Azərbaycan mədəniyyəti inkişaf yollarında

 

Azərbaycan xalqı tarixən qədim və zəngin mədəniyyətə malik olmuşdur. Bu fikri ölkəmizə gələn əcnəbilər də zaman-zaman etiraf etmiş və xalqımızın yaratdığı maddi-mənəvi mədəniyyət nümunələrinə heyran olmuşlar. Azərbaycanın bir çox mədəniyyət nümunələri hazırda dünya muzeylərini bəzəməkdədir. Ulu öndər Heydər Əliyev çıxışlarının birində ölkəmizin qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu qeyd edərək demişdir: “Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biridir. Burada həyat çox erkən yaranmışdır və Azıx mağarasında tapılmış azıxantrop Azərbaycanın ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustandakı və Gəmiqayadakı qayaüstü təsvirlər, petroqliflər, Kür-Araz, Xocalı mədəniyyət nümunələri, kurqan tapıntıları sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azərbaycanda inkişaf etmiş mədəniyyət mövcud olmuşdur ”.

 

Göründüyü kimi, ulu öndər Heydər Əliyev arxeoloji və etnoqrafik faktlar əsasında Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu vurğulamışdır. Müstəqillik qazandıqdan sonra Azərbaycan mədəniyyətinin inkişaf istiqamətləri zənginləşmiş və çoxşaxəli olmuşdur. Belə ki, son illərdə mədəniyyətimizdə həm milli irsin qorunub saxlanılması, həm də onun dünya mədəniyyətinə inteqrasiya edilməsində böyük işlər görülmüş və bu sahədə respublikamızda bir çox dövlət proqramları hazırlanmış və çoxsaylı tədbirlər həyata keçirilmişdir. Son illər hazırlanmış bir sıra proqramlarda mədəniyyət sahəsində dövlət siyasətinin strateji istiqamətləri öz ifadəsini tapmışdır.

Bu proqramlarda mədəniyyət sahəsində dövlət siyasətinin strateji məqsədlərinin həyata keçirilməsi əsas prioritet təşkil edir. Bu məqsədlər ölkənin mədəni potensialının, mənəvi irs, mədəniyyət sərvətləri və milli adət-ənənələrimizin qorunub saxlanılması və inkişaf etdirilməsindən ibarətdir. Bu baxımdan 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramında aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

1.Regionlararası mədəni əlaqələrin möhkəmləndirilməsi, milli mədəniyyətin ümumdünya mədəni proseslərinə inteqrasiyası;

2.Azərbaycan Respublikasının mədəni irsinin qorunmasının təmin edilməsi, o cümlədən daşınar mədəniyyət sərvətlərinin, muzey fondlarının sayının artırılması;

3.Ölkənin tarixi mədəni irsinin və mədəni potensialının qorunması və bu məqsədlə muzey işi sahəsində sistemli islahatların aparılması;

4.Kitabxana fondlarında müasir komplektləşdirmə mexanizminin yaradılması, kitabxanaların informasiya təminatı və ölkə üzrə kitabxana – informasiya kompyuter şəbəkəsinin yaradılması və inkişafı;

5.Mədəniyyət obyektləri və digər sahə təşkilatları arasında əməkdaşlıq və kooperasiya sisteminin yaradılması.

Yuxarıda göstərilən bütün bu tədbirlərin həyata keçirilməsi regionların sosial-iqtisadi inkişafı kontekstində mədəniyyətin inkişafına təkan verəcəkdir.

Qeyd edək ki, 2009-cu il Azərbaycan mədəniyyəti üçün çox uğurlu olmuşdur. Bu baxımdan 2009-cu ildə Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi və bu yöndə 100-ə yaxın tədbirin həyata keçirilməsi milli mədəniyyətimizin İslam dünyasına inteqrasiyasında müəyyən rol oynamış və daha da zənginləşməsinə xidmət etmişdir.

Şərq və Qərb sivilizasiyasının qovşağında yerləşən Azərbaycan Respublikasında, eyni zamanda, Qərb ölkələri ilə də mədəni əlaqələrin genişləndirilməsi sahəsində mühüm tədbirlər görülmüşdür. Bu baxımdan 2009-cu ildə Avropanın bir neçə ölkəsində Azərbaycan mədəniyyəti günləri, xüsusən İsveçrədə Azərbaycan mədəniyyətinə həsr edilmiş 100 günlük mədəni tədbirlər silsiləsi təşkil olunmuşdur.

2009-cu ildə Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi proqramı çərçivəsində ilboyu həyata keçirilən çoxsaylı tədbirlər Azərbaycanın islami dəyərlərə bağlı olduğunu, tarix boyu bu dəyərləri qoruyub saxladığını və ona ehtiramla yanaşdığını bir daha təsdiq etdi. Bütün bunlar respublikamızın tarixində ən böyük mədəniyyət hadisəsi olmaqla, ölkəmizin İslam dünyasına inteqrasiyası sahəsində yeni dövrün başlanğıcını qoydu.

İndi isə “ İslam mədəniyyətinin paytaxtları” beynəlxalq proqramının yaranması və mahiyyətini oxucuların nəzərinə çatdırmaq istərdik. İslam Konfransı Təşkilatı tərəfindən həyata keçirilən və 2005-2014-cü illəri əhatə edən “İslam mədəniyyətinin paytaxtları ” proqramı ilk dəfə İslam ölkələri mədəniyyət nazirlərinin 2004-cü ildə Əlcəzairdə keçirilən IV İslam konfransında təsdiq edilmişdir. Bu proqram çərçivəsində həyata keçirilən layihədə Şərq regionundan hər il bir müsəlman ölkəsinin şəhəri İslam mədəniyyətinin paytaxtı elan olunur və həmin şəhərin İslam sivilizasiyasındakı rolu geniş və hərtərəfli təbliğ edilir. Proqramdakı prinsipə görə “İslam mədəniyyətinin paytaxtı” statusunu alan şəhərin həm İslam, həm də dünya mədəniyyətində, elm, ədəbiyyat və incəsənət sahəsindəki töhfələrinə görə xüsusi yeri olmalı, zəngin və qədim əlyazmaları qorunan kitabxanalara,eyni zamanda beynəlxalq mədəni tədbirlərin keçirilməsi üçün müvafiq mədəniyyət potensialına və zəngin tarixi keçmişə malik olmalıdır.

Beləliklə, yuxarıda deyilən şərtlər nəzərə alınmaqla, “İslam mədəniyyətinin paytaxtı” statusu 2005-ci ildə təyin edilmişdir. Bu statusa ilk dəfə (2005) Məkkə şəhəri layiq görülmüşdür. Qeyd etmək lazımdır ki, son illərdə hər il Asiya, Afrika qitəsində yerləşən müsəlman ölkələrindən və Ərəb dünyasından seçilmiş bir neçə (3-4) şəhərlər bu statusa layiq görülür. Məsələn, 2005-ci ildən sonra İslam mədəniyyətinin paytaxtı adına layiq görülən şəhərlər aşağıdakılardır:

1.2006-cı ildə: İsfahan ( İran), Hələb ( Suriya), Timbukti ( Mali);

2.2007-ci ildə: Daşkənd ( Özbəkistan), Fes ( Mərakeş), Tripoli (Liviya), Dəkkə ( Seneqal);

3.2008-ci ildə: Dəməşq (Suriya), Lahor (Pakistan), İsgəndəriyyə (Misir), Çibuti ( Çibuti);

4.2009-cu ildə: Bakı ( Azərbaycan), Kuala-Lumpur (Malayziya), Nçamena (Çad), Kayruan (Tunis).

Göstərmək lazımdır ki, “İslam mədəniyyətinin paytaxtı” adına layiq görülən şəhərlərdə “İslam mədəniyyətinin paytaxtları” proqramı çərçivəsində bir il ərzində keçirilən tədbirlər İslam ölkələrinin siyasi -iqtisadi cəhətdən yaxınlaşmasına təsir etməklə yanaşı, tədbirlərdə iştirak edən ölkələrin mədəniyyətlərinin zənginləşməsinə də müsbət təsir göstərir. Bundan başqa, bu cür tədbirlər qeyri-müsəlman ölkələrinin İslam mədəniyyətinə marağını artırır və sivilizasiyalararası dialoqun inkişafına müsbət təsir göstərir.

2009-cu il noyabrın 11-də Bakı şəhərində İKT-nin 40 illiyinə həsr edilmiş “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Azərbaycan Diplomatik Akademiyası (ADA) və İKT-nin Baş Katibliyi ilə birgə təşkil edilmiş bu konfransda 41 ölkədən və 3 beynəlxalq təşkilatdan 200-dək elm xadimi, respublikamızda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və s. qonaqlar iştirak etmişlər. Beynəlxalq konfransda respublikamızın xarici işlər naziri Elmar Məmmədyarov, xarici işlər nazirinin müavini, ADA-nın rektoru, professor Hafiz Paşayev, İKT-nin Baş katibi Ekmələddin İhsanoğlu, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə və başqaları çıxış edərək sivilizasiyalararası və dinlərarası dialoqun qlobal əhəmiyyət daşımasından, İKT-nin bu sahədəki fəaliyyətindən, Azərbaycanın dinlərarası dialoqa töhfəsindən bəhs etmişlər. Çıxış edənlər 1 milyarddan çox müsəlmanı və 54 ölkəni əhatə edən İKT-nin insan hüquqlarının qorunması uğrunda mübarizə apardığını, dünyada sosial -siyasi ədalətsizliyə son qoymaq istiqamətində böyük işlər gördüyünü, sivilizasiyalar arasında dialoqun inkişaf etdirilməsi sahəsində geniş fəaliyyət göstərdiyini qeyd etmişlər. Beynəlxalq konfransda mədəniyyətlərarası və dinlərarası dialoqun qarşılaşdığı problemlər, dini və mədəni müxtəliflik, bu sahədə Azərbaycanın təcrübəsi və s. sahələrdə elmi müzakirələr aparılmışdır.

Konfransda çıxış edənlərin əksəriyyəti belə qənaətə gəlmişlər ki, Avrasiyada xüsusi geosiyasi mövqe tutan, bir neçə mədəniyyətlərin qovuşuğunda yerləşən və öz tolerantlığı ilə seçilən Azərbaycan Respublikası sivilizasiyalararası dialoqda nümunə ola bilər. Məsələn, QMİ-nin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə öz çıxışında bildirmişdir ki, humanist İslam dəyərləri və zəngin ənənələrimizdən formalaşan nadir Azərbaycan modeli müasir dünya üçün qiymətli örnək ola bilər. Konfransda A. Paşazadənin bu fikrini dəstəkləyən İKT-nin Baş katibi E. İhsanoğlu Azərbaycanın böyük sivilizasiyalararası əməkdaşlıq sahəsində simvola çevrildiyini vurğulayaraq bildirmişdir ki, bu amil ölkəmizin yerləşdiyi coğrafi məkan, həm də burada müxtəlif mədəniyyətlərin qovuşması ilə əlaqədardır.

“Bakı İslam mədəniyyətinin paytaxtı-2009” mədəniyyət ili çərçivəsində AMEA Azərbaycan Tarixi Muzeyi və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə “İslamda mədəniyyət və gözəllik amili” mövzusunda 9-10 noyabr 2009-cu il tarixində Bakıda keçirilən Beynəlxalq elmi praktik konfrans da maraqlı olmuşdur. Bu konfransda Rusiya, Misir, Albaniya, İordaniya,Türkiyə, Macarıstan və s. ölkələrdən gələn nümayəndələr iştirak etmişlər. Konfrans iştirakçıları belə qənaətə gəlmişlər ki, son illərdə YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə Azərbaycanda keçirilən bütün tədbirlərin uğurla nəticələnməsi ölkəmizi dini tolerantlıq nümunəsinə və sivilizasiyalararası dialoqun baş tutduğu məkana çevirmişdir.

Azərbaycanın mədəni həyatında mühüm rol oynayan tədbirlərdən biri də 20-25 mart (2009) tarixində Bakıda Beynəlxalq Muğam Mərkəzində keçirilən “Muğam aləmi” Beynəlxalq festivalı olmuşdur. YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən muğam festivalında Azərbaycan ilə yanaşı, ABŞ, Fransa, İtaliya, Almaniya, Suriya, İraq, Mərakeş, Özbəkistan, İran, Misir, Hindistan və digər ölkələr də təmsil olunmuşdur. Beynəlxalq Muğam festivalının rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın, YUNESKO-nun Baş katibi Koişiro Matsuura və digər yüksək səviyyəli xarici qonaqların iştirak etməsini Azərbaycan mədəniyyətinə göstərilən yüksək diqqətin bariz nümunəsi kimi qiymətləndirmək olar.

Beynəlxalq festivalın rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycan musiqi mədəniyyətində muğam sənətinin rolundan, xalqımızın muğam sənətinə sevgisindən bəhs edərək demişdir: “Muğam Azərbaycanın milli sərvətidir. Azərbaycan xalqı əsrlər boyu bu gözəl sənəti öz həyatında uca tutmuşdur, öz qəlbində saxlamışdır. Nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda yaşayır, qorunur, inkişaf edir. Bizim görkəmli muğam ustalarımız öz məharətini, öz biliklərini gənc nəslə ötürürlər. Azərbaycanda ənənəvi olaraq keçirilən muğam müsabiqələri də bu işdə çox mühüm rol oynayır. Azərbaycanı muğamsız və muğamı Azərbaycansız təsəvvür etmək mümkün deyildir. Təsadüfi deyil ki, birinci Beynəlxalq Muğam festivalı məhz Azərbaycanda, bu gözəl Muğam Mərkəzində keçirilir”.

Rəsmi mərasimdə iştirak edən YUNESKO-nun Baş katibi K.Matsuura Azərbaycan xalqının zəngin mədəniyyətə malik oldugunu vurğulayaraq, ölkəmizdə mədəni irsin qorunmasında Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın xüsusi rol oynadıgını diqqətə çəkərək demişdir: “Azərbaycana səfərlərim zamanı mən bir daha şahid oldum ki, Prezident Əliyev, xanım Əliyeva Qeyri-Maddi İrsin qorunmasına xüsusi diqqət yetirirlər. Azərbaycan xalqının mənəvi dəyərlərinin yaşanmasına böyük qayğı göstərirlər. Mən buna görə Prezident Əliyevə və birinci xanım Əliyevaya öz dərin minnətdarlığımı bildirirəm. Mən dəfələrlə ölkənizə səfər etdikdə sizin zəngin mədəniyyətinizin şahidi olmuşam, burada musiqinizi dinləmişəm, rəqslərinizi görmüşəm. Bütün bunlar Qeyri-Maddi İrsin tərkib hissələridir”.

Buradan göründüyü kimi, YUNESKO-nun Baş katibi K.Matsuura Azərbaycan xalqının zəngin mədəniyyətə malik oldugunu bildirməklə, həm də xalqımızın mədəni irsinin qorunmasında Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın fəaliyyətini yüksək dəyərləndirmişdir. Bu baxımdan istər Azərbaycan muğam sənətinin, istərsə də xalqımızın aşıq sənətinin YUNESKO-nun Qeyri-Maddi İrsin qorunduğu şah əsərlərin siyahısına daxil edilməsində Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın bu sahədə göstərdikləri təşəbbüs və səyləri xüsusi qeyd etmək lazımdır.

Məlumdur ki, Heydər Əliyev Fondu muğam sənətinin qorunub saxlanılması və inkişaf etdirilərək dünyaya tanıdılması sahəsində çox böyük işlər görmüşdür. Hələ 2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Azərbaycan muğamları” layihəsi çərçivəsində 24 məşhur muğam ustadının ifalarından ibarət “Qarabağ xanəndələri” adlı zəngin musiqi albomu hazırlanıb təqdim edilmişdir. Sonra bu layihənin davamı kimi, 2008-ci ildə “Muğam ensiklopediyası” hazırlanıb nəşr edilmişdir. Bu isə mütəxəssislər tərəfindən xalqımızın qədim musiqi irsinin qorunması və inkişafı yolunda sanballı nəşr kimi dəyərləndirilmişdir.

Muğam mədəniyyətimizin qorunması və təbliği sahəsində möhtəşəm tədbirlər həyata keçirən Heydər Əliyev Fondunun növbəti uğurlu layihələrindən biri də “Azərbaycan muğamı” interaktiv audiovizual multimedia toplusu və “Muğam aləmi” nəşridir ki, bu da muğamsevərlər üçün ən gözəl tədris vəsaitidir. Qeyd edək ki, 8 diski əhatə edən “Azərbaycan muğamı” multimedia toplusunda muğamın mənşəyi, növləri, eyni zamanda quruluşu və kompozisiya xüsusiyyətləri toplanmışdır. “Muğam aləmi” adlanan toplu Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin mart ayında Bakıda keçirilən Beynəlxalq Muğam festivalına həsr edilmişdir. Maraqlı cəhət odur ki, “ Muğam aləmi” toplusuna klassik Azərbaycan muğamlarını, simfonik muğamları, Azərbaycan muğam operalarını, eyni zamanda tanınmış xarici musiqiçilərin çıxışlarını və etnocaz nümunələrini əhatə edən 33 DVD yerləşdirilib. Buradan göründüyü kimi, Azərbaycan muğamlarının təbliği ilə bağlı çox işlər görülmüşdür. Azərbaycan mədəniyyətinin inkişafında muğam sənətinin yeri və rolundan bəhs edən Mehriban xanım Əliyeva demişdir: “ Muğam sənəti, muğam bütün dövrlərdə ölkəmizdə yaşayıb, səslənib, duyulub və sevilib. Siyasi, ictimai və yaxud iqtisadi vəziyyətdən asılı olmayaraq muğam sənəti öz xüsusi yerini qoruyub saxlayıb və yaşayıb. Muğam mədəniyyətinin yaşamasında, nəsildən-nəslə, ustaddan tələbəyə, müəllimdən şagirdə, ağsaqqaldan gəncə çatdırılan sənətkarlıq, ifaçılıq sirləri əvəzsizdir. Bu sirləri öyrənmək üçün canlı təmas, canlı ünsiyyət lazımdır. Belə bir mürəkkəb prosesdə, təbii ki, heç bir kitab, ya dərslik, ya videoyazı, audioyazı canlı təması əvəz edə bilməz. Məhz bu canlı ənənə əsrlər boyu bizim məşhur xanəndələrimiz və ustadlarımız tərəfindən qorunub saxlanılıb və yaşadılıb. Bu ənənələr bu gün də yaşadılır və mən bizim bütün ustadlarımıza, xanəndələrimizə bir daha öz dərin hörmətimi və təşəkkürümü bildirmək istəyirəm ”.

Mədəniyyətimizə, tarixi-mədəni sərvətlərimizin qorunması və bərpasına dövlət başçısı İlham Əliyev və Mehriban xanım Əliyevanın diqqət və qayğısı xalq tərəfindən həmişə rəğbətlə qarşılanmaqdadır. Məsələn, Dənizkənarı Milli Parkın ərazisində inşa edilən Azərbaycan və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin tikintisini daim diqqətdə saxlayan Prezident İlham Əliyev vaxtaşırı tikinti işləri ilə maraqlanaraq həmin mədəniyyət obyektinin milli memarlıq üslubunda tikilməsinə aid öz tövsiyələrini vermişdir.

Bundan başqa, dövlət başçımız İlham Əliyev və Mehriban xanım Əliyeva Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olarkən orada çalışanlara teatrın ən müasir standartlar səviyyəsində olmasının zəruriliyini tövsiyə edərək onlara müvafiq tapşırıqlar vermişlər.

Başqa sahələrdə olduğu kimi, ölkələrarası mədəni əlaqələrin inkişafında da məlumdur ki, informasiya resursları, o cümlədən veb-saytlar mühüm rol oynayır. Bu baxımdan 2009- cu il 18 fevral tarixində “Bakı-İslam mədəniyyətinin paytaxtı-2009” mədəniyyət ilinin açılışı münasibətilə “www.baku-icc-2009.az” veb-saytı istifadəyə verilmişdir. Saytdan istifadə edənlərin dil probleminin aradan qaldırılması məqsədilə saytın portalının 5 dildə – Azərbaycan, ingilis, rus, ərəb və fransız dillərində fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. 19 bölmədə 194 mövzunu əhatə edən bu sayta “Xəbərlər”, “Online səsvermə”, “Qonaq kitabı”, “Azərbaycan haqqında”, “Abşeron yarımadası”, “ Bakı”, “Mədəniyyət”, “Turizm” və digər bölmələr daxil edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan mədəniyyətinin dünyada təbliğində, onun beynəlxalq aləmdə tanınmasında veb-saytların mühüm rolu olmuşdur. İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri 2009-cu il fevralın 18-də bu veb-saytın təqdimat mərasimində çıxış edərək onun İslam mədəniyyətinin tanınmasına, sevilməsinə bir daha təkan verəcəyini vurğulamış və başqa dinlərin nümayəndələrinə Azərbaycan tarixi, musiqisi, bütövlükdə mədəniyyətinin özünəməxsusluğu haqqında ətraflı məlumat verəcəyini bildirmişdir.

2009-cu ilin mart ayının sonunda Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun başçılığı ilə 8 nəfərdən ibarət nümayəndə heyəti aşıq musiqisi ilə əlaqədar konsert vermək üçün Fransanın Paris və Strasburq şəhərlərində olmuşdur. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Fransanın “Maison des cultures du monde” Assosiasiyası arasında imzalanmış müqaviləyə əsasən, 29 mart 2009- cu il tarixində Parisin məşhur Luvr Muzeyinin auditorium zalında keçirilmiş konsertdə aşıqlar çox yüksək səviyyədə iştirak etməklə tamaşaçıları müxtəlif aşıq havaları ilə tanış etmişlər. Tamaşaçıların əksəriyyətini xarici vətəndaşların təşkil etdiyi konsert proqramı sürəkli alqışlarla qarşılanmışdır. 2009-cu il martın 30-da Strasburq konservatoriyasının konsert zalında növbəti aşıq musiqisi konsertinin keçirilməsi məqsədilə nümayəndə heyəti Strasburq şəhərinə yola düşmüşdür. Paris konsertində olduğu kimi, davamlı alqışlarla müşayiət olunmuş konsert zamanı aşıq musiqiçilərimiz çox yüksək səviyyədə çıxış edərək Azərbaycan mədəniyyətində xüsusi yer tutan aşıq sənətini xarici vətəndaşlara sevdirməyə nail olmuşlar.

Bundan başqa, aşıqlarımız 2009-cu ilin noyabrında Böyük Britaniyanın paytaxtında və bir sıra iri şəhərlərində geniş konsert proqramları ilə çıxış etmişlər.

Qeyd edək ki, sosial-iqtisadi sahədə olduğu kimi, mədəniyyət sahəsində də Azərbaycanın böyük nailiyyətlər əldə etməsi onun beynəlxalq nüfuzunun artmasının göstəricisinə çevrilmişdir. Belə ki, qısa zaman ərzində respublikamızın bir çox maddi və mənəvi mədəniyyət nümunələrinin YUNESKO- nun Mədəni İrs siyahısına daxil edilməsi Azərbaycan mədəniyyətinin beynəlxalq təşkilatlar və ictimaiyyət tərəfindən tanınmasının bariz nümunəsidir. Bu, həm də qədim və zəngin Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə inteqrasiyasının əsas şərtlərindən biridir.

2000-2009-cu illərdə YUNESKO-nun siyahısına daxil edilmiş Azərbaycanın maddi və mənəvi mədəniyyət nümunələri aşağıdakılardır:

1.İçərişəhər, qala divarları ilə birlikdə — 2000-ci ildə YUNESKO-nun Dünya Maddi-Mədəni İrs siyahısına daxil edilib.

2.Qız Qalası – 2000-ci ildə YUNESKO-nun Dünya Maddi-Mədəni İrs siyahısına daxil edilib.

3.Azərbaycan muğamları – 2002-ci ildə YUNESKO tərəfindən “Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin şah əsəri” elan olunub. 2003-cü ildə isə YUNESKO Azərbaycan muğamlarını “Bəşəriyyətin Şifahi və Mənəvi İrsinin şedevrləri” siyahısına daxil etmişdir.

4.Şirvanşahlar Sarayı – 2003-cü ildə YUNESKO-nun Dünya Maddi-Mədəni İrs siyahısına daxil edilib. Şirvanşahlar kompleksinə divanxana, Seyid Yəhya Bakuvinin türbəsi, saray türbəsi, minarəli saray məscidi, hamam və nisbətən sonrakı illərdə tikilmiş Şərq darvazası daxildir.

5.Qobustan Dövlət Tarixi-Bədii Qoruğu – 2007-ci ildə YUNESKO-nun Dünya Maddi-Mədəni İrs siyahısına daxil edilib.

6.Aşıq sənəti – 2009-cu ildə YUNESKO-nun (təşkilatın Abu-Dabi şəhərində 4 sessiyasındakı iclasda) Qeyri-Maddi İrs siyahısına daxil edilib.

7.YUNESKO 2009-cu ildə Novruz bayramını Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Özbəkistan, Pakistan və Türkiyənin beynəlmiləl bayramı kimi Qeyri-Maddi İrs siyahısına daxil etmişdir. Bütün bunlar Azərbaycan mədəniyyətinin milli çərçivədən çıxaraq dünya mədəniyyəti nümunələrinə çevrildiyini və bəşəri mahiyyət kəsb etdiyini göstərən faktlardır.

 

 

Sakit HÜSEYNOV,

AMEA-nın Fəlsəfə, Sosiologiya

Hüquq İnstitutunun dinşünaslıq

mədəniyyətin fəlsəfi problemləri

şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru,

 

Vilayət İSMAYILOV,

Azərbaycan Respublikası Mədəniyyət

və Turizm Nazirliyi Mədəniyyətşünaslıq

üzrə Elmi-Metodiki Mərkəzin direktoru,

fəlsəfə elmləri doktoru

 

Xalq qəzeti.- 2010.-5 mart.- S. 4.