“Əsrin müqaviləsi”nin iştirakçıları üçün yüksək nailiyyətlər ili

 

Ötən il “Azəri — Çıraq — Günəşli” layihəsi çərçivəsində 40,3 milyon ton neft hasil edilmişdir

 

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatı pay bölgüsü sazişinin — “Əsrin müqaviləsi”nin imzalanmasından ötən hər bir il yüksək nailiyyətlərlə, uğurlarla zəngin olmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə tərəfdaşlıqda işləyən bp Azərbaycan şirkəti və sazişin digər iştirakçıları 2009-cu ili də yüksək göstəricilərlə başa vurmuşlar. İl ərzində “Azəri — Çıraq — Günəşli” layihəsinin əməliyyat məsrəflərinə 659 milyon dollar, əsaslı məsrəflərinə isə 1 milyard 51 milyon dollar vəsait sərf olunmuşdur.

 

“Əsrin müqaviləsi” çərçivəsində neft hasilatının maksimal həddə — sutkada bir milyon barelə çatdırılması layihə iştirakçıları qarşısında duran prioritet məsələlərdəndir. 2009-cu ildə bu istiqamətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər müsbət nəticə vermiş, istismarda olan beş hasilat platforması vasitəsilə sutkada 817 min 700 bareldən artıq neft çıxarılmışdır. Həmin neftin 106 min 100 bareli “Çıraq”, 190 min 800 bareli “Mərkəzi Azəri”, 268 min 400 bareli “Qərbi Azəri”, 135 min 800 bareli “Şərqi Azəri”, 116 min 600 bareli isə “Dərinsulu Günəşli” platformalarının payına düşür. Bütövlükdə isə, ötən il “Azəri — Çıraq — Günəşli” layihəsi çərçivəsində 298 milyon bareldən artıq (təqribən 40,3 milyon tondan çox) neft hasil edilmişdir.

Hazırda “Əsrin müqaviləsi”nin iştirakçıları tərəfindən istismar edilən beş platforma vasitəsilə 59 hasilat quyusundan neft çıxarılır. Bundan əlavə, həmin platformalardan qazılmış daha 28 quyudan isə texniki məqsədlər üçün istifadə olunur.

“Azəri — Çıraq — Günəşli” layihəsinin operatoru olan bp şirkəti 2009-cu ildə “Azəri” yatağındakı üç platformadan səmt qazını 28 düyməlik sualtı qaz kəməri vasitəsilə Səngəçal terminalına, oradan isə Azərbaycanın daxili istifadəsi üçün göndərməkdə davam etmişdir. bp Azərbaycan şirkətinin 2009-cu ilin yekunları ilə bağlı açıqladığı məlumata görə, ötən il Dövlət Neft Şirkətinə sutkada 10,7 milyon kubmetr səmt qazı təhvil verilmişdir. Bütövlükdə isə, həmin dövrdə Azərbaycana verilən təmənnasız səmt qazının həcmi 4 milyard kubmetr təşkil etmişdir. Bundan əlavə, “Çıraq” yatağından çıxarılmış səmt qazının bir hissəsi mövcud 16 düyməlik sualtı boru kəməri vasitəsilə ARDNŞ-in Neft Daşlarındakı kompressor stansiyasına nəql olunmuşdur. Layihə çərçivəsində hasil edilən səmt qazının qalan hissəsi isə təzyiqi sabit saxlamaq məqsədilə yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı boru kəmərləri vasitəsilə “Mərkəzi Azəri” platformasındakı kompressor və suvurma platformasına göndərilmişdir. Yeri gəlmişkən, hazırda adı çəkilən platformada dörd quyudan laylara qazvurma əməliyyatları həyata keçirilir.

“Azəri — Çıraq — Günəşli” layihəsi çərçivəsində qazma işləri də ötən il uğurla davam etdirilmişdir. “Çıraq” yatağında aprel ayında A=12 v hasilat quyusunun qazıntısı qurtardıqdan sonra iyulda kollektorun şimal ərazisi istiqamətində qazılmış maili quyuda da işlər uğurla başa çatdırılmışdır. Hazırda adı çəkilən yataqdakı A-08z suvurma quyusunun yanaqazma üsulu ilə gələcəkdə hasilat quyusuna çevrilməsi üçün qazma işləri davam etdirilir. Bundan sonra isə yataqda A-22 hasilat quyusunun qazıntısına başlanılacaq. 2009-cu ildə “Azəri” yatağında da uğurlu qazma əməliyyatları həyata keçirilmişdir. Belə ki, adı çəkilən yataqdakı “Mərkəzi Azəri” platformasında bərpa əməliyyatları davam etdirilmiş, hazırda isə B-24 və B-25 suvurma quyularının qazıntısına hazırlıq görülür. “Qərbi Azəri” platformasında isə bir suvurma və bir hasilat quyusunun qazıntısı tamamlanmışdır. Bundan əlavə, ötən ilin noyabrında qazıntısına başlanılmış daha bir hasilat quyusunda işlər cari ilin yanvar ayında başa çatdırılmışdır. “Şərqi Azəri” platformasında ötən il yeni bir suvurma quyusu tamamlanmış, daha bir quyuda lazımi bərpa işləri aparılmışdır. Noyabr ayında D=14 hasilat quyusunun qazıntısı başa çatdırıldıqdan sonra buradan yeni bir suvurma quyusunun qazıntısına start verilmişdir.

“Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində də qazma işləri getdikcə intensivləşir. Burada qazılmış 10 öncə qazma quyusunun hamısı “Dərinsulu Günəşli” platforması vasitəsilə istismara daxil edildikdən sonra yataqda yeni qazma kampaniyasına start verilmişdir. 2009-cu ilin avqust ayında platformadan ilk quyunun qazıntısı başa çatdırıldıqdan sonra yatağın cənub cinahında daha bir hasilat quyusu qazılmışdır. Hazırda gələn il istismara verilməsi nəzərdə tutulan E=13 quyusunun qazıntısı davam etdirilir. “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində sualtı suvurma qazma proqramı çərçivəsində işlər də qrafikə uyğun aparılır. Artıq “Dədə Qorqud” qazma qurğusu vasitəsilə burada üç suvurma quyusu qazılmışdır. Sualtı qazma proqramının 2010-cu ildə də davam etdirilməsi nəzərdə tutulur. Bundan əlavə, il ərzində yataqda daha iki hasilat quyusunun qazıntısı planlaşdırılır.

“Əsrin müqaviləsi” çərçivəsində ixrac əməliyyatları getdikcə genişlənir. 2009-cu ildə “Azəri — Çıraq — Günəşli” müqavilə sahəsindən xam neftin sualtı boru kəməri vasitəsilə Səngəçal terminalına nəqli davam etmişdir. Hazırda adı çəkilən terminalın texniki emal sistemləri gündə 1,2 milyon barel nefti qəbul etmək imkanına malikdir. Ötən il Səngəçal terminalı təxminən 326,8 milyon barel xam nefti qəbul edərək Bakı — Tbilisi — Ceyhan və Bakı — Supsa boru kəmərləri vasitəsilə ixraca yönəltmişdir. Yeri gəlmişkən, terminalın ən yüksək gündəlik ixrac göstəricisi 2009-cu il sentyabr ayının 23-də qeydə alınmışdır. Belə ki, həmin gün burada 1 milyon 112 min 470 barel neft texniki emaldan keçirilərək ixrac edilmişdir.

2009-cu ildə xam neftin əksər hissəsi Heydər Əliyev adına Bakı — Tbilisi — Ceyhan (BTC) boru kəməri vasitəsilə ixrac olunmuşdur. Məlumat üçün bildiririk ki, 2006-cı ildə ixrac əməliyyatlarına başlanmasından bəri adı çəkilən kəmərin ötürmə gücü müntəzəm surətdə artırılaraq 2008-ci ilin ortalarında gündə bir milyon barelə çatdırılmışdır. 2009-cu ilin mart ayında kəmərin gündəlik ötürmə gücü sürtküyə qarşı reagentlərdən istifadə edilməklə 1,2 milyon barelədək artırılmışdır. Bütövlükdə isə 2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhan limanından yola salınmasından 2010-cu il fevral ayının 20-dək BTC vasitəsilə nəql edilmiş 112 milyon ton xam neft 1065 tankerə yüklənərək dünya bazarlarına yola salınmışdır. Adı çəkilən kəmərlə ötən il ixrac olunmuş “qara qızıl”ın həcmi isə 38 milyon ton təşkil etmişdir. Ceyhan limanından Azərbaycan nefti yüklənmiş 1000-ci tankerin yola salınması 2009-cu ildə BTC-də həyata keçirilmiş mühüm işlərdən olmuşdur. Yeri gəlmişkən, BTC boru kəməri hazırda Azərbaycandan “Azəri — Çıraq — Günəşli” neftini və “Şahdəniz” kondensatını, eləcə də Şimali Xəzərdən müəyyən neft həcmlərini daşıyır. Bundan əlavə, Qazaxıstanın “Tengiz” yatağından çıxarılan neftin də adı çəkilən kəmərlə daşınması barədə saziş mövcuddur.

“Azəri, Çıraq” və “Günəşli” yataqlarının tammiqyaslı işlənməsi layihəsi çərçivəsində əsas tikinti tədbirləri bir neçə il əvvəl başa çatsa da, bəzi inşaat işləri planauyğun şəkildə davam etdirilmişdir. 2008-ci ilin yayında “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində on quyudan suvurma əməliyyatlarına başlamağa imkan verən cənub və şimal manifoldlarının və çərçivə üzərinə bərkidilmiş müvafiq sualtı paylama borularının quraşdırılması başa çatdırılmışdır. Qalan digər üç quyu üçün analoji işlərin cari ilin üçüncü rübündə tamamlanması nəzərdə tutulur. Bu sistemlər vasitəsilə “Dərinsulu Günəşli” platformasından 3,2 və 5,2 kilometr aralıda yerləşən üç sualtı qazma mərkəzindən qazılan 13 sualtı quyu vasitəsilə kollektora gündə 400 min barel su vurmaq mümkün olacaq. Xatırladaq ki, bu, Xəzər dənizində ilk mühüm sualtı işlənmə layihəsidir və onun gələcəkdə “Şahdəniz” və digər yataqlarda tətbiqi nəzərdə tutulur.

İl ərzində Səngəçal terminalında da mühüm tikinti işləri həyata keçirilmişdir. Belə ki, terminalın genişləndirilməsi proqramının bir hissəsi sayılan lay suyu qurğularının tamamlanması və istismara verilməsi ilə bağlı nəzərdə tutulmuş işlər tamamlanmışdır. 2008-ci ilin sonlarında layihənin ilk üç fazası üzrə işlər başa çatdırıldıqdan sonra ötən ilin mart ayında lay sularının “Mərkəzi Azəri” platformasına göndərilməsinə start verilmişdir. İyul ayından etibarən isə lay sularının yenidən hasilat quyularına vurulmasına başlanılmışdır. Layihənin qalan 4-cü və 5-ci fazası üçün nəzərdə tutulmuş qurğular isə sentyabr ayının ortalarında istismar üçün təhvil verilmişdir. Bu da neftdən ayrılan lay sularının yenidən kollektora vurulmasına imkan yaradır. Bundan əlavə, “Azəri — Çıraq — Günəşli” layihəsi çərçivəsində neftlə bərabər çıxarılaraq Səngəçal terminalına nəql edilən səmt qazı üçün kondensasiya temperaturuna yeni nəzarət qurğusunun quraşdırılması başa çatdırılmışdır.

“Azəri — Çıraq — Günəşli” layihəsi üzrə mühüm tikinti işlərinin 2010-cu ildə də davam etdirilməsi nəzərdə tutulur. Belə ki, cari ilin əvvəlindən etibarən “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində sualtı suvurma əməliyyatları üçün planlaşdırılan tikinti işləri ilə yanaşı, “Çıraq - 2” neft layihəsinin də icra mərhələsinə start verilmişdir. Yeri gəlmişkən, artıq adı çəkilən layihə üzrə ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi sənədi ictimaiyyətə açıqlanmış, layihə çərçivəsində quraşdırılması nəzərdə tutulan platformanın dayaq tavasının inşasına başlanılmışdır.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2010.- 6 mart.- S. 6.