaycanın iqtisadi və siyasi uğurları onun elmdə, təhsildə də böyük uğurlar qazanması üçün şərait yaradır. Elmin və təhsilin inkişafı ümumi inkişafımızla yanaşı, siyasi qərarların, yüksək səviyyəli dövlət proqramlarının hazırlanması, elmi əsaslandırılması və həyata keçirilməsi üçün çox əhəmiyyətlidir. Ona görə də səbəbsiz deyil ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, görkəmli filosof, akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: Zaman kontekstində baxış” məqaləsi Azərbaycan cəmiyyətində böyük maraq doğurmuş və rəğbətlə qarşılanmışdır. Məqalədə müasir dövrdə Azərbaycanda ictimai və humanitar elmlərin inkişaf strategiyası ilə bağlı çox mühüm və aktual məsələlərə toxunulmuşdur. Əsl həqiqətdə bu məqalədə toxunulan məsələlər təkcə ictimai və humanitar elmlərə, onların inkişafına aid deyil, humanitar sahənin, o cümlədən təhsil, elm, ədəbiyyat və digər yaradıcı sahələrin fəaliyyətinə aiddir. Məqalədə haqlı olaraq qeyd olunur ki, XXI əsrin başlanğıcı dövrün xarakterik xüsusiyyətləri və yeni dünyagörüş, dəyişən meyarlar, həyatımızın bütün sahələrində: məişətdən tutmuş yüksək dövlət qərarlarına qədər bütün sahələrdə elm yükünün və intellektual amilin rolunun artması ilə səciyyəvidir. Bu məsələlərin həlli isə, sözsüz ki, bir-biri ilə sıx bağlı olan elmimiz və təhsilimizdən keçir.

Heydər Əliyevin çoxşaxəli dövlətçilik və ictimai-siyasi fəaliyyətinin əsasında onun təməlini qoymuş olduğu milli ideologiyamız durur. Heydər Əliyevin geniş dünyagörüşü və müstəsna fitri istedadı, dahiyanə siyasi uzaqgörənliyi və bacarığı, böyük və mükəmməl həyat təcrübəsi ona müxtəlif illərdə etdiyi çıxış, yazı və göstərişlərində elə fikirlər söyləməyə imkan vermişdir ki, bu fikirlərin məcmusu qısa bir müddətdə yeni dövr üçün milli ideologiyamızın formalaşmasına imkan vermişdir. Bu ideologiyanın düzgünlüyünü sonradan həyat Azərbaycanın davamlı inkişafının sabitlikdən başlayaraq iqtisadi və siyasi uğurlara gətirən nəticələrində bir daha sübut etmişdir. Heydər Əliyev tərəfindən yaradılan ideologiya elə möhkəm təməl olmuşdur ki, sonra ölkə başçısı cənab İlham Əliyev tərəfindən bu ideologiya uğurla tətbiq və davam etdirilərək yeni dövr üçün zənginləşdirildi və inkişaf etdirildi. Heydər Əliyevin yaratdığı milli ideologiya ölkə həyatının müxtəlif istiqamətlərində inkişafı üzvü şəkildə birləşdirdi və hər bir yeni situasiya üçün düzgün çıxış yolu göstərdi. Zənnimizcə, Heydər Əliyev ideologiyasının ana xəttini milli birlik ideyası təşkil edir ki, bu birlikdə xalqın məqsəd birliyi, onun milli dövlət zəminində birliyi özünü təcəssüm etdirir. Heydər Əliyev milli dövlətimizin ideya təməlini “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır” kimi ifadə etmişdir. Azərbaycan Prezdenti cənab İlham Əliyevin “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” fikri onun Heydər Əliyev ideologiyasına sadiqliyinin daha bir ifadəsidir.

Heydər Əliyev azərbaycançılıq məfkurəsini geniş mənada başa düşürdü. Heydər Əliyevə görə, “Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub-saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın daima inkişafı deməkdir”. Heydər Əliyev azərbaycançılıq məfkurəsini dünya azərbaycanlılarının milli ideologiyasının əsasında qoymuşdur. Azərbaycançılıq coğrafi anlayış olmayıb, daha çox milli məfkurədir. Azərbaycançılıq məfkurəsi qüdrətli dövlət ideologiyası olmaqla yanaşı, həyatımızın mühüm ideologiyası kimi çox önəmlidir.

Heydər Əliyev dühasının bizə irs qoyduğu ən böyük ideyalarından biri də milli təhsil sisteminin inkişafı konsepsiyasıdır. Bu konsepsiya həyatımızın prioritet sahəsi olan təhsili formalaşdırır. Heydər Əliyevə görə, “Azərbaycanın təhsil sistemində islahatlar inqilabi yolla deyil, təkamül yolu ilə aparılmalı, xalqımızın milli-mənəvi dəyərlərinə söykənməli, ümumbəşəri dəyərlərdən bəhrələnməli, inkişaf etməli, dünya təhsil sisteminə inteqrasiya oluna bilməli və hər bir insanın daima inkişafını nəzərdə tutmalıdır”.

Heydər Əliyevin bu iki mükəmməl ideyası arasında çox sıx və üzvi əlaqə mövcuddur. Heydər Əliyev bu konsepsiyaların hər ikisinə müstəsna əhəmiyyət vermiş və onların həyata keçməsi üçün bütün həyatı boyu çalışmışdır. O, Azərbaycançılıq məfkurəsini məhz mükəmməl təhsil sistemi vasitəsilə qabaqcıl təhsil sistemindən, mədəniyyətdən, intellektual yüksəlişdən qaynaqlanaraq həyata keçirməyi nəzərdə tuturdu. Başqa sözlə, azərbaycançılıq məfkurəsi qabaqcıl milli təhsil sistemi və onunla sıx bağlı olan elm və mədəniyyət vasitəsilə təbii şəkildə həyata keçirilir, reallığa çevrilir.

Ona görə də xalqımızın milli sərvəti olan Heydər Əliyev irsi zaman-zaman ciddi öyrənilib tətbiq və təbliğ olunmalıdır. Heydər Əliyev irsinə belə ciddi yanaşmanı görkəmli filosof, akademik Ramiz Mehdiyevin bir sıra kitab, məqalə və çıxışlarında görmək olar. Bu istiqamətdə onun “Gələcəyin strategiyasını müəyyənləşdirərkən: Modernləşmə xətti”, “Milli məfkurə: Dövlətçilik, müstəqillik yolu ilə” (I, II cild), “Azərbaycan 2003-2008: Zaman haqqında düşünərkən”, “Yeni siyasət: inkişafa doğru”, “Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: Varislik və innovasiyalılıq” kimi kitab və məqalələri əvəzsiz əhəmiyyət kəsb edir.

Son zamanlar Azərbaycan ictimaiyyəti tərəfindən akademik Ramiz Mehdiyevin “Azərbaycan teleməkanında vəziyyətə dair” və “Humanitar və ictimai elmlər: Zaman kontekstində baxış” məqalələri öyrənilir və ciddi müzakirə olunur. Həqiqətən də bu gün təhsilin və elmin inkişafı üçün ciddi addımlar atılmışdır. İndi təhsil və elm müəssisələrinin həm məzmun, həm də formaca yeni səviyyədə, zamanın tələbinə uyğun qısa müddətdə qurulmasına böyük ehtiyac duyulur. Zamanla ayaqlaşmaq və zamanı qabaqlamaq təhsil sisteminin əsas vəzifəsidir. Belə ki, təhsil sisteminin hazırladığı insanlar gələcəyin daşıyıcıları və qurucularıdır, onlar gələcək zamanın dalğalarında getməlidirlər. Ona görə də göstərilən məqalədə haqlı olaraq, tələb olunur ki, elm və təhsil bugünkü real hadisələrin sonunda deyil, önündə getməlidir. İndiki zamanda bu günün düzgün izahına, sabahın əsaslanmış proqnozuna ehtiyac vardır. Həqiqətən də, çox yerdə yeni düşüncə tərzi və yeni yanaşma çatışmır. Azərbaycanın efir məkanı cəmiyyətdə savadlılığı, biliyi, həyati bacarıqları, elmi imici təbliğ etsə, bu cəmiyyətdə elm və təhsilə diqqəti artırar.

Azərbaycan elminin ən əsas vəzifəsi Azərbaycan dövlətinin və cəmiyyətinin, iqtisadiyyatının, sənayesinin, aqrar bölməsinin, sosial həyatının və respublika həyatının digər sahələrinin inkişafı problemlərinin həlli olmalı, cəmiyyətin ehtiyaclarına xidmət etməlidir. Biz elə bir super dövlət deyilik ki, fundamental və tətbiqi elmin bütün problemləri ilə məşğul olaq. Əsas qüvvələrimiz öz həyatımızın prinsipial məsələlərini, ölkənin strateji inkişaf problemlərini öyrənməyə cəlb olunmalıdır. Bir sözlə, tədqiqatlar Azərbaycan cəmiyyətinin, dövlətinin, bu gününün və gələcəyinin ən zəruri problemlərinə xidmət etməlidir. Alimin cəmiyyətdə məsuliyyəti və mövqeyi xüsusi əhəmiyyət və məna kəsb edir. Ölkə həyatının tələb etdiyi böyük elmi-texniki və digər dövlət əhəmiyyətli qərarlardan əvvəl, elmi təhlil aparılmalıdır. Ölkəmizdə mövcud olan böyük elmi, pedaqoji, texniki potensial ən böyük sərvətimizdir və bu sərvət effektiv istifadə olunmalıdır.

Universitet elm və təhsilin üzvi vəhdətidir. Humanitar və texniki düşüncənin zamanla səsləşən harmoniyası vahid elmi düşüncəni, fəlsəfi dünyagörüşü əmələ gətirir ki, gənc nəsil bu sağlam düşüncəyə və həqiqi vətənpərvərliyə məhz universitetdə yiyələnir.

Bakı Dövlət Universitetinin 90 illik yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin iqtisadiyyatında keçid dövrünün artıq başa çatdığını bəyan etməsi həyatımızda yeni bir dövrün başlandığını göstərməklə yanaşı, elm və təhsil işçiləri qarşısında ciddi və strateji əhəmiyyətli məsələlər qoyur. Biz keçdiyimiz yolu düzgün təhlil etməli və gələcəyin strategiyasını düzgün və elmi əsaslarla proqnozlaşdırmalıyıq.

Son zamanlar təhsilin inkişafı istiqamətində xeyli iş görülmüşdür. Lakin göründüyü kimi, bu hələ kifayət deyil, zaman daha tələbkardır. Biz yeni dövrün tələblərinə cavab verməyə hazır və qadir peşəkar mütəxəsislər və əsl vətənpərvər vətəndaşlar yetirməliyik. Hər yerdə yaradıcılıq işinə xüsusi dəstək olmalıdır: dövlət dəstəyi, cəmiyyətin dəstəyi.

Bütün dövrlərdə və ölkələrdə təhsil və elm o zaman böyük uğurlar qazanmışdır ki, bu sahəyə cəmiyyətin istedadlı gənclərinin axını olmuşdur. Sovet dövründə də belə olmuşdur. Digər ölkələrin və zamanların təcrübəsi də bu halın doğru olduğunu sübut edir. Ona görə də respublikamızda təhsil və elmi keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün gənclərin bu sahəyə cəlb olunması istiqamətində işlər görülməlidir. İndi əksər hallarda istedadlı gənclərin axını əmək haqqının dəfələrlə yüksək olduğu banklara və bu tipli özəl təşkilatlaradır. Ona görə də gənclərin xaricdə təhsilini dəstəkləməklə yanaşı, istedadlı gənclərin təhsildə və elmdə qalması üçün stimulun da olması müsbət nəticələr verəcək. Bu işə yönəldilən investisiya həqiqətən insan kapitalının inkişafına yönələn investisiya olacaq və qısa müddətdə özünü doğruldacaq. Dövlətin gənclərin xaricdə qabaqcıl universitetlərdə təhsilinə dair proqramı və bu işə ayrılan böyük vəsait Azərbaycanın gələcək inkişafına və intellektual potensialına qoyulan ivestisiyadır. Bu imkandan effektiv istifadə olunmalıdır. Bu yolla hazırlanan hər bir gəncin daha çox özünə bənzər insanları hazırlaması üçün onların əksəriyyəti təhsil və elm sahəsinə qaytarılmalı, burada fəaliyyət göstərməlidirlər. Onu da qeyd edək ki, bəzən belə mütəxəssislərin Azərbaycana qayıtmasına dair belə fikirlər söylənilir ki, “onlar xaricdə qalsalar da faydalıdır”. Bu fikrin yanlış olduğunu asanca görmək olar. Belə olan halda bu “beyinlərin” xaricə axması kimi bir hadisə olub dövlət vəsaitinin və istedadlı şəxslərin itirilməsidir. Onlar harada işləyəcəklərsə əsas faydanı o dövlət görəcək, biz həm vəsait, həm də istedad itirmiş olarıq. Qabaqcıl ölkələr bilir ki, cəmiyyəti istedadlar irəli aparır.

Zənnimcə, digər bir məsələ gənc olmayan mütəxəsislərin yenidən hazırlanması, böyük xidmətləri və istedadı olan şəxslər üçün elmdə, təhsildə və intellektual həyatın digər sahələrində xüsusi şəraitin yaradılmasıdır. Bizim ölkəmizdə xeyli yaxşı müəllimlər, mühəndislər və digər sahə mütəxəssisləri var ki, onların potensialı yeni sahələrin, müasir texnologiyaların inkişafı üçün çox faydalı olar. Qısaca desək, ölkəmizdə olan intellektual potensial yenidən hazırlanma yolu ilə müasir məsələlərin həllinə yönəldilə bilər.

Hamımızı narahat edən digər bir məsələ ondan ibarətdir ki, dərslik, elmi ədəbiyyat, elmi ictimai və digər tipli jurnallar və intellektual sahəni formalaşdıran, inkişaf etdirən bütün texniki vasitələr, o cümlədən müasir informasiya texnologiyasının, disklərin və digər elektron məmulatların istifadəsində dönüş yaratmaq zərurəti yaranmışdır. Bu gün kitab bazarı o qədər korlanmışdır ki, hətta kifayət qədər təcrübəli və yüksək səviyyəli mütəxəssislər üçün bu bazardan baş açmaq, yalanı doğrudan seçmək çətindir. Odur ki, ilk addımlarını intellekt işığına doğru atan gənc səthilik və dayazlıqla yanaşı səhvlərlə dolu həmin bazarın təsirinə düşərək nəinki çaşqın qalır, hətta tamamilə yanlış bir yola gedə bilir. Bir sıra telekanallar bir tərəfdən ümumi intellektual səviyyəni aşağı endirirsə, səviyyəsiz kitab bazarı bu işi tamamlayır. Dərs vəsaiti adı ilə buraxılan, səhflərlə dolu olan kitablar tələbələri çaşdırır və öyrənmə prosesini çətinləşdirir. Bu işdə müsbət təcrübə mövcuddur. Azərbaycan Mətbuat Şurası dövlətin dəstəyindən istifadə edərək qısa müddətdə qətiyyətli addımlar atdı və reket jurnalistikaya demək olar ki, son qoydu.

Son illərdə Azərbaycanın təhsil sistemində mühüm keyfiyyət dəyişiklikləri baş vermiş, yeni inkişaf mərhələsi başlanmışdır. Təhsil müəssisələrinin maddi-texniki bazası görünməz dərəcədə dəyişilmiş, bu sahəyə heç zaman olmayan qədər investisiya yönəlmişdir. Bu dəyişikliklər Lənkəran Dövlət Universitetinin simasında da görünür. Universitetin əsas tədris binası, inzibati bina və digər binaları əsaslı təmir olunmuş, informasiya texnologiyası üzrə 6 yeni kabinet açılmış, digər laboratoriyaların və bölmələrin maddi-texniki bazası əsaslı şəkildə dəyişmiş, müasirləşmişdir. Eyni zamanda təhsilin və elmi tədqiqatların səviyyəsi də yeni inkişaf mərhələsinə daxil olmuş, müasir dövrün tələblərinə, dünya səviyyəsinə uyğun olması istiqamətində addımlar atılmışdır. İndi universitetin bütün fakültələrində və kurslarında təhsil kredit-çoxballı sistemlə aparılır. Universitetin geniş beynəlxalq əlaqələri yaranmışdır. Buraya 30-a qədər universitetlə müqavilələr, “Xəzəryanı Dövlətlərin Universitetləri Assosiasiyası” və Avrasiya Universitetləri Assosiasiyasına üzvlük, İNTAS, NATO, “Açıq Cəmiyyət”, TEMPUS qrantlarının icrası və digər çoxlu qrantlarda tərəfdaşlıq və əməkdaşlıq müqavilələri daxildir.

Son 5 ildə universitetin beynəlxalq video bağlantı ilə keçirdiyi 4 böyük beynəlxalq elmi-praktik konfrans universitetin əsaslanmış elmi-pedaqoji, texniki potensialını və güclü beynəlxalq əlaqələrinin olduğunu sübut edir. Qarşıda daha məsuliyyətli vəzifələr durur. Universitetin təhsili Avropa təhsilinə tam inteqrasiya olunaraq, kredit sisteminin bütün halları daxilində diplomların qarşılıqlı tanınması ilə sabit, yüksək səviyyəli, keyfiyyətli təhsili təmin edən əsl peşəkar və vətənpərvər vətəndaşları yetişdirmək kimi məsuliyyətli vəzifələri həyata keçirmək əzmindədir.

Təhsilimizin inkişafının indiki mərhələsində onun keyfiyyəti məsələsi çox önəmlidir. Çünki keyfiyyətsiz təhsil hər bir ölkədə sadə əməyi və bürokratiyanı bərqərar edir. Buradan isə cəmiyyətin nöqsanları özünə yol açır. Sadə əmək böyük iqtisadi itkilərə səbəb olur. Bəşər tarixi mürəkkəb və sadə əməyin mübarizəsi tarixidir. Bu mübarizədə sadə əmək dayanıqlı inkişafı təmin edə bilmədiyindən o, həmişə məğlub olur. Mürəkkəb əməyə malik dövlətlər dayanıqlı inkişaflarını təmin edib yeni mərhələdə dünya sivilizasiyasına qovuşurlar. Dünyanın qabaqcıl ölkələri tamamilə biliklərə və yeni texnologiyalara əsaslanan cəmiyyət qurmaq mərhələsinə daxil olmaqdadır. Səbəbsiz deyil ki, ulu öndər Heydər Əliyev kimi möhtərəm Prezidentimiz cənab İlham Əliyev də təhsilin yüksək səviyyəsinə, keyfiyyətinə və yeni texnologiyaların tətbiqinə böyük önəm verir. Məhz keyfiyyətli təhsil ölkəni yüksək səviyyəli əmək və əhalinin intellekti vasitəsilə dayanıqlı və daimi inkişafa qovuşduracaq. Ölkəmizdə həyata keçirilən davamlı inkişaf strategiyası təhsil və elmimizin məqsəd və vəzifələrini ölkənin gələcəyini düşünərək formalaşdırmağı tələb edir.

 

 

Asəf İSGƏNDƏROV,

Lənkəran Dövlət Universitetinin

rektoru, professor

 

Xalq qəzeti.- 2010.- 5 mart.- S. 5.