Prezident İlham ƏLİYEV: Biz
ölkəmizi hərtərəfli inkişaf etdirməyə,
gücləndirməyə çalışırıq ki, Ermənistanla
qarşıdurmada mövqelərimiz daha da güclənsin
Torpaqlarımızı
düşməndən azad etməyə hər an hazır
olmalıyıq
Azərbaycan dünya iqtisadiyyatına uğurla inteqrasiya
edir. Bütün beynəlxalq maliyyə qurumları
ölkəmizdə iqtisadi inkişaf sahəsində
görülən işləri yüksək qiymətləndirir.
Azərbaycan dünya iqtisadiyyatının bir parçası
kimi böhranlı vəziyyətdən minimum itkilərlə
çıxa bilmişdir.
Xatırladaq ki, ötən il ölkə əhalisinin sosial vəziyyəti daha da yaxşılaşmış, bütün infrastruktur layihələri, sosial proqramlar uğurla icra edilmişdir. Ötən ilin yekunlarına görə, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasına çıxmışdır. Ümumi daxili məhsul 9,3 faiz, sənaye istehsalı 8,6 faiz, kənd təsərrüfatı 3,5 faiz artmışdır. İnflyasiyanın səviyyəsi 1,5 faiz olmuşdur. İqtisadiyyata 9,2 milyard dollar investisiya qoyulmuşdur. Ölkənin valyuta ehtiyatları 20,4 milyard dollar təşkil etmişdir. Keçən il 74 min yeni iş yeri açılmışdır. Yoxsulluğun səviyyəsi 13,2 faizdən 11 faizə düşmüşdür. Azərbaycanda 64 məktəb, 59 səhiyyə müəssisəsi tikilmiş və təmir edilmişdir. Beş böyük Olimpiya kompleksi istifadəyə verilmişdir.
Məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində də tədbirlər həyata keçirilmişdir. Belə ki, məcburi köçkünlər üçün yeni qəsəbələr salınmış, yataqxanalarda yaşayan xeyli sayda məcburi köçkün ailəsi yeni mənzillərə köçürülmüşdür.
Prezident İlham Əliyev bu barədə fevralın 27-də Qəbələ rayonunda məcburi köçkünlər və ictimaiyyətin nümayəndələri ilə görüşündə ətraflı söhbət açmışdır. Dövlət başçısı demişdir ki, Azərbaycan dövləti məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və onların məşğulluğunun artırılması üçün çox böyük işlər görür. Dövlət proqramı qəbul edilibdir və ilk mərhələdə ən ağır vəziyyətdə yaşayan soydaşlarımızın problemləri həll olundu. Artıq Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi yoxdur. İndiki mərhələdə digər yerlərdə yararsız binalarda yaşayan soydaşlarımızın problemləri həll olunmalıdır.
Dövlət başçısı çıxışında daha sonra vurğulamışdır ki, Bakıda, bölgələrdə məcburi köçkünlər üçün çoxmərtəbəli evlər tikilir, onların sosial şəraitləri yaxşılaşdırılır. Amma görülən bu tədbirlər və ayrılan böyük vəsaitlər müvəqqəti xarakter daşıyır... Əsas məsələ öz həllini tapmalıdır — əsas məsələ ondan ibarətdir ki, məcburi köçkünlər öz doğma torpaqlarına qayıtsın.
Azərbaycan Prezidenti sözügedən çıxışında bir sıra məsələlərə də toxunmuşdur. Xocalı faciəsinə bir daha münasibət bildirən dövlət başçısı demişdir: “Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı yaddaşımızdan heç vaxt silinməyəcəkdir.
İnsanlığa qarşı o qanlı cinayət artıq bütün dünya tərəfindən tanınır və bizim səylərimiz, Azərbaycan dövlətinin, ictimai təşkilatların, diaspor təşkilatlarının, gənclərin, xaricdə yaşayan tələbələrin səyləri nəticəsində artıq bütün dünya bunu bilir. Baxmayaraq ki, müharibənin ilk illərində erməni təbliğatı bu məsələni ört-basdır etmək üçün böyük səylər göstərmişdi və deyə bilərəm ki, müəyyən uğurlar da əldə edə bilmişdi. Bizim təbliğat imkanlarımız çox məhdud idi. Erməni diasporu və onların dünyadakı havadarları tarixi həqiqəti təhrif etməklə, demək olar ki, Xocalı həqiqətlərini gizlətmişdilər... Artıq biz bu faciə ilə bağlı bütün həqiqətləri dünya birliyinə çatdıra bilmişik”.
Ölkə Prezidenti çıxışının bu məqamında çox mühüm bir məsələyə də toxunmuşdur. Dövlət başçısı göstərmişdir ki, Azərbaycan xalqına qarşı soyqırımında iştirak etmiş cinayətkarların cinayət məsuliyyətinə cəlb olunmasına çalışmalıyıq. Əminəm ki, o gün gələcək və Azərbaycan xalqının qanına əli batmış bütün cinayətkarlar, bütün quldurlar cəzalarını alacaqlar. O ki qaldı Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, Azərbaycan öz səylərini davam etdirməkdədir. Biz çalışırıq və çalışmalıyıq, ölkəmizi hərtərəfli inkişaf etdirək, gücləndirək ki, danışıqlarda, ümumiyyətlə, Ermənistanla qarşıdurmada mövqelərimiz daha da güclənsin. Beynəlxalq müstəvidə buna nail ola bilmişik.
Qəbələ rayonuna səfəri çərçivəsində ictimaiyyətlə görüşü zamanı Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüququn tutduğu mövqe barədə də danışmışdır. Dövlət başçısı demişdir: “Beynəlxalq təşkilatlar məsələnin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları əsasında həll olunmasını təsdiqləyir. Bunu təsdiqləyən çoxsaylı beynəlxalq sənədlər vardır. Ancaq əfsuslar olsun ki, bütün bu səylərə baxmayaraq, məsələ öz həllini tapmır. Çünki qarşı tərəf — Ermənistan tərəfi məsələni uzatmaq istəyir. Status – kvo vəziyyətini saxlamaq istəyir və yaranmış vəziyyəti qanuniləşdirmək istəyir. Biz buna heç vaxt imkan verə bilmərik. Öz siyasi və diplomatik səylərimizi istənilən müstəvidə, istənilən formada davam etdirəcəyik. Həm beynəlxalq təşkilatlarda, həm ikitərəfli münasibətlərdə bu məsələ daim gündəlikdədir.
Məsələ ilə məşğul olan həmsədr ölkələrin rəhbərləri ilə də mənim çoxsaylı görüşlərim olubdur. Bu görüşlər əsnasında Azərbaycanın haqlı mövqeyi daim vurğulanıbdır. Yəni, artıq bütün dünya bilir ki, Azərbaycan torpaqları işğal olunub, işğalçı dövlət işğal edilmiş torpaqlardan çıxmaq istəmir və məsələni uzatmaq istəyir. Biz isə buna heç cür imkan verə bilmərik. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun, biz istəmirik ki, müharibə yenidən başlasın. Ancaq eyni zamanda, özümüzü gücləndiririk, ölkəmizin hərbi-iqtisadi potensialını gücləndiririk və hər an torpaqlarımızı istənilən yolla düşməndən azad etmək üçün hazır olmalıyıq...”.
Bəli, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ, eləcə də ermənilərin işğal etdikləri digər ərazilərimiz – rayonlar geri qaytarılmır. Ermənistan dünyanın ən nüfuzlu təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasına saymazlıq göstərir, laqeyd münasibət bəsləyir. Nə üçün? Bu suala dövlət başçımız sözügedən çıxışında son dərəcə dəqiq, dürüst və konkret cavab vermişdir. Ölkə Prezidenti demişdir: “Beynəlxalq hüquq normaları, əlbəttə ki, böyük əhəmiyyət daşıyır. Azərbaycan müstəqil, suveren ölkə kimi istəyir ki, bütün məsələlər qanun çərçivəsində, dünyada qəbul edilmiş normalar əsasında həll olunsun. Əgər bu beynəlxalq qanun normaları pozulursa, onda demək olar ki, dünya birliyinin beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətini tənzimləyən mexanizmlər işləmir”.
Bu da həqiqətdir və eyni zamanda, şahidiyik ki, dünyada ikili standartlar mövcuddur. Bir sıra hallarda cinayətkar müdafiə edilir və ədalətsizliyə göz yumulur. Soyqırımı törədənlər heç nə etməmiş kimi ölkələrdə sərbəst gəzir-dolaşır, dövlət başçıları tərəfindən qəbul edilir, müsahibələr verirlər. Prezident İlham Əliyevin bu məsələ ilə bağlı dediklərinə diqqət yetirək: “BMT-nin Təhlükəsizlik Şurasının dünyanın aparıcı ölkələri olan 5 daimi üzvü vardır. Onlardan üçü Minsk qrupunun həmsədridir. Təhlükəsizlik Şurasının qətnamələri, eyni zamanda, əlbəttə ki, bütün BMT üçün əsas olmalıdır. Ancaq bu qətnamələrin qəbul edilməsində daimi üzvlər aparıcı rol oynayır. Daimi üzvlər istənilən qərara veto qoya bilərlər, yəni bu qərar onların qərarıdır. Nə üçün, təxminən 20 il keçəndən sonra bu qərarlar icra olunmur?!. Nə üçün işağlçı dövlətə ciddi xəbərdarlıq edilmir?! . Nə üçün onlar təcrid olunmur?! Axı, onlar bütün beynəlxalq normaları pozublar, müharibə cinayətləri törədiblər. Xocalı soyqırımını törədiblər. Yüzlərlə günahsız Azərbaycan vətəndaşı həlak olub, vəhşicəsinə oldürülüb. Amma buna heç kim məsuliyyət daşımır. Müharibə cinayətkarları dünyanı sərbəst gəzirlər, onlar üçün şərait yaradılır. Onlar müxtəlif paytaxtlarda qəbul edilir. Onlar müharibə cinayətkarlarıdır. Biz görürük ki, bəzi başqa yerlərdə müharibə zamanı törədilmiş cinayətlərə görə quldurlar, cinayətkarlar beynəlxalq məhkəmələrə cəlb olunur, onlar ədalət qarşısında cavab verirlər. Amma erməni quldurlarının sanki bir immuniteti vardır. Bu, ədalətsizlikdir, bu, ikili standartlardır. Bu vəziyyət dözülməzdir”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin yubadılmasında, çətinləşdirilməsində erməni diasporu da az rol oynamır. Onların güclü maliyyə imkanları var. Ermənistanın haqsız mövqeyini dəstəkləyən, dünyanın ayrı-ayrı tanınmış siyasətçilərini pulla və müxtəlif vasitələrlə ələ alan erməni lobbisinin riyakar fəaliyyəti barədə danışan dövlət başçımız demişdir ki, bugünkü Ermənistan əzəli Azərbaycan torpağında yaradılmışdır. Buna baxmayaraq, bizim heç kimə qarşı ərazi iddiamız yoxdur. Biz istəyirik ki, bizim torpaqlarımız, qanuni torpaqlarımız, əzəli torpaqlarımız beynəlxalq birlik tərəfindən Azərbaycan torpaqları kimi tanınan torpaqlarımız qayıtsın...
Azərbaycan Prezidenti çıxışında Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda diqqəti bir məqama da yönəltmişdir. Dövlət başçısı demişdir ki, ermənilərin torpaqlarımızdan öz xoşu ilə çıxmasının bir yolu da Azərbaycanın iqtisadi cəhətdən güclü olmasıdır. Güclü olmaq üçün biz bütün imkanlarımızı səfərbər etməliyik. İqtisadi inkişafımızı daha da gücləndirməliyik. Baxmayaraq ki, bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. 2009-cu ilin yekunlarına görə dünya miqyasında bütün ölkələr arasında iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə Azərbaycandır.
Azərbaycanın iqtisadi inkişafı bu gün paytaxtda, regionlarda özünü qabarıq büruzə verir. Ölkə Prezidentinin Qəbələ rayonuna səfəri zamanı da bu tərəqqinin şahidi olduq. Burada bildirilmişdir ki, rayonun inkişafı üçün bütün lazımi tədbirlər görülür. Son 6 il ərzində Qəbələnin iqtisadiyyatı təxminən 4 dəfə artıb. Abadlıq-quruculuq işləri geniş vüsət alıb, yeni iş yerləri yaradılıb. Uşaq bağçaları, məktəblər tikilib, infrastruktur obyektləri istifadəyə verilib. Qaz, enerji təchizatında problemlər aradan qaldırılıb. Bütün bunlar, yəni Qəbələ rayonunun timsalında sadalananlar göstərir ki, Azərbaycan güclü inkişaf yolundadır. Elə bu inkişafa, tərəqqiyə görə də dünyanın qabaqcıl ölkələri bu gün ölkəmizlə, dövlətimizlə, onun Prezidenti ilə hesablaşır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2010.- 5 mart.- S. 1-2.